Azərbaycan Prezidenti
İlham Əliyevə
«Jurnalistlərin dostu» mükafatı
təqdim edilmişdir
Əməkdar
lurnalist, professor Şirməmməd HÜSEYNOV
çıxış edərək dedi:
- Mən
65 ildir dövlət rəhbərlərinin, rəsmi
adamların çıxışlarını eşidirəm. Əksəriyyəti şparqalkadan oxuyanlar olub.
Qarşımızda yalnız Prezident
şparqalkasız danışdı, qəlbində
olanları, düşündüklərini söylədi.
Buradakı jurnalistlərə, sözün həqiqi
mənasında, Prezident dərs keçdi. Təşəkkür edirəm.
Üzeyir bəy 1918-ci ilin martın əvvəllərində
bildi ki, nə hazırlanır. Ailəsi ilə bərabər
1918-ci ilin martın əvvəlində getdi İrana. Yeddi aydan sonra - oktyabrın 23-də qayıtdı
Bakıya. Qardaşı Ceyhun Hacıbəyli
"Azərbaycan" qəzetinin redaktoru idi. Bu, aparıcı qəzet idi. Ceyhun
bəy bizim nümayəndə heyətinin tərkibində
Parisə getdi, Üzeyir bəy oldu redaktor. O vaxt müstəqil
dövlətin mətbuat sahəsində siyasətini müəyyənləşdirmək
lazım idi. Üzeyir bəy bunu qəzetdə
müəyyənləşdirirdi.
Nə yazsa yaxşıdır? Birinci yazdı ki, gərək
hər bir azərbaycanlı, hamı başa düşə
ki, bu Vətən də, bu millət də, bu dövlət də
bizimdir. Bu dövlətdə, bu Vətəndə
ögey övlad yoxdur. Hamı bu Vətənin
övladıdır. Bu Vətənin taleyi
hamının taleyidir. Jurnalistlərin vəzifələrini
müəyyənləşdirəndə dedi ki, bizim qəzetin
səhifəsi kimə açıqdır? Vətən
abadlığı birinci, millət salamatlığı ikinci,
camaat tərəqqisi üçüncü, dövlət
intizamı dördüncü, müstəqillik, istiqlal və
yenə də istiqlal. Kim bu mövzuda
yazırsa, bizim qəzetin səhifələri bir ananın
öz doğma övladına açdığı qucaq kimi
açıqdır.
İndi Prezidentə mətbuatın dostu mükafatı təqdim
edilir. Biz Vətən abadlığından yazanlarıq, Vətəni
abad edən deyilik. Biz millət
salamatlığından yazanlarıq. Biz
camaat tərəqqisindən yazanlarıq. Bu işləri,
Vətənin abadlığı işlərini kim
həyata keçirir? Siz və Sizin
başçılıq etdiyiniz iqtidar. Millət
salamatlığını kim təmin edir?
Siz və Sizin başçılıq
etdiyiniz iqtidar. Camaat tərəqqisini kim həyata
keçirir? Siz və Sizin
başçılıq etdiyiniz iqtidar. Müstəqilliyimizin
qarantı kimdir? Siz! Ona görə əgər
Siz bu işləri görməsəniz, biz jurnalistlər nə
yazarıq? Bizim vəzifəmiz nə olar?
Ona görə də Sizə "Jurnalistlərin
dostu" adını vermək qanunidir, təbiidir, seçim
düzdür. Sizi təbrik edirik.
Prezident
İlham ƏLİYEV: Sağ olun!
Şirməmməd
HÜSEYNOV: Təşəkkürüm var Sizə. Mənim səksən
doqquz yaşım var, gələn il 90
olacaqdır. Arzu edirəm mənim qədər
yaşayasınız. Mən
ömrümün böyük bir hissəsini Cümhuriyyət
tarixini öyrənmək işinə sərf etmişəm.
Çünki 110 il müstəmləkəçilik
rejimindən sonra 1918-ci il mayın 28-də Azərbaycan öz
müstəqilliyini elan etdi. Bu işin təşkilatçıları
var idi. Srağagün Məmməd Əmin
Rəsulzadə ilə bağlı sərəncam vermisiniz.
Mən Məmməd Əmin Rəsulzadənin
bütün irsini öyrənən, çap edən adamam.
