Bakıda «Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəlvətilik» mövzusunda beynəlxalq simpozium keçirildi

 

Noyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində "Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəlvətilik" mövzusunda beynəlxalq simpozium keçirilmişdir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu, Qafqaz Universitetləri BirliyiMilli Tolerantlıq Mərkəzi ilə birlikdə keçirdiyi simpoziumda Azərbaycanla yanaşı, Türkiyə, Orta AsiyaBalkan ölkələrindən  çoxsaylı qonaqlar, elm adamları və din xadimləri iştirak etmişlər.

Simpozium "Əbədi işığın abidəsi: Şamaxı cümə məscidi" filminin nümayişi ilə başlamışdır.

Tədbirdə çıxış edən DQİDK-nın sədri Elşad İsgəndərov ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamını xatırladaraq son 200 ildə Azərbaycan ilə Türkiyənin bir-birinə indiki qədər yaxın olmadığını, bu gün iki qardaş ölkənin daha da yaxınlaşması üçün böyük tarixi şans yarandığını bildirmişdir.

Diqqətə çatdırılmışdır ki, ötən ay Parisdə UNESCO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Seyid Yəhya Bakuviyə həsr edilmiş beynəlxalq simpozium keçirilmişdir. "Seyid Yəhya Bakuvi: Tolerantlığın ifadəsi" adlı həmin simpozium UNESCO tərəfindən 2013-cü ilin "Bakuvi ili" elan edilməsi ilə əlaqədar komitə tərəfindən keçirilmiş 30-dan artıq silsilə tədbiri beynəlxalq müstəviyə çıxarmışdır.

Seyid Yəhya irsinin və təsəvvüf yolunun Azərbaycanda milli kimliyin əsasında duran dini tolerantlığın təşəkkül tapmasında xüsusi əhəmiyyətə malik olduğunu vurğulayan E.İsgəndərov bildirmişdir ki, ölkəmizdə uzun əsrlər boyu formalaşmış tolerantlıq ənənələri bu gün Azərbaycan dövləti tərəfindən hərtərəfli təşviq edilir. Seyid Yəhya Bakuvionu şöhrətləndirən Xəlvətiyyə təriqətinin dünyaya bəxş etdiyi irs istər dinlərarası tolerantlıq dünyagörüşünün təbliğində, istər məzhəblərarası münaqişələrin qarşısının alınmasında, istərsə də dini radikalizmlə mübarizədə bu günöz aktuallığını itirməmişdir.

Tarixi şəxsiyyətlərin tanıdılmasının önəmindən danışan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə son illər bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işləri yüksək qiymətləndirmiş, DQİDK-nın son illərdə həyata keçirdiyi layihələri təqdir etmişdir.

Seyid Yəhya Bakuvi ilə bağlı bir neçə gün əvvəl Əskişəhərdə keçirilən simpoziumu xatırladan Türkiyənin diyanət işlər sədrinin müavini Hasan Yılmaz qeyd etmişdir ki, silsilə tədbirlərə məhz Bakıda,  mütəfəkkirin öz vətənində yekun vurulması olduqca məntiqidir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə UNESCO tərəfindən 2013-cü ilin "Bakuvi ili" elan edilməsini yüksək qiymətləndirən qonaq vurğulamışdır ki, bu, dahi mütəfəkkirin bütün islam dünyası qarşısında xidmətlərinin tanıdılması istiqamətində çox böyük addımdır.

Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirmişdir ki,  Seyid Yəhya Bakuvi əsərlərini müxtəlif dillərdə yazsa da, əsas əsərini ana dilində qələmə almış, bununla da Azərbaycan fəlsəfə elminə öz töhfəsini vermişdir. Bu gün ölkəmizdə təhsil islahatlarının davam etdiyi bir vaxtda Bakuvi irsinin öyrənilməsi çox önəmlidir.

Simpoziumda Milli Məclisin deputatı Qənirə Paşayeva, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynov, Türkiyənin təhsil nazirinin müavini Orhan Erdem və başqaları çıxış edərək Seyid Yəhya Bakuvi irsinin əhəmiyyətindən danışmış, onun dünyaya tanıdılması istiqamətində görülən işləri yüksək dəyərləndirmişlər.

Tədbir konsert proqramı ilə davam etmişdir.

 

Azərbaycan.-2013.- 26 noyabr.-S.6.