Azərbaycan Prezidenti
İlham Əliyevə «Jurnalistlərin dostu»
mükafatı təqdim edilmişdir
Prezident İlham Əliyevin giriş
nitqi
- Hörmətli qonaqlar, media nümayəndələri.
İlk növbədə yenidən məni "Jurnalistlərin dostu" mükafatına layiq gördüyünüz üçün sizə minnətdaram. Doğrudan da mənim üçün böyük şərəfdir ki, ikinci dəfə bu ada layiq görülürəm. Çalışacağam ki, bundan sonra da "Jurnalistlərin dostu" kimi Azərbaycanda azad mətbuatın inkişafı üçün səylərimi əsirgəməyim.
Bu mükafatın verilməsi böyük məna daşıyır. Çünki ölkə Prezidentini "Jurnalistlərin dostu" adına sizin tərəfdən layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarə vurur. Mən bundan sonra da çalışacağam ki, Prezident kimi Azərbaycanda azad medianın inkişafı üçün dəstəyimi verim və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafını təmin edim. Çünki müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Azərbaycanın qarşısında isə belə məqsəd qoyulub ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil edilsin. Belə olan halda Azərbaycanda media ilə bağlı məsələlər ən yüksək səviyyədə öz həllini tapmalıdır.
Bildiyiniz kimi, Azərbaycanda azad jurnalistikanın yaradılması prosesi 1980-ci illərin sonlarına təsadüf edir. Ondan sonra 1990-cı illərin əvvəllərində bu prosesə daha da böyük təkan verilmişdir. Ancaq sirr deyil ki, 1998-ci ilə qədər Azərbaycanda mediada olan senzura imkan vermirdi ki, mətbu orqanlar tam şəkildə azad və sərbəst fəaliyyət göstərsin. 1998-ci ildə ulu öndər Heydər Əliyevin qərarı ilə senzuranın ləğv edilməsi bu sahədə də dönüş yaratdı, bu sahədə də Azərbaycanın siyasətini əks etdirdi. Çünki 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın inkişaf konsepsiyası icra edilir. Bu konsepsiyanın əsas istiqamətləri bu gün artıq reallıqdır.
Azərbaycan dünya birliyinə inteqrasiya etməli idi. Azərbaycan öz iqtisadi potensialını azad iqtisadiyyat üzərində qurmalı idi. Azərbaycanda azad, demokratik cəmiyyət qurulmalı idi. 1998-ci ildə bu qərarın verilməsi, əlbəttə ki, təsadüfi deyildi və bir çox ölkələr üçün nümunə idi. Hesab edirəm ki, o gündən bu günə qədər Azərbaycanda azad medianın inkişafı ilə bağlı çox önəmli qərarlar qəbul edilmişdir. İldən-ilə bu sahəyə ayrılan dövlət diqqəti, dəstəyi artıb. Son illər ərzində, hesab edirəm ki, Azərbaycan bu sahədə müxtəlif parametrlər üzrə çox böyük irəliləyişə nail ola bilmişdir.
Demokratik cəmiyyətin qurulması işində azad medianın xüsusi rolu vardır. Bu salonda əyləşən jurnalistlər, media nümayəndələri, media rəhbərləri o insanlardılar ki, Azərbaycanda azad medianın yaradılmasında xüsusi rol oynamışlar və bu gün də öz fəaliyyətlərini davam etdirirlər. Deyə bilərəm ki, bu gün bu salonda Azərbaycanda medianın inkişafı ilə bağlı istiqamətverici qurumların nümayəndələri iştirak edirlər. Əlbəttə, jurnalist cəmiyyətinin fəaliyyəti və jurnalist cəmiyyətindən cəmiyyətə gələn sifariş hesab edirəm ki, azad jurnalistikanın, müstəqil medianın yaradılmasında mühüm rol oynayır. Ancaq, eyni zamanda, dövlət siyasəti olmadan bu proseslər lazımi səviyyədə təşkil edilə bilməz. Hesab edirəm ki, Azərbaycanda bax, bu iki əsas istiqamətin birləşməsi bugünkü müsbət dinamikanı təmin etmişdir.
