Azərbaycan Prezidenti İlham Əliyevə

 «Jurnalistlərin dostu» mükafatı təqdim edilmişdir

 

Prezident İlham Əliyevin yekun nitqi

 

 - Çox sağ olun, əziz dostlar! Dediyiniz sözlərə, mənim ünvanıma dediyiniz xoş sözlərə görə sizə minnətdaram. Burada bir neçə təklif səsləndi. İstərdim ki, bu təkliflərə öz münasibətimi bildirim. Qabiliyyət imtahanları ilə bağlı hesab edirəm ki, bu, çox düzgün təklifdir və bunu biz nəzərə almalıyıq. Çünki jurnalistika xüsusi bir peşədir. Burada, sadəcə olaraq, gələcək jurnalistlərin peşəkarlığı, bacarığı testlə ölçülə bilməz. Ona görə hansısa formada, - əgər bu qabiliyyət imtahanı olarsa, - mən buna etiraz etmirəm. Baxın hansı formada bunu etmək mümkündür.

Seriallarla bağlı Aqil müəllim öz fikirlərini bildirdi ki, Azərbaycanda televiziya seriallarına dövlət öz dəstəyini verir. Doğrudan da belədir. Bilirsiniz, bunun səbəbi ondan ibarət idi ki, Azərbaycan telekanallarında daha çox xarici seriallar nümayiş etdirilirdi. Bir çox hallarda bu seriallar xarici ölkələrin həyat tərzini, məişət münasibətlərini əks etdirirdi. Seriallar, əslində, milli seriallar olmalıdır ki, Azərbaycan vətəndaşlarının maraqlarını təmin etsin. Ona görə qərar qəbul edildi ki, xarici seriallar müvəqqəti olaraq Azərbaycan televiziyalarından çıxarılsın. Belə olan halda məsələ qalxdı ki, bəs yerli serialları çəkmək üçün imkan yoxdur. Ona görə də biz belə qərar qəbul etdik. Bu gün görürəm ki, müəyyən çətinliklər olsa da, hər halda artıq yerli seriallar maraq doğurur və burada bir neçə məqsəd güdülür. İlk növbədə, biz öz mövzularımız ətrafında tamaşaçılara məlumat veririk. Eyni zamanda, serialların çəkilişi, xüsusilə dövlət vəsaiti hesabına olanda iş yerlərinin yaradılmasına gətirib çıxarır ki, bu da aktyorlar, rejissorlar, ssenari müəllifləri və bu işlərlə məşğul olanlar üçün əlavə qazanc mənbəyidir. Əlbəttə ki, Azərbaycanda bundan sonra da həm kino, həm də seriallar çəkiləcəkdir. Azərbaycan dövləti bu sahəyə öz dəstəyini bundan sonra da əsirgəməyəcəkdir.

Şirməmməd müəllimin çıxışı mənim üçün çox böyük maraq doğurdu. Doğrudan da bu, bir qədər gözlənilməz oldu. Sözün düzü, mən bilmirdim ki, siz babam Əziz Əliyevlə təmasda olmusunuz. Bu, mənim üçün də çox maraqlı, əziz xatirələrdir. Doğrudan da 1950-ci illərdə babamla görüşmüsünüz.

Sizə öz hörmətimi bildirmək istəyirəm. Mən sizin fəaliyyətinizi çox yüksək qiymətləndirirəm. Yadımdadır ki, 1970-ci illərdə siz Azərbaycan televiziyasında siyasi icmal verilişi aparırdınız. Mən o vaxt sizin verilişinizi maraqla izləyirdim. O vaxt sovet televiziyasında belə bir veriliş var idi - "Politiçeskoye obozreniye". Onu Zorin aparırdı, ondan sonra başqaları aparırdı, bizdə isə siz aparırdınız. O vaxt xarici siyasətlə, başqa ölkələrdə baş verən hadisələrlə bağlı bizim məlumatımız yox idi. Çünki qəzetlərdə bu məlumatlar çox az verilirdi. Ona görə bu icmaldan biz məlumat əldə edirdik və o vaxtdan sizi mən qiyabi tanıyıram, sizin fəaliyyətinizi  çox yüksək qiymətləndirirəm.

