Bakı Turizm Peşə Məktəbində Təhsil-Təlim Mərkəzinin açılışı oldu

 

Noyabrın 25-də Mədəniyyət və Turizm Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə layihəsi çərçivəsində Bakı Turizm Peşə Məktəbində turizm sahəsi üzrə peşəkar kadrların hazırlanması məqsədi ilə yaradılan Təhsil-Təlim Mərkəzinin açılışı olmuşdur.

İki qurum arasında 2012-ci il noyabrın 13-də "Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi" adlı ikiillik layihənin birgə həyata keçirilməsinə dair müqavilə imzalanmışdır.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək layihənin əhəmiyyətindən danışmış, iştirakçıları mərkəzin fəaliyyətə başlaması münasibətilə təbrik etmişdir. Bildirmişdir ki, layihə sahə üçün yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində Bakı Turizm Peşə Məktəbinin fəaliyyətinin gücləndirilməsi və məktəb məzunlarının peşəkarlığının artırılması və rəqabətə davamlılığı yüksəltmək məqsədi daşıyır. Layihə çərçivəsində bu məktəbin idarəetmə sistemi gücləndiriləcək, tədris və təlim planları təkmilləşdiriləcəkdir. Layihə turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi, bu sahədə ixtisaslı kadrların hazırlanması, yerli xidmət səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və mövcud problemlərin həllinə yardımı da nəzərdə tutur.

BMT-nin rezident əlaqələndiricisi, BMTİP rezidentinin nümayəndəsi Antonius Broek son 60 ildə dünya turizm sektorunun davamlı inkişafından danışmışdır.

Azəbaycanın Avropada sürətlə inkişaf edən yeni turizm məkanlarından birinə çevrildiyini deyən A.Bruk qeyd etmişdir ki, BMT-nin Dünya Turizm Təşkilatının göstəricilərinə əsasən 2012-ci ildə bu ölkədə həyata keçirilən beynəlxalq uçuşların sayı 27 faiz artmış və bu göstəricinin gələcəkdə artacağı gözlənilir. O, Azərbaycan iqtisadiyyatının genişlənməsi, regionların inkişafı üçün turizmin həlledici rol oynadığını və bunun da "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında öz əksini tapmasını alqışladıqlarını söyləmişdir.

Sonra tədbir iştirakçıları təlim mərkəzi ilə tanış olmuşlar. İlk təlimlərdə Türkiyə və Ukraynadan turizm xidməti sahəsində peşəkar ekspertlər iştirak etmişlər.

Layihə çərçivəsində yerli və xarici ekspertlər tərəfindən Bakı Turizm Peşə Məktəbinin müəllimləri və tələbələri üçün müvafiq təlim kurslarının, eləcə də Bakıda fəaliyyət göstərən mehmanxana və iaşə obyektlərinin nümayəndələri üçün xidmət sahəsində təlimlərin keçirilməsi nəzərdə tutulur.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 26 noyabr.-S.6.