Tanınmış kinorejissor Vaqif Mustafayevə «Azərbaycan Respublikası

 Prezidentinin fəxri diplomu» təqdim edilmişdir

 

Noyabrın 29-da Mədəniyyət və Turizm Nazirliyində tanınmış kinorejissor, xalq artisti, Dövlət Mükafatı laureatı Vaqif Mustafayevə Azərbaycanda silsilə sənədli filmlərin yaradılmasında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" təqdim edilmişdir.

AzərTAc xəbər verir ki, fəxri diplomu təqdim edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Vaqif Mustafayevin həyat və yaradıcılığının Azərbaycan mədəniyyətində özünəməxsus yerini qeyd etmişdir.

Mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirən nazir dünyanın sürətlə inkişaf edən ölkələrindən olan Azərbaycanın regionun ən güclü dövləti, beynəlxalq aləmdə söznüfuz sahibi olduğunu diqqətə çatdırmışdır.

Nazir son illər Heydər Əliyev Fondunun dəstəyi ilə bir sıra genişmiqyaslı layihələrin həyata keçirildiyinibunun sayəsində Azərbaycan mədəniyyətinin geniş şəkildə təbliğ olunduğunu bildirmişdir.

Vaqif Mustafayevin yaratdığı filmlərin böyük rəğbətlə qarşılandığını söyləyən Əbülfəs Qarayev kinorejissorun ərsəyə gətirdiyi ekran əsərlərinin Avropa kinofilmləri ilə müqayisə olunduğunu xüsusilə qeyd etmişdir.

Fəxri diplomla təltif olunmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən V.Mustafayev mədəniyyət, incəsənət və ədəbiyyat sahəsində çalışanlara belə mükafatların təqdim edilməsinin onların əməyinə verilən ən böyük qiymət olduğunu vurğulamışdır.

 

Azərbaycan.-2013.- 30 noyabr.- S.9.