Sosial mahiyyətli, investisiya yönümlü inkişaf büdcəsi

 

2014-cü ilin dövlət büdcəsini xarakterizə edən mühüm parametrlərdən biri təhsilə ayrılan xərclərin həcminin və xüsusi çəkisinin artmasıdır. Təhsil xərcləri son illərdə olduğu kimi, yenə də büdcənin ən iri maddələrindən birini təşkil edir. Bu xərclər hətta hərbi xərcləri üstələyir. Bu önəmli meyil olmaqla bərabər, dövlətin təhsilə artan diqqət və qayğısının yeni təzahürüdür. Ölkə rəhbərinin sözləri ilə desək, özünün fenomenal iqtisadi inkişaf sürətinə görə dünyada öncül mövqeyə qalxan Azərbaycanın növbəti hədəflərindən biri ölkənin regional elm və təhsil mərkəzinə çevrilməsindən ibarətdir. Hesab edirik ki, bu yaxınlarda cənab Prezident tərəfindən təsdiq edilmiş Təhsilin İnkişaf Strategiyasının əsas məqsədi məhz, nəzərdə tutulan hədəflərin tezliklə reallaşdırılmasını nəzərdə tutur.

Bu gün ölkəmizin təhsil sisteminin dünya standartlarının tələbləri səviyyəsində yenidən qurulmasını, təhsilin idarəetmə sistemində demokratik prinsiplərin tətbiqi mexanizmlərinin təkmilləşdirilməsini, dünya təhsil məkanına inteqrasiyanın sürətləndirilməsini, bu sferada mütərəqqi maliyyələşdirilmə modellərinin tətbiqini, təhsilin keyfiyyətinin yüksəldilməsini, əhalinin təhsil almaq imkanlarının daha da genişləndirilməsini, təhsilin bütün pillələrində və səviyyələrində informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq edilməsini tələb edir və qeyd etmək vacibdir ki, artıq bu sahədə genişmiqyaslı fəaliyyətə başlanılmışdır. Bu məqsədlə son illər dövlətimizin təhsilə qayğısının artması daha qabarıq şəkildə özünü göstərməkdədir. Qeyd edilən istiqamətdə diqqət çəkən məqamlardan ən sanballısı təhsilə ayrılan büdcə vəsaitlərinin həcminin davamlı şəkildə artırılmasıdır. Keçən 10 il ərzində bu məqsədlə ayrılan vəsaitlərin həcmi 7 dəfəyədək artmışdır və növbəti ilin dövlət büdcəsindən təhsil xərclərinin maliyyələşdirilməsi məqsədilə 1653,4 mln.manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur.

Təhsil sahəsinın maliyyələşdirilməsinə ayrılan büdcə vəsaitlərinin artımı təhsilin bütün pillə və səviyyələrini əhatə edir (ali təhsil istisna olmaqla).  2014-cü ilin dövlət büdcəsindən təhsil xərclərinin maliyyələşməsi üçün ayrılan vəsaitlərin 22,8 faizi, yəni 376,2 milyon manatı bu sahədə bir sıra dövlət proqramları və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcəkdir.

