Kimi və nəyi axtarırsınız?!

 

Reytinqlərin zirvəsində qıy vuran "Səni axtarıram"ın yıxıldığı uçurumlar

 

 

Pis yazını kimsə oxumur, ancaq pis verilişə çoxları baxır. Günümüzün reallığıdır! İstənilən məhsulun əsli və qəlpi olur! Texnikanın, avadanlığın, geyimin saxtası olduğu kimi internet proqramları, saytların və televerlişlərin də qəlpi olur. Qəlp, süni, saxta və sair. Xülasə, bütün bunların Naxçıvan dialektində "donqili" kimi orijinal bir adı var. Dünyanın hər yerində insanlar heç vaxt saxta məhsulu orijinaldan üstün tutmur. Əfsus ki, ölkənin efir məkanında qəlp verilişlər baş alıb gedir! Müstəqilliyin KİV-lərə bəxş etdiyi azadlıq yeni telekanalların açılmasına rəvac verdi. Tok-şoular efir məkanına ayaq açdı, canlı verilişlər adi hala çevrildi. İlk günlərdə maraqla izlənilsələr də, zaman belə layihələrin sönüklüyünü üzə çıxardı.

 "Qəfəs", "Toy olsun", "Onun yarısı" və bu kimi bir-birindən bəsit, adi tənqidə belə davam gətirməyən verilişlər tamaşaçı zövqünü korlamaqdan savayı mənəviyyatımıza da ağır zərbələr vurdu. Belə verilişlərin bağlanması yaxşı haldır, pisi isə odur ki, layihələri qapanan aparıcılar bir müddətdən sonra ya başqa, ya da elə öz kanallarında "yeni" şouları ilə peyda olub, "köhnə hamam, köhnə tas" üstündə hamımıza divan tuturlar. "Ümidvar"a baxanda başa düşmək olur ki, aparıcı Zaur "Onun yarısı" verilişindən sonra "Ümidvar"a nəinki tamaşaçıların, hətta özünün belə ümidinin qalmadığını yaxşı anlayır. Elgizin "Toy olsun" layihəsi efirdən silindikdən sonra adam arasına çıxardığı "Adam içində" şousunun nə adamlığa, nə də müasir telejurnalistikaya dəxli var! Bunlardan o qədər fərqlənməyən biri də var ki, o da "Səni axtarıram" verilişidir. O da mahiyyət etibarı ilə Rusiya Federasiyasında yayımlanan "Jdi menya" verilişinin qəlp, saxta, donqili variantıdır. "Səni axtarıram"ı bir neçə ay izlədik, onun müsbət və mənfi tərəflərini başa düşməyə çalışdıq. Təəssüf ki, ürəkaçan nadir məqamlardan daha çox üzüntülü, əcaib və insanı bezdirən səhnələrin şahidi olduq. Kaş Mirzə Cəlilin kefli İsgəndəri bədii obraz kimi yox, canlı, real insan kimi oturaydı yanımızda, baxaydı bizim şoulara və məşhur monoloqundan bir neçə cümlə deyib gedəydi!

 

 

 

Gülüncə qalan göz yaşları

 

 

 

Xoşqədəm Hidayətqızı göz yaşlarını çox sevir, onun layihəsinin bayrağı ağlayan üzlərdir. Amerikada, Türkiyədə, Rusiyada, ümumiyyətlə dünyada verilişə milyonların baxması davamlı surətdə vurğulanır: gildir-gildir axan göz yaşları və dərd layihənin ana xəttini təşkil edir. Sanki verilişin uğuru, gücü, bədii-estetik səviyyəsi, ümumiyyətlə hər şeyi göz yaşlarının bolluğu ilə ölçülür, göz yaşları üstündə qurulur! Yeri gəldi-gəlmədi ağlayan, göz yaşları sel kimi axan adamlar iri planda ekranı zəbt edirlər! Bunu nə verilişin reallığı kimi dəyərləndirmək mümkündür, nə də operatorla rejissor axtarışlarının uğurlu sintezi kimi. "Səni axtarıram"da göz yaşları leytmotiv kimi bütün səhnələrdən zorla da olsa keçirilməlidir! Hətta aparıcı da bəzən ağlayıb studiyanı tərk edə bilər. İztirablar Xoşqədəm Hidayətqızının "bədii təfəkküründən" süzülür, ekranda isə "Dərdini bizə danış" çağırışı yanıb sönür. Bir-birini axtaran adamlara dərdini bizə danış müraciəti nə dərəcədə düzgündür? Axı Elgiz də "Adam içində" milləti eyni çağırışla, amma cəm şəklində "Dərdinizi bizə danışın" deyə haraylayır. Görəsən bu qəm, dərd aşiqlərinə qaşınıb zorla çıxarılan dərdlər hansı məmnunluğu, hansı şöhrəti və mənəvi rahatlığı gətirir?

