Prezident İlham Əliyev Yaponiyanın Azərbaycanda yeni təyin

 olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşinin etimadnaməsini qəbul etmişdir.

Səfir Tsuquo Takahaşi fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Tsuquo Takahaşi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini bildirdi. Səfir Tsuquo Takahaşinin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə də əməkdaşlığımızın dinamik şəkildə inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev ona uğurlar arzuladı.

Ötən il Azərbaycan ilə Yaponiya arasında diplomatik əlaqələrin yaradılmasının 20 illiyinin qeyd olunduğunu vurğulayan səfir Tsuquo Takahaşi ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğuladı. Diplomat Azərbaycanda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.

 

 AzərTAc

Azərbaycan.-2013.-  24 noyabr.- S.1.