Büdcədən təhsil sisteminə ayrılan vəsaitlərin artım tempinin dayanıqlığı mühüm nailiyyətlərdən biri kimi təqdir olunmalıdır. Sübut etməyə ehtiyac yoxdur ki, kifayət qədər mürəkkəb konfiqurasiyalı münasibətlər sistemini özündə əks etdirən təhsil sferasının modernləşmə sürəti ilə maliyyə təminatının səviyyəsi arasında birbaşa funksional bağlılıq mövcuddur. Məhz bu anlamda büdcədən ayrılan vəsaitlərin davamlı artımı qeyd edilən sferada həyata keçirilən əsaslı islahatların səmərəliliyinin, eləcə də strateji hədəflərə yetmənin əsas hərəkətverici qüvvəsi kimi çıxış edir. Bununla belə, təhsil sferasının 2014-cü il üçün maliyyələşmə səviyyəsi onun mühüm alt sistemi olan ali təhsillə bağlı arzu olunan həcmdə müəyyən edilməmişdir. Görünən odur ki, göstərilən məsələnin qaynaqlandığı əsas mənbə kimi ali təhsil sferasının maliyyələşmə mexanizminin yeni modelə keçidi çıxış edir. Araşdırmalar göstərir ki, buraya ilk növbədə ali məktəblərə dövlət sifarişi üzrə tələbə qəbulu planının azaldılması (30%-ə qədər),  dövlət sifarişi üzrə qəbulla bağlı hər bir tələbə üçün ayrılan vəsaitin yetərli olmaması və elmi-pedaqoji kadr hazırlığı (magistratura, doktorantura) və elmi fəaliyyətlə bağlı olan məsələlərin maliyyələşmə cəhətdən nəzər-diqqətdən müəyyən qədər kənarda qalmasını aid etmək olar.

Maraqlı məqam ondan ibarətdir ki, Bolonya sisteminə keçidlə əlaqədar tədris sferasında kardinal yeniləşmələrin həyata keçirilməsinə baxmayaraq, universitet elminin inkişafında önəmli rol oynayan maliyyələşdirmə mexanizmində heç bir dəyişiklik olmamışdır. Eyni zamanda, adambaşına maliyyələşdirməyə keçiddə də bu aspekt, ümumiyyətlə, nəzərə alınmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq növbəti büdcə ilində bu məsələlərin araşdırılmasını və nəzərə alınmasını tövsiyə edirik. Bunlarla yanaşı, yataqxanalarla bağlı mövcud problemlərin də həllinə ciddi ehtiyac vardır.

Dövlət büdcəsindən elmin maliyyələşməsinə ayrılan vəsaitlərin həcmi davamlı şəkildə artmışdır. 2003-2013-cü illər ərzində bu vəsaitlərin həcmi təxminən 7,7 dəfə artaraq 127,6 milyon manata çatmışdır. "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"na uyğun olaraq elm müəssisələrinin maddi-texniki bazasının müasirləşdirilməsi, yeni cihaz və avadanlıqlarla təchiz edilməsi, ölkəmizin elmi potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən işlər, eləcə də elm müəssisələrində müxtəlif elmi problemlər üzrə aparılan elmi-tədqiqat işləri, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin inkişafı və s. məsələlərə diqqət yetirilmişdir.

2014-cü ilin dövlət büdcəsindən elmin maliyyələşməsi məqsədilə 146,8 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin vəsaitlər fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi-tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyəlşməsinə yönəldiləcəkdir. Bununla yanaşı, 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu vasitəsilə elmi tədqiqat layihələrinin həyata keçirilməsi üçün dövlət büdcəsindən 8 milyon manata yaxın, "Cənubi Xəzər çökəkliyinin geoloji-geofiziki modeli, karbohidrogen potensialı və geodinamikasına dair Proqramın (2007-2014-cü illər)" maliyyələşdirilməsi üçün 0,4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur.

 Bütün bunlarla yanaşı, bu gün elmi ictimaiyyəti narahat edən məsələlər də az deyildir. Belə ki, elmin maliyyəşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi, elmi kadrların hazırlanması və stimullaşdırılması sahəsində effektivliyin artırılması, elmi tədqiqatların səmərəliliyinin və nəticəliliyinin yüksəldilməsi, dünya elmi məkanına inteqrasiyasının genişləndirilməsi, elmi işçilərin əməkhaqlarının artırılması və s. öz həllini gözləyən məsələlərdir. Təbii ki, uzun illərdən bəri yığılıb qalan bu məsələlərin bir büdcə ilində həll ediləcəyini gözləmək sadəlövhlük olardı. Bununla belə, hesab edirik ki, bu məsələlərin həll edilməsi ilk növbədə elm sahəsində, xüsusilə son vaxtlar AMEA-da həyata keçirilən əsaslı struktur islahatlarının və innovativ dəyişikliklərin başa çatdırılmasını və elmi fəaliyyət sahəsinin qanunvericilik bazasının yaradılmasını tələb edir.

Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mühüm prioritetlərindən biri də səhiyyənin inkişafıdır. Son illər bu sahənin kəmiyyət və keyfiyyət baxımından inkişafı həyata keçirilən islahatların uğurlu nəticələrindən xəbər verir. Bu istiqamətdə yalnız onu demək kifayətdir ki,  2003-2013-cü illər ərzində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərin həcmi 11,5 dəfə artırılmışdır.

Cari ildə də bu tendensiyanın saxlanılması nəzərdə tutulur və əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də səhiyyənin ayrı-ayrı istiqamətləri üzrə ayrılacaq vəsaitlərin davamlı artımı proqnozlaşdırılır. Eyni zamanda, 2014-cü ildə dövlət büdcəsindən səhiyyə üçün ayrılan vəsaitlərin 26,8 faizi (194,5 milyon manat) məqsədli proqram və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuşdur.

Son illər ölkəmizdə əhalinin sosial müdafiəsi və sosial təminatı sahəsində inkişafa xüsusi diqqət yetirilmiş, çox ciddi struktur, hüquqi-institusional və digər islahatlar həyata keçirilmişdir. 2003-cü ildən keçən 10 il ərzində ölkəmizdə iqtisadi inkişafın nəticələrinin sosial sahəyə transformasiyası istiqamətində olduqca ciddi keyfiyyət dəyişiklikləri baş vermişdir. Bu müddət ərzində dövlət büdcəsindən sosial müdafiə və sosial təminatın gücləndirilməsi məqsədilə ayrılan vəsaitlərin həcmi 9,7 dəfə artmışdır.

Əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də bu vəsaitlərin 98 faizdən çox hissəsi (2044,0 milyon manat) sosial müdafiə xərclərinin maliyyələşdirilməsi məqsədləri üçün nəzərdə tutulmuşdur.

Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri də 2006-cı ilin ortalarından respublikamızda ünvanlı sosial yardım mexanizminin tətbiqi olmuşdur.  Dövlət büdcəsi hesabına əsasən aztəminatlı, yoxsul ailələri əhatə edən bu mexanizmin fəaliyyəti daha da gücləndirilmiş və onun əhatə dairəsi genişlənərək, ötən dövr ərzində bu yardımı alan ailələrin sayının 48 mindən 124 minədək artırılmasına nail olunmuşdur. Ünvanlı yardımın təyin edilməsi üçün müəyyən olunmuş ehtiyac meyarının məbləği isə 3,1 dəfə artırılaraq, 2013-cü ildə 93 manata çatdırılmışdır. 2014-cü ildə isə bu rəqəmin 100 manata çatdırılacağı nəzərdə tutulur.

Aparılan siyasətin uğurlu nəticələrindən biri də ölkədə yoxsulluğun səviyyəsinin sürətlə azaldılması olmuşdur və bu göstərici son 10 ildə təxminən 8 dəfədən çox aşağı düşmüş, yoxsulluq həddi isə 5 dəfəyədək artmışdır. 2013-cü ildə ölkədə yoxsulluq səviyyəsi 5,5 faiz təşkil etmişdir.

 

Yoxsulluq həddi və yoxsulluq səviyyəsi göstəriciləri

 

 

Sosial sahədə əldə edilən bu uğurların əsas amilləri sırasında son illər respublikamızda əhalinin məşğulluğunun əmək bazarının inkişafı, işsizliyin səviyyəsinin azaldılması, yeni iş yerlərinin açılması müstəsna rol oynamışdır. Həyata keçirilən tədbirlər nəticəsində son 10 ildə respublikamızda 1 milyon 200 min yeni iş yeri açılmışdır ki, onların da 75 faizi daimi iş yeri olmuşdur. Bunun nəticəsi olaraq 2003-2012-ci illərdə ölkədə iqtisadiyyatla məşğul olan əhalinin sayı 18,6% artmış, işsizliyin səviyyəsi isə 9,7 faizdən 4,8 faizə enmişdir.