Dörd cildini buraxmışam. Beşincini hazırlayıram. Təxminən
15 min səhifə. Mən ərəb əlifbası
ilə yazılmış 30-40 qəzetin səhifələrini
axtarmışam, bunları toplamışam. Ürəyimdə
deyirdim ki, bunları mən yazmamışam və heç yana da müraciət edən deyiləm.
Srağagün sərəncamınızı oxuyanda dedim ki,
görəsən, Prezident haradan bilirdi ki, mənim ürəyimdən
bu keçirdi? Yazmırdım, demirdim. Amma qəzetdə yazılmışdı ki, Məmməd
Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam
olur. Məmməd Əminlə mənim
aramda cəmisi 40 yaş fərqi vardır.
Yəni ona görə mənim Sizə ikinci təşəkkürüm
budur. Üçüncü bir xatirəmi danışmaq
istəyirəm. Bir kitab çıxıb,
Əziz Əliyev haqqında. Tahir
Talıblının kitabıdır. O professordur, kafedra
müdiridir. Əziz Əliyev haqqında həm
Azərbaycan, həm də rus dilində yazıb. Burada bir faktı yazıb. Mən
onu öz gündəliyimdə yazmışam. Amma çap etdirməmişəm və heç
yanda da bunu danışmamışam, deməmişəm.
Bu gün mən istəyirəm onu Sizə deyəm.
Deməli, Tahir Talıblı 1957-ci ildə
universitetin filologiya fakültəsinin beşinci kurs tələbəsi
idi. Mən müsahibə almaq
üçün gecə getmişdim Zevin küçəsində
Əziz Əliyevgilin evinə. Məqsədim
də bu idi ki, Bağırovun məhkəməsi olmuşdu,
bu barədə Əziz Əliyevin fikirlərini öyrənim.
Şəxsiyyətə pərəstiş,
Bağırov dövründə Əziz Əliyevin, bilirsiniz də,
başına oyun açmışdılar.
İstəyim bu idi ki, Əziz Əliyevin həmin
dövr haqqında fikirlərini qeyd edim. Çünki
o da bizim ən böyük dövlət xadimlərimizdən,
alimlərdən, Vətənini, dövlətini ən
çox istəyən adamlardan biri idi. Axşam
indi bu nə yazır. "Ə prişel k nim
veçerom", - bu adam da Əziz
Əliyevlə bir kənddəndir, ailəvi yaxındırlar,
- "Privel menə k qostinnuö komnatu, tam bıl Şirmamed
muallim i Aziz Aliev". Mən indi dünəndən
nəyi fikirləşirəm? Deyirəm ki, 56 il bundan əvvəl Əziz Əliyevlə
söhbət aparan bir adamam. 56 ildən sonra onun
nəvəsi, ölkənin Prezidenti olub. Mən
indi o Prezidentlə görüşə gedirəm.
Ona görə də Sizə həm təbrik, həm təşəkkür,
həm də tarixi fakt düşür. Mən Sizə
müvəffəqiyyət arzulayıram. Ən
azı mənim qədər yaşayasınız. Sağ
olun!
* * *
Azərbaycan
Mətbuat Şurasının nəzdində fəaliyyət
göstərən Ahıl Jurnalistlər Məclisinin sədri
Yusif KƏRİMOV çıxış edərək dedi:
- Möhtərəm
Prezident, fürsətdən istifadə edib mən də Sizi təbrik
edirəm. Siz jurnalistlərin təkcə dostu yox,
himayədarı və arxasısınız. Sizi ahıl jurnalistlər adından təbrik etmək
istəyirəm.
Sizinlə görüşdən istifadə edib bir
xahişimi bildirmək istəyirəm. Bizim
siyahımızda təxminən 70-80 insan vardır ki, həyətə
çıxmaq imkanı yoxdur, iki gözdən əlili,
şikəsti vardır. Onların mənəvi
dəstəyə, anılmağa, xətirlərini xoş etməyə
ehtiyacları vardır. Biz
çalışırıq və məramımız odur ki,
onları ictimaiyyətlə qovuşduraq, xüsusən gənclərlə
onların ünsiyyətini yaradaq ki, təcrübələrini
gənclik ilə bölüşsünlər. Mən həmişə
deyirəm, Mətbuat Şurasında çox qurumlar vardır,
amma onların ola bilər ki, bəziləri
öz dövrünü yaşayıb qurtarsın. Amma Ahıl Jurnalistlər Məclisi həmişə
olacaqdır. Çünki cavanlar qocalacaq,
ahıllar gedəcək, bu, beləcə dövr edəcəkdir.
