MDB PA-nın tədbirlərində

 

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura  və 39-cu plenar iclaslarında iştirak etmək üçün noyabrın 28-də Sankt-Peterburq şəhərinə səfərə gəlmişdir.

Həmin gün Milli Məclisin Sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, MDB Parlamentlərarası Assambleya Şurasının və Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının sədri Valentina Matvienko, Qazaxıstan Parlamenti Senatının Sədri Kasımjomart Tokayevbu ölkənin Parlament Məclisinin Sədri Nurlan Niqmatulinlə görüşdü.

Sankt-Peterburqda keçirilən görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlər  səviyyəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq parlament  təşkilatlarında qarşılıqlı fəaliyyət və digər məsələlər ətrafında fikir  mübadiləsi aparıldı. Parlament  rəhbərləri Azərbaycanda gedən sürətli  inkişafı izlədiklərini və ölkəmizin bütün sahələrdə nümunəvi ölkə imici qazandığını vurğulayaraq, 9 oktyabrda keçirilən Prezident seçkilərini yüksək qiymətləndirdilər. Prezident İlham Əliyevin böyük səs çoxluğu ilə yenidən  prezident seçilməsi münasibətilə təbriklərini çatdırdılar.

Noyabrın 28-də nümayəndə heyətimizin üzvləri MDB PA-nın Şura iclasında iştirak etdilər. İclasın gündəliyindəki 29 məsələdən biri - MDB  iştirakçısı olan ölkələrdə seçkilərin müşahidəsinin təşkili məsələsi idi. MDB PA-nın müşahidə missiyasının hazırladığı yekun sənəddə 9 oktyabrda Azərbaycanda keçirilən Prezident seçkiləri yüksək qiymətləndirildi. Qeyd  olundu ki, ölkəmizdə seçkilər şəffaf, ədalətli, seçici hüquqlarının qorunması şəraitində və beynəlxalq hüquq normalarına uyğun keçirilmişdir. Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda prezident seçkilərində qurum nümayəndələrinin müşahidəçilik missiyasını obyektiv yerinə yetirdiklərinə görə bu sahədə fəaliyyət göstərən institut və təşkilatlara öz təşəkkürünü  bildirdi.

Tədbirlərdə deputatlardan Sevinc Fətəliyeva, Sədaqət Vəliyeva, Mirkazım Kazımov, Aslan Cəfərov, Hacı Salayev, Milli Məclis Aparatının rəhbəri Səfa  Mirzəyev və digər rəsmi şəxslər iştirak edirdilər.

 

 

 

Akif  TƏVƏKKÜLOĞLU,

Milli Məclisin mətbuat katibi

Azərbaycan.-2013.- 30 noyabr.- S.5.