Sosial mahiyyətli, investisiya
yönümlü inkişaf
büdcəsi
Payız ənənəvi olaraq təqvim ilinin yekunlarına, əldə olunmuş nailiyyətlərə nəzər salmaq məqamıdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "İnsan hər şeydən üstündür" yaşam fəlsəfəsinə uyğun olaraq, daha yaxşı həyat uğrunda aparılan genişmiqyaslı işlərin möhtəşəm nəticələri gələcək uğurlarımızın təməlinə çevrilməkdədir. Bu baxımdan qarşıdakı yeni büdcə ilində dövlətin iqtisadi siyasəti və onun mühüm dominantı olan dövlət büdcəsinin parametrləri göstərir ki, 2014-cü ildə ölkəmizin sosial-iqtisadi inkişafında və əhalinin həyat səviyyəsinin yüksəldilməsində yeni mərhələ olacaqdır.
Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı sosial-iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsi sayəsində son on il ərzində əldə etdiyimiz nailiyyətlər ilk növbədə ölkəmizin milli inkişaf modelinin özəllikləri, dünya iqtisadiyyatında 5 ilə yaxın tüğyan edən böhran və tənəzzül dalğaları fonunda Azərbaycanda davam edən dayanıqlı sosial-iqtisadi inkişafın, iqtisad elmi və təcrübəsi baxımından fenomenal hadisə xarakteri daşıması ilə bağlıdır. Qeyd etməyi vacib sayırıq ki, bu fikirlər yalnız bizə məxsus deyildir. Belə qiymətləndirmələr artıq ənənəyə çevirilmiş Bakı Beynəlxalq Humanitar Forumunun sonuncu, 3-cü toplantısında dünya miqyasında tanınan, ciddi avtoritetlər hesab edilən çoxsaylı alimlər, siyasətçilər və iş adamları, o cümlədən iqtisadiyyat üzrə Nobel mükafatı laueratlarının çıxışlarında dəfələrlə səslənmişdir. Aydındır ki, davam edən sürətli inkişaf təsadüfi və ya təbiət hadisələrinin sayəsində baş vermir. Əldə olunan uğurların əsasında ardıcıl və düşünülmüş sistemli siyasət, cəsarətli və fədakar səylər dayanır. Çağdaş dünya reallıqları çərçivəsində iqtisadi inkişafımızın uğurları mahiyyət və forma etibarı ilə fərqlənməklə, elmi cəhətdən əsaslandırılmış praqmatik iqtisadi və sosial siyasətin nəticəsidir.
Makroiqtisadi sabitliyin dayanıqlığı
Uğurlu sosial-iqtisadi siyasətin nəticəsi olaraq son illərdə ölkəmizdə yüksək iqtisadi artım templəri qorunub saxlanılmış, makrosabitlik, davamlı inkişaf və əhalinin həyat səviyyəsində ciddi yüksəliş təmin olunmuş, sosial yönümlü inkişafın sürətləndirilməsi və davam etdirilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilmişdir. Nəticədə, son 10 il ərzində əksər makroiqtisadi göstəricilərin sıçrayışlı artımı müşahidə olunmuşdur. Belə ki, müqayisə edilən dövrdə ölkə iqtisadiyyatı 3,4 dəfə, o cümlədən qeyri-neft sektoru 2,3 dəfə, investisiya qoyuluşları 4,7 dəfə, orta aylıq əməkhaqları 4,6 dəfə, valyuta ehtiyatları 96 dəfə artmışdir. Bu dövr ərzində yoxsulluğun səviyyəsi 49%-dən 5%-ə qədər aşağı düşmüş, 1,2 mln yeni iş yeri açılmış, işsizliyin səviyyəsi 5,1%-ə qədər azalmış, 2012-ci ildə inflyasiya cəmi 1,1% təşkil etmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının yekunlarına həsr edilmiş iclasında Prezident İlham Əliyevin dediyi kimi, "Makro iqtisadi vəziyyət sabitdir və bu parametrə görə Azərbaycan dünya miqyasında birinci onluqdadır. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 39-cu yerdədir. Bu, tarixi nəticədir, böyük qələbədir və dünya miqyasında ilk 40 ölkənin sıralarına daxil olmaq islahatların, düşünülmüş siyasətin, bizim uğurlarımızın nəticəsidir. Əlbəttə ki, bu, Azərbaycanı dünyada sürətlə və dinamik inkişaf edən ölkə kimi təqdim edir və Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsində də bizə kömək göstərəcəkdir."