Xahişim nədir?! Bu Məclis 2010-cu ildə
təşkil olunub. Ancaq ictimai əsaslarla
fəaliyyət göstəririk. Biz istədiyimiz
kimi işləyə bilmirik, çünki vəsaitimiz yoxdur,
bizə vəsait ayrılmır. Çox
xahiş edirəm ki, əlaqədar təşkilatlara göstəriş
verəsiniz. O insanları biz gedib evlərində
yoxlayırıq, o insanlara anım günü keçiririk,
dünyasını dəyişmiş görkəmli jurnalistlərimizin
xatirə günlərini keçiririk.
Vaxtınızı almaq istəmirəm, Sizə bir daha təşəkkür
edirəm. Bir daha təbrik edirəm ki, növbəti Prezident
seçkilərində çox böyük
üstünlüklə qalib gəldiniz. Bu, Sizin haqqınızdır, Sizin işinizin nəticəsidir.
Bayaq yaxşı dediniz ki, biz yaşlılar
müqayisə etməyi bir qədər yaxşı
bacarırıq. Çünki o dövrdə
də, bu dövrdə də yaşamışıq.
Sizinlə görüşə gələrkən yoldaşlara
deyirdim ki, təkcə bu prospekti salmaq üçün sovet
dövründə yüz il vaxt lazım
idi. Bu gün bütün Azərbaycan çox
sürətlə inkişaf edir, bu prospektdən də gözəlləri
yaradılıbdır.
Sağ
olun. Sizə uzun ömür, möhkəm
cansağlığı diləyirəm.
* * *
Prezident
İlham ƏLİYEV: Sağ olun. Çox sağ
olun.
* * *
"Yeni
Müsavat" qəzetinin baş redaktoru Rauf ARİFOĞLU
çıxış edərək dedi:
- Hörmətli
cənab Prezident.
"Jurnalistlərin dostu" mükafatını ikinci dəfə
almağınız münasibətilə Sizi təbrik edirəm. Həm də
Azərbaycanın media kapitanları qarşısında
çıxışınıza görə Sizə təşəkkür
edirəm. Çıxışınızda
həm Azərbaycan dövlətinin strateji kursu, həm də
dövlətin gələcəyində medianın rolunun
önəmi ilə bağlı çox mühüm mesajlar
verdiniz. Bu, bizi çox sevindirdi və
ümidləndirdi ki, Azərbaycan dövlətinin demokratik
inkişafının gələcəyində Azərbaycan
mediasının rolu Prezident tərəfindən olduqca ciddi
şəkildə göstərilir.
Dövlətin
dəstəyini hiss etmək çox gözəl bir şeydir.
Onu almaq daha da gözəldir. Biz neçə ildir ki, Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondundan Azərbaycanın yazılı mətbuatı olaraq dəstək
alırıq. Açığı, Sizə deyim ki,
hazırda Azərbaycanın yazılı mətbuatının
mövcudluğunun, yaşamının və
inkişafının iki qaynağı vardır: birincisi,
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondundan, onun
layihələrinin maliyyələşdirilməsi nəticəsində
əldə olunan qaynaqdır. Digəri isə
satış - qəzetimizin tirajının satışı nəticəsində
əldə etdiyimiz qaynaqdır.
Biz bu dəstək, o cümlədən burada sadalanan
mediaya göstərilən digər dəstək sayəsində
bu illər ərzində işlərimizi də müəyyən
qədər genişləndirə bilmişik. "musavat.com"
adlı bir portalımız vardır, MDB məkanında 1700-ə
yaxın resurs arasında 20-ci yerdədir, ilk iyirmilikdədir.
Ümumiyyətlə, bu, Azərbaycan
üçün böyük göstəricidir. Məlumat üçün Sizə onu deyim ki, nə
Ermənistandan, nə başqa bir respublikadan bu göstəricidə
təmsil olunan ikinci bir media qurumu yoxdur.
Eyni zamanda, bu imkanlardan istifadə edib rus dilində də
bir portal yaratmışıq. Bu da Sizin bayaq dediyiniz kimi, informasiya
mübarizəsi prosesində bizim rus dilində və rusdilli məkanda
dövlətimizə, onun kursuna strateji məsələlərdə,
müstəqilliklə, Dağlıq Qarabağla bağlı məsələlərdə
verə biləcəyimiz bir dəstəkdir.