Azərbaycanda bütün azadlıqlar vardır. Azərbaycanda demokratik cəmiyyət qurulur. İqtisadi islahatlarla yanaşı, siyasi islahatların aparılması, əlbəttə ki, ölkəmizin gələcəyini müəyyən edəcəkdir. Bu istiqamətdə atılan addımlar, hesab edirəm ki, gözəl bir nümunədir. Çünki bizim bütün istiqamətlər üzrə siyasətimiz açıqdır, aydındır. Dəfələrlə bu barədə mən fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan müasir dövlət qurur, müstəqil dövlət qurmuşdur və Azərbaycanın gələcək inkişafı iqtisadi və siyasi islahatlardan asılı olacaqdır. Mən hesab edirəm, son illər ərzində bu sahədə əldə edilmiş nailiyyətlər deməyə əsas verir ki, biz gələcəkdə də hər iki istiqamət üzrə inamla irəliyə gedəcəyik. Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri artıq tam reallaşıbdır. Gələcək illərdə demokratik inkişafla bağlı aparılacaq islahatlar, hesab edirəm ki, bu sahədə də Azərbaycandakı vəziyyəti ən yüksək səviyyəyə çatdıracaqdır.
Eyni zamanda, qeyd etməliyəm ki, demokratik inkişaf baxımından bu gün ölkəmiz heç bir ölkədən geridə qalmır. Azərbaycanda söz azadlığı, mətbuat azadlığı, siyasi fəaliyyət azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı təmin edilib. Hesab edirəm ki, bizim gündəlik həyatımız dediklərimi təsdiq edir. Azərbaycan o ölkələrdəndir ki, azad internet mövcuddur və internet istifadəçilərinin sayı 70 faizdən çoxdur. Heç bir məhdudiyyət yoxdur. Yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir. Bir sözlə, medianın inkişafı ilə bağlı dövlət tərəfindən yalnız dəstək göstərilir. Siz də qeyd etdiyiniz kimi, bəzi məsələlərdə, xüsusilə media nümayəndələrinin məişət problemlərinin həlli işində Azərbaycan ön yerlərdədir. Bu barədə mən bu ilin yayında öz fikirlərimi bildirmişəm. Hesab edirəm ki, bu, düzgün yanaşmadır. Çünki jurnalistlərin o qədər də böyük maddi imkanları yoxdur. Onlar iş adamları, başqa kateqoriyadan olan insanlar kimi öz fəaliyyəti hesabına layiqli mənzillərə sahib ola bilmirlər. Ona görə dövlət öz dəstəyini mütləq verməlidir.
Hesab edirəm ki, Azərbaycanda bütün başqa sahələrdə dinamik inkişafın təmin edilməsi üçün ictimai-siyasi sahədə də müsbət dinamika olmalıdır. Bu ilin prezident seçkiləri onu göstərdi ki, Azərbaycanda ictimai-siyasi vəziyyət müsbətdir. Cəmiyyətdə ölkəmizin ümumi inkişafı ilə bağlı fikir ayrılığı yoxdur. Azərbaycan cəmiyyəti artıq əsas hədəflər üzərində səfərbər olunubdur. Müstəqillik, dövlətçilik, müasirlik prinsipləri bizim üçün üstünlük təşkil edir. Müstəqil Azərbaycan gənc dövlətdir, ancaq buna baxmayaraq, öz maraqlarını müdafiə etməyə qadirdir, dünya miqyasında özünəlayiq yer tuta bilibdir. İqtisadi müstəqilliyin əldə edilməsi nəticəsində siyasi müstəqillik də təmin edilir. Azərbaycan bu gün xarici siyasətlə bağlı nəinki bölgədə, regionda, dünya miqyasında öz rolunu oynayır. Daxildə gedən proseslər ölkəmizi daha da gücləndirir. Son illərdə Azərbaycanda aparılan islahatlar, həyata keçirilən infrastruktur layihələri, sosial məsələlərin həlli ölkəmizi böyük dərəcədə gücləndirmişdir.
