Görüş səmimi olduğu qədər
də məsuliyyətli idi
Bu tədbiri Prezidentin mediaya
münasibətinin parlaq nümunəsi hesab etmək olar
İkinci
dəfə "Jurnalistlərin dostu" mükafatına layiq
görülən Azərbaycan Prezidenti İlham Əliyevin
ölkənin aparıcı elektron və çap
mediasının baş redaktorları, telekanal rəhbərləri,
junalist təşkilatlarının sədrləri ilə
keçirdiyi görüş kütləvi informasiya vasitələrində
geniş müzakirə mövzusuna çevrilib.
Bu görüşdə iştirak edən və etməyən
media qurumlarının rəhbərləri, gənclər
xoş təəssüratlarını bölüşməkdə
davam edirlər.
Prezidentə
"Jurnalistlərin dostu" mükafatının təqdim
olunma mərasimində iştirak etmiş Azad Azərbaycan
Müstəqil Teleradio Kampaniyasının prezidenti, əməkdar
jurnalist Vüqar Qaradağlı bildirdi ki, dövlət
başçısının mətbuatın dostu seçilməsi
və özü tərəfindən həmin mükafatın
qəbul edilməsi əslində, onun mediaya olan münasibətinin
həqiqi göstəricisidir: "Bu görüş bir daha
sübut etdi ki, Azərbaycan Prezidenti inkişaf etmiş ölkə
mediasına xüsusi diqqət göstərir və onun
inkişafı üçün hər cür şərait
yaradılmasının tərəfdarıdır".
Yeri gəlmişkən bu görüş Vüqar
Qaradağlı üçün ikiqat xoş təəsürat
yaradıb.
Çünki noyabrın 24-də ömrünün 47-ci
qışını yaşayan əməkdar jurnalist həmin
gün dövlət başçısı ilə bir masada əyləşərək Azərbaycan
mediasının durumu, problemləri və digər məsələlər
ətrafında səmimi fikir mübadiləsi aparıb:
"Bu görüş həyatımda xüsusi bir gün
sayıla bilər. İndiyədək
keçirdiyim doğum günlərində aldığım hədiyyələrin
ən böyüyü həmin görüş oldu".
Onun sözlərinə görə, görüşdə
dövlət başçısının
çıxışını professor Şirməmməd
Hüseynovun söylədiyi kimi, "Prezident dərsi"
adlandırmaq olar: "Çünki dövlət
başçısı görüşdə həm ölkəmizdəki
ictimai-siyasi durum, dövlətçilik, Azərbaycan
mediasının vəziyyəti ilə bağlı çox
maraqlı və dəyərli fikirlər səsləndirdi. Eyni zamanda, çıxış edən hər bir kəsi
diqqətlə dinləyib onların səsləndirdikləri
fikirlərə, təkliflərə münasibət
bildirdi". V.Qaradağlı eyni zamanda,
qeyd etdi ki, dövlət başçısının
jurnalistika fakültəsinə tələbə qəbulunun
yaradıcılıq müsabiqəsi yolu ilə keçirilməsinə
müsbət münasibət bildirməsi həm də onun bu
sahəyə daha çox diqqət
ayırdığının göstəricisidir. Eyni zamanda, hər kəsə bəlli oldu ki, Prezident
İlham Əliyev medianın problemlərinin həlli istiqamətində
ortaya siyasi iradə qoyub. Prezidentin jurnalistlərlə
görüşü bu mənada təsadüfi sayıla bilməz.
Görüş çox yüksək səviyyədə təşkil
olundu və ölkə başçısı medianın
problemlərinin həlli istiqamətində öz
tapşırıqlarını verdi.
