Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə «İÇV infeksiyasının profilaktikası» mövzusunda maarifləndirmə aksiyasına başlanmışdır

 

İ.M.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetində (MDTU) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci ildən həyata keçirilən "Gənclər QİÇS-ə qarşı" təbliğat kampaniyasının davamı olaraq "İÇV infeksiyasının profilaktikası" mövzusunda maarifləndirmə aksiyasına start verilmişdir.

Noyabrın 23-də MDTU-da Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB), UNİSEF, "Qırmızı lent" təşkilatı və MDTU-nun təşkilatçılığı ilə təbliğat aksiyasının təqdimatı keçirilmişdir. Tədbirdə universitetin tələbələri və professor-müəllim heyəti iştirak etmişlər.

RAGB-nin idarə heyətinin üzvü, tibb elmləri namizədi Samir Əliyev AzərTAc-a müsahibəsində bildirmişdir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "İÇV infeksiyasının profilaktikası" aksiyası QİÇS-lə mübarizəyə dair BMT-nin "Avropa İÇV test həftəsi" kampaniyası çərçivəsində gerçəkləşdirilir. İ.M.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetində başlanan aksiya Rusiyanın digər regionlarında, o cümlədən VladimirKaluqa vilayətlərində davam etdiriləcəkdir. Aksiyanın sonuncu tədbiri noyabrın 29-da Azərbaycan Dövlət Tibb Universitetində keçiriləcəkdir. Aksiya çərçivəsində aliorta məktəblərdə mühazirələr oxunacaq, maarifləndirici broşürlər paylanacaqdır.

İ.M.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin beynəlxalq fəaliyyət üzrə prorektoru P.Litvitski tədbirdə bildirmişdir ki, QİÇS dünyada sürətlə yayılan xəstəliklərdəndir. Bütün xəstəliklər kimi, İÇV virusunun da sərhədi yoxdur. P.Litvitski demişdir: "Düşünürəm ki, gənclərin bu xəstəliyin profilaktikası və müalicəsi qaydaları ilə tanış edilməsi olduqca vacib məsələdir".

Tədbirdə iştirak edən 2011-ci il "Rusiya gözəli" müsabiqəsinin qalibi Natalya Qantimurova cəmiyyətdə QİÇS/İÇV xəstələrinə tolerant münasibətin formalaşdırılmasının vacibliyinə diqqəti çəkmişdir. O vurğulamışdır ki, bu cür tədbirlər cəmiyyətdə QİÇS probleminin açıq müzakirə olunmasına yol açır. 

Tədbirdə iştirakçılara QİÇS-lə mübarizə rəmzi olan qırmızı lentlər, maarifləndirici broşürlər paylanmışdır.

 

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2013.- 24 noyabr.- S.4.