Avropa Şurasının Azərbaycandakı prezident seçkilərini

 müsbət qiymətləndirən yekun rəyi qəbul edilmişdir

 

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Daimi Komitəsinin noyabrın 22-də Vyana şəhərində keçirilmiş iclasında bir sıra ümumavropa əhəmiyyətli məsələlərin müzakirəsi ilə yanaşı, oktyabr ayında quruma üzv 2 dövlətdə keçirilmiş prezident seçkiləri ilə bağlı da ətraflı fikir mübadiləsi aparılmışdır.

Azərbaycanda oktyabrın 9-da, Gürcüstanda oktyabrın 27-də keçirilmiş seçkilərlə əlaqədar Avropa Şurasının seçki missiyalarının mövqeyini əks etdirən hesabatlar ətraflı müzakirələrdən sonra təsdiq edilmişdir.

Azərbaycandakı prezident seçkiləri ilə bağlı Böyük Britaniyadan olan deputat Robert Volterin hazırladığı məruzənin yekun mətninin ayrı-ayrı müddəaları bir çox deputatlar tərəfindən geniş təhlil edilmişdir. Çıxış edən deputatların böyük əksəriyyəti Azərbaycandakı seçkilərin Avropa Şurasının tələblərinə və beynəlxalq meyarlara cavab verdiyini, məruzədə həm seçki öncəsi mühitin, həm də seçki əsnasındakı təfərrüatların dəqiq əks etdirildiyini vurğulamışlar. Lakin Azərbaycana qarşı qeyri-obyektiv mövqeyi ilə seçilən A.Herkel, A.Qross kimi bəzi deputatların məntiqsiz iradları da səslənmiş və onlara dərhal tutarlı cavablar da verilmişdir.

AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramunt seçkiləri müşahidə missiyasının üzvü kimi Bakıda olduğunu, gedişatı bilavasitə izlədiyini və nəticələri yüksək qiymətləndirdiyini söyləmişdir. O, Robert Volterin həm seçkidən sonrakı bəyanatını, həm də hazırladığı hesabatı tam dəstəklədiyini qeyd etmişdir.

AŞ PA-nın Azərbaycan üzrə digər həmməruzəçisi Jozef Debono Qrex Azərbaycanın demokratik irəliləyişdəki müvəffəqiyyətlərinə diqqət yönəldərək demişdir: "Biz Avropa Şurası olaraq indiyə kimi Azərbaycanda gördüyümüz işlərlə qürur duymalıyıq. Çünki Azərbaycanın Avropa Şurasına 10 ildən çox üzvlüyü ərzində təşkilatın, keçmiş və hazırkı həmməruzəçilərin yardımı ilə apardığımız dialoq vasitəsilə ölkəni Avropa Şurasının dəyərlərinə yaxınlaşdıra bildik. Mən burada 15 ildir işləyirəm və gördüyüm odur ki, son on ildə nə baş verirsə-versin, bu təşkilatda ancaq Azərbaycanın adı çəkilir. İtaliyada sel, daşqınlar olur, deyirlər Azərbaycan, başqa hansısa hadisə olan kimi, deyirlər Azərbaycan. Bu, doğrudan da məni artıq bezdirib. Bir az ədalətli yanaşın, dostlar! Unutmayın ki, bu ölkə 70 il ərzində kommunist rejimi altında yaşayıb və bu 10 ildə onlar böyük bir yolu qət ediblər. Biz bu nailiyyətlərlə qürur duymalıyıq. Mən Azərbaycanda çox olmuşam, üç seçki görmüşəm və deyə bilərəm ki, sonuncu seçkilər əvvəlkilərindən qat-qat yaxşı keçirilmişdir".