Azərbaycanın uğurlarının beynəlxalq səviyyədə təsbiti makroiqtisadi mühitin digər parametrlərini də əhatə etməkdədir. Belə ki, Beynəlxalq Büdcə Əməkdaşlığı qurumu "Açıq Büdcə İndeksi"nə görə Azərbaycanı 42 balla qiymətləndirmiş, ölkənin investisiya reytinqi "Fitch Ratings" və "Standart & Poors" beynəlxalq reytinq agentlikləri tərəfindən "BBB-" səviyyəsində saxlanılmış, "Moodys" reyting agentliyi isə Azərbaycan Respublikasının "Ba1" kredit reytinqini bir pillə artıraraq "BAA3" səviyyəsində müəyyən etmiş, proqnozu isə "sabit" elan etməklə ölkəmizin növbəti investisiya dərəcəli reytinq səviyyəsinin yüksəlməsinə imkan vermişdir. Son 10 ildə Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə dünya ölkələri arasında 8-ci yerdə qərarlaşmaqla, faktiki olaraq dünyanın ən yaxşı inkişaf potensialı və inkişaf siyasətinə malik olan ölkələri sırasına qoşulmuş, kapital ixrac edən ölkəyə çevirilmiş, regional və transregional proseslərin əsas aktorlarından biri kimi fəaliyyət göstərməyə başlamışdır. Azərbaycan bu gün dünya birliyinə dinamik inkişaf edən, yüksək orta gəlirli ölkə kimi təqdim olunur.
Makroiqtisadi sabitliyin dayanıqlığı, makromühitin işgüzarlıq baxımından əlverişliyi, strukturlararası tarazlığın etibarlı şəkildə təminatı nöqteyi-nəzərindən Azərbaycan bu gün dünyanın qabaqcıl ölkələri ilə bir sırada dayanmaqdadır. Əsas makroiqtisadi göstəricilər üzrə artım tempi orta dünya səviyyəsini əhəmiyyətli dərəcədə qabaqlayır. Bu dövr ərzində əldə edilən iqtisadi nəticələr Avropa İttifaqının meyarlarına demək olar ki, tam uyğundur. Bütün bunlar təbii ki, 2014-cü il üçün nəzərdə tutulan Dövlət büdcəsi layihəsinin hazırlanmasında, eləcə də növbəti illər üçün təqdim edilən proqnozların əsaslandırılmasında hərtərəfli surətdə nəzərə alınmışdır.
2014-cü ilin büdcə layihəsi elmi cəhətdən əsaslandırılmış, real və təminatlıdır və o, 2014-cü il üçün hökumətin mövcud resurslar nəzərə alınmaqla qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün, istər büdcənin gəlirləri, istərsə də xərcləri üzrə bütün maddələrinin yerinə yetirilməsi üçün heç bir şübhə yerı qoymur və baş verə biləcək hər hansı bir riskdən tam sığortalanmışdır.
Büdcə
zərfinin materiallarına əsasən 2014-cü ildə
ölkəmizdə son illər müşahidə olunan
davamlı makroiqtisadi inkişaf xətti qorunacaqdır. Əsas makroiqtisadi göstərici
olan ÜDM-in həcminin artım sürətinin son iki ildəkinə nisbətən
daha yüksək -5,2 % olmaqla
58,6 mlrd. manat təşkil
edəcəyi gözlənilir. Dünya
ölkələrinin və ilk növbədə
inkişaf etmiş
ölkələrin əksərində davam
edən durğunluq və zəif inkişafa rəğmən, ölkəmizdə
gözlənilən sürətli artım olduqca
əlamətdardır. Proqnozlar göstərir ki, növbəti
3 ildə də ÜDM-in artım tempi sabit qalaraq
5,8-6 % arasında dəyişəcəkdir ki,
bu da "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasında nəzərdə tutulmuş
hədəflərə nail olunmasına real zəmin yaradacaqdır. 2017-ci ildə ÜDM-in həcminin 67,3 mlrd manat, adambaşına
düşən göstəricinin 6870 manat
olacağı proqnozlaşdırılır ki,
bunlar da 2012-ci ilə
nisbətən müvafiq olaraq
24,7 % və 25 %-ə qədər yüksəkdir. Əgər milli valyutamızın alıcılıq
qabiliyyəti paritetini nəzərə alsaq, ÜDM-in
adambaşına düşən göstəricinin həcminin
2017-ci ildə 15.760 ABŞ dolları həcmində
olacağı gözlənilir ki, bu da İEÖ-nin
səviyyəsinə yaxın bir göstəricidir.
