«Müasir dövrdə insan hüquqlarının təminatının

 aktual problemləri» mövzusunda Beynəlxalq

 elmi-praktiki konfrans keçirilmişdir

 

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 65 illiyinə həsr olunmuş "Müasir dövrdə insan hüquqlarının təminatının aktual problemləri" mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.

BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Azərbaycan Hüquqşünasları Konfederasiyasının, AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutununPolis Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, Daxili İşlər Nazirliyinin və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.

Konfransı açan akademiyanın rəisi Nazim Əliyev bildirmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi Azərbaycan dövlətinin əsas məqsədidir. Son illər ölkəmizdə insan hüquqlarının qorunması sahəsində mühüm işlər görülmüşdür.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova isə vurğulamışdır ki, ulu öndər Heydər Əliyev qanunun aliliyi, insan hüquqları və demokratiyanı ölkəmizdə həyata keçirilən dövlət quruculuğu proseslərinin təməl prinsipləri olaraq müəyyənləşdirmişdir. Azərbaycanda Ombudsman institutunun yaradılması insan hüquqlarının məhkəmə sistemindən kənarda qorunmasına böyük təkan vermişdir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd etmişdir ki, ölkəmiz insan hüquq və əsas azadlıqlarının qorunmasına təminat kimi demokratik idarəetməni və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsini alternativsiz yol kimi seçmişdir. Demokratik, hüquqi dövlətin qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova və AMEA-nın İnsan Hüquqları Elmi Tədqiqat İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva respublikamızda insan hüquqlarının təminatı sahəsində əldə olunmuş uğurlardan danışmışlar.

Tədbirdə Avropa Polis Kollecləri Assosiasiyasının prezidenti Helen Martini, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bernardus Bruk, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin baş müşaviri Vladimir Şkolnikov çıxış edərək diqqətə çatdırmışlar ki, Azərbaycanda demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş tədbirlər nəticəsində bir çox nailiyyətlər qazanılmışdır.

Sonra konfransda mövzu ətrafında müzakirələr aparılmışdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 29 noyabr.- S.7.