Azərbaycanın AŞ PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə demişdir ki, bəzi deputatlar öz çıxışlarında seçkilər ərzində baş verən və öz təsdiqini tapmamış bir-iki faktı, bəzi xırda nöqsan və çatışmazlıqları ölkəmizdəki seçkiləri xarakterizə edən ümumi tendensiya kimi göstərirlər. Bu, heç də belə deyil, əziz həmkarlarım. Bu seçkilər mənim ölkəmin tarixində ən açıq və şəffaf seçkilər idibunu təsdiqləyən faktlar da daha çoxdur. Bütün seçki məntəqələri beynəlxalq müşahidəçilər üçün açıq idi. Müşahidəçilərin seçkilərin sonunda səslərin sayılmasında iştirakları təmin olunmuşdu. Avropa Şurasının bir çox üzv ölkələrində belə şey heç baş vermir. Azərbaycan hər zaman dialoqa və əməkdaşlığa hazırdır və əlimizdən gələni edirik ki, ölkəmizdə vəziyyət daha da yaxşılaşmaya doğru getsin. Hesab edirəm ki, əhalisinin 95 faizi müsəlman olan Azərbaycan belə məsələlərdə digər ölkələrə də örnək olmalıdır. Biz Avropa Şurasının tamhüquqlu üzvü olduq, bir çox Avropa təşkilatları ilə əməkdaşlıq edirik və ölkəmiz də demokratik təsisatlarını inkişaf etdirməkdədir. Azərbaycan regionda yeganə ölkədir ki, öz büdcəsini on ildə 20 dəfə artırıb, yoxsulluğu 50 faizdən 5 faizə endirib. Biz bu seçkilərlə əlaqədar lazım olan hər şeyi etdik. Bu seçkilər Azərbaycan xalqının iradəsinin göstəricisidir və bu da onu təsdiq edir ki, İlham Əliyev Azərbaycan xalqının etimad göstərdiyi Prezidentdir.

Azərbaycan nümayəndə heyətinin digər üzvü Rafael Hüseynov çıxışında Böyük Britaniyadan olan deputat Robert Volterin seçkilərin gedişi və nəticələri ilə bağlı hazırladığı hesabatı yetərincə balanslaşdırılmış, obyektiv və ədalətli adlandıraraq məruzəni tamamilə dəstəklədiyini bildirmişdir. O, Azərbaycandakı prezident seçkilərinin Daimi Komitədəki müzakirəsi zamanı əsas diqqət yönəldilən mühüm məqamların üzərində dayanaraq demişdir: "Prezident seçkiləri hər bir ölkənin həyatında əlamətdar olan siyasi hadisədir. Amma Azərbaycan kimi yeni müstəqil dövlətlər, gənc demokratiyalar üçün hər belə seçki həm də ciddi imtahandır. Tam inamla demək olar ki, Azərbaycan bu növbəti sınaqdan uğurla çıxmışdır və bunu seçkiləri müşahidə etmiş bir çox beynəlxalq təşkilatların müsbət rəyləri də sübut etməkdədir.

Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, ATƏT-in Parlament Assambleyasının seçkiləri azad, şəffaf, ədalətli sayması müstəqillik yolu ilə irəliləyən bir dövlətin demokratik inkişafdakı əhəmiyyətli nailiyyəti hesab edilməlidir. Əsl həqiqətlər müqayisədə ortaya çıxır.

Mən Azərbaycanın müstəqilliyinin  22 ili ərzində keçirilmiş 6 prezident seçkisinin hər birini bilavasitə müşahidə etmək imkanına malik olmuşam. Çünki həmin seçkilərin hər birini rəsmi olaraq ya prezidentliyə namizədlərdən hansınınsa səlahiyyətli nümayəndəsi, ya müşahidəçi, ya da qeydiyyata alınmış jurnalist kimi izləmişəm. Eyni zamanda, Avropa Şurasında fəaliyyət göstərdiyim son 13 ildə mənə bir sıra Avropa ölkələrində Parlament Assamleyasının seçki missiyasının üzvü kimi prezidentparlament seçkilərini müşahidə etmək nəsib olmuşdur. Ona görə də həm Azərbaycandakı son prezident seçkilərini ölkədə daha əvvəllər gerçəkləşmiş prezident seçkiləri ilə müqayisə etmək, həm də Avropanın digər ölkələrində izlədiyim seçkilərlə tutuşdurmaq imkanına malikəm. Müqayisə isə onu deyir ki, Azərbaycanda 2013-cü il oktyabrın 9-da keçirilmiş seçkilər keyfiyyətcə əvvəlki prezident seçkilərindən daha üstün olmuş, ən yaxşı Avropa meyarlarına daha da uyğunlaşmışdır. Bu da səbəbsiz deyildir. Azərbaycan demokratik dəyərlərə sadiq bir dövlətdir, həm də bunu öz işi ilə ardıcıl şəkildə nümayiş etdirməkdədir. Xüsusən, Avropa Şurasına üzv olduğu son 13 il ərzində Azərbaycanda seçki mədəniyyətinin təkmilləşməsi səmtində nəzərəçarpacaq tərəqqi əldə edilmişdir. Oktyabrın 9-da Azərbaycandakı seçki fəallığının nə qədər yüksək olmasını hər kəs, o cümlədən xarici ölkələrdən gəlmiş minlərlə müşahidəçi əyani olaraq seyr edə bildi. Ölkə boyu yüzlərlə seçki məntəqəsində quraşdırılmış veb-kameralar vasitəsilə prosesi birbaşa izləmək imkanı seçkilərin şəffaflığını, açıqlığını, ədalətliliyini təmin edən başlıca amillərdən idi.