Bu
dövrün ən mühüm xüsusiyyətləri
dünya iqtisadiyyatında davam edən qeyri-müəyyənlik
və böhranlı situasiya fonunda Azərbaycanda makroiqtisadi
sabitliyin və sosial yönümlü siyasətin
prioritetliyinin təmin edilməsi, dünya iqtisadiyyatına ən
rasional şəkildə inteqrasiya olunmaqla beynəlxalq əmək
bölgüsü sistemində öz layiqli yerinin müəyyən
edilməsi, iqtisadiyyatın şaxələndirilməsinin
sürətləndirilməsi, rəqabət qabiliyyətinin
yüksəldilməsi, qeyri-neft sektorunun, xüsusilə, ixrac
yönümlü istehsal sahələrinin daha sürətlə
inkişafının təmin edilməsi, ölkə
iqtisadiyyatının neftdən
asılılığının əhəmiyyətli dərəcədə
azaldılması, regionların davamlı və tarazlı
inkişaf meyillərinin qorunub saxlanılması,
innovasiyalı iqtisadiyyatın yaradılması istiqamətində
nəzərə çarpacaq işlərin həyata
keçirilməsindən ibarət olacaqdır.
Dövlətin iqtisadi siyasətinin aparıcı trendinə müvafiq olaraq gələn il ÜDM-in artımı, onun tərkibində neft sektorunun payının mütləq və nisbi mənada azalması və müvafiq olaraq qeyri-neft sektorunun istehsal həcminin artması şəraitində baş verəcəkdir. Qeyri-neft sektorunun artım sürətinin rekord həddə - 10% civarında olacağı gözlənilir. Fərəhli haldır ki, bu inkişaf meyli növbəti illərdə də davam edəcəkdir.
Ölkədə qeyri-neft sektorunda son illərdə davamlı artım bu sektorun iqtisadiyyatın strukturunda payının artmasına səbəb olmuşdur. Belə ki, qeyri-neft sektorunun ÜDM-də payı 2012-ci ildə 52,7%-dən 2014-cü ildə 61,5 %-ə qədər yüksələcəkdir. Proqnozlar göstərir ki, iqtisadi inkişafımızın bu müsbət meyilləri gələcəkdə də davam etdiriləcək və 2017-ci ildə 72,4% təşkil edəcəkdir.
Makroiqtisadi şəraiti xarakterizə edən digər bir mühüm göstərici - inflyasiyanın faktiki olaraq çox aşağı səviyyədə olacağı gözlənilir. Fikrimizcə, 2014-cü ildə gözlənilən 3,5 %-lik inflyasiya ölkədə makroiqtisadi tarazlığa, artım tempinə və həmçinin vətəndaşların gəlir və sərvətlərinin dəyərdən düşməsinə təhlükə yaratmayacaq. Digər tərəfdən, əməkhaqqı və təqaüdlərin əhəmiyyətli artımı şəraitində belə, inflyasiyanın bu həddi iqtisadi fəallığa yalnız stimullaşdırıcı təsir göstərəcəkdir.
İqtisadiyyata yatırılacaq əsaslı vəsait qoyuluşunun həcminin ÜDM-in üçdə biri qədər proqnozlaşdırılması, 2014-cü ildə də milli iqtisadiyyatın inkişafının sürətli olacağını sübut edir. Belə ki, artım tempinin yüksək olmasının mühüm şərtlərindən biri investisiya qoyuluşlarının ÜDM-də payının artırılmasıdır. 2014-cü ildə ölkədə əsas kapitala investisiya qoyuluşlarının ÜDM-in 31,4 %-nə bərabər olması proqnozlaşdırılır ki, bu da 2012-ci ilə nisbətən 2,9% yüksəkdir. Qeyd etmək vacibdir ki, bu göstəriciyə görə ölkəmiz dünyanın sürətli inkişaf edən azsaylı ölkələrinin sırasındadır. Həmçinin son illərdə qeyri-dövlət bölməsinin inkişafı sahəsində həyata keçirilmiş siyasət nəticəsində əsas kapitala investisiya qoyuluşlarının davamlı artımı şəraitində özəl sektorun payı artmaqdadır. Belə ki, 2014-cü ildə ölkədə əsas kapitala investisiya qoyuluşlarında qeyri-dövlət bölməsinin payı 47,5 faiz olacağı proqnozlaşdırılır ki, bu da 2012-ci ildəki səviyyədən 8,6 % çoxdur.
