Əskişəhərdə «Azərbaycan - İslam mədəniyyətinin

 incise» adlı fotosərgi açılmışdır

 

Əskişəhərdəki Osman Qazi Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə tarixi abidələrin bərpası və yeni məscidlərin inşası ilə bağlı fəaliyyətini əks etdirən, islam dininin və memarlığının yayılmasını tərənnüm edən "Azərbaycan - İslam mədəniyyətinin incisi" adlı fotosərgi açılmışdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) bildirmişlər ki, bir həftə davam edəcək sərgi universitetdə "Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəlvətilik" mövzusunda keçirilən Beynəlxalq simpozium çərçivəsində DQİDK, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) və Azərbaycan Milli Tolerantlıq Mərkəzi tərəfindən təşkil edilmişdir.

Sərginin açılış mərasimində DQİDK sədrinin müavini Gündüz İsmayılov, DƏ-İKGF-nin icraçı katibi Elməddin Mehdiyev və Türkiyənin bir sıra rəsmi şəxsləri çıxış edərək tarixən məscidlərin Azərbaycan xalqının mənəvi ocağı olduğunu vurğulamışlar. Bu baxımdan onlar xalqımızın daşlaşmış yaddaşıdır. Qeyd edilmişdir ki, Cənubi Qafqazın ən böyük məscidlərindən olan Təzəpir 1918-ci ildə xalqımıza qarşı həyata keçirilmiş soyqırımı zamanı daşnak-bolşevik hərbi birləşmələri tərəfindən yandırılmışdı. Çıxışlarda həmçinin Azərbaycanın ən qədim dini abidələrindən olan Şamaxı Cümə məscidinin Prezident İlham Əliyevin sərəncamına əsasən bərpa edilərək yenidən qurulduğubu ilin mayında təntənəli açılışının olduğu vurğulanmışdır. Diqqətə çatdırılmışdır ki, məscidlərin bərpası tariximizin, milli irsimizin və təfəkkürümüzün qorunmasıdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-  23 noyabr.- S.5.