Romada «Bakı-2015» Avropa Oyunlarının rəsmi loqosu təqdim olunmuşdur

 

Noyabrın 23-də Romada keçirilən Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyası işini başa çatdırmışdır.

Tədbirin son günü "Bakı-2015" Avropa Oyunlarının təqdimatı olmuşdur. Təqdimat çərçivəsində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin iyununda Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının rəsmi loqosunu təqdim etmişdir.

Azad Rəhimov çıxışında bildirmişdir ki, xalqımız ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etməkdən böyük fərəh hissi duyur. O demişdir: "Bizim loqomuz xalqımızın idman irsindən qürur duymasını, qonaqpərvərliyə sədaqətimizi, ölkəmizin idman, biznesturizm mərkəzi kimi mövqeyini əks etdirir".

Nazir demişdir ki, Avropada idmanın gələcəyini formalaşdırmağa töhfə verəcək "Bakı-2015" Oyunları Azərbaycan ictimaiyyəti üçün yeni şəhər, nəqliyyat, iqtisadi mənfəətlər və infrastruktur deməkdir.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki "Bakı-2015" Avropa Oyunlarının rəsmi loqosunun təqdim edilməsinin tədbirə hazırlıq istiqamətində vacib bir mərhələ olduğunu diqqətə çatdırmışdır. O demişdir: "Avropa tarixində ilk dəfə qitə üzrə multi idman tədbiri keçiriləcəkdir. Əksər avropalı atletlər üçün bu tədbir böyük əhəmiyyət daşıyacaqdır". Avropa Oyunlarında 49 ölkədən 5400-dən çox atlet 18 idman növü üzrə yarışacaqdır.

"Bakı-2015" Avropa Oyunlarının Əməliyyat Şirkətinin icraçı direktorunun müavini Cim Şerr bildirmişdir ki, Bakıda sürətlə həyata keçirilən quruculuq işləri, yeni infrastrukturun yaradılması bir daha paytaxtımızın 2015-ci ildə avropalı atletləri qəbul etməyə tam hazır olacağının göstəricisidir.

Sonra Cim ŞerrMilli Olimpiya Komitəsinin Beynəlxalq münasibətlər departamentinin direktoru Könül Nurullayeva birgə təqdimatla tədbir iştirakçılarına "Bakı-2015" Avropa Oyunlarına hazırlıq işlərinin aparılması barədə ətraflı məlumat vermişlər. Vurğulamışlar ki, Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması üçün Bakıda bütün zəruri tədbirlər həyata keçiriləcəkdir.

Loqo təqdimatı Roma ilə yanaşı, eyni vaxtda Bakıda və Madriddə də nümayiş olunmuşdur.

Bakıda keçirilmiş təqdimat mərasimində Azərbaycan atletləri yeni loqonu dərhal qəbul etmişlər.

35 yaşlı azərbaycanlı dizayner Adəm Yunisov tərəfindən tərtib edilmiş bu yeni loqo alov, su, əfsanəvi simurq quşu, xalı və nar da daxil olmaqla, ev sahibi ölkənin qədim və müasir mədəniyyətini əks etdirən beş başlıca elementi bir araya gətirmişdir. A.Yunisovun açıq ictimai müsabiqə nəticəsində seçilmiş loqo tərtibatı ölkənin təbii gözəlliklərini, mədəniyyət və irsini, o cümlədən Avropanın ən sürətlə inkişaf edən şəhərlərindən biri kimi Bakının assosiasiyasını təsvir edir. Bu loqo həmçinin İspaniyanın Atletiko Madrid futbol klubunun oyunçularının idman köynəklərini də bəzəyəcəkdir.

Sonda Azad Rəhimov iclas iştirakçılarını maraqlandıran sualları ətraflı cavablandırmışdır.

Tədbirdə həmçinin "Bakı-2015" Avropa Oyunları ilə bağlı stend də qurulmuşdur. Milli geyimli gənclər assambleya iştirakçılarına paytaxtımızın görməli yerlərini əks etdirən şəkillərdən ibarət albom, üzərində "Bakı-2015" Avropa Oyunlarının loqosu həkk olunmuş döş nişanı və digər hədiyyələr paylamışlar.

 

 

Maqsud DADAŞOV,

AzərTAc-ın xüsusi müxbiri

Roma

Azərbaycan.-2013.- 24 noyabr.- S.3.