Növbəti büdcə ilində investisiya qoyuluşlarının 70,4%-ni daxili investisiyalar təşkil edəcəkdir. Ölkə iqtisadiyyatına umumi investisiya qoyuluşunda daxili investisiyaların xüsusi çəkisinin ilbəil artması bir tərəfdən ölkənin öz milli iqtisadiyyatını daxili resursları hesabına maliyyələşdirmək imkanında olduğunu, digər tərəfdən, onun xarici amillərdən asılılığının azaldığını təsdiq edir. Növbəti ildə cəlb edilən investisiyaların 68,5%-i qeyri-neft sektorunun inkişafına yönəldiləcəkdir ki, bunlar da büdcə layihəsinin ən mühüm pozitiv xüsusiyyətlərindən biri kimi qiymətləndirilə bilər.
Büdcə
layihəsi ən optimal gözləntiləri reallığa
çevirəcəkdir
Gələn ildə gözlənilən əlverişli inkişaf mühütinə müvafiq olaraq dövlətin əsas cari iqtisadi siyasət aləti olan Dövlət büdcəsinin gəlirlərinin həcminin 18,4 mlrd manata qədər, ÜDM-ə nisbəti isə 31,4 faizə bərabər olacağı proqnozlaşdırılır. Büdcə gəlirlərinin ÜDM-də payı 2012-ci ilin faktiki göstəricisindən 0,6%, 2013-cü ilin gözlənilən göstəricisindən isə 3,6% az olacaqdır. Bununla belə, 2012-ci ilə nisbətən 2014-cü ildə Dövlət büdcəsi gəlirlərinin 6,4 faiz artacaqı gözlənilir. Bu dövr ərzində Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında neft sektorunun payı əhəmiyyətli dərəcədə aşağı enəcəkdir ki, bu da iqtisadiyyatımızın neftdən asılılığının ildən-ilə azaldığını göstərməklə, qeyri-neft sektorunun dinamik inkisaf etdirilməsi və şaxələndirilməsi sahəsində həyata keçirilən genişmiqyaslı fəaliyyətin nəticəsi kimi qiymətləndirilə bilər. Qarşıdakı ildə neft sektorundan dövlət büdcəsinə daxil olmaların, neft ÜDM-nin 53,9 faizinə bərabər olacağı proqnozlaşdırılır ki, bu da 2013-cü ilə nisbətən 7,5% azdır. Göründüyü kimi, bu göstəricilər yuxarıda deyilən fikirləri bir daha təsdiq etməklə, həm də aparılan sosial yönümlü siyasət çərçivəsində neft gəlirlərinin mühüm hissəsinin dövlət büdcəsi vasitəsilə bölüşdürülməsi kimi strateji mahiyyətli uğurlu təcrübənin davamlılığını əks etdirir.
Büdcə materiallarına əsasən, 2014-cü ildə qeyri-neft sektorundan daxilolmalar qeyri-neft ÜDM-nin 17,3 faizini təşkil edəcəkdir ki, bu da 2013-ci illə müqayisədə 1,1 bənd çoxdur. 2014-ci ildə qeyri-neft ÜDM-in büdcə vasitəsilə yenidən bölünən hissəsinin artırılması planlaşdırılır ki, bu da fikrimizcə, müsbət yanaşmadır və büdcənin balanslaşdırılmasında mühüm əhəmiyyətə malikdir.
