«Azərbaycan Respublikasının Əmək
Məcəlləsində dəyişiklik edilməsi
haqqında» Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 749-IVQD nömrəli qanununun
tətbiqi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 749-IVQD nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların "Azərbaycan
Respublikasının Əmək Məcəlləsində dəyişiklik
edilməsi haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
15 noyabr 2013-cü il
Azərbaycan.-2013.- 24 noyabr.- S.2.