Azərbaycan-Ukrayna münasibətləri yeni inkişaf mərhələsinə
qədəm qoyur
Prezident İlham Əliyevin diaspor quruculuğu ilə bağlı
tapşırıq və tövsiyələri Ukrayna
Azərbaycanlı Gənclər Birliyinin fəaliyyətində
əsas istinadgahdır
Dünya azərbaycanlılarının potensial imkanlarını müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həlli naminə səfərbər etmək, milli birliyə, həmrəyliyə və mütəşəkkilliyə nail olmaq Azərbaycan hakimiyyətinin diqqət yetirdiyi mühüm məsələlərdəndir. Odur ki, müxtəlif səbəblərdən xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələrin genişləndirilməsini vacib məsələ kimi nəzərdən keçirən ölkə rəhbərliyi diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlərin həyata keçirilməsini zəruri sayır.
Azərbaycanın güclənməsi xaricdə yaşayan azərbaycanlıların da mövqeyini möhkəmləndirir
Özünəməxsus uzaqgörənlik və müdrikliklə xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirən ulu öndər Heydər Əliyev demişdi ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə hansısa ciddi nailiyyətlər qazanmaq, habelə milli məsələlərin beynəlxalq müstəvidə qaldırılmasına nail olmaq mümkün deyil. Bu baxımdan xarici ölkələrdə yaşayan soydaşlarımızla çoxşaxəli münasibətlər qurmaq, onları ideoloji-siyasi müstəvidə silahlandırmaq və ümummilli mənafelər naminə səfərbər etmək hələ 20 il əvvəl Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilmişdir.
Bu gün xarici ölkələrdə yaşayan azərbaycanlıların sıx təşkilatlanması, onların vasitəsilə ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, habelə xaricdə yaşayan soydaşlarımızın milli özünəməxsusluğunu qorumaq və inkişaf etdirmək, onların problem və qayğılarının həlli, bir-biri ilə və Azərbaycanla əlaqələrini genişləndirmək diaspor siyasətinin prioritet istiqamətləridir. Azərbaycan hakimiyyəti bu istiqamətdə üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirir, sistemli və ardıcıl siyasət yeridir. Görülən işlərə nəzər salarkən fəxrlə deyə bilərik ki, Azərbaycan dövləti dünya azərbaycanlılarının qəlbinə əbədi həkk olunmuş ümummilli lider Heydər Əliyev siyasi kursunu uğurla həyata keçirir. Ulu öndərin müəyyən etdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin nəticəsi olaraq son illərdə diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində görülən işlərin miqyası davamlı olaraq genişləndirilmişdir. Diaspor təşkilatlarımızın fəallığının artması, azərbaycanlıların həmrəyliyi siyasətinin geniş miqyas alması Prezident İlham Əliyevin əsas diqqət mərkəzində saxladığı mühüm məsələlərdir. Xarici ölkələrə rəsmi səfərləri çərçivəsində həmişə Azərbaycan diasporu ilə görüşlərə böyük yer ayıran, onlarla söhbətlər aparan dövlət başçısı dəfələrlə bəyan etmişdir ki, Azərbaycan dövlətinin möhkəm olması dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların da mövqeyini möhkəmləndirir. Bunun konkret təzahürünü Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporunun timsalında görmək mümkündür.
Ukrayna Azərbaycanın strateji tərəfdaşıdır
Şərqi Avropanın böyük dövlətlərindən olan Ukrayna ilə Azərbaycan arasında sıx və strateji səviyyəyə yüksələn əlaqələr mövcuddur. Ümumiyyətlə, bu iki dövlət və onların xalqları arasında əlaqələrin zəngin tarixi var. Hələ XX əsrin əvvəllərində, 1918-ci ildə müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynanın paytaxtı Kiyevdə nümayəndəliyi açılıb. 1919-cu ildə isə Ukrayna Respublikasının Bakıda diplomatik missiyası fəaliyyətə başlayıb. Sovet hakimiyyəti illərində isə bu iki respublika arasında möhkəm iqtisadi və mədəni əlaqələr mövcud idi. İkinci Dünya müharibəsi illərində Ukraynanın azadlığı uğrunda cəsarətlə vuruşan azərbaycanlılardan 20 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
Azərbaycanla Ukrayna dövlət müstəqilliklərini bərpa etdikdən sonra əlaqələr yeni müstəvidə formalaşıb. Diplomatik münasibətlər 1992-ci ildə qurulsa da, məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə Prezident seçilməsindən sonra ikitərəfli əlaqələr inkişaf etməyə başlayıb. Ölkələrimiz arasındakı xoş münasibətləri bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan və Ukrayna prezidentlərinin son illərdəki qarşılıqlı səfərlərinin təkcə statistikasına nəzər yetirdikdə aydın görünür ki, bu münasibətlər ən isti və daim inkişafda olan xoş niyyətlərə əsaslanır. Bu gün biz böyük fəxrlə Azərbaycanla qardaş Ukrayna arasında hərtərəfli əməkdaşlığın çox yüksək səviyyədə olduğunu deyə bilərik. Keçmişdə bir ittifaqın tərkibində olmuş, indi isə hər biri müstəqil ölkə kimi regional lider olmağa layiq bu iki dövlət beynəlxalq əməkdaşlığı keyfiyyətcə daha yüksək səviyyədə simvolizə edir. İnkişaf edən qarşılıqlı münasibətlər nəticəsində Ukrayna Azərbaycanın strateji tərəfdaşına çevrilib. Bu gün Azərbaycanla Ukrayna arasında strateji müttəfiqlik münasibətləri beynəlxalq əməkdaşlıqdan tutmuş iqtisadi və hərbi sahələrə qədər geniş spektri əhatə edir. Hər iki ölkə beynəlxalq aləmdə bir-birinin mövqeyini dəstəkləyir. Azərbaycan və Ukrayna təkcə postsovet məkanında deyil, beynəlxalq münasibətlər sistemində də nüfuzlu ölkələrə çevrilə biliblər. Ən mühümü odur ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Ukraynaya rəsmi səfəri də bu iki ölkə arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin göstəricisidir. İndiyədək Azərbaycan və Ukrayna prezidentləri dəfələrlə qarşılıqlı səfərlər ediblər. Bu səfərlərin hər biri əlaqələrin inkişafına impuls verib, münasibətlərin strateji səviyyəyə yüksəlməsini təmin edib, yeni əməkdaşlıq istiqamətlərinin əsasını qoyub.