Təbii ki, neft ölkəsi Azərbaycanda dövlət büdcəsinin gəlirlərinin formalaşmasında neft-qaz sektoru əsas rol oynayır və fikrimizcə, bu vəziyyət yaxın illər ərzində də davam edəcəkdir. Belə ki, 2012-ci ildə dövlət büdcəsi gəlirlərinin 73,1%-i neft sektorundan daxilolmaların payına düşürdüsə, 2013-cü ildə bu göstəricinin 73 % olacağı gözlənilir, 2014-cü ildə isə 66 % proqnozlaşdırılır. Qeyd etmək zəruridir ki, büdcə gəlirlərinin formalaşması baxımından qarşıdakı illərdə ciddi problemlər yaşanmayacaqdır. Belə ki, neftin qiymətinin 100 dollar barel nisbətində hesablanması və Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə dünya neft bazarında yaxın illərdə əsaslı konyuktur dəyişikliklərin gözlənilməməsi büdcə gəlirlərinin formalaşmasında sabitliyin qorunmasını təmin edəcəkdir. Qarşıdakı ildə büdcədə neft gəlirlərinin payınin aşağı enməsi, əsasən Dövlət Neft Fondundan transferlərin azalması hesabına baş verəcəkdir. Belə ki, 2014-cü ildə bu transferlərin 2012-ci ilə nisbətən 568 mln man., 2013-cü ilə nisbətən isə 2013 mln man. azaldılması planlaşdırılır. Bütövlükdə, 2014-cü ildə neft sektorundan daxilolmaların 2012-ci ilə nisbətən 4 %, 2013-cü ilə nisbətən isə 13,2 % azalması proqnozlaşdırılır ki, bu da büdcə təcrübəmizdə olduqca vacib yeni pozitiv məqamdır və bütövlükdə milli iqtisadiyyatın strukturunun tarazlaşdırılması yönümündə ciddi nailiyyət kimi dəyərləndirilməlidir. Belə şəraitdə qarşıdakı ildə qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin 2012-ci ilə nisbətən 34% və 2013-cü ilə nisbətən isə 20,8 % artması, təqdim olunan büdcə layihəsinin müsbət cəhəti kimi qeyd edilməlidir. Göründüyü kimi, 2014-cü ildə büdcə gəlirlərinin 2013-cü ilə nisbətən neft sektorundan daxilolmaların azalmasının bir hissəsi qeyri-neft sektorundan daxilolmaların artması hesabına kompensasiya ediləcəkdir ki, bu da nəinki Dövlət büdcəsi gəlirlərinin, eləcə də ümumilikdə Dövlət büdcəsinin formalaşdırılmasında yeni müsbət meyil kimi qeyd edilməlidir.
2014-cü ildə Dövlət büdcəsinin xərcləri ilk dəfə olaraq iyirmi milyardlıq mühüm "psixoloji həddi" keçərək 20,1 milyard man. həcmində nəzərdə tutulur. Bu göstərici 2012-ci ilə nisbətən 15,2 faiz, 2013-cü ilin gözlənilən faktiki icrasına nisbətən isə 213 mln man. və ya 1,1 % çoxdur.
Qarşıdakı ildə büdcə xərcləri ÜDM-in 34,3%-i səviyyəsində planlaşdırılır ki, bu da 2012-ci ilə nisbətən 2,0 % yüksəkdir. Bu ildə dövlət büdcəsinin kəsiri 1.676 mln manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da ÜDM-in 2,9 %-ni, umumi budcə xərclərinin isə 8,4%-ni təşkil edir. Qeyd etməyi vacib hesab edirik ki, mühüm stimullaşdırıcı potensiala malik olan büdcə kəsirinin proqnozlaşdırılan həcmi dünya təcrübəsi baxımından normalar çərçivəsindədir və makroiqtisadi tarazlığa təhlükə törətmir. Hökumət qarşıdakı ildə dövlət büdcəsi kəsirinin təqribən yarısının keçən illərin ehtiyatları (vahid xəzinədarlıq hesabının qalığı) hesabına, digər yarısını isə əsasən əmlakın özəlləşdirilməsindən daxilolmalar və borc vəsaitləri hesabına maliyyələşdirilməsini nəzərdə tutur. Burada onu da xüsusi qeyd etmək vacibdir ki, borc vəsaitləri hesabına maliyyələşdiriləcək büdcə kəsri ÜDM-in cəmi 1,4 faizini təşkil edəcəkdir. Ölkənin dövlət borcunun ÜDM-ə nisbətən çox kiçik və strateji valyuta ehtiyatlarının isə böyük olması, bu borclanmanın ölkənin ödəmə qabiliyyətinə təsir göstərməyəcəyi qənaətinə gəlməyə tam imkan verir. Bununla belə, son illərin dünya təcrübəsinin dərslərini nəzərə alaraq hesab edirik ki, dövlət borcu kimi muhüm bir iqtisadi siyasət aləti ilə olduqca ehtiyatla davranmaq vacibdir və gələcəkdə büdcə kəsirinin xarici borclanma hesabına maliyyələşdirilməsinə müstəsna hallarda yol verilməlidir. Ona görə də fikrimizcə, büdcə kəsrinin 829 mln manatlıq hissəsinin borc vəsaitləri hesabına deyil, maliyyə bazarının inkişafı məqsədilə dövlət qiymətli kağızlarının emmisiyası və daxili bazarda yerləşdirilməsi hesabına maliyyələşdirilməsi daha məqsədəuyğun olardı. Bu, həm də son illərdə iri infrastruktur layihələrinin həyata keçirilməsinin daxili bazarın aktivliyini kifayət qədər təmin etdiyini nəzərə alaraq, belə məqsədlərə xidmət edən büdcə kəsirinin qarşıdakı ildə proqnozlaşdırılan həcmini, daxili aktivliyə zərər vurmadan azaltmaq imkanı yaradardı.
