Prezident İlham Əliyev ölkəmizdə azad sözün hamisidir

 

Buna görə də "Jurnalistlərin dostu" mükafatına layiq görülüb

 

 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran əsas vəzifələrdən biri söz və mətbuat azadlığının təmin olunması, bundan irəli gələrək demokratikazad mətbuatın formalaşdırılması idi. Lakin ilk dövrlərdə hakimiyyətdə olan siyasi dairələr nəinki bu istiqamətdə bir görmüşdülər, əksinə, totalitar ənənələri daha da möhkəmləndirmişdilər.

1993-cü ildən başlayaraq Azərbaycanda bu vəzifənin reallaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biri elan edildi. Bu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyada da öz əksini tapdı. Konstitusiyanın əsas prinsiplərindən biri ondan ibarətdir ki, Azərbaycan dövlətində söz, fikir və mətbuat azadlığı, hər kəsin məlumat almaqyaymaq hüququ, KİV üzərində senzuranın yolverilməzliyi dövlətin əsas prinsipidir. Bunun ardınca iqtidarın siyasi iradəsi və böyük səyləri nəticəsində respublikada bu prinsiplər uğurla həyata keçirildi.

1998-ci il avqustun 6-da Azərbaycan Prezidentinin fərmanı ilə mətbuat üzərində senzura fəaliyyəti ləğv olundu. Senzuranın ləğvi və bu qəbildən olan digər tədbirlər müstəqil KİV-nin inkişafını, vətəndaşların beynəlxalq hüquq normaları və Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığını təmin etdi ki, bu da demokratik cəmiyyət quruculuğu yolunu seçən Azərbaycanın perspektiv hədəflərinə uyğun idi.

Sonrakı dövrdə qəbul edilən "Məlumat azadlığı haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "İnformasiya azadlığı haqqında"  qanunlar ölkədə demokratiyanın möhkəmlənməsinə xidmət etməklə yanaşı, söz və mətbuat azadlığının hüquqi bazasını daha da möhkəmləndirdi.

2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi ilə kütləvi informasiya vasitələrinin təsis olunması daha da asanlaşdı. Azərbaycan Prezidentinin 11 may 2002-ci il tarixli "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə" fərmanı yazılı medianın təsis edilməsini və ondan istifadə imkanlarını qat-qat asanlaşdırmaqla, bu sahədə liberallığı tam təmin etdi, mətbu nəşrlərin dövlət qeydiyyatı ilə bağlı icazə sistemini aradan götürdü. Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması ilə dövlət mətbuat üzərində nəzarət funksiyasından da imtina etdi. 2003-cü ildə yaradılan və mətbuatda özünütənzimləmə funksiyasını həyata keçirən Mətbuat Şurası öz vəzifələrini uğurla həyata keçirir.

Dünyanın heç bir yerində dövlət mətbuata birbaşa yardım etmirya hansısa qəzetin mətbəəyə yaranmış borcunu ödəmir. Bu mənada Azərbaycan hakimiyyəti bir sıra qəzetlərin yaranmış borcunu ödəməklə həm də mətbuat tarixində bir ilkə imza atıb. 1998-ci ildən bütün dövlət vergilərindən azad olunan çap mediasının həm də 2003-cü ilə qədər Azərbaycan Dövlət Nəşriyyatına olan bütün borcları dövlət tərəfindən ödənildi. 18 dekabr 2001-ci il tarixdə aparıcı KİV rəhbərləri ilə görüşən ümummilli lider Heydər Əliyev milli jurnalistikanın üzləşdiyi bir sıra problemlərin aradan qaldırılması üçün mühüm fərman və sərəncamlar imzaladı. Bu sənədlər mətbuata güzəştli kreditlərin verilməsini, onların maddi-texniki bazasının daha da gücləndirilməsini, çoxlu sayda qəzetin "Azərbaycan" nəşriyyatına olan borcunun 2005-ci ilədək dondurulmasını nəzərdə tuturdu. Bu diqqət və qayğının qarşılığı kimi, 2001-ci ildə Heydər Əliyev "Jurnalistlərin dostu" mükafatına layiq görüldü.