Ölkənin sosial-iqtisadi, ictimai-siyası, mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi istiqamətində şəraitin yaradılması dövlətin sosial siyasətində çox vacib məsələlərdəndir. Bu məqsədlə son illər respublikamızda gənc nəslin idmana marağının artırılması, ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edə biləcək yüksək dərəcəli idmançıların hazırlanması, eləcə də idmanın maddi texniki bazasının gücləndirilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilir və bu məsələlərə ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət yetirilir. 2003-2013-cü illər ərzində dövlət büdcəsindən idmana ayrılan vəsaitlərin həcmi 16 dəfəyədək artırılmışdır.

Ölkə rəhbərliynin idmana xüsusi qayğısının nəticəsi olaraq, son 10 ildə ölkəmizdə idman qurğularının sayı 7908-dən 9954-ə dək artırılmış, bədən tərbiyəsi ilə məşğul olanların sayı isə 4,7 dəfə artaraq 1660,6 min nəfər olmuşdur. Bundan əlavə, ölkəmizin idmançıları tərəfindən qazanılmış medalların sayı 3,9 dəfə artaraq, 735-ə çatmışdır və hazırda ölkəmizdə 35 olimpiya kompleksi tikilib istifadəyə verilmişdir.

Ölkəmizdə mədəni sahələrin inkişaf etdirilməsi, milli-mədəni dəyərlərin qorunması, onların gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən işlərin kompleksliyinin təmin edilməsi məqsədilə "2006-2016-cı illər üçün mədəniyyət sahəsində Dövlət İnkişaf Konsepsiyası" qəbul olunmuşdur. Son illər ərzində dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, digər kateqoriyalara aid edilməyən sahələrdə fəaliyyətin maliyyələşdirilməsi məqsədilə ayrılan vəsaitlərin həcmi 9 dəfədən çox artırılmışdır.

Son illər məcburi köçkünlərin sosial problemlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən genişmiqyaslı fəaliyyət həyata keçirilməkdədir. Bu məqsədlə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" (2004-2008-ci illər) qəbul olunmuş və uğurla icra edilmişdir. Ümumilikdə, 1993-2012-ci illərdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə 4,3 milyard manat sərf edilmişdir ki, bu vəsaitlərin də 77 faizi, təxminən 3,3 milyard manatı son 9 ildə ayrılmışdır. Bu vəsaitlərin 1,6 milyard manatını dövlət büdcəsinin, 1,4 milyard manatını Dövlət Neft Fondunun, 307 milyon manatını isə beynəlxalq təşkilatların vəsaitləri təşkil etmişdir.                                                                                  

Son 10 ildə məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə bir nəfər məcburi köçkünə ayrılan vəsaitin məbləği 8,6 dəfə artmışdır.

Aparılan məqsədyönlü siyasət nəticəsində məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi son 9 ildə 75 faizdən 15 faizədək azalmışdır.

 

 

 

Regional inkişafın yeni mərhələsi

 

 

 

Regional inkişaf məsələləri  hökumətin iqtisadi siyasətində 2003-cü ildən başlayaraq əsas dominantlardan birinə çevrilmişdir. Bu məsələ ölkə Prezidentinin daimi qayğısı altındadır. Prezidentin regionlara mütəmadi səfərlərinin bilavasitə yekunları kimi regionlarda hələ həllini tapmamış problemlər üçün  Ehtiyat Fondundan vəsaitlərin ayrılması təcrübəsi təqdirəlayiq yanaşma hesab edilə bilər. Yalnız bir faktı qeyd etmək yetərlidir ki, belə səfərlərdən sonra Ehtiyat Fondundan regionlara ayrılan əlavə vəsaitlərin həcmi 2004-2008-ci illərdə cəmi  64,3 milyon manat olduğu halda, təkcə 2013-cü ilin 10 ayında bu məqsədlərə 258,2 milyon manat ayrılmışdır.