Budəfəki səfər zamanı mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyevin söylədiyi fikirlər Azərbaycan-Ukrayna əlaqələri barədə hər şeyi deyir: "Mənim bu səfərim inauqurasiya mərasimindən bir ay sonra baş tutur. Fikrimcə, bu fakt özü çox şeyə dəlalət edir. Ukrayna Azərbaycan üçün yaxın tərəfdaş, etibarlı tərəfdaş, dost ölkə və strateji tərəfdaşdır. Bizim münasibətlərimiz praktiki olaraq iqtisadiyyatın bütün sahələrini, sosial sahəni əhatə edir. Viktor Fyodoroviçin qeyd etdiyi kimi, biz beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqə saxlayırıq".
Onu da qeyd edək ki, Ukraynaya rəsmi səfəri zamanı Prezident İlham Əliyev Ukraynanın "Azadlıq ordeni" ilə təltif olundu. Ukrayna Prezidenti Viktor Yanukoviçə isə Azərbaycan Resrublikasının ən ali təltifi olan "Heydər Əliyev ordeni" təqdim olundu. Özündə dövlətçilik simvollarını əks etdirən bu ali mükafatlarla təltif olunmaları göstərdi ki, hər iki ölkənin rəhbəri əlaqələrin inkişafı üçün səylərini əsirgəmirlər.
Prezident İlham Əliyevlə keçirilən görüşlərdə Azərbaycanla Ukrayna arasında siyasi, iqtisadi və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. Azərbaycan Prezidentinin rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyəti qeyd edildi. Səfər zamanı imzalanan "Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının dördüncü iclasının Protokolu", "Azərbaycan Respublikası hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ukraynanın Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üzrə Məsləhətləşmələr Planı", "Azərbaycan Respublikasının Qəbələ Rayon İcra Hakimiyyəti və Ukraynanın Rovno Vilayət Dövlət Administrasiyası arasında regionlararası əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Ukrayna Milli İncəsənət Akademiyasının Kulturologiya İnstitutu arasında Əməkdaşlıq Müqaviləsi" isə ikitərəfli əlaqələrin ayrı-ayrı sahələr üzrə genişlənməsini, o cümlədən iki ölkənin regionları arasında münasibətlərin inkişafını təmin edəcək.
Ukrayna Prezidenti Viktor Yanukoviç bu sənədlər barədə deyib: "Ölkələrimiz beynəlxalq təşkilatlar - BMT, habelə bu il Ukraynanın sədrlik etdiyi ATƏT çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycan Prezidentinin bu səfərinin yekunlarına əsasən xarici siyasət, kənd təsərrüfatı, mədəni-humanitar sahələrdə ikitərəfli sazişlər imzalanmışdır. Sözsüz ki, bugünkü yüksək səviyyəli ikitərəfli danışıqlar çərçivəsində qəbul edilmiş qərarlar Ukrayna-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə səmərəli şərait yaradacaqdır".
Prezident İlham Əliyevin keçirdiyi görüşlərdə iştirak etmək şərəfi mənə də nəsib oldu. Dövlət başçımız bizə diaspor hərəkatımızı daha da möhkəmləndirmək barədə dəyərli tapşırıqlarını verdi. Əminik ki, qarşıdakı dövrdə bu tövsiyələri uğurla həyata keçirəcəyik və Prezident İlham Əliyevin uğurla gerçəkləşdirdiyi diaspor siyasətinə Ukraynada yaşayan biz azərbaycanlılar da layiqli töhfəmizi verəcəyik.
