«Mən gəldim, qızlar»

 

II Dünya müharibəsinin başa catmasına bir il qalmış dünyaya gələn İsveç dramaturqu Lars Nurenin "Müharibə"pyesi "Mən gəldim, qızlar" adı ilə Azərbaycan Dövlət Gənc Tamaşacılar Teatrında tamaşaya qoyulmuşdur. Əsərin mövzusu müharibənin dövlətlərə, xalqlara və ayrı-ayrı ailələrə necə müsibətlər gətirməsindən bəhz edir.

Maraqlı burasıdır ki, teatra baş rejissor təyin edilmiş Bəhram Osmanov ilk tamaşasını məhz bu əsərlə başlamışdır. Rejissor tamaşanı son yüz ildə dəbdə olan ekspressionizm cərəyanının tələblərinə uyğun yaratmışdır. Tamaşada müharibənin dəhşətindən bir-birinə inamını, əxlaqını, davranışını, etibarını itirmiş bir ailənin həyatı təqdim edilir. Burada sakit, lakin daxilən cox həyəcanlı dialoqlar gedir. Onlar bəzən yavaşdan, bəzən yüksəkdən ifadə olunmaqla öz məqsədlərini biruzə verirlər. Rejissor B.Osmanov əsas məqsədini ifaçılarin daxili aləmini açmağa yönəltmişdir. Ona görə tərtibatda (rəssam Sevinc Həsənova) gözə çarpacaq al-əlvan, parlaq dekorlar görünmür.

"Mən gəldim qızlar" tamaşasında beş iştirakçı vardır. Ata, ana, atanın qardaşı və ailənin iki qızı. Bu obrazlar arasında qətiyyən xoş münasibət yoxdur. Müharibə şəraiti onları biri-birinə qarşı canavara döndərmişdir. Elə ilk səhnədə ana və qızların arasındakı dialoqda biz bunu aydınca görürük. Evə su gətirmək üstündə qızğın mübahisə düşür. Bu zaman uzaqdan sanki "Mən qəldim qızlar" deyən teyf kimi ata görünür. Onun gözləri kordur. Müharibədən qayıtdığına görə ailəsindən niyə sevinmədiklərini soruşanda ana və qızlar şaşaraq müəmmalı cavablar verirlər. Ata onların cavabının arxasında baş vermiş böyük bir fəlakətin dalğasını duyur.

Ata rolunda əməkdar artist Qurban İsmayılov cıxış edir. O, ailəsinin həsrətındən onları uzun müddət görmədiyindən həddən artıq cox sevdiyindən özünəmi, ya düşdüyü vəziyyətəmi nifrət edir. Buna görə bütün sözləri sərt səslənir. Q.İsmayılovun hələ Gənclər Tearında işlədiyi vaxt yaratdığı bir cox obrazların şahidi olmuşam. O, Qoqolun "Evlənmə" komediyasında Potxolyuzin obrazını da məharətlə ifa etmişdir. "Mən gəldim, qızlar" tamaşasında Q.İsmayılov ekspressionizm cərəyanının tələblərinə uyğun davranışlar edir, bir-birinin ardınca aldığı bəd xəbərlərdən daxilən sarsılıb məhv olduğunu məharətlə göstərir. İkinci hissənin əvvəlində həm atanın, həm qardaşının ailəsinin bir stol ətrafında əyləşməsi səhnəsində Q.İsmayılov həssas, incə bir aktyor məharətini nümayiş etdirir. Ata hiss edir ki, ailəsindən başqa burda əlavə kimsə var. Rejissor həm bu səhnədə, həm kicik qızının "mən hər şeyı acıb deyəcəyəm" sözündən sonra hamının necə təlaş kecirdiyini ustalıqla qura bilmişdir.

Ana, əməkdar artist Kəmalə Hüseynova, bütün səhnələrdə təklif olunan vəziyyətləri dərindən duyur, məhz bundan cıxış edərək davranır. Aktrisa, ana obrazında ərini ilk dəfə görəndə vedrəni əlindən yerə salması, sirlərin qabaqcadan açılmaması ücün hərəkətlər vasıtəsi ilə qızlarını susdurması, ərinin qardaşı ilə kecirdiyi sevgi anlarını müvəffəqiyyətlə ifa edə bilir.