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)" davamı olaraq  "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqram" nın uğurla həyata keçirilməsi nəticəsində inkişaf tempi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Belə ki, 2003-cü illə müqayisədə 2012-ci ildə ümumi məhsul buraxılışı regionlar üzrə 6,2 dəfə, adambaşına isə 5,5 dəfə artmışdır.

Ölkədə aparılan məqsədyönlü və sistemli sənaye siyasəti nəticəsində 2003-cü ilə nisbətən 2012-ci ildə  sənaye məhsullarının istehsalı regionlar üzrə 6 dəfə artmışdır. Regionlar üzrə sənaye məhsulu istehsalı 2011-ci ilə nisbətən 2012-ci ildə 1,5 dəfə, yaxud da 50 faiz yüksəlmişdir. Regionların sənaye potensialının sabit templərlə artımı hər şeydən əvvəl ölkədə demoqrafik  situasiyanın stabilləşməsi, ölkədaxili miqrasiya axınlarının (əsasən iri şəhərlərə doğru) səngiməsi nöqteyi-nəzərindən önəmli əhəmiyyət kəsb edir. Ötən 10 il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində yalnız regionlarda 740387 yeni, o cümlədən 476944 daimi iş yeri açılmışdır. Ölkədə yaradılmış yeni müəssisələrin 40-45 faizə qədəri regionlarda fəaliyyət göstərir.

Bütün maliyyə mənbələri hesabına əsas kapitala qoyulmuş investisiyanın həcmi  2003-cü ilə nisbətən 2012-ci ildə regionlar üzrə 28,3 dəfə artmışdır.  Qeyd edək ki, ölkədə yaradılmış yeni müəssisələrin 40-45 faizə qədəri regionlarda fəaliyyət göstərir.

Azərbaycanda həyata keçirilən çevik iqtisadi siyasət nəticəsində şəhər və rayonların  büdcələri, onun gəlir və xərclərinin dinamikasına və strukturuna öz təsirini göstərmişdir.

2014-cü ildə Bakı şəhəri istisna olmaqla ölkənin digər rayon və şəhərləri üzrə gəlirlər 578 milyon manat proqnozlaşdırılır ki, bu da 2013-cü ilin faktiki rəqəmləri ilə 63  milyon manat və ya 12,2 faiz  çoxdur. Müsbət hal kimi qeyd olunmalıdır ki, 2014-cü ildə Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri, Abşeron və İmişli rayonlarının  yerli gəlirləri xərclərini tam təmin edəcəkdir. 2014-cü ildə Mingəçevir şəhəri və İmişli rayonu mərkəzləşdirilmiş xərclərdən asılılığı aradan qaldırmaqla yanaşı,  müvafiq olaraq gəlirləri xərclərini  165 min manat (0,5 faiz) və 72,5 min manat (0,3 faiz) üstələyəcəkdir. Rayonlardan Xaçmaz, Quba, Qəbələ və Astara rayonlarının da 2014-cü ildə mərkəzdən maliyyə asılılığı xeyli azalaraq təxminən yarıbayarı təşkil edəcəkdir.

Regional inkişafın mühüm şərtləndirici amili  kimi aqrar bölmədə aparılan köklü islahatlar bu sahənin daha sürətlə inkişafına əlverişli zəmin yaratmışdır. Belə ki, son on ildə kənd təsərrüfatı məhsullarının istehsalı regionlar üzrə 3,4 dəfə artmışdır. Qeyd etmək lazımdır ki, regionların mövcud potensialından səmərəli istifadə nəticəsində yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafı sürətlənmiş, sahibkarlara dəstək güclənmiş, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, yoxsulluq probleminin həllinə əhəmiyyətli dərəcədə nail olunmuşdur.