Hörmətli cənab Prezident, əlbəttə ki, hər
bir sahədə, hər bir məsələdə olduğu
kimi, media sahəsində də problemlər vardır. Bunu Siz də
söylədiniz ki, nöqsanlar, qüsurlar olmamış
deyildir. Mən fürsətdən istifadə edərək
onlardan birini Sizin diqqətinizə
çatdırmaq istəyirəm. Bayaq da dediyim
kimi, Sizin dəstəyinizlə yaradılan Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondundan edilən yardımdan başqa bizim bir
qaynağımız da yayımla, qəzetimizin
satışından gələn gəlirlə
bağlıdır. Bilirsiniz ki, Bakı
şəhəri gündən-günə böyüyür,
gözəlləşir və son vaxtlar Bakı şəhərində
mövcud olan 500-ə yaxın qəzet köşkü yenilənmə
prosesini keçirib. Biz
açığı çox sevindik ki, köhnə
köşklərin yerinə yeni dizayn edilmiş köşklər
gətirilir. Sevindik ki, qəzetimizin
satışı daha da yüksələcək,
imkanlarımız daha da genişlənəcəkdir. Amma diqqətinizə çatdırım ki, çox
təəssüf, bu köşklərin Bakı şəhərində
qurulmasından sonra qəzet satışında müəyyən
problemlər oldu. Köşklər öz təyinatları
üzrə işləmədilər, açığı
bizim qəzeti, digər qəzetləri satmaqdan müəyyən
müddətdə hətta imtina etdilər. Görünür, onlar üçün digər
predmetlərin satışı daha maraqlıdır. Çünki qəzet satışı həm
ağrılı, həm hesabat istəyən prosesdir, həm də
qəzet o qədər bahalı bir əmtəə deyildir.
Digər tərəfdən də son vaxtlar metro
stansiyalarında qəzet satışının
yığışdırılması ilə bağlı
çox ciddi bir problem yaşamaqdayıq. Əlbəttə,
biz də başa düşürük ki, metro stansiyaları və
metro insanların gediş-gəlişi üçündür
və orada heç də hər şeyin satılması
doğru deyildir. Lakin burada da bir qayda
yaratmaq olar. İnsanlar hər gün işə
və evə əsasən metro ilə gəlib-getdiklərinə
görə bizim üçün çox maraqlıdır ki,
orada satış nöqtələrimiz olsun. Mən çox xahiş edərdim, - bununla
bağlı mənim Sizə rəsmi müraciətim də
olub, - nəzərə alın ki, dövlət dəstəyindən
başqa Azərbaycanda qəzetlər özləri də ayaq
üstə durmaq, güclənmək istəyirlər. Azərbaycan
vətəndaşlarına iş yeri açıb vergi ödəmə
prosesini sürətləndirmək istəyirlər. Ona görə də Sizin verdiyiniz mesajlardan da əminliyimi
bildirirəm və ümid edirəm ki, bu məsələlər
öz həllini tapacaqdır.
Sizin burada Dağlıq Qarabağla, ermənilərlə
kompromissiz siyasətlə, eləcə də Azərbaycanın
müstəqilliyi istiqamətində edilən təzyiqlərə
baxmayaraq, dövlətimizin öz müstəqilliyini
qoruması ilə bağlı verdiyiniz mesajları biz qəbul
edirik. Biz dövlət yardımını, sadəcə,
alıb özümüzü inkişaf etdirmək və istədiyimizi
yazmaq haqqında düşünmürük. Bizim də ictimai və dövlət
qarşısında olan vəzifələrimiz vardır.
Biz də bu siyasi və strateji kursda dövlətin
yanındayıq və bir sıra məqamlarda da biz bu dəstəyi
verməyə çalışmışıq.
Diqqətiniz üçün təşəkkür edirəm.
* * *
Prezident
İlham ƏLİYEV: Sağ olun.
* * *
"525-ci
qəzet"in baş redaktoru Rəşad MƏCİD
medianın inkişafına verdiyi dəstəyə görə
dövlət başçısına təşəkkür
edərək dedi:
- Hörmətli
cənab Prezident.
Sizə çox təşəkkür edirik ki, qısa
bir müddətdən sonra, Mətbuat Günündə o
görüşün həyəcanı ötməmiş
yenidən bizimlə bir yerdəsiniz, yenidən Sizinlə
görüşürük. Qısa müddət olmasına
baxmayaraq, həmin görüşdən sonra bir sıra
mühüm hadisələr baş verdi. Birincisi, jurnalistlər yenə öz seçimlərini
etdilər, Sizi Azərbaycan jurnalistlərinin dostu elan etdilər.