Tamaşaçı bir yana qalsın, studiyada "ekspert" kimi əyləşənlər belə dözmürlər. Onlardan biri əsəbiləşərək "atasını" "axtaran" Rasim adlı iştirakçıya qeyzlənir ki, sən hansı adla atanı axtarırsan? Başa salır ki, "kişi ağladıqca biqeyrət olur". Lakin göz yaşlarını yaradıcılığının "bədii zirvəsi" kimi təqdim edən aparıcının verilişdən verilişə keçən hönkürtü səhnələri bazar axşamı dincəlmək istəyən minlərlə tamaşaçıya aman vermədən hamını dilxor edir, istirahətlərini gözündən gətirir. Montajçı qayçısından və "rejissor təxəyyülündən" sivişib ekranda aramsız ağlamsınan obrazların bolluğunun səbəbi başa düşülmür. Bəs bu tipli verilişlər başqa dövlətlərdə necə lentə alınır?

 

 

 

"Səni axtarıram" və "Jdi menya"

 

 

Müqayisələr həqiqəti üzə çıxarır, yaxşı ilə pisin fərqini anlamağa imkan yaradır. Bu baxımdan "Səni axtarıram"ı Rusiya kanalında eyni məzmunlu "Jdi menya" verilişi ilə müqayisə etmək yerinə düşər.

"Jdi menya" verilişinin adı rus şairi Konstantin Simonovun 1941-ci ilin avqustunda yazdığı eyniadlı məşhur şerindən götürülüb:

 

"Gözlə məni, gələcəyəm,

 

bütün ölümlərin acığına..."

 

Döyüşən əsgərin adından sevgilisinə yazılan bu qızıl sətirlər aradan illər, qərinələr ötsə də milyonları riqqətə gətirən bənzərsiz sənət incisi kimi bu gün də onu oxuyanları öz bədii gözəlliyi ilə kövrəldir, hisslərin aliliyinə aludə edir! Bu veriliş ilk dəfə efirə 1942-ci ildə çıxmasına baxmayaraq bu gün də Rusiyanın efir məkanında maraqla izlənilən layihədir. Aparıcılardan biri Rusiya ədəbi mühitində qeyri-adiliyi, istedadı və orijinallığı ilə seçilən məşhur yazıçı, aktyor və rejissor Vasiliy Şukşinin qızı Mariya Şukşinadır. Həm verilişin adı, həm də aparıcılar Rusiya kimi nəhəng dövlət üçün ənənələr və dəyərlər baxımından böyük məna daşıyır. "Jdi menya" və Şukşin nəinki Rusiyada, hətta postsovet məkanındakı bütün dövlətlərdə yaşlı nəslin ziyalılarını riqqətə gətirən ifadələrdir.

Əslində dünyanın müxtəlif telekanallarında bənzər layihələrin təqdim edilməsində qeyri-adi heç nə yoxdur. Amma təəssüf doğuranı odur ki, bizdə xarici kanallarda gedən verilişlərin zövqsüz və bayağı təkrarı ənənəyə çevrilmişdir. Ən dözülməzi odur ki, bu bəsitliyi, səriştəsizliyi pərdələmək əvəzinə hamı özündən razıdır, hamı çırtma vurub yallı gedir: "Ümidvar"dan tutmuş "Səni axtarıram"a kimi! Efir vaxtının böyük bir hissəsini özünü tərifə, məddahlığa həsr edən "Səni axtarıram" bu sırada bütün telerəqiblərini arxada qoyub!

