Əlil uşaqların öz
dünyası var...
Sağlam həyat uzun ömürdən daha dəyərlidir. Bu hikmət yaddaşlara əbədi yazılsa da, nədənsə xəstəlik güc gələnədək unudulur. Bir çox hallarda insan həyatı laqeydliyin qurbanına çevrilir. Məhz bu laqeydliyin nəticəsidir ki, sağlamlığın qeydinə qalmayan insan daim xəstəliklə mübarizə aparmağa məcbur olur.
Lakin elə xəstəliklər də var ki, onlar ya anadangəlmə, ya da hər hansı bədbəxt hadisədən törənir. Belələri əsasən fiziki və psixoloji çatışmazlıqdan əziyyət çəkənlərdir. Müəyyən hərəkətlərdən qalan və ya məhdudlaşan insanlar dünya əhalisinin heç də az qismini təşkil etmir. Təəsüf ki, onların arasında uşaq, yeniyetmə və ya gənclər çoxdur. Rəqəmlər göstərir ki, respublikada bu kateqoriyaya daxil olan insanların sayı 520 min 793 nəfərdir. Onlardan 62 min 886 nəfər əlil, fiziki və psixoloji hərəkətləri məhdudlaşan uşaq və ya yeniyetmələrdir ki, bu da ümumi əlillərin 12 faizi deməkdir.
Əlilliyi olan insanlara xidmət göstərən dövlət və qeyri-hökumət təşkilatlarının da sayı kifayət qədərdir. Hazırda 70-ə yaxın ictimai birliyin fəaliyyət istiqaməti məhz əlillərin cəmiyyətə inteqrasiyasına yönəlib.
Məqsədimiz onların fəaliyyətinə aydınlıq gətirmək olmasa da, əqli və fiziki mədudluğu olan uşaqların yaradıcılıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən tədbirlərə ümumi nəzər yetirməkdir.
Bu günlərdə İSESCO-ya üzv dövlətlərin Bakıda keçirilən IV konfransındakı müzakirələr bir daha göstərdi ki, insanları birləşdirən amillər onları ayıran məsələlərdən daha çoxdur. Bu sahədə dövlətlərin təcrübələrindən faydalanmaq isə məqsədə uyğundur. Xüsusi qayğıya ehtiyacı olanların problemlərinin həlli, yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınması və digər sahələrdə 80-dən çox qanun və 30-dan artıq dövlət proqramı qəbul edilib.
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri adıçəkilən konfransda demişdir ki, Azərbaycanda uşaqlar demək olar ki, əziyyət çəkmirlər. Çünki Azərbaycan dövləti uşaqların hərtərəfli qayğısına qalır. Azərbaycanın üzləşdiyi əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı doğma torpaqlarından didərgin düşmüş, 50 min nəfərdən artıq insan əlil və şikəstə çevrilmişdir ki, onların arasında uşaqlar və yetkinlik yaşına çatmayanlar daha çox olmuşdur.
Yeri gəlmişkən, bəşəriyyətdə əlil və şikəst hesab edilən insanların reablitasiyası və cəmiyyətə inteqrasiyası bu gün olduqca vacib və aktual problem hesab edilir. Ona görə də beynəlxalq birliklər fəaliyyətlərini genişləndirmək üçün bir araya gəlməkdə, bu bəşəri problemin həlli yollarını birgə axtarmaqdadırlar. 2011-ci ilin oktyabr ayında Türkiyənin İstanbul şəhərində 65 ölkədən 82 əlil təşkilatın iştirakı ilə konfrans keçirilməsi də məhz bu məqsədi daşıyıb. Dünya Əngəllər Forumu da həmin konfransda təsis edilib.