Azərbaycan xalqı, xüsusilə Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı sizin işinizə çox yüksək qiymət veribdir. Bu, doğrudan da bizim tariximizin şanlı səhifəsidir, müsəlman aləmində ilk demokratik respublika olmuşdur. Respublikanın baniləri Azərbaycan xalqı qarşısında çox böyük xidmətlər göstərmişlər. Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, digər rəhbərlər, onların dünyagörüşü, cəsarəti, xalqa olan bağlılığı hər bir azərbaycanlı üçün bir nümunədir. Ona görə onların əziz xatirəsi bizim üçün daim qürur mənbəyidir. Müstəqillik mövzularında araşdırmalar nəticəsində yaradılan əsərlərə böyük ehtiyac vardır. Çünki bugünkü Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və bizim əsas müstəqillik bayramımız da 28 May bayramıdır. Çünki o vaxt Azərbaycanın dövlətçilik əsasları qoyulmuşdur.

Ancaq biz yaxşı bilirik, siz də hamıdan yaxşı bilirsiniz, o vaxt ölkə ətrafında və hətta ölkə daxilində gedən proseslər imkan vermədi ki, bu müstəqillik qorunsun. Cəmi 2 ildən sonra müstəqillik əlimizdən alınmışdır. O vaxt bolşeviklərin böyük yalanlarından biri də məhz bu olmuşdur. Çünki biz yaxşı bilirik ki, bolşeviklər bir neçə əsas şüarla hakimiyyətə gəlmişdilər - torpaq kəndlilərə, fabriklər fəhlələrə, xalqlara müstəqillik, özgürlük, hürriyyət. Heç birini də etmədilər. Axırıncını da, müstəqilliyi də əlimizdən aldılar. Amma tarixi şans elə gətirdi ki, bu xoşbəxtlik Azərbaycana bir daha nəsib oldu. Olmaya da bilərdi. Çünki o vaxt Sovet İttifaqı, əlbəttə, ağır vəziyyətdə idi, amma çökməyə də bilərdi. O vaxt çökməsəydi, ola bilsin ki, bu gün də, necə deyərlər, ölkə hələ yaşaya bilərdi. Hər halda, belə ehtimal da olmuşdur. Ona görə də bu tarixi şans idi. Azərbaycanda xalq hərəkatı, müstəqillik uğrunda gedən mübarizə, digər bəzi postsovet ölkələrində gedən mübarizə, əlbəttə ki, Sovet İttifaqının süqutunu şərtləndirmişdir.

Bir daha demək istəyirəm ki, biz bu şansı əldən verə bilmərik. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində proseslər narahatedici idi. Bu gün isə bizim dövlət müstəqilliyimiz artıq sarsılmazdır. Müstəqillik mövzuları daim gündəlikdə olmalıdır və tarixi paralellər aparılmalıdır. Buna da böyük ehtiyac vardır. Müstəqilliyin üstünlükləri, - mən həmişə bu barədə danışıram, - nədən ibarətdir. Bu gün Azərbaycan heç vaxt tarixdə olmadığı kimi güclü bir ölkədir. Bugünkü Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan ölkədir. Bizim incəsənətimiz, idmanımız tarixdə ən yüksək səviyyəyə qalxmışdır. Bir neçə gün bundan əvvəl mən şahmat komandamızın nümayəndələrini qəbul etdim. Avropa çempionu olmuş Azərbaycan şahmat komandası yenə də Avropa çempionudur. Sovet dövründə bunu heç təsəvvür etmək mümkün deyildi. Bir-iki şahmatçımız var idi. Onlar da şahmat cədvəlində təqribən 10-cu, 15-ci yerlərdə idilər. Bax, budur müstəqilliyin üstünlükləri - müstəqil siyasət, güclü iqtisadiyyat, cəmiyyətdə hökm sürən ab-hava, milli həmrəylik. Bütün bunlar müstəqilliyimizin üstünlükləridir. Hesab edirəm ki, jurnalistlər də bu mövzular ətrafında bundan sonra da öz sözünü deyəcəklər.