Əlbəttə, bütün bu müsbət nəticələrlə, nailiyyətlərlə yanaşı, demokratik inkişafla bağlı irəliləyiş olmalı idi. Biz bunu görürük. Əlbəttə ki, hələ görüləsi işlər çoxdur, nöqsanlar da, çatışmayan cəhətlər də vardır. Ancaq əsas məsələ ondan ibarətdir ki, Azərbaycanın dövlət rəhbərliyində bu məsələlərlə bağlı çox dəqiq təsəvvür və çox güclü siyasi iradə vardır.
Müstəqillik tarixi bir şans idi. Bu salonda əyləşənlərin
əksəriyyəti sovet dövründə
yaşamış, fəaliyyət göstərmiş
insanlardır. Biz hamımız o illəri
yaxşı xatırlayırıq. Yaxşı
xatırlayırıq ki, müstəqillik Azərbaycan
xalqına çox baha başa gəldi. Ona
görə bu tarixi şansı biz nəinki əldən verməməliyik,
heç vaxt əldən vermərik. Eyni
zamanda, müstəqillik dövründən maksimum səmərə
ilə istifadə etməliyik.
Elə dövlət qurmalıyıq ki, bu dövlətin
əsasları sarsılmaz olsun, bu dövlət daim
yaşasın, Azərbaycan xalqı bundan sonra daim müstəqillik,
azadlıq şəraitində yaşasın.
Ancaq müstəqillik, sadəcə olaraq, dövlət
atributları deyildir, müstəqil siyasət aparmaq
imkanları da olmalıdır. Biz bir sıra müstəqil
ölkə tanıyırıq ki, onların müstəqil
siyasət aparmaq imkanları məhduddur. Azərbaycan
o ölkələrdəndir ki, bütün çətinliklərə
baxmayaraq, müstəqillik dövründə bu şansı əldən
verməyib, dövlət müstəqilliyini möhkəmləndirə
bilibdir, güclü dövlət əsasları qurulubdur,
yaradılıbdır. Bu gün Azərbaycanın
gələcək inkişafı ilə bağlı nə cəmiyyətdə,
nə də ekspert cəmiyyətində heç bir
şübhə yoxdur. Biz yalnız
inkişaf yolunu gedəcəyik, öz qüdrətimizi
artıracağıq, müstəqil xəttimizi bundan sonra da
aparacağıq və güclü dövlət
yaradacağıq. Bu istiqamətdə
artıq bir çox məsələlər öz həllini
tapmışdır. Güclü dövlət
quruculuğu işində demokratik prinsiplər xüsusi yer
tutur.
Onu da qeyd etməliyəm ki, məhz 1990-cı illərin
ortalarında Azərbaycanın inkişaf konsepsiyası qəbul
edilmişdir.
Bu konsepsiyada azadlıqlar, demokratik inkişaf məsələləri
xüsusi yer tutur. Çünki demokratik cəmiyyət
qurulmasa, bizim uğurlarımızın
dayanıqlılığı təmin edilə bilməz.
Ona görə bir daha demək istəyirəm
ki, Azərbaycan rəhbərliyində demokratiyanın
inkişafı ilə bağlı çox güclü siyasi
iradə vardır. Cəmiyyətin dəstəyi,
o cümlədən media nümayəndələrinin fəal
iştirakı ilə biz bu istiqamətdə daha da
böyük uğurlara çatacağıq.
Eyni zamanda, biz bütün siyasətimizi elə
qurmalıyıq ki, ölkəmizin dayanıqlı
inkişafı təmin edilsin. Çünki bu
gün Azərbaycana qarşı dünyada çox
böyük qüvvələr hərəkətə
keçiblər. Əlbəttə ki, ilk
növbədə erməni lobbisi Azərbaycana qarşı kampaniya
aparır, mütəmadi qaydada ölkəmizi qaralamaq, ləkələmək,
Azərbaycan haqqında təhrif edilmiş rəy yaratmaq
üçün fəaliyyət göstərir.