Böyüklər ücün nəzərdə tutulmuş bu tamaşada əxlaqla bağlı davranışlar hadisələri daha emosional təqdim etmək ücün qabardılmışdır. Tamaşaçı hansı formada olur-olsun yalnız hadisələrin inkişafını izləyir. Birinci hissənin sonunda qızların hər ikisinin zorakılıqla üzləşməsinin etiraflarını, uzun ayrılıqdan sonra ata ilə ana arasındakı söhbətləri rejissor xarakterlərin dərindən acılmasına doğru yönəltmişdir. Birinci hissədə onların yataq davasını, qardaşının tez-tez müxtəlif tərəflərdən gizli-gizli görünməsini rejissor bu yozumla şərh etmişdir.

Böyük qız rolunda gənc aktrisa Nigar Bahadırqızı cıxış edir. Müharibədə qalib gəlmiş əsgərlərin icərisində pul qazanmaq ücün dolanan böyük bacı - N.Bahadırqızı səhnəyə ikinci gəlişində üc nəfərlə görüşdüyündən bəhs edir. Kiçik bacısını da üçün öz ardınca əxlaqsız yola aparmasının səbəblərinə sonrakı səhnələrdə aydınlıq gəlir. Onun yerişi, davranışı, siqaret çəkməyi, üz-gözünü boyaması, hətta saç düzümü belə o zamanlar panel üstündə dayananları xatırladır.

Kiçik qız rolunda gənc aktrisa Roza İbadova çıxış edir. O səhnədə ki, gənc ifaçı hadisələrin gedişi, sözlərin deyilişi ilə eyni məntiqdə özünü aparır, o yerlərdə tamaşaçı onu maraqla izləyə bilir. O səhnədə ki, uşaqlığı birinci plana çəkir, pıçıltı ilə danışır, ya sözlərlə hərəkəti qarışdırır onda tamaşaçıda obraza qarşı qismən maraq azalır.

Atanın qardaşı rolunda Rasim Cəfərov səmimi inandırıcıdır. Onun öz cinayətini, qardaşına qarşı elədiyi xəyanəti dəfələrlə açıb söyləmək təşəbbüsünün qarşısı ana tərəfindən qətiyyətlə alınır. Vicdan əzabı daxilən onu yeyir o, bu yerlərdən birdəfəlik çıxıb getmək qərarına gəlir. Lakin onun bu səfəri tamaşanın sonunda alt-üst olur. Qaçmaqda olan böyük bacı ana onu kiçik qızı gətirmək üçün geri göndərirlər. Burda qardaşların bir-biri ilə söhbəti baş tutur. Ata bütün fəlakətin müharibədən doğduğunu anlayır. R.Cəfərov bu rolunda bir gəncin çıxılmaz, bədbəxt taleyini qardaşı qarşısında etiraf eləsə , öz hərəkətlərinə bəraət qazandırmır.

İndi yenə tamaşanın quruluşçu rejissoru haqqında. B.Osmanov rejissor sənətini dərindən bilən professional rejissorlardandır. Onun Akademik Milli Dram Teatrında başqa teatrların səhnələrində hazırladığı tamaşalar həmişə rəğbətlə qarşılanmışdır. Ekspressionizm cərəyanı tələbində tamaşa hazırlamaq onun son dərəcə müasirliyindən xəbər verir. Tamaşaçıların qarşısında yarıqaranlıq bir fonda payız milçəkləri kimi gəzişən, ümüdsüz, sevincsiz həyat keçirən insanların yarı dəli, yarı ağıllı vurnuxmalarını görürük. Tamaşanın proqramında obrazların adı yoxdur. Görünür teatr bunu müəllifin tələbləri əsasında etmişdir. Bu insanlar müharibənin, aclığın, ümüdsüzlüyün hökm sürdüyü bir məkanda yaşayır. Rejissor demək istəyir ki, yerindən, millətindən asılı olmayaraq müharibə müharibədir, bunlar da insandır.

Dünyada iki müharibənin səbəbkarı olmuş almanların tamaşada hərdən bir musiqiləri, şərqiləri səslənir. Bundan əlavə tamaşada başqa xalqların musiqisi eşidilir. Tamaşanın bədii tərtibatı, musiqisi ifaçıların bir ansambl kimi səslənməsinə yaxından kömək etmişdir. Rejissor aktyorlarla zərgər dəqiqliyi ilə işləmiş tamaşada bütün ifadə vasitələrindən maksimum istifadə etmişdir.

"Mən gəldim, qızlar" tamaşasını Gənc Tamaşaçılar Teatrının onun yeni baş rejissorunun uğurlu addımı kimi qiymətləndirmək olar.

 

 

Ağakişi KAZIMOV,

professor, xalq artisti

Azərbaycan.-2013.-  24 noyabr.- S.7.