Qroznıda Azərbaycan-Rusiya Gənclər Forumu başa çatmışdır

 

Rusiya Federasiyasının Çeçenistan Respublikasının paytaxtı Qroznıda "Yeni nəsil: sərhədsiz məsuliyyət" III Azərbaycan-Rusiya Beynəlxalq Gənclər Forumu başa çatmışdır. Forum Rusiya Təhsil və Elm Nazirliyi, Azərbaycan Gənclər və İdman Nazirliyi, Çeçenistan Respublikası Gənclər Nazirliyi, Rusiya Gənclər və Uşaq Birlikləri Milli Şurası və Azərbaycan Gənclər Təşkilatları Milli Şurası tərəfindən təşkil olunmuşdur.

Forum çərçivəsində geniş iclas keçirilmişdir. Sonra iştirakçılar  "Rusiya və Azərbaycan gənclər təşkilatlarının qarşılıqlı fəaliyyəti: müasir vəziyyət və inkişaf perspektivləri", "Rusiya və Azərbaycanda dövlət gənclər siyasəti və gənclərlə ", "Ümumi sosial, iqtisadi və mədəni məqsədlərə çatmaq üçün dövlətlə gənclərin tərəfdaşlığı", "Gənc həmvətənlərin Rusiya və Azərbaycanda vəziyyəti", "Gənclər mühitində mədəniyyətlərarası dialoq: informasiya texnologiyalarının təsiri" bölmələrində müzakirələr aparmışlar.

Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında forumun böyük əhəmiyyətini vurğulamışdır. O demişdir: "Belə tədbirlər əməkdaşlığın inkişafında mühüm rol oynayır. Forumda fikir mübadiləsi aparmaqla yanaşı, gənclər yeni ideyalar və layihələr irəli sürmüşlər. Ümid edirəm ki, onlar həyata keçiriləcəkdir".

Çeçenistanın gənclər naziri X.Daayev əmin olduğunu bildirmişdir ki, forumda başlanan əməkdaşlıq davam etdiriləcək və öz bəhrəsini verəcəkdir. O demişdir: "Biz istəyirik ki, xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşasınlar. Sevindirici haldır ki, belə əhəmiyyətli forum Qroznıda keçirilir. Yaxın vaxtlaradək biz bu səviyyəli tədbirlərin keçirilməsini yalnız arzu edə bilərdik".

İştirakçılar dostluq əlaqələrinin möhkəmləndirilməsi, yeni ideya və layihələrin axtarılması üçün forumu hər il keçirməyi qərara almışlar. Forumun yekunlarına dair qətnamə qəbul edilmişdir. Sənədə forum iştirakçılarının təklifləri daxil edilmişdir. 

 

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2013.- 29 noyabr.- S.4.