XXI əsr informasiya mübarizəsi əsridir. İnternetin
mövcudluğu, əlbəttə ki, bu mübarizəni daha
da kəskinləşdirir. Biz buna hazır
olmalıyıq, biz öz reallıqlarımızı dünya
birliyinə çatdırmalıyıq. Burada,
əlbəttə ki, əsas vəzifəni ilk növbədə
dövlət öz üzərinə götürür. Ancaq media nümayəndələri də
çalışmalıdırlar ki, xüsusilə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı ədalətli mövqeyimizi dünya birliyinə
çatdırsınlar. Müxtəlif dillərdə
internet resursları yaradılmalıdır. Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər
dünya birliyinə çatdırılmalıdır.
Belə olan halda biz informasiya mübarizəsində daha da
böyük uğurlara nail ola biləcəyik.
Hər halda, son illər ərzində Azərbaycan
informasiya blokadasından çıxa bilmişdir. Bir çox hallarda erməni lobbisinə çox
böyük zərbələr endirə bilmişdir. Ancaq bu mübarizə davam edir və davam edəcəkdir.
Ona görə də biz buna hazır olmalıyıq.
Yəqin siz onu da yaxşı bilirsiniz ki, ölkəmizin
uğurlu inkişafını, müstəqil siyasətini bəzi
xarici dairələr qəbul etmək istəmirlər. Bəzi xarici
dairələr Azərbaycana qarşı "qara piar"
kampaniyası aparırlar. Xüsusilə
"Eurovision" ərəfəsində biz bunun şahidi
olmuşuq.
Azərbaycana qarşı
düşünülmüş, koordinasiya edilmiş, məqsədyönlü
qaralama kampaniyası aparılırdı və əlbəttə
ki, bu məsələ də diqqətimizi çəkmişdi. Biz də
öz tərəfimizdən lazımi tədbirləri
gördük ki, buna son qoyulsun. Mən hesab
edirəm ki, hər sahədə olduğu kimi, bu sahədə
də biz müdafiə prinsipləri ilə yox, hücum
taktikasından istifadə etməliyik və etdik də. Hesab edirəm ki, ölkəmizin maraqlarını və
imicini qoruya bildik.
Ancaq o da
həqiqətdir ki, bu gün dünyada gedən proseslər, təsir
uğrunda aparılan mübarizələr, - açıq və
gizli mübarizələr, - əlbəttə ki, Azərbaycandan
da yan keçə bilməz. Ölkəmizin
önəmi, təbii resurslarımızın
mövcudluğu, müstəqil siyasətimiz və öz
gücümüzə olan inamımız, əlbəttə
ki, Azərbaycanı bu sahədə çox cəlbedici
ölkəyə çevirir. Azərbaycanı təsir
altına salmaq, təzyiq etmək, öz tərəfinə
çəkmək cəhdləri son 10 il ərzində
durmadan aparılır. Bəzi məsələlərdən
media nümayəndələri xəbər tuturlar, bəzi məsələləri
onlar çox düzgün təhlil edirlər. Məhdud da olsa, məlumatdan istifadə edib
düzgün təhlil aparmaq üçün imkanlar
vardır. Amma bir çox məsələlər
cəmiyyət üçün qaranlıq olaraq qalır.
Ancaq deyə bilərəm ki, bu mübarizə davam edir və
Azərbaycanın müstəqil xətti, xüsusilə xarici
siyasət, enerji resurslarının nəqli, daxili siyasət,
Qarabağ məsələsi ilə bağlı
barışmaz mövqeyi bəzi dairələri hərəkətə
gətirir. Belə olan halda ölkəmizin inkişafı ilə
bağlı atılan addımlarımız bəzi dairələrdə
narahatlıq doğurur. Belə olan halda
müxtəlif üsullardan istifadə edilə bilər və
istifadə də edirlər - "qara piar" kampaniyası,
ölkəmizi ləkələmək cəhdləri. Azərbaycanı
qeyri-demokratik ölkə kimi təqdim etməyə
çalışırlar, seçkilərlə bağlı hərdənbir,
yəni beş ildə bir dəfə
fürsət düşdükcə istifadə edirlər. Bütün bu reallıqları Azərbaycan cəmiyyəti
bilir və bilməlidir. Belə olan halda
biz özümüzü, müstəqil xəttimizi qorumaq
üçün, əlbəttə ki, daha da güclü
olmalıyıq.
