Tanınmış xanəndə Səxavət Məmmədovun 60 illik yubileyi qeyd edilmişdir

 

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Xan Şuşinski Fondunun təşkilatçılığı ilə muğam ustası, tanınmış xanəndə Səxavət Məmmədovun 60 illik yubileyinə həsr edilmiş gecə keçirilmişdir.

AzərTAc xəbər verir ki, xalq artisti İlham Əsgərov Səxavət Məmmədovun həyat və yaradıcılığından, Azərbaycan muğam sənətinin inkişafına verdiyi töhfələrdən söhbət açmışdır.

Bildirilmişdir ki, Ağdam rayonunun Abdal-Gülablı kəndində dünyaya göz açmış Səxavət Məmmədov səsi, avazı ilə seçilən, heç kimə bənzəməyən, sənətdə öz yolu olan ifaçılardan idi. O bənzərsiz səs bu gün də, sabah da, hələ neçə-neçə illər sonra da öz təravətini itirməyəcək, daim dinləyicilərə doğma olacaqdır.

Tədbirdə çıxış edən xalq artisti Siyavuş Kərimi bildirmişdir ki, Səxavət Məmmədov Azərbaycan xanəndəlik məktəbinin parlaq nümayəndələrindən biri idi. Cəmi 38 il ömür sürmüş Səxavət Məmmədov Azərbaycan musiqisini ölkəmizdən kənarda da ləyaqətlə təmsil etmişdir.

 

Yubiley gecəsində nümayiş olunan videoçarxda xalq şairi Bəxtiyar Vahabzadənin, akademik Vasim Məmmədəliyevin, xalq artistləri Arif Babayev, Əlibaba Məmmədov, İslam RzayevAlim Qasımovun Səxavət Məmmədov haqqında fikirləri səsləndirilmişdir.

Tədbirdə Səxavət Məmmədovun yaratdığı "Qarabağ" instrumental ansamblının müşayiəti ilə xalq artistləri Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Aygün Bayramova, əməkdar artist Firuz Səxavət və başqalarının ifasında muğamxalq mahnıları səslənmişdir.

Xatirə gecəsində xanəndənin 60 illik yubileyinə həsr edilmiş "Səxavət Məmmədov" kitabının təqdimatı keçirilmiş və həmin nəşr iştirakçılara təqdim olunmuşdur.

Sonda müğənninin oğlu Bəxtiyar Məmmədov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.

 

Azərbaycan.-2013.- 27 noyabr.- S.7.