UAGB Azərbaycan-Ukrayna əlaqələrinə və azərbaycanlıların Ukrayna cəmiyyətinə inteqrasiyasına mühüm töhfələr verir
Ukraynadakı Azərbaycan diaspor təşkilatları Prezident İlham Əliyevin səfərini yaxından izlədilər. Bu ölkədə 500 minə yaxın azərbaycanlı yaşayır və əksər vilayətlərdə onların diaspor təşkilatları fəaliyyət göstərir. Ümumiyyətlə, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında Ukraynadakı azərbaycanlıların təşkilatları mütəşəkkilliyi və fəallığı ilə fərqlənir. Heydər Əliyevin tövsiyələrinə layiqincə əməl edən diaspor təşkilatlarımız Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edir, Azərbaycanla Ukrayna arasındakı dostluğun daha da möhkəmlənməsinə böyük töhfələr verirlər.
Ukraynadakı azərbaycanlıların təxminən 30-35 faizi gənclərdir. Bu, yalnız Ukraynada doğulub boya-başa çatmış gənclərə aiddir. Bununla yanaşı, 2001-ci ildən Azərbaycanla Ukrayna arasında yaradılan təhsil əlaqələri ilə əlaqədar həmin ölkəyə xeyli sayda tələbə axını olub. Hazırda Ukraynada 4000-dən artıq azərbaycanlı gənc təhsil alır.
İlk dəfə 2010-cu ildə Dnepropetrovsk şəhərində Ukraynadakı azərbaycanlı gənclərin birinci forumu keçirildi. Forumda Ukraynanın 19 vilayətindən 700-ə yaxın gənc iştirak etdi. Onlar forumun məntiqi nəticəsi olaraq gənclər arasında əlaqələndirmə şurasının qurulması qərarına gəldilər. Bir neçə ay uğurlu fəaliyyət göstərən əlaqələndirmə şurası əsasında daha sonra "Ukrayna Azərbaycanlı Gənclər Birliyi" İctimai Birliyi (UAGB) yaradıldı. Təşkilatın qarşısına qoyduğu başlıca məqsəd Ukraynada yaşayan və təhsil alan gəncləri bir araya gətirmək, onların öz milli dəyərlərini qorumaq şərti ilə Ukrayna ictimaiyyətinə inteqrasiyaya nail olmaqdır.
UAGB indiyədək ölkənin 20 vilayətində yaşayan və təhsil alan azərbaycanlı gəncləri birləşdirməyi bacarıb. Həyata keçirdiyi layihələrin sayı isə 100-ü ötüb. Əsas fəaliyyət istiqaməti Azərbaycan haqqında həqiqətlərin Ukrayna ictimaiyyətinə düzgün və dolğun çatdırılmasıdır. Bunlardan artıq iki ildir "Xocalıya ədalət!" kampaniyası çərçivəsində keçirilən tədbirləri xüsusilə qeyd etmək istərdim. UAGB hər il fevralı "Xocalı ayı" elan edir, yürüşlər, müxtəlif oturaq aksiyalar təşkil edir.
UAGB Kiyevdə və Ukraynanın müxtəlif regionlarında azərbaycanlılar üçün pulsuz dil kursları da təşkil edir. Nikolayev şəhərində "Bazar günü" məktəbimiz fəaliyyət göstərir. Məqsəd azərbaycanlı uşaqlara ana dilimizi unutmağa imkan verməməkdir. Bütün bu layihələrin həyata keçirilməsində UAGB olaraq yerli və beynəlxalq təşkilatlarla, o cümlədən "İrəli" Gənclər Birliyi, "ASAİF" kimi nüfuzlu təşkilatlarla sıx əməkdaşlıq edir.
UAGB-nin II forumu 2011-ci ildə Kiyev şəhərində, III forumu isə bu ilin may ayında Odessa şəhərində təşkil olunmuşdu. Biz bu forumda cənab İlham Əliyevin prezident seçkilərində namizədliyini dəstəklədiyimizi rəsmən bəyan etdik. Növbəti forumun keçirilməsi 2014-cü ilin yaz aylarında Lvov şəhərində planlaşdırılır. Bu dəfə toplantıda Ukrayna ilə yanaşı, Bakıda və Avropada təhsil alan tələbələrin iştirakı da gözlənilir.
Ümummilli lider Heydər Əliyevin əbədiyaşar ideyalarına əsaslanan müstəqil dövlətimiz dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı çox böyük məsuliyyətlə yerinə yetirir. Təbii ki, bu istiqamətdə diaspor təşkilatlarının da üzərinə böyük vəzifələr düşür. UAGB məhz bu prizmadan çıxış edərək azərbaycanlıların təşkilatlanmasına və Ukrayna cəmiyyətinə inteqrasiyasına, habelə Azərbaycan-Ukrayna əlaqələrinin inkişafına töhfələrini verir.
Anar TAHİROV,
"Ukrayna Azərbaycanlı Gənclər Birliyi" İctimai
Birliyinin sədri, siyasi elmlər
üzrə fəlsəfə doktoru
Azərbaycan.-2013.- 24 noyabr.- S.6.