Sonra Azərbaycanda böyük bir proses oldu - prezident
seçkiləri keçirildi və Siz prezident seçkilərində
parlaq qələbə qazandınız. Həm
ikinci dəfə "Jurnalistlərin dostu" adını
almağınız, həm də böyük səs
çoxluğu ilə yenidən Azərbaycan Prezidenti
seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Seçki ərəfəsində biz sadə insanlarla
görüşürdük, onların Sizə münasibətini
görürdük. Seçki günü müşahidə
edirdik ki, insanlar necə sevinə-sevinə, bayrama gedirmişlər
kimi seçki məntəqələrinə gəlirdilər.
Bu sevgini, bu məhəbbəti qazanmaq, əlbəttə,
böyük şərəfdir. Siz bunu
öz fəaliyyətinizlə qazanmısınız. Biz bundan qürur duyuruq.
Sizin mətbuatla bağlı fikirlərinizə hər
zaman diqqət yetiririk. İndi də çox dəyərli fikirlər
dediniz. Bundan öncə Sizin Bakıda
keçirilən sonuncu Humanitar Forumda dediyiniz fikirlər həm
forum iştirakçıları, həm media tərəfindən
çox rəğbətlə qarşılanmışdı.
Bir balaca öz gileyinizi bildirdiniz, medianın
ancaq mənfi məsələləri daha çox
qabartdığını vurğuladınız. Təəssüf ki, bəzi media orqanları ancaq
kin-küdurət yaymaqla daha çox diqqət cəlb etmək,
populyarlıq qazanmaq niyyəti güdürlər. Hətta belə olur ki, pis bir ənənə
yaranır. Bizim gənc, yeni fəaliyyətə
başlayan jurnalistlər bu yolu tanınmağın yolu kimi qəbul
edirlər. Mənim yadımdadır ki, iki il
öncə jurnalistika fakültəsinin tələbələri
bir sayt açmışdılar. Həmin saytın ilk xəbərlərindən
biri də ekskluziv bir xəbər kimi bir az
da çox qürurla ki, bu xəbəri ilk dəfə biz
verdik, yaşlı bir şairin ölümü barədə
yazmışdılar. İndi aradan iki il
keçib, şair Allaha şükür, sağ-salamatdır.
Onda mən onları aradım və dedim ki, bəd xəbəri
tez verməyə heç vaxt tələsməyin. İllah da
ki, o bəd xəbər yalan ola. Amma bu ənənə hesab edirəm ki, çox pis ənənədir.
Mətbuat insanları artıq elə bil ki, xəstə
salır, onların təzyiqini qaldırır. Bu barədə
Sizin dediyiniz fikirlər çox
aktualdır. Mən başqa ölkələrdən
də dediyim kimi, forum iştirakçılarının bu
narahatçılığını gördüm. Arzu edirəm ki, bizim sənətimiz, bizim peşəmiz
ancaq xoş müjdələri yayan bir sənət kimi
tanınsın, insanlarda mənfi məqamlar qoymasın.
Sonra Mətbuat Şurası binasının
açılışında Sizin həm vətənpərvərliklə,
həm mətbuata xarici təsirlə bağlı dediyiniz
fikirləriniz, bu gün də bizim mediamızın xarici təsirdən
uzaq olmasını arzulamağınız barədə biz həmişə
düşünürük. Biz bilirik ki, illərlə müstəqilliyin
xiffətini çəkmiş, arzulamış bir ölkəni
sağdan, soldan, şimaldan, cənubdan çoxlu istəməyənlər,
paxıllar, gözü götürməyən ölkələrin
olduğu bir vaxtda müstəqilliyini qorumaq, saxlamaq, heç
kimə əyilməmək, eyni zamanda da inkişaf etdirmək,
gözəlləşdirmək çox çətin,
ağır bir prosesdir.
Bu prosesdə, əlbəttə, xarici qüvvələrin
marağı vardır ki, Azərbaycanda hansısa
narazılıqlar, narahatlıqlar olsun. Əgər
bizim hansısa mediamız bu niyyətlərin güdazına
gedirsə, buna dəstək verirsə, bəzən özgə,
düşmən dəyirmanına su tökürsə, əlbəttə
ki, bu, bağışlanmazdır. Sizin bu
narahatlığınızı başa düşürük
və inanıram ki, bütün mediamız bu məsələdə
Sizin fikirlərinizlə, dediyiniz vətənpərvərlik məqamları
ilə həmrəy olacaqdır.