 

 

Uğurlu xarici siyasət davamlı inkişafın mühüm amilidir

 

 

 

Azərbaycanın müasir iqtisadi siyasətinin uğurlarını xarakterizə edən ən mühüm amillərdən biri onun çoxvektorlu, fəal və səmərəli xarici siyasətidir. 2014-cü ilin dövlət büdcəsinin iqtisadiyyatımızın xarici sektoru ilə bağlı  proqnozlaşdırılmış göstəriciləri sübut edir ki, qarşıdakı büdcə ilində və sonrakı  illərdə yaranmış pozitiv meyillər daha da möhkəmlənəcəkdir. Milli maraqların prioritetliyinə əsaslanan bu siyasət iqtisadi inkişafımızin dayanıqlığının təmin edilməsində çox mühüm rola malikdir.

Məlum olduğu kimi, yüksək açıqlıq səviyyəsinə malik olan ölkəmizdə ixracın həcmi son illərdə ÜDM-nin 50-60 faiz təşkil edir. Son on ildə əmtəə ixracı 12,5 dəfə, xidmətlərin ixracı isə 10 dəfə  artmışdır. Məlumdur ki, neft və neft məhsullarının ixracda yüksək paya malik olması bizim iqtisadiyyatın formalaşmış ənənəvi strukturu ilə bağlı məsələdir. Lakin qeyd olunmalıdır ki, son illərdə ixracımızda neft sektorunun payı azalmağa başlamışdır. Məsələn, 2011-ci ildə neft sektorunun payı ixracda 95,3 faiz, 2012-ci ilə 94,1 faiz olmuşdursa, 2013-cü ildə 92.4 faiz olacağı gözlənilir, 2014-cü ildə isə  bu, 90,1 faiz, 2017-ci ildə isə 81 faiz həcmində proqnozlaşdırılır. Fikrimizcə, qeyri-neft sektorunun sürətli inkişafı bu istiqamətdə yaxın gələcəkdə əsaslı dəyişiklikləri təmin edəcəkdir. Eyni zamanda, uğurlu neft strategiyasının bilavasitə nəticəsi hesab ediləcək mühüm parametr kimi qeyd olunmalıdır ki, 2008-ci ildən başlayaraq xarici ticarətimizin müsbət saldosu dövlət büdcəsinin sürətlə artan xərclərinin həcmini üstələyir. Nəzərə almaq vacibdir ki, son illərdə Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların böyük həcminə rəğmən, bizim idxalımız yetərincə böyükdür. Lakin idxalımızın əsas hissəsini, 80-85 faizini investisya malları təşkil edir. Hesablamalar göstərir ki, əhalinin zəruri gündəlik təlabat malları, o cümlədən ərzaq malları idxalı ümumi idxalın təxminən 10-15 faizini təşkil edir. Belədə söyləmək olar ki, yalnız xarici ticarətimizin illik müsbət saldosu ölkənin zəruri idxalının 15-16 illik xərclərini ödəmək iqtidarındadır.

Tədiyyə balansının aktiv saldosu  neçə illərdir  davam edir. Azərbaycanın etibarlı tərəfdaş ölkəyə çevrilməsinin mühüm göstəriciləri kimi  son illərdəki kapital hərəkətinin bəzi məlumatlarını qeyd etmək fikrimizcə, yetərlidir. Tədiyyə balansının məlumatlarına görə ölkəmiz indiyədək xarici səhmdarlara cəlb olunmuş birbaşa investisiya öhdəlikləri üzrə 35 milyard dollar, onların gəlirləri üzrə isə 30 milyard dollar ödəmişdir. Eyni zamanda, cəlb edilmiş kredit borcları üzrə 15 milyard dollar vəsait qaytarılmışdır. Valyuta ehtiyatları ilbəil artmaqdadır. Hazırda  ehtiyatlarımızın həcmi 50 milyard dolları ötmüşdür, bu ÜDM-nin 90 faizi qədərində olmaqla xarici borclarımızın  həcmindən 8-9  dəfə, ümumi idxalımızın aylıq həcmindən isə 35 dəfə çoxdur. Son illərdə ölkəmiz kapital ixrac edən ölkəyə çevrilmişdir. Sonuncu 2012-ci ilin tədiyyə balansına görə bizim xaricə yönəltdiyimiz birbaşa investisiyanın həcmi 7 milyard dollar, verdiyimiz kreditlərin həcmi isə 4 milyard dollar olmuşdur.

