Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan mədəniyyətinin

 Avropa ölkələrində təbliği uğurla davam edir

 

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan mədəniyyətinin Avropa ölkələrində təbliği uğurla davam edir. UNESCO-nun qərarı ilə Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi çərçivəsində noyabrın son günləri Fransanın qədim Reyms şəhərində tədbirlər keçirilməsi nəzərdə tutulur.

AzərTAc xəbər verir ki, X əsrdən başlayaraq bir çox Fransa kralının tacqoyma mərasiminin keçirildiyi şəhər kimi tanınan Reyms həm də müxtəlif mədəni tədbirlərin məkanı sayılır. Bu şəhər incəsənət və tarix baxımından Fransa şəhərlərinin milli siyahısına daxil edilmişdir.

Noyabrın 28-də Reymsdə açılacaq sərginin konserti tamaşaçılara ilk azərbaycanlı şairə qadının fəlsəfi mahiyyəti ilə diqqəti cəlb edən poeziyası, o dövrün tarixi mühiti, məişəti, geyim nümunələri haqqında təsəvvür yaratmağa xidmət edir. Şəhər merinin, bir çox senatorların iştirakı ilə açılacaq və iki həftəyədək davam edəcək sərgidə Məhsəti Gəncəvinin yaradıcılığına həsr olunmuş batikxalçalar, miniatürlər, XIX əsrin sonu, XX əsrin əvvəlində Gəncə şəhərində çəkilmiş foto-şəkillər, şairənin ingilis və fransız dillərində nəşr olunmuş kitabları, musiqi diskləri nümayiş olunacaqdır.

Noyabrın 29-da Reymsin mərkəzi meydanında təşkil ediləcək beynəlxalq yarmarkada ölkəmiz də təmsil olunacaqdır. Azərbaycan pavilyonunda Reymslə qardaşlaşmış Gəncədən gətirilmiş xalçalar, şərablar, meyvələr təqdim ediləcəkdir.  

Noyabrın 30-da isə Avropanın ən tanınmış musiqi məbədlərindən sayılan Reyms Konservatoriyasında Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunmuş gecə keçiriləcəkdir. Konsert proqramında  klassik Azərbaycan musiqisi ilə yanaşı, xalq artistləri Alim Qasımov, Azər Zeynalov, Samir Cəfərov və başqa müğənnilərin ifasında Məhsəti Gəncəvinin rübailərinə yazılmış mahnılar və şairənin fransız dilinə tərcümə olunmuş rübailəri səslənəcəkdir.

 

Azərbaycan.-2013.- 28 noyabr.- S.4.