"Jdi menya" verilişinə baxanda içində bir-birini axtaran insanlara və aparıcılara, onların davranışına, danışığına rəğbət oyanır. "Səni axtarıram"da şok görüntülər kimi təqdim edilən küylü səhnələrin mənzərəsində verilişdən də, ona baxdığına görə özündən də diksinirsən.

"Dünyanın hər tərəfində bizi izləyən tamaşaçılarımız var. Amerikada bizi izləyənlər var. Gülbəniz xanım telefondan baxıb, izləyib, Kaliforniyada ağlayıb". Başqa bir verilişdə Türkiyədən baxıb ağlayan tamaşaçı verilişə çıxarılır, digərində çiçək dəstələri təqdim edilir. Xoşqədəm Hidayətqızı özünü, çətinliklərini qabardır, axtarışlarını az qala savaş səhnələrinə bənzətməkdən belə çəkinmir. Bütün veriliş boyu beş-on dəqiqədən bir yeri gəldi-gəlmədi, aparıcının portreti iri planda mavi, adətən qorxulu, dəhşətli filmlərin seçdiyi fonda ekrana gətirilir. Sürətlə dəyişən bu kadrların birində "Səni axtarıram"ın aparıcısının hərbi geyimdə silahın fonunda verilməsi həm anlaşılmaz, həm də jurnalist etiketi baxımından yolverilməzdir. Bəyəm kimisə axtarmağa topla, tüfənglə çıxırlar?

"Səni axtarıram"ın aparıcısı gah əlinə bel götürüb əfsanəvi dedektiv Şerlok Xolms kimi meşələri gəzir, ağacların dibini qazır, cinayətin izini axtarır ("Böyük bir olayın, cinayətin üstü bu studiyada açılacaq!!!"), gah hind filmləri sayağı süjetə müraciət edir, gah da verilişə dəvət etdiyi tanınmış simaları məzəyə tutur ki, baxın ha, sizi də axtaran var! Artıq verilişə dəvət alan "ekspert" də nikahdan əvvəlki övladının həsrəti ilə efirə çıxır. Duzsuz və süni tragediya yorucu təsir bağışlayır. Amma aparıcı yorulmur: "Qanları donduracaq olay! O şəxslə bağlı bütün sirlər bax, bu meşədədir!" "Bir axtarışın tükürpədici nəticəsi! Onun cəsədi kimin üçün və niyə yandırıldı! İnanılmaz olay!" və ilaxır və sair...

"Jdi menya" sakit ruhda aparılır, gərginlik minimuma endirilir, musiqi həzindir. Aparıcılar heç vaxt ucadan və ritorika ilə danışmırlar. Sakit və məğrurdurlar, onlar ön plana nadir hallarda çıxır, qəhrəmanları ilə ləyaqət və mərhəmətlə davranırlar. Öndə bir-birini axtaran və tapan insanlardır. Verilişin lirik ruhu, əzizlərini axtaranlara rəğbətlə yanaşması aparıcıların yüksək səviyyəsindən və nəcibliyindən xəbər verir. Burada 16 il qızını axtaran anaya aparıcı belə deyir: "Bircə siz narahat olmayın, sizi yalnız şad xəbər gözləyir. Yaxşı ki, siz bu uzun illər qızınızı axtardınız. Yaxşı ki, qohumlar, bir-birini axtaran insanlar var".

