Xalq şairi Nigar Rəfibəylinin yubiley
gecəsi keçirilmişdir
Noyabrın 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ədəbiyyatımızın görkəmli nümayəndəsi, xalq şairi Nigar Rəfibəylinin 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə filarmoniyanın foyesində şairin həyat və yaradıcılığını əhatə edən "Şanlı nəsillərin yadigarıyam" adlı kitab sərgisi ilə tanış olmuşlar.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə nazir Əbülfəs Qarayev şairin milli mədəniyyətimizə verdiyi dəyərli töhfələrdən geniş söhbət açmışdır.
Bildirmişdir ki, Nigar Rəfibəyli Azərbaycan poeziyasına istedadlı şair, ustad sənətkar kimi daxil olmuşdur. O, Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparan bir nəslin nümayəndəsidir. Nigar Rəfibəyli olduqca ziddiyyətli, sovet ideologiyasının təzyiqi altında yaşamasına baxmayaraq gənc yaşlarından özünü şair kimi təsdiq etmiş, Azərbaycan və dünya ədəbiyyatının zəngin ənənələrini mənimsəyərək dəyərli əsərlər yaratmışdır. Onun anadan olmasından keçən 100 il müddətində iki dünya müharibəsi, inqilablar baş vermiş, Azərbaycan öz müstəqilliyini iki dəfə elan etmişdir. Dövrün böyük söz ustadlarından C.Cabbarlı, H.Cavid, R.Rza, S.Vurğun, S.Rüstəm, S.Rəhimov, M.İbrahimov, İ.Əfəndiyev və digərləri ilə yanaşı, N.Rəfibəylinin də yaradıcılığı ötən 100 ilin canlı bədii salnaməsidir.
Mədəniyyət və turizm naziri vurğulamışdır ki, Gəncədə şairin abidəsinin açılışı mərasimində şəxsən iştirak etmiş xalqımızın ümummilli lideri Heydər Əliyev Gəncənin tarixində Rəfibəylilər nəslinin xüsusi yeri olduğunu söyləmişdir.
Diqqətə çatdırılmışdır ki, Nigar Rəfibəyli bənzərsiz şair olmaqla yanaşı, həm də dünya ədəbiyyatının ən dəyərli nümunələrini dilimizə tərcümə etmişdir. O, Şərq poeziyasının görkəmli nümayəndəsi Məhsəti Gəncəvinin rübailərini böyük məharətlə dilimizə çevirmişdir. Şairin sözlərinə yazılmış həzin mahnılar isə dillər əzbəridir və müğənnilər tərəfindən sevilə-sevilə ifa edilir.
Nigar Rəfibəylinin ədəbi irsi Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmiş, o, Vətənin ən yüksək fəxri adlarına və mükafatlarına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə şairin seçilmiş əsərləri latın qrafikası ilə nəşr edilərək ölkənin bütün kitabxanalarına hədiyyə olunmuşdur. Yubiley tədbirləri çərçivəsində nazirliyin dəstəyi ilə "Şanlı nəsillərin yadigarıyam" və "Məhəbbətim bölünmədi" kitabları işıq üzü görmüş, ölkədə şairə həsr edilmiş silsilə tədbirlər keçirilmişdir.
Görkəmli şairin oğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar yubileyin keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirmiş, tədbirin təşkilatçılarına təşəkkür etmişdir.
Yubiley gecəsinin musiqili ədəbi hissəsində əməkdar artist, Prezident mükafatçısı Mehriban Zəki və xalq artisti Fəxrəddin Manafov tamaşaçıları Nigar Rəfibəyli və onun ömür-gün yoldaşı Rəsul Rzanın sevgi dünyasına, həyatın kəşməkəşli yollarından birgə addımladıqları illərə, şairin poeziya ailəsinə qovuşdurmuşlar.
Xalq artistləri Xuraman və Fidan Qasımova bacıları, gənc istedadlı müğənni Güllü Muradova və başqalarının ifasında Nigar Rəfibəylinin sözlərinə yazılmış mahnılar səslənmişdir.
Tədbir
boyu Nigar Rəfibəylinin həyat və
yaradıcılığını əks etdirən videokadrlar
nümayiş etdirilmişdir.
Azərbaycan.-2013.- 28 noyabr.- S.7.