2003-cü ildən sonra ölkəmizin dinamik inkişaf mərhələsinə qədəm qoymasına nail olan Prezident İlham Əliyev də söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısı respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəfdarıdır. Qəzetlərin "Azərbaycan" nəşriyyatına 2001-ci il dekabrın 31-dək olan 398 min manat məbləğində borcunun dövlət büdcəsindən ödənilməsi, 2005 və 2010-cu illərdə Azərbaycan milli mətbuatının yaranmasının 130 və 135 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif edilməsi, fəxri adlar verilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə dövlətin yüksək qiymətinin təcəssümüdür.  Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları isə təsdiqləyir ki, mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Dövlət başçısının 2009-cu il 3 aprel tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" sərəncamı da məhz ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Mətbuat Şurası üçün yeni inzibati binanın, o cümlədən mətbuat işçiləri üçün dövlət hesabına yaşayış binasının tikintisi də mətbuata yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, mətbuat işçiləri üçün dövlət hesabına mənzillərin inşası dünya miqyasında analoqu olmayan hadisədir.

Nəticə etibarilə Azərbaycan mətbuatında ciddi irəliləyişlər baş verib. Çap mediasının həcmi genişlənib. Həm mərkəzi, həm region televiziyalarının, digər elektron KİV-nin, radioların, internet televiziyalarının, internet mediasının sayı artıb. Bu gün Azərbaycan müasir dünyanın informasiya məkanında öz mətbuatı, informasiya vasitələri ilə getdikcə daha aktiv, daha geniş şəkildə təmsil olunur.

Bütün bunları yüksək qiymətləndirən Azərbaycan mətbuatı Prezident İlham Əliyevi ikinci dəfə "Jurnalistlərin dostu" elan edib. Bununla əlaqədar "RUH" Jurnalistləri Müdafiə Komitəsi tərəfindən bu ilin sentyabrında keçirilən sorğuda 30 gündəlik, 15 həftəlik, 4 bölgə qəzeti, 6 jurnal, 11 informasiya agentliyi, 12 xəbər portalı, 7 telekanal, 4 radio və 11 jurnalist təşkilatının rəyləri öyrənilib. Sorğunun nəticələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 89 faiz səslə növbəti dəfə "Jurnalistlərin dostu" seçilib.

Bu münasibətlə noyabrın 24-də keçirilən tədbirdə jurnalistlərin dostu seçilməsinə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev ölkəmizdə mətbuatın inkişafı istiqamətində mühüm addımların atıldığını qeyd edərək vurğulamışdı ki, demokratik cəmiyyətin qurulması istiqamətində azad mətbuat böyük rol oynayır. Dövlət başçısı demişdi ki, bu prosesə təkan verən mühüm amil dövlət siyasətidir və bu da Azərbaycanda var. Bu gün Azərbaycanın demokratik inkişaf baxımından heç bir ölkədən geri qalmadığını deyən Prezident İlham Əliyev ölkədə söz və mətbuat azadlığının təmin olunduğunu, Azərbaycanda internet istifadəçilərinin sayının 70 faizi keçdiyini, yaxın vaxtlarda bölgələrdə genişzolaqlı internet şəbəkəsinin genişləndiriləcəyini, media nümayəndələrinin məişət problemlərinin həllində Azərbaycanın öncül yerlərdə durduğunu diqqətə çatdırdı.

Tədbirdə qeyd edilmişdir ki, Azərbaycan mətbuatı keyfiyyətcə yeni mərhələdə sağlam jurnalistika dəyərləri əsasında fəaliyyət göstərməli, cəmiyyət qarşısındakı sosial məsuliyyətini unutmamalıdır. Mətbuatda dövlətçilik maraqlarına hörmət prinsipi bütün konyunktur maraqlardan öndə dayanmalıdır. Təsadüfi deyil ki, "Jurnalistlərin dostu" mükafatının təqdimetmə mərasimində Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinin dünyaya çatdırılmasında media nümayəndələrini daha fəal olmağa çağırdı,  Azərbaycanla bağlı xaricdə yayılan informasiyaların dövlət maraqlarına xidmət etməsində medianı həmrəy olmağa səslədi. Jurnalistlərin təkliflərinə münasibət bildirən Prezident İlham Əliyev həmçinin cəmiyyətdə müsbət meyillərin bərqərar olması, nikbin əhval-ruhiyyənin qorunub saxlanması üçün xəbər balansının qorunması ilə bağlı fikirlərini açıqladı, öz təkliflərini verdi, ölkəmizdə yaşlı nəslə, o cümlədən ahıl jurnalistlərə diqqət və qayğının bundan sonra da davam etdirilməsinin vacibliyini önə çəkdi, mətbuatda müstəqillik tariximizə geniş yer verilməsini tövsiyə etdi.

Həm bu tədbirin özü, həm də burada səslənən fikirlər göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə azad sözün hamisidir. Dövlət başçısı bunu real addımlarla təsdiq edir. Odur ki, Azərbaycan mediasının təmsilçiləri haqlı olaraq ölkə Prezidentini özlərinin dostu hesab edir.

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2013.- 29 noyabr.- S.5.