Biz ahıl jurnalistlərin vəziyyəti ilə bağlı qaldırılan məsələyə də baxa, dövlət dəstəyini göstərə bilərik. Bu hansı formada ola bilər, onu siz müəyyən edin. Biz buna mütləq baxmalıyıq. Çünki Azərbaycanda, ümumiyyətlə, hər bir sahədə xidmət göstərmiş, böyük işlər görmüş veteranlara çox böyük diqqət göstərilir. Bu, belə də olmalıdır. Bu, bizim cəmiyyətimizin əsaslarını təşkil edir. Hər bir cəmiyyətin, o cümlədən Azərbaycan cəmiyyətinin mənəvi dayaqları, sütunları vardır. Bunların içində yaşlı nəslə münasibət, hesab edirəm ki, ön plandadır. Heç də hər bir ölkədə belə deyildir. Azərbaycanda bu sahədə də tarixdən gələn meyillər, sifarişlər onu göstərir ki, bizim cəmiyyətimiz bu sahədə də nümunə ola bilər. Bir qədər bundan əvvəl mən yeni tikilmiş ahıllar evinə baş çəkdim, maraqlandım. Əlbəttə, orada şərait çox gözəl idi, beşulduzlu otelə bənzəyirdi. Ancaq maraqlandım və mənə məlumat verdilər ki, Azərbaycanda cəmi bir neçə belə ahıllar evi vardır. Nəyə görə, çünki buna ehtiyac yoxdur. Çünki bizdə böyüklərə, yaşlı insanlara hörmət həmişə cəmiyyətimizin dayağı olmuşdur. Bu gün də belədir və hər bir cəmiyyətin dayaqları möhkəm olmalıdır. Bizim milli adət-ənənələrimiz, milli bayramlarımız, böyüklərə olan hörmət, böyük-kiçik münasibətləri daim qorunmalıdır və qloballaşan dünyada buna daha da böyük diqqət verilməlidir. Çünki qloballaşma bir çox hallarda eyniləşmə prinsipi əsasında təsvir edilir. Buna yol vermək olmaz. Biz öz milli və dini adət-ənənələrimizi qorumalıyıq, saxlamalıyıq və gələcək nəsillər, gənc nəsil də milli ruhda böyüməlidir. Mən bu barədə də dəfələrlə fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm və əminəm, siz hamınız bununla razılaşarsınız ki, gənclər milli ruhda, vətənpərvərlik ruhunda böyüməlidirlər və yaşlı nəslə olan hörmət, eyni zamanda, bu gözəl hissləri daha da gücləndirir.

Burada medianın problemləri ilə bağlı qaldırılan digər məsələlərə də toxunmaq istərdim. Satışla bağlı. Hesab edirəm ki, burada da, əlbəttə, ciddi düzəlişlərə ehtiyac vardır. Deyə bilərəm ki, Bakıya yeni köşklərin gətirilməsi təşəbbüsü də məndən gəlmişdir. Çünki şəhərimizin hər bir tərəfi gözəlləşir, abadlaşır və gördüm ki, köhnə, sınıq-salxaq köşklər bizim şəhərimizə yaraşmır. Ona görə dövlət hesabına yeni köşklər alınmış və fəaliyyətə başlamışdır. Amma ondan bir müddət sonra şəhərdə, şəhərin müxtəlif yerlərində olarkən görürdüm ki, bu köşklər bir növ kiçik bazarlara çevrilir, onun ətrafında meyvə-tərəvəz, ət məhsulları və s. satılır. Ciddi irad tutdum ki, bunu yığışdırın. Köşkün daxili o qədər rahat qurulub ki, orada qəzetlər, şokolad, əşyalar, hər şey satıla bilər. Amma biz köşkün ətrafını bazara çevirməməliyik.

