«Eko Rəsm Gündəliyi-2013»
Beynəlxalq ekoloji
müsabiqəsinin
finalçıları bəlli olmuşdur
Əsası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən qoyulmuş IDEA (International Dialogue for Environmental Action) İctimai Birliyinin (İB) təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq həyata keçirilən və dünya üzrə 50-dən çox ölkəni əhatə edən "Eko Rəsm Gündəliyi-2013" Beynəlxalq ekoloji müsabiqəsinin finalçılarının adları açıqlanmışdır.
IDEA İB-dən AzərTAc-a bildirmişlər ki, UNESCO-nun himayəsi, Heydər Əliyev Mərkəzinin, IDEA (International Dialogue for Environmental Action) İctimai Birliyinin və Panasonic Marketing MDB-nin (PMCIS) təşkilatçılığı ilə həyata keçirilən, Bakı və Gəncə şəhərlərini əhatə edən 363 məktəbin qoşulduğu beynəlxalq layihənin milli müsabiqə turunun final mərhələsinin qalibi Bakı Avropa Liseyinin şagirdi 11 yaşlı Fuad Soltanov olmuşdur.
Müsabiqənin finalçıları arasında Bakı şəhərindən Zərifə Əliyeva adına Lisey, "Ankara məktəbi" məktəb-liseyi, İncəsənət Gimnaziyası, 59, 99, 262, 271, 276, 290, 28, 98, 132-134, 301, 304 nömrəli, Gəncə şəhərindən isə 4, 28, 11, 25 nömrəli orta ümumtəhsil məktəblərinin şagirdləri yer almışlar.
Müsabiqəyə
Bakı şəhəri üzrə 314 məktəbdən
2403, Gəncə şəhəri üzrə isə 49 məktəbdən
629 gündəlik daxil olmuşdur.
Layihə üçün xüsusi olaraq hazırlanmış, şagird sayına uyğun olaraq orta ümumtəhsil məktəblərinə paylanılmış 5000 ekoloji gündəlikdən 3032-si tam şəkildə doldurularaq müəyyən olunmuş tarixdən gec olmayaraq təhvil verilmişdir.
Ümumilikdə, 3032 məktəblinin iştirak etdiyi müsabiqədə aşağı yaş qrupu (6-11) üzrə 1299, yuxarı (12-15) yaş qrupu üzrə isə 1733 şagirdin iştirakı qeydə alınmışdır.
Layihənin milli turunun iştirakçıları olmuş məktəblilər müəyyən olunmuş müddət ərzində yarışma üçün hazırlanmış xüsusi "Gündəlik"lərdə mövcud qlobal ekoloji problemləri və ətraf mühitin qorunmasının vacibliyini əks etdirən rəsmlər çəkmiş və onların ideyalarının qısa təsvirini əks etdirən mətnlər əlavə etmişlər.
2008-ci ildən etibarən hər il həyata keçirilən və 50-dən çox ölkəni əhatə edən "Eko Rəsm Gündəliyi" Beynəlxalq müsabiqəsinin məqsədi gənc nəsildə təbiətə sevgi hissinin formalaşdırılması və inkişafı, onlar arasında ekoloji təbliğat işinin gücləndirilməsi və məktəblilərin ətraf mühitin qorunması işinə səfərbər edilməsidir. Layihə həmçinin ətraf mühit və insan sağlamlığının qorunması üzrə fəal vətəndaş mövqeyinin formalaşdırılmasına xidmət edir.
Layihə
və müsabiqənin finalçıları ilə
bağlı ətraflı məlumat IDEA İB-nin rəsmi
veb-səhifəsində (www.ideacampaign.org) yer
almışdır.
Azərbaycan.-2013.- 28 noyabr.- S.7.