 Milli valyutanın  aparıcı valyutalara nisbətən məzənnəsinin stabilliyinin təmin edilməsi vasitəsi ilə ölkədə maliyyə stabilliyinin təmin edilməsi və dünya bazarındakı çaxnaşmaların  yaratdığı idxal inflyasiyasının milli bazara   daxil olmasının qarşısının alınması mümkün olmuşdur. Nəzərə almaq vacibdir ki, xarici ölkələrlə aparılan valyuta əməliyyatlarının həcmi dinamik olaraq artmaqdadır. Məsələn, son ilin məlumatlarına görə, belə əməliyyatların həcmi tədiyyə balansı əməliyyatlarının təxminən 50 faizi qədərindədir. Hazırda ölkəmizdə xarici kapitallı bankların sayı 22-yə çatmaqla, ümumi bank aktivlərinin 60 faizini əhatə etmişdir. Bu cəhət Azərbaycan iqtisadiyyatının açıqlığının mühüm təzahürü və bank sektorumuzun dünya maliyyə bazarına inteqrasiyasının ifadəsi kimi olduqca vacibdir.

Nəzərə almaq vacibdir ki, aparılan uğurlu məzənnə siyasəti bir tərəfdən ölkədə makroiqtisadi stabilliyin mühüm determinantıdır, digər tərəfdən isə bu onun törəməsidir. Ölkədə valyuta məzənnəsi siyasəti ilə makroiqtisadi sabitlik arasında struktur bağlılıq funksional məzmun daşıyan konkret model formasında qərarlaşmışdır.

Valyuta ehtiyatlarının idarə olunmasında mütərəqqi metodlar geniş tətbiq edilməkdədir.  Ehtiyatların  diversifikasiyasının  təmin edilməsi  onun valyuta strukturunun genişləndirilməsi ilə yanaşı, yerləşdirilmə üsulları ilə də təmin edilir. Məsələn, son illərdə valyuta ehtiyatlarının  strukturunda  monetar qızıl  və dünyanın aparıcı şəhərlərində daşınmaz əmlak kimi bizim üçün ənənəvi olmayan elementlər yaranmışdır.

Azərbaycan,  eyni  zamanda,  dünyada çox az sayda olan donor ölkələr sırasına daxil olmuşdur. Dövlət Neft Fondu vəsaitlərinin bir qismi beynəlxalq təşkilatların  kredit resursları kimi istifadə olunur. Son 10 ildə Azərbaycan xaricdən kapital cəlb edən və digər ölkələr qarşısında borclu kimi çıxış edən ölkədən xaricə kapital ixrac edən dövlətə çevrilmişdir və onun xarici aktivlərinin həcmi artıq 65 milyard ABŞ dolları qədərində qiymətləndirilir. Ona görə də hesab edirik ki, artıq dövlət büdcəsi layihəsində Azərbaycandan xaricə yönəldilmiş investisiyalar üzrə cari vəziyyət və perspektiv gözləntilərlə bağlı prioritet istiqamətlərin də əks etdirilməsi məqsədəuyğundur.