Görüşdə
iştirak edən "New Baku Post" qəzetinin baş
redaktoru Tofiq Abbasov isə bildirdi ki, prinsip etibari ilə belə
görüşlərə hər zaman ehtiyac var və dövlət
başçısının təşəbbüsü ilə
bu formatda keçirilən söhbət çox vacibdir. Bu, həm milli junalistikamızın inkişafı, həm
cari məsələlərin həlli, həm də gələcəyə
baxışın formalaşdırılması
üçün çox gərəkli bir görüş
hesab edilir. Bu gün strateji baxış
ondan ibarət olmalıdır ki, hakimiyyət və mətbuat
bir-birini yaxından tanısın. Bir-birinin mövqeyinə
bələd olmalıdır ki, ölkədəki durum,
regiondakı vəziyyətlə bağlı bütün
bilgilərə sahib olsunlar: "Çünki istəsək də
istəməsək də hakimiyyət təbii ki, idarəçilikdə
mətbuatın da gücünə arxalanır. Lakin
bu o demək deyil ki, mətbuat da həmin etimatdan sui-istifadə
etməlidir. Çünki bəzi hallarda
şahidi oluruq ki, mətbuatda lazımsız şərhlər,
yersiz münasibətlər əksini tapır. Əksinə, biz çalışmalıyıq ki,
Azərbaycan mətbuatı bizim həm
inkişafımızın, həm ölkəmizdə olan
ictimai-siyasi mədəniyyətin, etikamızın göstəricilərini
özündə ehtiva etsin".
Tofiq Abbasov qeyd etdi ki, Azərbaycan Prezidenti "Jurnalistlərin
dostu" mükafatını başqa formatda da ala bilərdi. Lakin mətbuat
nümayəndələrinə böyük diqqət yetirməklə,
onları qəbul edib dinləməklə dövlət
başçısı sübut etdi ki, Azərbaycan
mediasının durumu daim onun diqqətindədir. T.Abbasov ümid edir ki, bu cür görüşlər
davamlı olacaq. Çünki bir çox
ölkələrdə də belə görüşlər
mütəmadi keçirilir və media nümayəndələri
həmçinin baş nazir, dövlət strukturunun rəhbərləri
ilə qeyri-formal şəraitdə ən mühüm problemləri
nəzərdən keçirirlər. Hətta belə
görüşlərdə müxalif mövqedə olan media
nümayəndələri də olur: "Müxalif mövqedə
olmaq o demək deyil ki, ölkənin maraqlarına zidd gedəsən.
Biz bütün məsələlərdə azərbaycançılığı,
dövlətçiliyi üstün tutmalıyıq. Çünki yazdıqlarımız, çəkib
nümayiş etdirdiyimiz bütün materiallara başqa
dövlətlərdə də baxılır. Ona görə də biz yüksək etik normalara riayət
etməliyik".
Görüşün
digər iştirakçısı "Olaylar"
İnformasiya Agentliyi və "Olaylar" qəzetinin baş
redaktoru, tarixçi-alim Yunus Oğuz da bildirdi ki, səmimi
şəraitdə keçən görüşdə Azərbaycan
Prezidentinin ölkə mediası ilə bağlı səsləndirdiyi
fikirlər, təkliflər diqqəti
çox cəlb edib: "Prezidentin
çıxışında hiss olunurdu ki, ölkə mətbuatının
problemləri ilə yanaşı, onun uğurları ilə də
yaxından tanışdır. Problemləri
sadalayır, ən xırda incəliklərinə qədər
danışırdı. Hərdən
özümə sual verirdim ki, Prezident bütün bunları
haradan bilir? Başqa sözlə, səmimi
görüş, səmimi olduğu qədər də məsuliyyətli
idi. Prezident mesajlar verirdi. Bilirdi ki,
onun dedikləri televiziyalarda səslənəcək, qəzetlərdə
dərc olunacaq, sosial şəbəkələrdə
yayılacaq, hər kəs özünə sərf edən
fikirləri iqtibas kimi söyləyəcək, bəzi şəxslərsə
məsələnin mahiyyətini kənara qoyub bu şəbəkələrdə
mükamilə yazışmasının əndazəsindən
kənara çıxıb hətta
"atışacaqlar". Bu da normaldır, deməli,
İlham Əliyevin dediyi sözlər heç kəsdən
yan keçməyib, hər kəs öz payını
götürür".
Onun
sözlərinə görə bu görüşdə də
Prezident açıq şəkildə dedi ki, Azərbaycan
daxilində, fərqi yoxdur müxalifət olsun, ya iqtidar,
hamı Azərbaycan vətəndaşıdır və azərbaycanlıdır.