Eyni zamanda, mən hər zaman orada qəzetlərin də asıldığını görürdüm. Əgər indi məsələ qaldırılır ki, orada qəzetlər satılmır, mən bu məsələni aydınlaşdıracağam. Əgər belədirsə, göstəriş veriləcəkdir ki, bu köşklərdə ilk növbədə qəzetlər satılsın, heç bir məhdudiyyət olmasın. Əli Həsənov bu barədə mənə məlumat verdi ki, bəzi hallarda qəzetlər asılır, ancaq məhdud sayda. Vətəndaşlar istədikləri qədər qəzet ala bilmirlər. Biz bu məsələni yoluna qoyacağıq. Burada heç bir məhdudiyyət ola bilməz. Qəzet satışı ilə bağlı heç bir məhdudiyyət yoxdur və olmamalıdır.

Onu da qeyd etməliyəm, bəzi hallarda bizi bəzi beynəlxalq, xüsusilə qeyri-hökumət təşkilatları əsassız tənqid etməyə çalışırlar ki, Azərbaycanda mediaya qarşı siyasət düzgün deyildir, media boğulur, medianın problemləri vardır.

Mən həmişə cavab olaraq deyirəm ki, Azərbaycanda azad internet vardır və internet istifadəçilərinin sayı 70 faizdən yuxarıdır. Bu gün Azərbaycan dövləti hər bir şəhərə dövlət hesabına genişzolaqlı internet çəkir. Bu layihə dövlət tərəfindən icra ediləcəkdir. Əminəm ki, yaxın bir neçə il ərzində hər bir şəhərə genişzolaqlı internet çəkiləcəkdir. Eyni zamanda, indi kəndlərdə də internet vardır. Mənim göstərişimlə nazirlərin bölgələrə səfərləri əsnasında, o cümlədən əhalidən gələn təkliflər də təhlil edilir. Onların içində bir təklif də ondan ibarətdir ki, qəbula gələn bir kənd sakini demişdi ki, bizim kənddə internet pis, fasilələrlə işləyir, mən işləyə bilmirəm. Yəni dövlət bu işi öz üzərinə götürmüşdür.

Azad internet olan halda heç bir məhdudiyyətdən söhbət gedə bilməz. Əgər kimsə qəzet satışını qadağan edirsə, yaxud da ki, məhdudiyyət qoyursa, bu, dözülməzdir. Buna yol vermək olmaz. Bax, yəqin ki, indi məni eşidəcəklər. Əlavə göstərişlər də verəcəyəm ki, heç bir məhdudiyyət olmasın.

Medianın bəzi hallarda diqqəti mənfi məsələlərə cəlb etməsinə Rəşad da toxundu, mən də bu barədə demişəm. Doğrudan da bu, belədir. Bu, necə deyərlər, bir meyildir - Qərbdən gələn meyildir. İlk xəbərlər ancaq mənfi reaksiya doğura biləcək xəbərlərdir - ya zəlzələ, ya maşın qəzası, ondan sonra hansısa ölüm hadisəsi. Əlbəttə bu, insanların şüuruna da müsbət təsir etmir. Çünki cəmiyyətimizin üstünlüyü ondan ibarətdir və bunu Azərbaycana gələn qonaqların demək olar əksəriyyəti qeyd edir ki, cəmiyyətdə çox gözəl ab-hava vardır. Xarici qonaqları qəbul edərkən bir çox hallarda mənə deyirlər ki, əlbəttə, Bakının gözəlliyi, inkişafı onları təsirləndirir. Amma insanların üzündə olan təbəssüm, xoş əhval-ruhiyyə onları doğrudan da daha çox təəccübləndirir. Çünki biz bir çox şəhərlərdə başqa mənzərə ilə üzləşirik. Mən də xaricdə olarkən görürəm, siz də olursunuz, görürsünüz. Yəqin ki, bu, bizim cəmiyyətimizin üstünlüyüdür. Ola bilər ki, ölkədə gedən müsbət proseslər, insanların rifah halının yaxşılaşması, ümumiyyətlə, sabitlik, sakitlik, təhlükəsizlik - bütün bu amillərə biz, necə deyərlər, artıq vərdiş etmişik. Amma heç də hər yerdə belə deyildir. Ona görə cəmiyyətdə müsbət meyillərin inkişafı üçün mən demirəm ki, bütün xəbərlər ancaq xoş xəbərlər olsun. Əlbəttə ki, müxtəlif xəbərlər ola bilər. Amma hər halda, burada balans gözlənilməlidir, saxlanılmalıdır ki, Azərbaycan cəmiyyəti həmişə olduğu kimi, nikbin olsun. Hesab edirəm bu, Azərbaycanı bir çox ölkələrdən fərqləndirən amillərdən biridir ki, Azərbaycana gələn hər bir qonaq özünü çox rahat hiss edir.   