Xoşqədəm Hidayətqızının verilişində isə axtardığın adamı görmək və ya ondan bir xəbər bilmək üçün aparıcının qarmağına keçən balıq kimi gərək lal-dinməz verilişin sonuna kimi adamlığını unudub o tilovun dartıldığı istiqamətə cansız leş kimi üzüb gedəsən. O, tez-tez "Bir azdan" desə də, mütləq səni verilişin axırına kimi sürüyəcək, "intizarda" saxlayacaq, xəbərin "ağır" ola biləcəyini də dəfələrlə daş kimi başına çırpacaq. Aparıcı özünü az qala qəhrəman səviyyəsində təqdim edir, adi jurnalist işinə savaşdan bayağı don geyindirir, axtarışlarını sirlər mücrüsü kimi təqdim edir: "Bu axtarışlarda o qədər müəmmalar və suallarla üz-üzə qaldıq ki... İki ailənin arasında düşmənçilik var... ürək ağrıdan hadisədi, kanalı çevirməyin". "Onun cəsədini kim və nə üçün yandırdı! Bu qutu kimin üçün studiyaya göndərildi!" "Veriliş boyu sizin gözləriniz qarşısında baş verən olaylara baxacaqsınız!"

"Jdi menya" verilişi belə amansız jestlərdən uzaqdır. Yəni burada, ümumiyyətlə, verilişin çəkilməsi haqqında danışılmır, çətinliklər qabardılmır, aparıcılar özlərini "superqəhrəman" kimi təqdim etmirlər. Əksinə, sanki onlar kadr arxasındadır. Şəxsi həyata müdaxilə yoxdur, insanları bir-birinin üstünə salmırlar. "Səni axtarıram"da isə qohumlarını axtaran insanları qarşılaşdırır, üzləşdirir, cansız müqəvva kimi onları qarmaqdan asıb "ekspertlərin" qarşısına atırlar. Ekranda bir-birini axtaran yox, ittiham edən, günahlandıran, bir-birinin ayıblarını açan və bir-birinə nifrət edən insanları görürsən! Məgər insanları beləmi axtarmaq, beləmi qovuşdurmaq lazımdır?!

Luico adlı italiyalı 60 il sonra İkinci Dünya müharibəsində əsirlikdə tanış olub sevdiyi qadını axtarmaq üçün 83 yaşında Rusiyaya "Jdi menya" verilişinə gəlir və onu Ukraynada tapır. Bu əhvalat hər iki dövlətdə qeyri-adi hadisə kimi dillərə düşür. İki insanın məhəbbəti ötən yüzilliyin ən ülvi sevgisi kimi tərənnüm edilir, Ukraynada onların abidəsi ucaldılır. Bu, adi bir verilişin gördüyü böyük işdir. Ümumiyyətlə, İkinci Dünya müharibəsində itkin düşənlərin axtarılması "Jdi menya" verilişinin daim diqqət mərkəzindədir. Bu müharibədən geri qayıtmayan on minlərlə azərbaycanlı var! Bizim həmçinin Qarabağ müharibəsi kimi qan sızan yaramız var! 1 iyun 2013-cü il tarixinədək əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4033 nəfərdir. Münaqişə müddətində 1402 nəfər əsir və girovluqdan azad edilib. "Səni axtarıram" bu adamlardan kimisə axtardımı? 60 ildən sonra Ukraynada bir-birinə qovuşan Luico ilə Makrinaya abidə ucaldıldı. Xoşqədəm Hidayətqızı hələ ki özünü tərifləmək, özünə abidə ucaltmaqla məşğuldur! Onun dəvət etdiyi "ekspertlər" də bilavasitə və dolayısı "Səni axtarıram" verilişini müdafiə etmək, tərifləmək məcburiyyətindədirlər.

Başqa daha ciddi bir məqam "Televiziya və Radio Yayımı" haqqında Azərbaycan Respublikasının Qanununda əksini tapıb. Bütün proqramlardan tələb olunur ki, insanların şəxsi və ailə həyatına, işgüzar nüfuzuna, şərəf və ləyqətinə hörmətlə yanaşılsın, yayım zamanı peşə etikasına riayət edilsin. "Səni axtarıram" üçün bu qadağalar yoxdur! Ona görə ki, başqalarını axtarmağa cəhd edən bu layihə hələ özünün nəcib simasını düşünmək fikrində deyil!