Mən bu görüş barədə dünən
İstanbuldan beynəlxalq konfransdan gələrkən
Atatürk hava limanında zəngdən eşitdim. Əvvəl bir az karıxdım, fikirləşdim ki, ya
günləri qarışdırmışam ya səhv
eşitmişəm. Çünki bazar
günündə belə bir görüşün
olmasını fikirləşmirdim. Amma dəqiqləşdirəndən
sonra təsirləndim. Əlbəttə, təyyarədə
də bu barədə düşündüm.
Əvvəla onu deyim ki, həmin beynəlxalq konfransda bir
sıra ölkələrdən alimlər iştirak edirdilər. Onlar Bakıda
keçirilmiş Beynəlxalq Humanitar Forumdan
qayıtmışdılar. Onlar Azərbaycan, Bakı,
Sizin haqqınızda çox ürəklə
danışırdılar. Bəziləri forum
çərçivəsində Naxçıvanda, Qəbələdə
olmuşdular, çox heyranlıqla, ağızdolusu bəyəndiklərini
bildirirdilər.
Mən təyyarədə dostluq barədə düşündüm, müdriklərin fikirlərini xatırladım ki, dostluq nədir, necə olmalıdır. Düşündüm ki, dostluq insanın gözləmədiyi çətin bir məqamda hayına yetmək, qeybdən var olan kimi onun hansısa bir problemini həll etməkdir. Bu mənada 7-8 il öncə Azərbaycan yazılı mətbuatı yenə bir çətinlik yaşayırdı. Onu da deyim ki, ilk dəfə 2001-ci ilin dekabrında yazılı mətbuat üçün çox böyük, ağır bir proses olanda ümummilli lider Heydər Əliyev o vaxt mətbuatı, yazılı mətbuatı, qəzetləri məhv olmaqdan xilas etmişdi. Belə bir proses isə yeni medianın ortaya çıxması, qəzet satışında, reklam bazarında olan problemlərlə bağlı yarananda biz düşünürdük ki, bizim işimiz, məsləkimiz, ömrümüzü həsr etdiyimiz və zövq aldığımız bu sənəti davam etdirə biləcəyikmi? Qəzetlər bağlanmaq təhlükəsindədir, qəzetlərin iqtisadi imkanları məhduddur. Belə bir vaxtda qeybdən böyük dost əli çiynimizə qonub və fond yaranıb. O fondun sayəsində biz rahat nəfəs alırıq və qəzetlərimizin fəaliyyətindən əmin oluruq.
Sonra biz fikirləşirik ki, əməkdaşlarımız, uzun illər mediada çalışan işçilərimiz artıq vaxt keçir, yaşlaşırlar, bəzilərinin artıq övladları böyüyüb, kirayədə qalırlar. Belə bir vaxtda da yenə bizim böyük dostumuzun əli köməyə çatır və Siz 156 jurnalisti mənzillə mükafatlandırırsınız.
Bu
gün də sonuncu belə bir təəccübümüz
onda oldu ki, bazar günü, bu gün Azərbaycanda da,
dünyada da çox siyasi xadimlər dövlət adamları,
tanınmış insanlar vardır ki, Sizinlə
görüşməyin həsrətini çəkirlər,
çox istəyirlər Sizinlə görüşsünlər.
İstirahət günündə ailənizə,
doğmalarınıza ayıracağınız vaxtı bizə
sərf edirsiniz. Mən hesab edirəm ki, bu da dostluğun
böyük nümunəsidir. Biz Sizinlə dost olmaqdan
qürur duyuruq. İndicə dediniz ki, Siz də dostluğa
sadiqsiniz. Elə bilirəm ki, Siz başqa dövlət
başçıları, siyasət adamları
üçün bir nümunəsiniz ki, media ilə, jurnalistlərlə
belə dost olmaq olar.
Buna görə də Sizə hədsiz təşəkkürümü bildirirəm. Azərbaycan mətbuatına verdiyiniz dəyərə və bizim jurnalistlərə bu cür ürək qızdırdığınıza görə çox minnətdaram, çox təşəkkür edirəm.
Azərbaycan.-2013.- 26 noyabr.- S.2,3.