Azərbaycanın müstəqilliyini bərpa etdikdən ötən 22 ildə həm də demokratiya yolunda kimlərin bizə əsl dost münasibət bəslədiyini, tənqid edəndə də səmimi olduğunu, həqiqətən, bizə yardım etmək istədiyini və kimlərin də demokratiya pərdəsi altında riyakarlıqla məşğul olduğunu, belə ali dəyərləri möhtəkirlik vasitəsinə çevirdiyini fərqləndirməyi yaxşıca öyrətmişdir. Eyni mənzərəni biz bu gün burada, bu müzakirələrdə də açıqca duyuruq. Eyni zamanda, bunu da ayrıca vurğulamağı zəruri sayıram ki, elə həmin yanaşma tərzini biz ATƏT-dən də gördük. ATƏT-in fəaliyyətdə olan sədri bəyanat verərək bütün dünyaya aşkar şəkildə çatdırdı ki, Azərbaycandakı sonuncu prezident seçkiləri dünya standartlarına yetişmək, ATƏT və Avropa Şurasının prinsiplərinə daha geniş çərçivədə riayət etmək istiqamətində böyük inkişafın təzahürüdür. Lakin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tam əks və qərəzli bir mövqe ortaya qoydu. Zahirən guya ATƏT-in bir strukturu olsa da, bu qurum faktiki olaraq ATƏT-in mövqeyinin əleyhinə getdi. Ona görə də həm bu qurumun, həm Azərbaycandakı seçkiləri dəyərləndirərkən bütün digər mötəbər beynəlxalq təşkilatların müsbət rəylərini bir kənara ataraq bəzi şəxslərin, o cümlədən buradakı bəzi həmkarlarımızın məhz DTİHB-nin saxta, qərəzli, həqiqətə zidd mülahizələrinə əsaslanması anlaşılmazdır. Amma həm də anlaşılandır. Bunlar Azərbaycana təzyiq göstərmək vasitələridir. Lakin hər kəs bilməlidir ki, heç bir qüvvə Azərbaycanı düzgün yoldan döndərə bilməz. Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna gəlincə isə mən həm Avropa Şurasında, həm də digər yerlərdə müxtəlif vaxtlarda o qurumu təmsil edən insanların oxşar çıxışlarını az dinləməmişəm və gəldiyim qənaət də bundan ibarət olub ki, guya ATƏT-ə aid olan bu təşkilat əslində, Mərkəzi Kəşfiyyat İdarəsinin yedəkçisidir və qətiyyən Avropa demokratiyasına xidmət etmir.

Son prezident seçkiləri Azərbaycan xalqının iradəsinin parlaq ifadəsi idibu aydın həqiqətə kölgə salmağa edilən istənilən cəhd qəbuledilməzdir. Mən Azərbaycandakı prezident seçkilərini indiyədək ölkədə keçirilmiş seçkilərin ən mükəmməli hesab edir, Robert Volterinonun rəhbərlik etdiyi Avropa Şurası seçkiləri müşahidə missiyasının verdiyi müsbət qiyməti, bu obyektiv məruzəni dəstəkləyirəm.

Müzakirələrə yekun vuran və sualları cavablandıran məruzəçi Robert Volter bir daha Azərbaycanda demokratik dəyərlərin bərqərar olması yolunda ölkə rəhbərliyinin genişmiqyaslı apardığını və bu seçkilərin də Azərbaycan xalqının iradəsinin dolğun ifadəsi olduğunu diqqətə çatdırmışdır.

Daimi Komitənin AŞ PA-nın sədri Jan Klod Minyonun sədrliyi ilə keçən iclasında Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə əlaqədar məruzənin yekun mətni müsbət qiymətləndirilərək qəbul edilmişdir.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

Azərbaycan.-2013.- 24 noyabr.- S.1,2.