Ekrandan Rasim Ocaqovun səsi eşidilir,
aktyorlar və dramaturqlar
səhnədən onun haqqında
danışır, salondakı tamaşaçılar rejissoru
alqışlayırdı
Noyabrın 22-də ÜNS Yaradıcılıq Səhnəsində Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və respublika Dövlət mükafatları laureatı, xalq artisti Rasim Ocaqovun 80 illik yubileyi qeyd olunmuşdur.
Tədbirin iştirakçılarını salamlayan M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor, ÜNS-ün yaradıcısı və bədii rəhbəri Nərgiz Paşayeva ekran əsərləri ilə milli kino sənətimizə dəyərli töhfələr vermiş Rasim Ocaqovun mənalı ömür yolu və zəngin yaradıcılığından söz açmışdır.
Bildirilmişdir ki, bu günün ÜNS Teatrı, eləcə də sənətsevərlər üçün mühüm əhəmiyyəti vardır. Ona görə ki, bu gün Azərbaycan kino sənətinin dəyərli nümayəndəsi, ölməz sənətkarımız Rasim Ocaqov dünyaya göz açmışdır.
Professor N.Paşayeva demişdir ki, Rasim Ocaqov həmişə Azərbaycan mədəniyyətinin, kinosunun tarixində yaşayacaqdır. Çünki onun çəkdiyi filmlər böyük rejissor istedadının, qəlbinin məhsuludur. Onun yaradıcılığı bənzərsizdir, bu səbəbdən də R.Ocaqovun XX əsr Azərbaycan kinosunda yeri əvəzsizdir. O, milli olduğu qədər də bəşəridir. Onun adı dünya kino nəhəngləri ilə bir sırada çəkilməyə layiqdir. Rasim Ocaqov heç zaman unudulmayacaqdır.
Rektor vurğulamışdır ki, R.Ocaqov rejissor kimi milli kinomuzun bədii salnaməsini yaratmışdır. Onun filmlərinin üstünlüyü ondadır ki, R.Ocaqov üçün mövzu məhdudiyyəti olmamışdır. Müxtəlif dövrün ab-havasını Azərbaycan kinosuna gətirən və bu ekran əsərlərində insanın milli təfəkkürünü, dünyagörüşünü formalaşdıran, ona emosionallıq, vətənpərvərlik hissləri aşılayan filmlərlə böyük bir auditoriyanın məhəbbətini qazanmışdır.
Bu gün Rasim Ocaqova "üz tutaraq" deyirəm ki, biz sizi heç vaxt unutmayacağıq. O, iki ad gününü bizə bəxş edib, biri çəkdiyi "Ad günü" filmidir, digəri isə özünün ad günüdür.
Xalq artisti Fəxrəddin Manafov Rasim Ocaqovla birgə işlədiyi günləri xatırlayır, onun söhbətini fortepianoda səslənən melodiyalar müşayiət edirdi. Mənim ən yaxşı rollarım onun adı, onun filmləri ilə bağlıdır. Bu filmlər sayəsində mən sərbəstlik və özümə inam qazanmışam. Mən onu bir rejissor kimi, insan kimi çox yüksək qiymətləndirirəm.
Gecə dialoq formasında qurulmuşdur. Səhnədə qoyulmuş ekranda çəkilişlərin müəyyən məqamlarını əks etdirən kadrlar görünürdü. Bu kadrlarda rejissor özü də görünür, onun səsi eşidilir, filmlərinə dəvət etdiyi aktyorlar, sənət dünyası, həyata baxışı, sənətə gəlişi və s. bağlı dəyərli fikirlərini bölüşürdü.
Xalq artisti Hacı İsmayılov Rasim Ocaqovun dəvəti ilə "Ad günü", "Həm ziyarət, həm ticarət" və digər filmlərində yaratdığı obrazlardan danışmış və bu ekran əsərlərinin araya-ərsəyə gəlməsi üçün rejissorun çəkdiyi böyük zəhmətindən söz açmışdır.
O demişdir: R.Ocaqov olduqca böyük bir müəllim idi, onun zəkasının işığında çox gənclər pöhrələndi. Bu işıqdan nəinki bizə, hətta keçmiş sovetlər dövründə yaşayan bir çox xalqların gənc sənət adamlarına da pay düşdü. Şadam ki, onunla birgə işləmişəm, yaratdığı sənət dünyasından mənə də pay düşüb.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova demişdir ki, kino Rasim Ocaqovun həyatı, varlığı idi. O, özünü kinodan ayrı hiss edə bilmirdi. Deyirdi ki, mən film çəkməsəm, yaşaya bilmərəm.
Gecədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev Azərbaycan kino sənətinin inkişafında əvəzsiz rol oynamış, ömrünün 50 ilini kinematoqrafiyaya həsr etmiş Rasim Ocaqovun sənət dünyasından, kino sahəsindəki xidmətlərindən, yaratdığı dəyərli ekran əsərlərindən söhbət açmış, onun həyatından maraqlı məqamlara toxunmuşdur.
Tədbirdə musiqi proqramı təqdim edilmiş və sənətkara həsr olunmuş sənədli film nümayiş olunmuşdur.
Xatirə gecəsinin iştirakçılarına rejissorun həyat və yaradıcılığına həsr edilmiş nəfis tərtibatlı "Rasim Ocaqov" albomu təqdim olunmuşdur. Bu nəşrə yubilyarın ailə arxivindən nadir fotoşəkillər, çəkilişlərdən kadrlar və başqa materiallar daxil edilmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 23 noyabr.- S.7.