Bakıda 3-cü Azərbaycan-Bavariya biznes forumu keçirilmişdir

 

Bakıda 3-cü Azərbaycan-Bavariya biznes forumu keçirilmişdir.

AzərTAc xəbər verir ki, Bavariya ilə Azərbaycan şirkətləri arasında yeni layihələri müzakirə etmək, gələcək biznes və əməkdaşlıq imkanları yaratmaqla yanaşı, mövcud əlaqələrin inkişafını dəyərləndirmək məqsədi daşıyan forum Bavariyanın İqtisadiyyat, Mətbuat, Enerji və Texnologiya üzrə Dövlət Nazirliyi, "Bayern International GmbH" təşkilatı, Alman-Azərbaycan Xarici Ticarət Palatası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən təşkil olunmuşdur.

Alman-Azərbaycan Xarici Ticarət Palatasının sədri Florian Şröder məlumat vermişdir ki, forumda Bavariya vilayətinin infrastruktur, kimya, yeyinti sahələrini təmsil edən ümumilikdə 26 şirkət iştirak edir. İndiyədək Bavariya ilə Azərbaycan arasında iki biznes forum keçirilmişdir. 2015-ci ildə 4-cü forumun keçirilməsi nəzərdə tutulur.

Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempel Bavariyanın Azərbaycanla iqtisadi əlaqələrini genişləndirməkdə maraqlı olduğunu demişdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev çıxış edərək demişdir ki, Azərbaycan Almaniya ilə bütün sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır və hazırda ölkəmizdə bir sıra alman şirkətləri fəaliyyət göstərir.

H.Paşayev alman qonaqlara Azərbaycanın sənaye parkları barədə məlumat vermiş, onları Sumqayıt Kimya Sənaye Parkına investisiya yatırmağa dəvət etmişdir.

Sonda iş adamları arasında ikitərəfli görüşlər keçirilmişdir.

 

Azərbaycan.-2013.- 29 noyabr.- S.4.