Xalqımız çox qonaqpərvər, tolerant xalqdır. Eyni zamanda, Azərbaycanda ictimai asayiş qorunur, təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Başqa ölkələrlə müqayisədə cinayətkarlıq çox aşağı səviyyədədir. Gün ərzində ölkə üzrə təxminən 30-40 cinayət baş verir, onların böyük əksəriyyəti məişət xarakteri daşıyır. Ona görə, əlbəttə ki, mən bu barədə hər hansı  göstəriş vermək istəməzdim. Amma hesab edirəm ki, müsbət və necə deyərlər, digər xəbərlərin balansı gözlənilərsə pis olmaz.

Bizim görüşümüzün bazar gününə təsadüf etməsi də mənim üçün adi iş cədvəlidir. Mənim üçün bazar günləri də iş günüdür. Bu gün hələ bir görüşüm də olacaqdır. Dünən də olubdur. Elə olur ki, mən həftələr ərzində bazar günlərində də işləyirəm. Elə olur ki, istirahət üçün daha çox vaxt olur. Prezidentlərin işi belədir ki, heç bir cədvələ sığmır. Mən ötən bazar gününü Kiyevdə keçirmişəm, ondan sonra Avstriyada. Bakıda qonaqlar olub. Dünən, bu gün, sabah. Həyat davam edir. İş çoxdur. Əgər biz doğrudan da böyük nailiyyətlərə çatmaq istəyiriksə, gərək hamımız fəal işləyək. Əminəm ki, işin nəticələrini görəndə hər bir vətəndaş sevinir. O cümlədən görəndə ki, media cəmiyyətində də xoş əhval-ruhiyyə var, bu, məni doğrudan da çox sevindirir. Belə də olmalıdır.

Bir daha demək istəyirəm ki, siyasi baxışlar müxtəlifdir. Bu, təbiidir. Siyasi mübarizə aparılır, aparılmalıdır. Əlbəttə, mən istərdim ki, bu mübarizə daha çox sivil qaydada aparılsın. Son prezident seçkiləri və ondan sonrakı dövr onu göstərir ki, Azərbaycanda siyasi mədəniyyət artır.

Media nümayəndələri, iqtidar-müxalifət nümayəndələri də öz aralarında məsələlərini həll etməlidirlər. Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hamımızın bir Vətəni vardır - Azərbaycan. Hamımız vətənpərvərik, Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin inkişafı ilə bağlı müxtəlif fikirlərimiz olsun. Kimsə kimisə istəməyə bilər. Bu da təbiidir. Ancaq biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq. Bugünkü görüş hesab edirəm ki, onu göstərir. Media məsələlərinin, digər məsələlərin həlli ilə bağlı Azərbaycanda heç bir ayrı-seçkilik yoxdur, ola bilməz. Jurnalistlər üçün mənzillərin verilməsi bir daha bunu göstərdi. O tədbirdən gedəndən sonra mənə dedilər ki, açıq, şəffaf şəkildə püşkatma da oldu. Belə də olmalıdır.

Mən hesab edirəm ki, bizim belə görüşlərimiz böyük məna daşıyır. Biz görüşürük. Deyə bilmərəm ki, tez-tez görüşürük, amma vaxtaşırı görüşürük. Əminəm ki, bundan sonra da belə görüşlərimiz olacaqdır. Ancaq burada bir problem ola bilər. Gələcəkdə, əgər bundan sonra da mən mediaya dəstəyimi verəcəyəmsə və bunu artıracağamsa, istisna edilmir ki, siz məni üçüncü dəfə "Jurnalistlərin dostu" seçəcəksiniz. Bir daha bu mükafata görə Sizə minnətdaram. Sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.   

 

* * *

 

Sonda xatirə şəkli çəkdirildi.   

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-  26 noyabr.- S.3,4.