Hər bir azərbaycanlının bu dövlətdə
xüsusi yeri var və bu işdə ayrı-seçkiliyi əsasən
kütləvi informasiya vasitələri aradan
qaldırmalıdır: "KİV-nin gücünü
göstərməklə yanaşı, dövlət
başçısı həm də daha bir mesajını verdi. Bu mesaj xaricdən maliyyə dəstəyi
alan, qaynaqlarını xarici ölkələrdə
axtaran, onun-bunun qapısında boynunu burub imdad gözləyənlərə
bir mesaj idi. İstəklərinə nail ola
bilməyənlər, bitib-tükənməyən yalanları
hesabat şəklində beynəlxalq təşkilatlara
ötürməklə başını qaldırıb irəliləmək
və öz sözünü dünyada demək istəyən
Azərbaycanın imicinə zərbə vurur. Çox
düz qeyd olundu ki, siyasi partiyaların siyasiləşmiş qəzetləri
bu işdə daha çox canfəşanlıq edirlər,
çünki ortada siyasi sifarişlər olur".
"Azxeber.com" internet saytının baş redaktoru
Hacıbəy Heydərli də hesab edir ki, Prezident İlham
Əliyevin "Jurnalistlərin dostu" seçilməsi
ölkə jurnalistlərinin mövqeyini birmənalı şəkildə
ifadə edir.
Ölkə rəhbəri öz əməli fəaliyyəti
ilə, dövlətimiz və xalqımız üçün
gördüyü işləri ilə jurnalistlərin rəğbətini
qazanıb və bu ada layiq görülüb. Bu sorğu
ölkənin 100 jurnalist təşkilatında keçirilib və
sorğuda iştirak edənlərin 89 faizi bu mükafata
Prezident İlham Əliyevi layiq görüb: "Əminliklə
söyləyə bilərəm ki, cənab İlham Əliyev
bu mükafata layiq ən şanslı namizəd idi və əslində,
qeyri-adi bir şey baş verməyib. Dövlət
başçısı daim ölkə jurnalistlərinə
qayğı ilə yanaşıb, hər zaman onları dinləyib,
mətbuat nümayəndələrinin problemlərinin həlli
istiqamətində ortaya siyasi iradə qoyub".
Cənab Prezidentin bu adı ona layiq görən insanlarla
görüşməsi, Azərbaycan mətbuatının
problemlərini dinləməsi və bu məsələlərin
həllinə dair tapşırıqlar verməsi də
söylənilən fikirləri bir daha sübut edir. Dövlət
başçısının media nümayəndələri
ilə bu görüşünü həm də Azərbaycan
dövlətinin medianın inkişafına böyük dəstəyi
kimi qiymətləndirilməlidir. Ölkənin
birinci şəxsinin media ilə, cəmiyyətlə məsləhətləşməsi,
onlardan dəstək istəməsi təqdirəlayiq
haldır.
Dövlət
başçısının görüşdə söylədiyi
təkliflər hər bir jurnalist, hər bir vətəndaş
üçün ümdə vəzifə ola
bilər: "Əgər inkişaf etmiş ölkələr
sırasında olmaq istəyiriksə, şəffaflıq hər
bir sahədə yüksək səviyyədə təmin
olunmalıdır. Mətbuatın əsas vəzifəsi
görülən işləri işıqlandırmaq, həllini
gözləyən məsələləri qabartmaqla onların
çözülməsinə dəstək olmaqdır".
H.Heydərli onu da vurğuladı ki, dövlət
başçısı ölkədəki azad internetin əhali
arasında daha geniş yayılmasında maraqlıdır və
vətəndaşların internetdən daha rahat istifadəsi
üçün dövlət siyasəti həyata
keçirir. Bu həm də Azərbaycan
hakimiyyətinin ənənəvi media ilə yanaşı,
yeni mediaya qayğısının, diqqətinin bariz göstəricisidir.
Son zamanlar sosial şəbəkələrdə
müşahidə etdiyimiz məmur-vətəndaş
arasında virtual əlaqələrin qurulması, dövlət
və hökumət qurumlarının sosial şəbəkələrdə
aktiv fəaliyyəti də bu qəbildəndir.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2013.- 29 noyabr.- S.5.