Soruşa bilərsiniz ki, insanları axtarmaq, onları qovuşdurmaq məgər pis əməldirmi? Əlbəttə ki, yox! Bu, çox ləyaqətli və nəcib bir işdir! "Jdi menya" bu baxımdan müsbət nümunədir. Biz kifayət qədər misallar gətirdik, paralellər keçirdik. Sadəcə, insanları "Səni axtarıram"dakı kimi axtarmaqdansa, axtarmamaq daha yaxşıdır. Əslində anlamaq olmur ki, kimi və nəyi axtarırlar! İnsanlığı, sədaqəti və mənəviyyatı, yoxsa eybəcərləşmiş mənəvi keyfiyyət daşıyıcılarını? Həmişə qalibiyyətin uca notlarında gedən X.Hidayıtqızı nədənsə sonuncu verilişlərinin birində "hətta bu veriliş efirə getməsə belə" ifadəsini işlətdi. Görünür, aparıcının özü də artıq layihəsinin əndazədən çıxan uğursuz məqamlarını dərk etməkdədir...

 

 

 

"Səni axtarıram"ın düşməni kimdir?

 

 

Sonda onu deyim ki, bu veriliş haqqında yazılmasına iki hadisə səbəb oldu. Birincisi, bir neçə ay öncə tanışlarımdan biri gileyləndi ki, evlərinə bazar günü qan düşüb. Axşam gəlibmiş evə, çay istəyibmiş, arvad yerindən dəbərməyib, qız eşitməzliyə vurub, gəlin də üsyankarcasına qayınataya məhəl qoymayıb. Hamı oturub "Səni axtarıram" verilişinə baxırmış. Tanışım da televizioru söndürüb, keçir ekranın qarşısına, qeyznən Misirdəki müsəlman qardaşları kimi yumruqlarını düyünləyib qaldırıb başının üstünə ki, ay camaat mənə, bu xarabada çay verən olacaqmı?! Aləm qarışıb bir-birinə: arvad qışqırıb ki, bezdirdin məni, neçə ildir çayını-çörəyini verirəm, qoymazsan bir verilişə baxmağa! Qız ağlamsınıb ki, bu evdə bizi nə vaxt adam yerinə qoyacaqlar? Gəlin də tutub ərinin yaxasından ki, Mamedik, demişdim, ayrı yaşayaq, demişdim? Bu nə cəhənnəmdi gətirdin saldın məni!

İkincisi, yay tətilindən sonra ilk verilişində X.Hidayətqızı "Səni axtarıram"ın "düşmənləri"ni Qurani-Kərimə tapşırdı! Təəccübləndim ki, əgər verilişə baxmaq üstündə ailədə qırğın düşürsə, düşmən haradan və necə peyda ola bilər ki? Molla Nəsrəddinin məşhur lətifəsindəki kimi, əgər bu ətdirsə, pişik hanı, yox əgər pişikdirsə, bəs ət hanı? Adi bir verilişin də düşməni ola bilərmi?! Bir dövlət kimi bilirik ki, bizim işğalçı Ermənistan kimi azğın düşmənimiz var! Amma ölkə daxilində Teleşirkətin sıravi bir verilişinin nə düşməni ola bilər ki?

Amma ekranda gördüklərimə inana bilmədim. X.Hidayətqızı studiyaya gətirilən Qurani-Kərimin xaricdən atasını axtarmağa gələn bir qızın verilişə hədiyyə etdiyini bildirdi. Müqəddəs Kitabı əlinə alıb nümayiş etdirdi. Sonra da "Səni axtarıram"ın düşmənlərini ona tapşırdı ki, verilişdən uzaq dursunlar, Tanrı "onların da başını yaxşı işlərə qatsın!" Əslində azdan-çoxdan savadı olan hər kəs bilir ki, sonuncu səmavi kitab "razborkaları" aparmaq, hər hansı bir verilişin "düşmənlərini" neytrallaşdırmaq üçün yox, Tanrının tələbləri çərçivəsində ləyaqətlə yaşamaq üçün insanlara bir bələdçi, məsləhət verən kimi göndərilmişdir. Yalnız sadəlövhlər bu kitabı əlinə götürüb açmadan, oxumadan ondan silah kimi düşmənlərinə qarşı istifadə edə bilər! Bu "Səni axtarıram"a baxmağa məcbur edən ikinci və daha ciddi amil idi. Digər tərəfdən Azərbaycan Respublikası jurnalistinin Peşə Davranışı Qaydalarının beşinci maddəsində yazılır ki, paklıq jurnalistə peşə üstünlüyündən, özü, yaxın adamları, qohum-qonşuları, yerliləri və b. naminə sui-istifadə etməyə imkan vermir. Jurnalist mətbu və ya efir sözündən şəxsi rəqiblərinə, xoşu gəlmədiyi hər hansı adama qarşı istifadə etmir.

