Bakı-Həştərxan dostluq abidəsinin açılış mərasimi olmuşdur

 

Noyabrın 27-də paytaxtın Nərimanov rayonu ərazisində yerləşən parkda Bakı-Həştərxan dostluq abidəsinin açılış mərasimi keçirilmişdir.

Rusiya Federasiyanın Həştərxan vilayətinin rəhbərliyinin təşəbbüsü ilə ucaldılmış abidənin açılışında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin və digər rəsmi şəxslər iştirak etmişlər.

Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirmişdir ki, Azərbaycan ilə Rusiya arasında dostluq münasibətləri inkişaf edir. Bu münasibətlərin inkişafında Azərbaycan ilə Həştərxan vilayəti arasındakı əlaqələr də mühüm rol oynayır. O qeyd etmişdir ki, indiyədək Azərbaycanın və Həştərxanın iştirakı ilə mühüm layihələr həyata keçirilmişdir. Buna misal kimi, 2010-cu ildə Həştərxan şəhərində ulu öndər Heydər Əliyevə abidənin ucaldılmasını, ümummilli liderin adını daşıyan parkın və orta məktəbin əsaslı təmirini, piyadalar üçün Azərbaycan-Rusiya dostluq körpüsünün tikintisini və digər layihələri qeyd etmək olar.

Hacıbala Abutalıbov demişdir ki, Bakı-Həştərxan dostluq abidəsinin açılışı Azərbaycanın Rusiya, xüsusilə də, Həştərxan ilə münasibətlərinin daha da möhkəmlənməsi istiqamətində atılan addımdır. O, Bakı sakinlərinə bəxş etdiyi bu abidəyə görə Həştərxan vilayətinin qubernatoruna təşəkkürünü bildirmişdir.

Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin abidənin açılışını hər iki ölkənin xalqları arasında səmimi dostluq münasibətlərinin təzahürü kimi qiymətləndirmişdir. O, Həştərxan şəhərində həyata keçirilən layihələrə görə Azərbaycan Respublikası Prezidenti Administrasiyasına və Heydər Əliyev Fonduna təşəkkür etmişdir. A.Jilkin demişdir ki, Həştərxanda Heydər Əliyev Fondu tərəfindən Knyaz Vladimirin xatirəsinə ucaldılmış abidənin bu il dekabrın sonunda açılışı olacaqdır.

Daha sonra abidənin rəmzi açılışını bildirən lent kəsilmiş, üzərindəki örtük götürülmüşdür.

Parkda dostluq rəmzi olaraq ağaclar əkilmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 28 noyabr.- S.4.