Azərbaycan cəmiyyəti iqtisadi cəhətdən,
siyasi cəhətdən və ictimai fikir baxımından daha
da sıx birləşməlidir. Hesab edirəm ki, burada medianın
çox böyük rolu vardır və ola
bilər. İlk növbədə hesab edirəm,
əsas məsələ ondan ibarətdir ki, bizim yerli
mediamız xarici təsirdən azad olsun. Əlbəttə,
biz demokratik cəmiyyətdə, plüralizm şəraitində
yaşayırıq, müxtəlif fikirlər, siyasi
baxışlar ola bilər. Mediamızın
bir hissəsi hələ ki, siyasi partiyalara bağlıdır.
Bu, ayrı bir mövzudur. Mənim
bu məsələ ilə bağlı öz fikirlərim
vardır. İstəmirəm bu barədə
geniş danışım. Amma hər halda
inkişaf etmiş ölkələrin praktikası onu göstərir
ki, güclü medialar siyasi təsirdən bir qədər azad
olmalıdır. Ancaq hələ ki, bu, belədir.
Əlbəttə ki, ölkəmizin gələcək
inkişafı ilə, ölkədə aparılan siyasətlə
bağlı müxtəlif fikirlər vardır və
olmalıdır. Bu, təbiidir. Ancaq bir məsələdə - dövlət
maraqlarımızın qorunması məsələsində,
hesab edirəm ki, vahid fikir olmalıdır. Çünki Azərbaycanın gələcək
inkişafı bizdən asılıdır. Azərbaycan xalqı bu gün öz taleyinin sahibidir
və bizim siyasətimiz əsasında Azərbaycanın
inkişafı təmin edilir. Ona görə,
ilk növbədə, mediamızı xarici təsirdən azad
etmək üçün əgər dövlətin əlavə
dəstəyi lazımdırsa, biz bunu etməyə
hazırıq.
Azərbaycanın problemləri ölkə daxilində
müzakirə edilməlidir. Özünə
hörmət edən hər bir cəmiyyət və ölkə
məhz bu əsaslarla fəaliyyət göstərir. Biz bir çox hallarda inkişaf etmiş ölkələrin
təcrübəsini əsas götürməyə
çalışırıq. Orada da belədir.
Bir neçə qonşu ölkədə də
belədir. Azərbaycanda da belə
olmalıdır. Daxili problemlər, siyasi
mübarizə ilə bağlı olan məsələlər,
müxalifət-iqtidar münasibətləri daxildə
müzakirə edilməlidir. Bu məsələlər
hüdudlarımızın kənarına
çıxdıqda, ilk növbədə, Azərbaycan
haqqında bir rəy yaranır ki, bu ölkədə bax, onlar
özləri öz aralarında münasibətləri həll
edə bilmirlər. Bu, ilk növbədədir.
Ondan sonra bu, Azərbaycanın uğurlu
inkişafını istəməyən qüvvələrə
əlavə imkan, əlavə fürsət verir və bu
fürsətlərdən istifadə edilir. Biz bunu bilirik. Biz bilirik hansı
imkanlardan istifadə edilir ki, Azərbaycanın daxilində
proseslər başqa istiqamətdə getsin. Ona görə, əgər jurnalistika ilə məşğul
olan aparıcı simalar bu məsələdə də həmrəylik
göstərərlərsə, hesab edirəm ki, bu, cəmiyyətimiz
üçün də yaxşı olar.
