Mətbuat Şurasında Həsən bəy
Zərdabinin
xatirəsini
anma tədbiri keçirilmişdir
Noyabrın 28-də Azərbaycan Mətbuat Şurasında Həsən bəy Zərdabinin xatirəsini anma tədbiri keçirilmişdir.
Şuradan AzərTAc-a bildirmişlər ki, toplantını açan qurumun sədri Əflatun Amaşov bildirmişdir ki, xalqımızın böyük maarifpərvər ziyalısı Həsən bəy Zərdabinin vəfatından 106 il ötür. Bu tarixi şəxsiyyətin fəaliyyətindən və bütövlükdə ömür yolundan, xüsusən də "Əkinçi" qəzetini nəşr etdirərkən çəkdiyi əzab-əziyyətlərdən hər bir azərbaycanlı məlumatlı olmalıdır. Bu məlumatlılığı təmin etmək üçün Mətbuat Şurası bir neçə il əvvəl Həsən bəy Zərdabinin xatirəsini anma gününün keçirilməsi təşəbbüsünü qaldırmışdır. Hər il Milli Mətbuat Günü ilə yanaşı, eyni zamanda, noyabrın 28-də böyük ziyalı ilə bağlı tarixi faktlara müraciət edilir, onun xalqı qarşısındakı xidmətləri yada salınır. Hər dəfə də xatirələri çözələdikcə böyük fəxarət hissi keçiririk, - deyən Mətbuat Şurasının sədri vurğulamışdır ki, kütləvi informasiya vasitələrinin Həsən bəy Zərdabinin keçdiyi ömür yolunun ayrı-ayrı məqamlarını misilsiz vətənpərvərlik nümunəsi kimi təqdim etmələri cəmiyyət üçün son dərəcə zəruridir.
Mətbuat Şurasının idarə heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun milli mətbu irsimizdə xüsusi yeri olan nəşrlərin təbliğinə böyük önəm verdiyini vurğulamışdır. Bildirmişdir ki, bu günlərdə fondun maliyyə dəstəyi ilə "Ziya" qəzetinin nüsxələrinin ərəb əlifbasından latın qrafikalı Azərbaycan əlifbasına çevrilməsi işi həyata keçirilmiş və toplanmış materiallar kitab şəklində nəşr edilmişdir.
Bundan başqa, fond "Azərbaycan mətbuat tarixi antologiyası"nın da nəşrini reallaşdırmışdır. Ümumən qurum bu qəbildən olan layihələrə həmişə dəstək verir. Düşünürəm ki, Həsən bəy Zərdabi irsinin daha genişmiqyaslı tətbiqinə şərait yaratmaq da qarşımızda duran mühüm vəzifələrdəndir", - deyə o, vurğulamışdır.
Mətbuat Şurası idarə heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Əkinçi" qəzetinin o dövrdə fəaliyyətə başlamasını, eləcə də iki il müddətində ömür sürməsini Həsən bəy Zərdabi şəxsiyyətinin böyük hünəri adlandırmışdır. Qeyd etmişdir ki, Həsən bəy Zərdabinin həyat yoluna nəzər salarkən onun xalqı maarifləndirməyin ən müxtəlif yollarını nəzərdən keçirdiyi və nəhayət, bu məsələdə qəzet çapı üzərində dayandığı aydın görünür. Dahi mütəfəkkirin seçimini səciyyələndirən cəhətlər müəyyən çalarlarla bugünümüz üçün də aktualdır.
Azərbaycanlıların
və Digər Türkdilli Xalqların Əməkdaşlıq
Mərkəzinin rəhbəri İlham İsmayıl Həsən
bəy Zərdabini təkcə ölkəmizin deyil,
bütövlükdə türk dünyasının görkəmli
ictimai xadimi, ziyalısı kimi xarakterizə etmişdir. Diqqətə
çatdırmışdır ki, onun 1875-ci ildə "Əkinçi" qəzeti
ilə əsasını qoyduğu mətbuatımız
qısa zamanda xalqın özünüdərk
prosesində misilsiz rol
oynamışdır. Nəşrin səhifələrində məişət
müstəvisində qaldırılan məsələlər zaman keçdikcə digər mətbuat
orqanları tərəfindən milli məfkurə
davası ilə bağlı müstəsna tezislərə çevrilmişdir. Nəticə etibarilə bu, dövlət müstəqilliyimizin
qazanılmasına gətirib çıxarmışdır.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli Həsən bəy Zərdabi irsinin araşdırılması sahəsində görülən işlərdən söz açmışdır. Görkəmli alimin "Heç olmaz ki, doğru söz yerdə qalsın" fikrinə müraciət edən N.Əhmədli bildirmişdir ki, Həsən bəy şəxsiyyətinin doğru bildiklərini anlatma tərzi, fəaliyyətindəki ayrı-ayrı məqamlar bu günün jurnalistləri üçün son dərəcə vacib məktəb rolunu oynamaqdadır.
"Bakı
xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev
bildirmişdir ki, Həsən bəy Zərdabinin Azərbaycan
xalqı qarşısındakı xidmətləri təkcə
"Əkinçi" qəzeti ilə məhdudlaşmır.
Bu mənada dahi
mütəfəkkirin ötən əsrin əvvəllərində
işıq üzü görmüş
"Kaspi" qəzetindəki fəaliyyətindən
söz açan baş redaktor 1907-ci il noyabrın 28 tarixini
xatırlatmışdır. Qeyd etmişdir ki, Həsən
bəyin dəfni böyük izdihamla yadda
qalmışdı. Bu, xalqın öz ziyalısına, fikir
adamına dəyəri baxımından böyük,
eyni zamanda, fəxarət
duyulası hadisə idi. Hesab
edirəm ki, noyabrın 28-nin məhz bu aspektinin də
qabardılmasına ehtiyac vardır.
Azərbaycan.-2013.- 29 noyabr.- S.7.