Belarusun baş səhnəsində dünya şöhrətli Azərbaycan bəstəkarı

 Qara Qarayevin «Yeddi gözəl» baletinin premyerası

 

Noyabrın 23-də Belarus Respublikasının Milli Akademik Böyük OperaBalet Teatrında görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin "Yeddi gözəl" baletinin tamaşası tam anşlaqla keçmişdir.

XII əsrin böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Xəmsə" ("Beşlik") silsiləsinə daxil olan "Yeddi gözəl" poemasının motivləri əsasında yazılmış balet Belarus teatrının quruluşunda təqdim edilmişdir.

Baletin premyerası Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, habelə Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının dəstəyi ilə həyata keçirilmişdir.

Tamaşanın quruluşçu dirijoru Vyaçeslav Voliç, quruluşçu rəssam Aleksandr Kostyuçenko (hər ikisi Françiska Skorina medalına layiq görülmüşdür), geyim üzrə rəssam Yekaterina Bulqakova, işıq üzrə rəssam İldar Bederdinovdur.

Bəhram şah rolunda Belarusun əməkdar artisti Anton Kravçenko çıxış etmiş, əsas qadın partiyasını (Aişə) Belarus Respublikasının əməkdar artisti İrina Yeromkina ifa etmişdir. Çoban Mənzər rolunda beynəlxalq müsabiqələr laureatı Konstantin Geronik, vəzir rolunda isə Belarusun əməkdar artisti Konstantin Kuznetsov çıxış etmişlər.

Tamaşa başa çatandan sonra tələbkar Minsk tamaşaçıları Qara Qarayevin ölməz musiqisinin möhtəşəmliyini, artistlərin və musiqiçilərin virtuozluğunu, milli koloriti əks etdirən dekorasiyaların gözəlliyini ayaq üstə, sürəkli alqışlarla, "bravo" və "bravissimo" sədaları ilə qarşılamışlar.

İki ölkənin profil nazirlikləri, Azərbaycanın Minskdəki səfirliyi, Belarusun dövlət qurumları və ictimai təşkilatları, qədirbilən tamaşaçılar adından səhnəyə çoxlu gül səbətləri və buketlər gətirilmişdir.

Baletin premyerasında Belarus hökumətinin nümayəndələri, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəsmi nümayəndə heyətinin üzvləri, ölkəmizin Belarusdakı səfirliyinin işçiləri, Minskdə akkreditə edilmiş diplomatik korpusun, Belarus ictimaiyyətinin nümayəndələri, Belarus Milli Akademik Böyük OperaBalet Teatrının rəhbərliyi, Belarusun Azərbaycan icmaları konqresinin fəalları, Rusiya, Macarıstan, Norveç və digər ölkələrdən gəlmiş xarici qonaqlar iştirak edirdi.

Baletin premyerasından sonra AzərTAc-ın Minskdəki xüsusi müxbiri bu mədəni tədbirin həyata keçirilməsində iştirak etmiş Azərbaycan və Belarus tərəflərinin nümayəndələrindən müsahibələr almışdır.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri, professor Fərəh Əliyeva bildirmişdir: "Belarus Mədəniyyət NazirliyiBelarus Milli Akademik Böyük OperaBalet Teatrı ilə bizim  birgə layihəmiz Qara Qarayevin anadan olmasının 95 illiyinə həsr edilmişdir. Layihənin məqsədi Azərbaycanın görkəmli bəstəkarının irsini, bütövlükdə bizim mədəniyyəti və incəsənəti təbliğ etmək, Azərbaycanın xarici ölkələrdə imicini möhkəmlətməkdir. Bu xoş mərama və gözəl layihənin parlaq şəkildə həyata keçirilməsinə görə belaruslu dostlarımıza və həmkarlarımıza təşəkkür edirik. Onu da qeyd etmək istərdim ki, bundan sonra "Yeddi gözəl" baleti Belarus Böyük Teatrının daimi repertuarına daxil edilmişdir".

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbərinin müavini Cavanşir Cəfərov demişdir: "Keçən il biz Minskdə qastrol səfərində olarkən "Yeddi gözəl" baletini Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının quruluşunda təqdim etdik. Tamaşa bizim belaruslu tərəfdaşlarımızda səmimi maraq doğurdu. Elə həmin vaxt bu layihənin həyata keçirilməsi - dünya incəsənətinin incisi olan "Yeddi gözəl" baletinin Belarusun baş səhnəsində tamaşaya qoyulması qərara alındı. Minskli klassik incəsənət sərraflarının bu premyeraya necə səmimi və şövqlə reaksiya verməsini özünüz gördünüz".

Belarus Milli Akademik Böyük OperaBalet Teatrının baş direktoru Vladimir Qridyuşko AzərTAc-ın müxbiri ilə müsahibəsində demişdir: "Bu layihənin həyata keçirilməsi Belarus və Azərbaycan xalqları, müstəqil dövlətlərimizin prezidentləri Aleksandr Lukaşenkoİlham Əliyev arasında səmimi və möhkəm dostluğun davamıdır. Dünya klassikasının şedevri "Yeddi gözəl" baletinin premyerası Belarus Milli Akademik Böyük OperaBalet Teatrı və Azərbaycan Dövlət Akademik OperaBalet Teatrı ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilmişdir.

Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının rəhbərliyi ilə çox səmimi, etimada əsaslanan yaradıcı əlaqələrimiz formalaşmışdır. Bu əlaqələr humanitar sahədə ikitərəfli münasibətlərimizin daha da genişlənməsinə və möhkəmlənməsinə xidmət edir".

Beynəlxalq və Ümumittifaq müsabiqələr laureatı, tamaşanın libretto müəllifi, xoreoqraf, quruluşçu rejissor Yuri Puzakov: "Öz yaradıcılıq yolunda Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin musiqisi ilə görüşmək böyük xoşbəxtlikdir. Xoreoqraf kimi bəstəkarın da müstəsna imtiyazı var - o, milliyyətindən asılı olmayaraq hər kəslə danışmağı bacarır. Baletin quruluşçusu ilə musiqinin müəllifi arasında da görünməz bir əlaqə, güclü emosional təsir yaranır. Möhtərəm Qara Qarayevin dünyasını dəyişməsinə baxmayaraq bu əlaqə var, onun musiqisi əvvəlki kimi yenə də müsbət enerji yayır, qəlbimizi sevincnikbinlik hissləri ilə doldurur".

Bu gün, noyabrın 24-də "Yeddi gözəl" baleti yenə nümayiş etdiriləcəkdir.

Teatrın müdiriyyətindən AzərTAc-a bildirmişlər ki, tamaşaya bütün biletlər çoxdan satılmışdır.

 

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Minsk

Azərbaycan.-2013.- 26 noyabr.- S.9.