Bax, bu barədə mən öz əsas fikirlərimi
bildirmək istəyirdim. Əvvəlki görüşlərimizdə
də biz jurnalistikanın inkişafı ilə bağlı
fikir mübadiləsi aparmışıq. Jurnalistlərin
peşəkarlığı, məsuliyyəti, dəqiq
informasiyanın ötürülməsi - bütün bu məsələlər
çox vacibdir. Siz özünüz də
bunu hamıdan yaxşı bilirsiniz. Bilirəm
ki, bu məsələlər Mətbuat Şurasında mütəmadi
qaydada müzakirə edilir. Azərbaycan mediası
daim inkişaf etməlidir. Əgər biz
keçmiş illərə nəzər salsaq, görərik
ki, son illərdə Azərbaycan jurnalistikası doğrudan da
böyük yol keçmişdir. Bu, sadəcə,
xoş sözlər deyil, bu, həqiqətdir. Əgər
15 il bundan əvvəlki qəzetləri vərəqləsək,
görərik ki, orada daha çox böhtan, təhqir, iftira
mövzuları üstünlük təşkil edirdi. Bəzi hallarda bu, bu gün də vardır. Ancaq onların miqdarı xeyli azalıbdır. Ona görə məsuliyyət və peşəkarlıq,
dəqiq informasiya mütləq hər bir medianın imicini
göstərir.
Eyni zamanda, əlbəttə ki, cəmiyyətdə mövcud olan problemlərlə bağlı media daim öz sözünü deməlidir. Dövlət maraqlarının təmin edilməsi, o cümlədən nöqsanların aşkarlanmasından keçir. Azərbaycanda xoşagəlməz halların mövcudluğu barədə mediada kifayət qədər dolğun məlumatlar vardır. Mən bunu alqışlayıram. Xüsusilə bürokratiya, korrupsiya, rüşvətxorluq, özbaşınalıq, yekəxanalıqla bağlı olan mövzular, araşdırmalar bizim ümumi işimizə dəstək verir. Milli mənəvi dəyərlərlə bağlı olan məsələlər, bəzi məmurlar tərəfindən bu dəyərlərə məhəl qoyulmaması - bütün bunlar diqqət çəkir. Eyni zamanda, media qurumlarının bu məsələlər ətrafında işləmələri diqqəti bu məsələlərə yönəldir və istər-istəməz müsbət təsir göstərir. Ona görə cəmiyyətin yaralarını aşkarlamaq, sağaltmaq üçün biz birlikdə çalışmalıyıq. Mən hesab edirəm ki, medianın bu funksiyası da çox önəmlidir.
Ümid edirəm ki, xoşagəlməz halların sayı gələcəkdə ölkəmizin sürətli və hərtərəfli inkişafı hesabına azalacaqdır. Hər halda, biz buna çalışırıq, çalışmalıyıq. Bir daha demək istəyirəm ki, biz müasir dövlət qururuq. Müasir dövlət quruculuğu üçün bizim bütün imkanlarımız vardır. İlk növbədə, biz siyasi iradəmizi, müstəqil siyasətimizi davam etdirməli, eyni zamanda, dünyadakı müsbət praktikanı Azərbaycanda tətbiq etməliyik. Burada mən heç bir problem görmürəm. Bizim şəraitimizə, milli adətlərimizə uyğun ən mütərəqqi təcrübə Azərbaycanda tətbiq edilməlidir. Ona görə inkişaf etmiş ölkələrin, xüsusilə demokratik inkişafla, media azadlıqları ilə bağlı təcrübəsi bizim üçün çox maraqlıdır, cəlbedicidir. Biz bu təcrübədən istifadə edirik və edəcəyik.
Mən
bu mükafata görə bir daha sizə minnətdarlığımı
bildirmək istəyirəm. Mən ikinci dəfə bu
yüksək ada layiq görülürəm. Bu, mənim
üçün böyük şərəfdir. Mənim həyatımda
çoxlu mükafatlar, təltiflər olubdur. Ancaq Azərbaycan
mediasının mükafatı onların içində
xüsusi yer tutur. Jurnalistlərin dostu kimi
çalışacağam ki, bundan sonra da azad jurnalistikanın
inkişafı üçün öz səylərimi əsirgəməyim.
Mən dostluqda sadiq adamam və hesab edirəm ki, bizim
dostluğumuz bundan sonra da uğurla davam edəcəkdir.
Sağ olun.
Azərbaycan.-2013.- 26 noyabr.- S.1,2.