Dövlət büdcəsi xərclərinin strukturunun təhlili göstərir ki, budcə xərclərinin 54,2 %-i cari xərclərin, 41,9 % investisiya xərclərinin, 3,9 %-i isə dövlət borcuna xidmətlə bağlı xərclərin payına düşür. Lakin qeyd edildiyi kimi, xərclərin nisbətən artmasına baxmayaraq, onun həcmi mütləq və nisbi ölçülərdə kiçik olaraq qalacaqdır.
İqtisadiyyatın, o cümlədən sosial sferanın bütövlükdə modernləşdirilməsi və yenidən qurulması trendinə müvafiq olaraq qarşıdakı ildə dövlət büdcəsində qeyri-maliyyə aktivlərin alınmasına ayrılan vəsaitlərin yüksək səviyyəsi qorunacaqdır. Bununla belə, qeyri-maliyyə aktivlərinin alınmasına sərf olunan büdcə xərclərinin xüsusi çəkisinin 2012-ci ildə 41,3 faizdən 2014-cü ildə 38,1 faizə qədər azalacağı nəzərdə tutulur. Digər tərəfdən, 2014-cü ildə əmək ödənişlərinin 2013-cü ilə nisbətən 11,3% artımı planlaşdırılmışdır ki, bu da gözlənilən inflyasiya səviyyəsindən (3,5%) əhəmiyyətli dərəcədə yüksəkdir.
Qeyd edildiyi kimi, qarşıdakı ildə də dövlət büdcəsi sosial və investisiya tutumluluğu ilə fərqlənəcəkdir. Həm cari xərclərin, həm də investisiya xərclərinin əhəmiyyətli hissəsinin bilavasitə insanların sosial vəziyyətinə təsir edən sahələrə yönəldilməsi nəzərdə tutulmuşdur. Belə ki, 2014-cü ildə sosial sferanın inkişafına dövlət büdcəsindən əməyin ödənişinə 3034,7 mln, təqaüd və sosial müavinətlərə 1820,3 mln manat vəsait yönəldiləcəkdir.
Araşdırmalarımız göstərir ki, dövlət büdcəsinin xərclərinin artımı onun milli iqtisadiyyatın inkişafına təsirini yüksəldir. Belə ki, 2014-cü ildə dövlət büdcəsinin xərcləri həm istehlak, həm də investisiya xərclərinə, yəni, daxili tələbin həcminə əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir. Hesab edirik ki, dövlət büdcəsində xərclərin bütövlükdə 2012-ci ilə nisbətən 17,3%, investisiya xərclərinin 6 % artması dövlət büdcəsinin daxili tələbin formalaşdırılmasında rolunun artmasına səbəb olacaqdır.
Ölkədə investisiya qoyuluşlarının maliyyələşdirilməsində dövlət büdcəsinin rolu artmaqdadır. Belə ki, 2012-cu ildə ölkədə əsas kapitala cəmi investisiya qoyuluşlarının 61,1 %-i dövlət investisiyalarının payına düşmüş, 2013-cü ildə isə bu göstəricinin 56,7 %-ə, 2014-cü ildə isə 52,5 %-ə çatacağı proqnozlaşdırılır. Bundan başqa, dövlət investisiyaları daxili investisiyanın 2012-cu ildə 77,5 %-ni təşkil etmiş, 2013-cü ildə 78,6 %, 2014-cü ildə isə 74,6 %-ə bərabər olacağı proqnozlaşdırılır. Belə şəraitdə dövlət investisiyalarının 2014-cü ildə 86,8%-i dövlət büdcəsinin vəsaitləri hesabına həyata keçiriləcəkdir.
