«Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında» Azərbaycan
Respublikasının 2013-cü il 29 oktyabr tarixli 797-IVQD
nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 797-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 74.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.4. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 74-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxan müvafiq dövlət orqanı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. iki ay müddətində:
1.2.1. xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarının sərhədləri və mühafizə rejiminə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2.2. Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə təbiət tarixi muzeyinin yaradılması konsepsiyasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
25 noyabr 2013-cü il
Azərbaycan.-2013.- 30 noyabr.- S.3.