Vilnüsdə keçirilən ikinci biznes forumda
Azərbaycanı iqtisadiyyat və sənaye
naziri təmsil etmişdir
Noyabrın 28-də "Şərq tərəfdaşlığı" Sammiti çərçivəsində Vilnüsdə ikinci biznes forumu açılmışdır. Forumun məqsədi Şərq tərəfdaşlığı ölkələrinin Avropa ilə yaxınlaşmasını dəstəkləməkdir.
Biznes forumunda "Şərq tərəfdaşlığı" təşəbbüsünün iştirakçısı olan ölkələrin işgüzar dairələrinin və hökumətlərinin nümayəndələri, habelə Avropa şirkətlərinin və təşkilatlarının təmsilçiləri iştirak etmişlər. Forumda Azərbaycanı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin başçılığı ilə nümayəndə heyəti təmsil etmişdir.
Forumun açılış mərasimində çıxış edən Litvanın Baş naziri Alqirdas Butkeviçius bildirmişdir ki, bu forum biznes birlikləri və hökumətlər arasında əməkdaşlığı və əlaqələri genişləndirməyə imkan verir. O demişdir: "Bu, əlaqədar tərəflərin diskussiyası, ticarətin və birbaşa investisiyaların daha da möhkəmlənməsi, uğurlu biznes üçün infrastrukturu inkişaf etdirmək şansıdır".
Litvanın Baş naziri əmin olduğunu bildirmişdir ki, "Şərq tərəfdaşlığı" Proqramının bu gün başlanan üçüncü sammiti həmin proqramın tarixində yeni səhifə açacaq və şərqli tərəfdaşlarımızın Avropa İttifaqı ilə daha sıx birləşməsinə imkan yaradacaqdır.
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev biznes forumunda çıxış etmişdir. Nazir əmin olduğunu bildirmişdir ki, "Şərq tərəfdaşlığı" Sammiti çərçivəsində keçirilən bu vacib tədbir əməkdaşlıq üçün yeni imkanların müəyyən edilməsində, habelə Avropa ölkələri ilə Şərq tərəfdaşlığının iştirakçıları arasında əlaqələrin genişlənməsində mühüm rol oynayacaqdır.
Ş.Mustafayev vurğulamışdır ki, Azərbaycan ilə Aİ arasında qarşılıqlı maraqlara hörmət prinsiplərinə əsaslanan münasibətlər yaradılması və inkişaf etdirilməsi bu gün Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Nazir Aİ ölkələrinin Azərbaycanın əsas ticarət tərəfdaşları olduğunu qeyd edərək forum iştirakçılarının diqqətinə çatdırmışdır ki, keçən il Azərbaycanın xarici ticarət dövriyyəsində Aİ ölkələrinin xüsusi çəkisi 41 faizdən çox olmuşdur. Cari ilin ötən 10 ayı ərzində bu ölkələr arasında ticarət dövriyyəsinin həcmi 7 faiz artmış və ölkənin ümumi ticarət dövriyyəsinin 43 faizindən çox olmuşdur. Son on ildə Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyaların ümumi həcminin 51 faizi, habelə qeyri-neft sektoruna yönəldilmiş xarici investisiyaların 36 faizi Aİ ölkələrinin payına düşür.
Şahin Mustafayev bir məqama da diqqəti cəlb etmişdir ki, 2006-cı ildə energetika sahəsində strateji əməkdaşlığa dair Anlaşma Memorandumunun və 2011-ci ildə "Cənub" Qaz Dəhlizi haqqında Birgə Bəyannamənin imzalanması, habelə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qafqaz boru kəməri kimi mühüm transmilli layihələrin həyata keçirilməsi, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin yaradılmasına dair qərarlar qəbul edilməsi bu sahədə əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə qaldırmışdır.
Ölkəmizin dinamik inkişafı haqqında məlumat verən nazir demişdir ki, Azərbaycan əldə edilmiş nəticələrlə kifayətlənmir. Ölkənin davamlı inkişafına nail olmaq məqsədilə iqtisadiyyatın şaxələndirilməsi iqtisadi inkişafın əsas vəzifələrindən biri kimi müəyyən edilmişdir. Əhalinin rifahını yaxşılaşdırmaq, neft amilindən asılılığı minimuma endirmək məqsədilə Azərbaycan Avropa ölkələri ilə əməkdaşlığı genişləndirmək, Avropanın qabaqcıl praktikasını tətbiq etmək və Avropa İttifaqı ilə qarşılıqlı hörmət və qarşılıqlı maraq prinsiplərinə əsaslanan səmərəli əməkdaşlığı inkişaf etdirmək əzmindədir.
Nigar CƏFƏRLİ,
AzərTAc-ın xüsusi müxbiri
Vilnüs
Azərbaycan.-2013.- 29 noyabr.- S.4.