Beləliklə, aparılan hesablamalar göstərir ki, dövlətin həm istehlak, həm də investisiya xərcləri baxımından iqtisadiyyatda rolu böyükdür. Daxili tələbin dövlət büdcəsi xərcləri hesabına artması, qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir. Məlum olduğu kimi, ölkəmizdə yenicə formalaşan özəl sektorun iri həcmli investisiya qoyuluşlarını həyata keçirmək imkanları o qədər də geniş deyildir.
Milli qənaətin əsas hissəsinin (neft gəlirləri nəticəsində) dövlətin sərəncamında qaldığı şəraitdə özəl sektorun investisiya qoyuluşlarının güzəştli şərtlərlə maliyyələşdirilməsində dövlətin fəal iştirakına ehtiyac vardır. Son illərdə dövlətin özəl sektorun maliyyəlşdirilməsində rolu artmışdır. Belə ki, indiyədək (2014-cü il də nəzərə alınmaqla) dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna 831 mln manat, "Aqrolizinq" ASC-yə 453,4 mln manat, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 64 mln manat vəsait ayrılmışdır. 2014-cü ildə Sahibkarlığa Kömək Milli Fonduna 150 mln manat, "Aqrolizinq" ASC-yə 35,0 mln manat, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 5 mln manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bütun bunlar da ölkədə özəl sektorun, milli sahibkarlığın inkişafına öz töhfəsini verəcəkdir.
Sosial inkişaf siyasətinin büdcə proeksiyası
Həyata keçirilən uğurlu sosial-iqitisadi siyasətin nəticəsi olaraq son illər Azərbaycanda sosial yönümlü inkişafın sürətləndirilməsi və davam etdirilməsi istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirilmişdir. Ölkənin sosial tərəqqisi daim diqqət mərkəzində saxlanılmış, dövlət büdcəsi xərclərinin strukturunda sosial xərclər prioritetlər sırasında olmuş, onların davamlı artım tempi saxlanılmış və artım sosial sferanın bütün istiqamətlərində təmin edilmişdir. III Bakı Beynəlxalq Humanitar Forumunda Prezident İlham Əliyevin vurğuladığı kimi, "Biz çox ciddi sosial siyasət aparmışıq, aparırıq və aparacağıq. Ancaq bunun mənbəyi Azərbaycan iqtisadiyyatıdır. İqtisadi inkişaf sosial məsələlərin həllinə də gətirib çıxarmalıdır. Burada əlbəttə ki, uzlaşma düzgün aparılmalıdır. Çünki hər bir ölkənin inkişafı ilk növbədə insanların həyat tərzində özünü göstərməlidir və insanların yaşayış səviyyəsi qalxdıqca, yeni imkanlar yarandıqca, əlbəttə ki, ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf edəcəkdir".
Son 10 ildə dövlət büdcəsindən sosial sferanın maliyyələşdirilməsi məqsədilə ayrılan vəsaitlərin həcmi 9,2 dəfə artararq 535,2 mln manatdan 4909,4 mln manatadək yüksəlmiş, ölkə əhalisinin gəlirləri 29 mlrd manat və yaxud 6,1 dəfə artaraq 2012-ci ildə 34,7 mlrd manat olmuşdur. Əvvəlki illərdə olduğu kimi qarşıdakı ildə də sosial xərclərin həcmində davamlı artım tempinin saxlanılması nəzərdə tutulur və bu artım sosial sferanın bütün sahələrini əhatə edir. 2014-cü ildə sosialyönümlü xərclər dövlət büdcəsi xərclərinin strukturunda 26,6% olmaqla 5337,3 mln manat həcmində proqnozlaşdırılır. Bu, cari ilin gözlənilən icrası ilə müqayisədə 501,7 mln manat və ya 10,4% çoxdur.
Sosial
inkişafın strateji hədəflərə istiqamətləndirilməsinin
mühüm bir təzahürü 2014-cü ilin dövlət
büdcəsindən sosial-mədəni tədbirlərin maliyyələşdirilməsi
məqsədilə ayrılan vəsaitlərin 18%-nin, yəni,
885,3 mln manatının müvafiq məqsədli dövlət
proqramlarının və tədbirlərinin maliyyələşdirilməsinə
yönəldilməsidir.
(Ardı var)
Şəmsəddin
HACIYEV,
Milli Məclisin Elm və təhsil
komitəsinin sədri
Azərbaycan.-2013.- 23 noyabr.- S.6.