Bildiyimiz kimi, 2006-cı ildə BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiya və əlavə Protokol qəbul olunub. Azərbaycan Respublikası 2008-ci ildə həmin Konvensiyanı və Əlavə Protokolu ratifikasiya edərək BMT-nin müvafiq qurumuna hesabat verib. Bu il iyunun 11-dən 14-nə kimi Bakıda "Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyanın monitorinqi və paralel hesabatın hazırlanması üzrə beynəlxalq seminar-təlim"in keçirilməsi heç də təsadüfi deyil. Məqsəd "Əlilliyi olan şəxslərin hüquqları" haqqında BMT Konvensiyasının Azərbaycan kontekstində həyata keçirilməsinə nəzər yetirmək və təhlil etmək olub.
Bu istiqamətdə fəaliyyət göstərən QHT-lərin sayı çox olsa da, əslində, onların bir qisminin xidməti hiss edilməkdədir. 2012-ci ildə "Birliyə doğru" İB-nin nəzdində fəaliyyətə başlayan "Mənim dünyam" eşitmə və nitq problemli uşaqlar klubunun həyata keçirdiyi bir sıra layihələr təqdir edilsə də, təəssüf ki, bunu bu istiqamətdə fəaliyyət göstərən QHT-lərin əksəriyyəti barədə söyləmək çətindir. Burada eşitmə və nitq problemli uşaq və valideynlər bir araya gətirilir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri maarifləndirilir, onlarla göruşlər keçirməklə bu tip usaqlarla necə davranmaları izah edilir. Bu kateqoriyaya daxil olan uşaqların vaxtlarının səmərəli keçrilməsi, müxtəlif qrup şəklində məşğələlərin, turların və ekskursiya gəzintilərinin təşkili, onların, sadəcə, fəaliyyət proqramı deyil, əslində, mənəvi borcuna çevrilir. Zəif eşidən, koxlear implant və eşitmə aparatından istifadə edən gənclərə bərpaedici nitq məşğələləri keçirilir ki, bu da onların fərdi yaradıcılıqlarının üzə çıxarılmasında mühüm amillərdən sayılır. Uşaqlar burada rəsm, art-terapiya, kompyuter, dərzilik və s. məşğələlər keçir. Bir sözlə, onların cəmiyyətə inteqrasiyası və sosial adaptasiyalarına yardım göstərilir. Məhz buna görə, bu "uşaq aləmi" "mənim dünyam" adlandırılır.
"Sosial hüquqların araşdırılması" İctimai Birliyi isə "Eşitmə və nitq qabiliyyəti zəif, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün surdaloji xidmət mərkəzinin yaradılması və fəaliyyəti" kimi vacib layihə həyata keçirib. Layihənin məqsədi bu cür uşaqlara surdaloji xidmət mərkəzi yaratmaqla, onlara informasiya almaq hüquqlarının təmin edilməsi ilə bağlı sosial reabilitasiya xidmətlərinin göstərilməsidir. Bu kateqoriyalı şəxslərin yazıb-oxumaq və jest dilində danışmaq bacarıqlarını inkişaf etdirmək, surda-tərcüməçi ixtisasının inkişafına nail olmaq və onların şəbəkəsinin genişləndirilməsi təlimlərinin təşkili, ailələrinin bilik və bacarıqlarının inkişafına nail olmaqdan ibarətdir. Ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərini formalaşdırmaq, çatışmazlıqların korreksiyası üzrə məşğələlər keçirmək, onların sosial statusunun bərpası və cəmiyyətə inteqrasiyası, jest dilinin dövlət tərəfindən tanınması üçün təkliflərin hazırlanması, bu dildə kitabların nəşri və s. kimi vacib məsələlər burada əsas hədəflərdən sayılır.
Əlil uşaqların sağlam həyata qaytarılması üçün onlarda qabiliyyət və yaradıcılıq imkanlarının üzə çıxarılmasına nail olunmasıdır. Əlil uşaqların əl işlərindən ibarət sərgilərin təşkili də bir daha göstərir ki, onlar nəinki bu işdə maraqlıdırlar, hətta istedad və qabiliyyətə malikdirlər.
"Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin "Abşeron" Rəsm Qalereyasında əlil uşaqların rəsm əsərlərindən və əl işlərindən ibarət təşkil etdiyi sərgini buna nümunə göstərmək olar. Əlil uşaqların nümayiş olunan 50-dən artıq əl işi onların əsl istedad sahibi olduqlarını göstərib. Məqsəd əlil uşaqların yaradıcılıq nümunələrini ictimaiyyətə tanıtmaq və onların cəmiyyətə inteqrasiyasına kömək etməkdən ibarət olub. Bu tipli tədbirlərin sırasında Azərbaycan Tələbə və Gənclər Təşkilatının "Damla" İctimai Birliyi ilə birgə layihə əsasında Bakıda təşkil etdiyi əlil uşaqların əl işlərindən ibarət satış-sərgini göstərmək olar. Bu da uşaqlara dünyada yalnız olmadıqlarını anlatmaq, həyatda xeyirxah və qayğıkeş insanların onları sevdiklərini anlatmaq olub.
Gəncə şəhər Rəsm Qalereyasında Gəncə İcma Əsaslı Reabilitasiya (İƏR) Mərkəzinin əlilliyi olan uşaqların əl işlərindən ibarət "Mənim əlvan dünyam" adlı sərgisi keçirilib. Xatırladaq ki, Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzi tərəfindən həyata keçirilən "Ünsiyyət problemli uşaqların incəsənət vasitəsilə bacarıqlarının artırılması" layihəsinin komponentlərindən biri olan "Bacarıqlı əllər" dərnəyi də fəaliyyət göstərir ki, uşaqlar burada həm qrup, həm də fərdi əl işləri hazırlayır. Dərnəyə müxtəlif diaqnozlu - əqli gerilik, skleroz, uşaq serebral iflici, qavrama problemi olan, nitq qüsurlu uşaqlar cəlb olunur. Növbəti sərgidə dərnəyin 50-yə yaxın əlil uşağı iştirak edib. Müxtəlif növ rəsmlər, applikasiyalar, muncuqla işləmələrdən ibarət sərgidə 40 uşağın fərdi və 15 qrup işi sərgilənib.
Yeri gəlmişkən, əlilliyi olan şəxslərin istedad və bacarıqlarının aşkar olunaraq cəmiyyətə təqdim edilməsi, yaradıcılıq nümunələrinin təbliği və dəstəklənməsi, beləliklə, onların cəmiyyətə fəal inteqrasiyasına şərait yaradılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət proqramlarının prioritetlərindəndir. Bu istiqamətdəki tədbirlərin davamı kimi, "Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası proqramı"na uyğun olaraq Bakıda Əlillərin VIII Ümumrespublika Yaradıcılıq sərgi-müsabiqəsi keçirilib. Təhsil, mədəniyyət və turizm nazirlikləri, respublika Rəssamlar İttifaqı ilə sıx əməkdaşlıq şəraitində təşkil edilən sərgi-müsabiqədə ölkənin demək olar ki, bütün bölgələri təmsil olunmaqla, 125 nəfər əlilliyi olan şəxsin (73 qadın, 20 nəfər isə sağlamlıq imkanları məhdud uşaq) ümumilikdə 500-ə yaxın əl işi (rəsm, toxuma, hörmə, bədii tikmə, ağac üzərində iş, dulusçuluq və s.) təqdim edilib.
Ümumiyyətlə, uşaqların sağlam həyata qaytarılması yalnız ailənin, hər hansı dövlət və ya qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə məhdudlaşmamalıdır. Bu problemin həllində geniş ictimaiyyət iştirak etməli, onlara qayğı hər kəsin mənəvi borcuna çevrilməlidir. Axı, onların da dünyaya gələn hər kəs kimi, yaşama haqqı var. Belə uşaqlar da özlərini (istedad və qabiliyyətləri ilə) cəmiyyətin sağlam ruhlu üzvləri kimi hiss etməlidirlər. Çünki öz dünyası, öz aləmi olan bu uşaqları yaşadan həyat eşqidir...
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2013.- 24 noyabr.- S.7.