Azərbaycan Prezidenti İlham Əliyevə
«Jurnalistlərin
dostu» mükafatı təqdim edilmişdir
Əməkdar jurnalist, Milli Məclisin deputatı Aqil ABBAS çıxış
edərək dedi:
- Möhtərəm Prezident,
əvvəla, Sizi bütün həmkarlarımızın
adından Azərbaycan
xalqının böyük
iradəsi, etimadı ilə yenidən Prezident seçilməyiniz
münasibətilə təbrik
edirik. Sizə uzun ömür,
cansağlığı arzulayırıq.
İnanırıq ki, böyük
Azərbaycan gəmisini
daha böyük dənizlərə, daha böyük uğurlara doğru aparacaqsınız. Eyni zamanda, deyim
ki, "Jurnalistlərin
dostu" mükafatını
Siz ikinci dəfədir alırsınız.
Əslinə qalsa, həqiqi sözümdür,
bu mükafatı Siz hər il almalısınız.
Çünki milli jurnalistikamıza,
azad sözə, azad mətbuata göstərdiyiniz yüksək
diqqət və qayğını bütün
Azərbaycan xalqı bilir. Bu ənənənin
təməli Ulu öndər tərəfindən
qoyulmuşdur. Ulu öndər
senzuranı ləğv
etdi. Sonra qəzetləri çətin
maliyyə durumundan xilas etdi. Nəşriyyatlara külli
miqdarda borclarımız
var idi. O vaxt möhtərəm ulu öndərimiz onu dondurdu, sonra
da borcların hamısını sildi. Yoxsa, bəlkə də bugünkü Azərbaycan mətbuatı
ola bilməzdi.
Ulu öndər onu etməsəydi, çox ağır bir vəziyyətə düşəcəkdi.
Sonra da Sizin apardığınız
siyasət, mətbuata
yüksək münasibətiniz
və Kütləvi İnformasiya Vasitələrinə
Dövlət Dəstəyi
Fondunu yaratmağınız
bu ənənənin layiqincə davam etdirilməsinin əyani sübutudur. Bu fond Sizin sərəncamınızla hər
il qəzetlərə
maliyyə dəstəyi
göstərir. Fondun büdcəsini bu il daha da artırmısınız.
Yəni bunlar hamısı azad sözün, azad mətbuatın inkişafı naminə edilir. Mən səmimi deyirəm,
Avropanı da, digər yerləri də görürük.
Azərbaycan mətbuatı heç
də Avropa mətbuatından, ya başqa ölkələrin
öndə gedən mətbuatından geri qalmır, nə azad sözünə, nə cəsarətinə,
nə də başqa amillərə görə. Özü
də möhtərəm Prezident,
Azərbaycanda çox
güclü jurnalistika
vardır. Azərbaycanda elə jurnalistlər
vardır ki, öndə gedən Avropa qəzetlərinə
dərs deyə bilərlər. Bu ənənənin qədim
kökləri vardır,
sovet dönəmində
də belə olub. Burada bizim gözəl
müəllimlərimiz, Şirməmməd
müəllim, Cahangir
müəllim əyləşib,
yəni bizə o dərsi onlar keçiblər.
Möhtərəm Prezident, mən
bir məsələni
də qeyd etmək istəyirəm. Əflatun müəllim dedi, dünyanın heç bir yerində görünməyib
ki, jurnalistləri dövlət evlə təmin etsin. Artıq dünyada belə bir qayda
yoxdur ki, kiməsə pulsuz ev versinlər. Yəni azad iqtisadiyyatı olan bir ölkədə hər kəs özü ev
alır. Amma Sizin jurnalistlərə bu
qədər diqqət
göstərməyiniz, onlarla
görüşləriniz, hər
görüşdə jurnalistləri
daha da ruhlandırmağınız
əsas amillərdən
biridir.
Möhtərəm Prezident, bir məsələni də qeyd etmək, bir problemi demək və bir arzumu
da bildirmək istəyirəm. Müəyyən
ixtisaslar var ki, məsələn, ali məktəblərə
qəbul zamanı qabiliyyət imtahanı götürürlər. Məsələn, idmanda, musiqidə, incəsənətdə və
s. Bu gün Azərbaycan
jurnalistikasında problemlərdən
biri də qabiliyyət imtahanının
olmamasıdır. Bunun
nəticəsində təsadüfi adamlar gəlib jurnalistikaya düşürlər ki, sonra onlar gedib
heç jurnalist işləmirlər
və yaxud da ki, işləyirlərsə
də, "sarı mətbuat"a çevrilirlər.
Əgər qabiliyyət imtahanı
tətbiq edilərsə,
Azərbaycan jurnalistikası
daha da güclənər,
daha da savadlı
olar, mətbuatımız
daha da inkişaf
edər.
Mənə elə
gəlir ki, bu, bütün jurnalistlərin ürəyindən
keçən bir
fikirdir.
Möhtərəm Prezident, Siz
təkcə jurnalistikaya yox, Azərbaycanın
bütün sahələrinə
xüsusi diqqət göstərirsiniz. Bir faktı
demək istəyirəm.
Biz Sizin sərəncamınızla
çəkilmiş "Dolu"
filminin Gürcüstanda
təqdimatını keçirirdik.
Onların məşhur bir
rejissoru var, biz onu inandıra bilmədik ki, Azərbaycanda filmlər dövlət hesabına çəkilir. Deyirdi
ki, elə bir şey ola bilməz. Onu inandıra bilmədik ki, hər il
Azərbaycanda televiziyalara
milli serialların çəkilməsi üçün
vəsait ayrılır.
Dedilər, xoşbəxt
insanlarsınız ki,
sizdə cizgi filmləri, bədii film, sənədli
film və milli seriallar çəkilməsi üçün
dövlət qayğı
göstərir, vəsait
ayırır. Bütün
sahələrə, ədəbiyyatımıza,
mədəniyyətimizə, incəsənətimizə
dövlət öz qayğısını göstərir.
Buna görə də biz Sizə
təşəkkür edirik.
Əsas odur ki, Azərbaycanı
Siz dünyada söz sahibi etmisiniz. Azərbaycanın dünyada yeri
var, bayaq özünüz qeyd etdiyiniz kimi, möhtərəm Prezident,
Azərbaycan başqalarının
sözü ilə oturub-durmur. Bu, bizi sevindirir. Azərbaycan öz
sözünü deyir.
Başqa
dövlətlərin, qonşu
dövlətlərin, kiminsə
təsiri altında deyildir. Sizin apardığınız bu
siyasət bütün
xalqın ürəyincədir
və biz jurnalistlərin
üzərinə nə
düşür? Biz jurnalistlər də apardığınız bu
uğurlu, müdrik siyasətdə xalqımızla
birlikdə Sizə dəstək oluruq. Sizin gördüyünüz
işləri, dünyada
gedən prosesləri işıqlandırmaq, ölkəmizə
qarşı aparılan
"qara piarlar"a
dərhal cavab vermək biz jurnalistlərin əsas vəzifəsidir. Biz bunu gücümüz daxilində
edirik və bu görüşdən sonra yəqin ki, bu proses
daha da güclənəcəkdir.
Möhtərəm Prezident, Sizin sərəncamınızla çəkilmiş
"Dolu" filmini Sizə təqdim edirik.
Azərbaycan.-2013.- 26 noyabr.- S.2.