Beləliklə, dünyada gedən müasir qloballaşma prosesi şəraitində ölkənin davamlı inkişafının və milli iqtisadi təhlükəsizliyin təmin edilməsində xarici iqtisadi siyasətin rolu əhəmiyyətli dərəcədə artmışdır və bu siyasət ölkənin sosial-iqtisadi inkişafının təmin olunmasında əsas vasitələrdən birinə çevrilmişdir. Fikrimizcə, bu amil müasir Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının geoiqtisadi inkişaf hədəflərinə istiqamətləndirilməsinin dərinləşdirilməsini şərtləndirir.

Bütövlükdə uğurlu iqtisadi siyasətin inikası olsa da, dövlət büdcəsinin strukturu və onun planlaşdırılması təcrübəsinin təkmilləşdirilməsi potensialı genişdir. Xüsusi qeyd etmək istədiyimiz mühüm bir məqam bütövlükdə iqtisadi siyasətdə, o cümlədən büdcə prosesində bəzi terminoloji fərqliliklərin mövcudluğu və onların iqtisadi vəziyyətin qiymətləndirilməsində yaratdığı çətinliklərlə bağlıdır. Məsələn, inkişaf edən Azərbaycan iqtisadiyyatı üçün çox önəmli olan "investisiya" göstəricisi fərqli rəsmi mənbələrdə fərqli məzmun strukturuna malikdir. Belə ki, Dövlət Statistika Komitəsi "əsas kapitala investisiya" anlayışından  istifadə edir. Bununla yanaşı, "İnvestisiya fəaliyyəti haqqında" qanunda bu mənada "kapital qoyuluşu" anlayışından istifadə edilmişdir. Azərbaycan Respublikası dövlət büdcəsi zərflərində isə "əsaslı xərclər və əsaslı vəsait qoyuluşları" anlayışları işlədilir. Vahid büdcə təsnifatında əsaslı xərclərə yalnız əsaslı təmir xərcləri daxil edilirsə, dövlət büdcəsi zərflərinin izahat bölmələrində əsaslı vəsait qoyuluşları da əsaslı xərclərin tərkib hissəsi kimi göstərilir. Belə yanaşma, "Büdcə sistemi haqqında" qanunda da öz əksini tapmışdır. Fikrimizcə, əsas kapital və  investisiyanın belə müxtəlif ifadələrlə verilməsi bu sahədə çətinliklər yaradır. Terminoloji qarışıqlıq digər sferalarda da müşahidə edilir. Məsələn, "Təhsil haqqında" qanunun təsnifatında yer almadığı halda "natamam orta təhsil" anlayışından hələ də istifadə edilir. Buna görə də Azərbaycanda Dövlət Statistika Komitəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi həm qanunvericilik aktlarında, həm statistik hesabatlarında, həm də büdcə sənədlərində yuxarıda qeyd edilən ziddiyyətlərin aradan qaldırılmasına nail olmalıdır.

Beləliklə,  araşdırmalar sübut edir ki, 2014-cü ilin dövlət büdcəsi paketi həm milli iqtisadi siyasətimizin əldə olunmuş uğurlarının davam etdirilməsi, həm də büdcə gəlirlərinin formalaşması və xərclərin istiqamətlərinin düzgün müəyyənləşdirilməsi baxımından yüksək peşəkarlıqla hazırlanmış mükəmməl sənəddir.

Şübhə yoxdur ki, təqdim olunan dövlət büdcəsi layihəsi qarşıdakı təqvim ilində hökumətin ölkənin iqtisadi və sosial inkişafını daha da sürətləndirmək, onun davamlılığını və tarazlığını təmin etmək, resursların  daha səmərəli, nəticəli və məqsədli istifadəsinə nail olmaq, əhalinin rifahını əhəmiyyətli dərəcədə yüksəltmək kimi strateji məqsədlərə nail olmaq yolunda yeni mühüm mərhələ olacaqdır.         

 

 

Şəmsəddin HACIYEV,

Milli Məclisin Elm və təhsil komitəsinin sədri

Azərbaycan.-2013.-  24 noyabr.- S.5.