"Səni axtarıram"ın düşməni kim ola bilər? Cavab tapmağa çalışıram. Müqəddəs kitabdan ayələr yadıma düşür ki, ən ağır mübahisəni də gözəl sözlərlə aparın. Əgər X.Hidayətqızı hamının ehtiyacı olan nəcib bir mövzunu bu dərəcədə əcaib təqdim edirsə, onun düşməni kim ola bilər ki? Sonuncu verilişdə aparıcı bəzilərinin ona verilişi çox uzatdığını deyir və yenə öz bildiyində qalır ki, başqa cür mümkün deyil, hər şey faktların üstündə gedir. Bu da fakt: Rusiyanın əhalisi 145, Azərbaycanın isə 9 milyondur. "Jdi menya" verilişi təxminən 45 dəqiqə çəkir, "Səni axtarıram" isə heç 90 dəqiqəyə də qurtarmaq bilmir. Əlbəttə verilişi 90 dəqiqə uzatmaq üçün mütləq efirə çıxan adamı birbaşa qohumu ilə görüşdürməkdənsə sorğu-suala çəkmək, ekspertlərin ixtiyarına vermək, şəxsi həyatına müdaxilə etmək, aramsız "birazdanlar", bəsit təriflər lazımdır. Bütün bunları qayçılayıb tullayandan sonra yerdə nə qalır ki?

Kimdir "Səni axtarıram"ın düşməni? Bizə qalsaydı deyərdik ki, gedin Rusiyada azərbaycanlı Salamətdin Nağıyevin çayda boğularkən xilas etdiyi 3 rus qızını çəkin və bütün ölkəyə göstərin, qoy ürək sözlərini desinlər, bütün Azərbaycan onları eşitmək istəyir. Jurnalistikanın peşə etikasının beynəlxalq prinsiplərində ictimai maraqlara hörmətlə yanaşılması bir tələb kimi qoyulur. Jurnalistikanın peşəkar standartları özündə cəmiyyətin maraqlarına və ictimai mənəviyyata hörmətlə yanaşmanı ehtiva edir. Qeyd olunur ki, əsil jurnalist humanizmin ümumbəşəri dəyərlərini müdafiə edir, cəmiyyətin kamilləşməsində iştirak edir. Azərbaycan cəmiyyəti üçün körpə uşağını atıb iki qapı o yana ərə gedən gəlinin 10-15 ildən sonra "qaytar uşağımı" deyib ağlaması təsirli səhnə deyil, mənəviyyatsızlığın bayağı nümunəsidir! Bizim üçün Niderland Kraliçasının azərbaycanlı cəngavərinin heç kimin tanımadığı törəmələri maraqlıdır. "Səni axtarıram"a baxanda az qala kişi kişiliyindən, qadın qadınlığından, vətəndaş da vətəndaşlığından xəcalət çəkir! Bu verilişə Rusiyada Bakı erməniləri süfrə açıb, balıqla pivə içə-icə baxıb dincəlir, əylənirlər. Təəssüf ki, "Səni axtarıram" bunların fərqində deyil! Təəssüf ki, bu veriliş jurnalistikanın beynəlxalq normalara və ölkəmizdə qəbul edilən normalarına əməl etməyi ümdə vəzifəsi saymır.

İtirilən isə təkcə efir vaxtı yox, həm də mənəvi dəyərlərimizdir.

 

 

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2013.-  24 noyabr.- S.8.