Son mənzilə

 

Noyabrın 23-də Dövlət Sərhəd Xidməti (DSX) rəisinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət üzrə Baş İdarənin rəisi, general-mayor Məhəmməd Abbasquliyevin cənazəsi son mənzilə yola salınmışdır.

AzərTAc xəbər verir ki, mərhumun cənazəsi ikinci Fəxri xiyabana gətirilmişdir. Burada mərhumun ruhuna dua oxunmuşdur. General-mayor Məhəmməd Abbasquliyevin cənazəsi doğma torpağa tapşırılmışdır.

Dəfn mərasimində Azərbaycanın dövlət himni səsləndirilmiş və yaylım atəşi açılmışdır. Məzarın üzərinə əklillər, gül dəstələri düzülmüşdür.

Vida mərasimində Azərbaycan Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Vahid Əliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başsağlığını mərhumun ailə üzvlərinə çatdırmışdır.

Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev bildirmişdir ki, Məhəmməd Abbasquliyev dövlətinə, Prezidentinə sadiq bir general olmuşdur. Məhəmməd Abbasquliyevin timsalında Azərbaycan Sərhəd Mühafizəsi peşəkar, vətənpərvər zabitini itirmişdir. General Məhəmməd Abbasquliyev "Hər şey vətən üçün" deyən və canını bu Vətənə fəda etməyə hazır olan zabitlərimizdən idi. Onun xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır.

Komandan demişdir ki, general-mayor Məhəmməd Abbasquliyev tutduğu vəzifələrdən asılı olmayaraq özünü daim səriştəli və bacarıqlı hərbçi, yüksək peşəkarlığa və təşkilatçılıq qabiliyyətinə malik təcrübəli komandir kimi tanıtmışdır. Azərbaycan Sərhəd Mühafizəsinin inkişafında, Dövlət Sərhəd Xidmətində aparılan islahatların həyata keçirilməsində, şəxsi heyətin milli dövlətçiliyə sədaqət və vətənpərvərlik ruhunda tərbiyə olunmasında onun böyük xidmətləri olmuşdur.

Elçin Quliyev DSX-nin şəxsi heyətinə və mərhumun ailəsinə başsağlığı vermişdir.

Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor Asif Cəbrayılov M.Abbasquliyevin keçdiyi həyat yolundanonun Sərhəd Mühafizəsinin inkişafındakı rolundan danışmışdır. Onun DSX şəxsi heyətinin xatirində vətənpərvər zabit, gözəl insan kimi qaldığını bildirmişdir.

General-mayor Məhəmməd Abbasquliyev 2013-cü il noyabrın 22-də 48 yaşında vəfat etmişdir.

Məhəmməd Abbasquliyev 1965-ci il fevralın 14-də Babək rayonunun Kəlboruc Dizə kəndində anadan olmuşdur. O, 1982-ci ildə Qara-qala kənd orta məktəbini bitirdikdən sonra Donetsk Ali Hərbi-Siyasi Mühəndis və Rabitə Qoşunları Məktəbinə daxil olmuşdur. 1986-cı ildə həmin məktəbi bitirdikdən sonra 1993-cü ilədək sovet ordusu sıralarında müxtəlif zabit vəzifələrində xidmət etmişdir. 1994-cü ildən 2001-ci ilədək Azərbaycan Respublikası Sərhəd Qoşunlarının Naxçıvan sərhəd dəstəsində zabit vəzifələrində çalışmış, 2001-2004-cü illərdə Naxçıvan sərhəd dəstəsinin rəisi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2004-cü ildə DSX-nin Naxçıvan sərhəd diviziyasının komandiri vəzifəsinə, 2008-ci ildə Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsinə, həmin ilin avqust ayının 18-də Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 30 iyul tarixli sərəncamı ilə Məhəmməd Abbasquliyevə general-mayor hərbi rütbəsi verilmişdir.

General-mayor Məhəmməd Abbasquliyevin Vətən qarşısında xidmətləri yüksək qiymətləndirilmişdir. O, xidməti fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə "Azərbaycan Bayrağı" və "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordenlər, Azərbaycan Respublikasının və xarici dövlətlərin 12 medalı ilə təltif edilmişdir.

General-mayor Məhəmməd Abbasquliyevin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Mərhumun ailəsi adından çıxış edən Xeyrulla Abbasquliyev qardaşının xatirəsinə göstərilən hörmət və ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.

Mərasimdə dövlət və hökumət rəsmiləri iştirak etmişlər.

Allah rəhmət eləsin, qəbri nurla dolsun!

 

Azərbaycan.-2013.-  24 noyabr.- S.6.