Mətbuatın böyük dostu və himayədarı

 

"Mən ikinci dəfə bu yüksək ada layiq görülürəm. Bu, mənim üçün böyük şərəfdir. Mənim həyatımda çoxlu mükafatlar, təltiflər olubdur. Ancaq Azərbaycan mediasının mükafatı onların içində xüsusi yer tutur. Jurnalistlərin dostu kimi çalışacağam ki, bundan sonra da azad jurnalistikanın inkişafı üçün öz səylərimi əsirgəməyim. Mən dostluqda sadiq adamamhesab edirəm ki, bizim dostluğumuz bundan sonra da uğurla davam edəcəkdir".

 

 

 

İlham ƏLİYEV

 

 

 

Prezident İlham Əliyev ikinci dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi münasibətilə keçirilən tədbirdə ölkəmizdə azad mətbuatın inkişafı sahəsində bundan sonra da davamlı işlərin görüləcəyini bəyan etdi. Eyni zamanda mətbuat işçilərinin də üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə, əsl jurnalistika prinsipləri ilə çalışaraq cəmiyyəti obyektiv informasiya ilə təmin edəcəklərinə əminliyini ifadə etdi.

Şübhəsiz ki, müasir cəmiyyətdə önəmli rol oynayan mətbuatın siyasi münasibətlərə və proseslərə yaxından nüfuz imkanları da nəzərə alınsa, onun məsuliyyətinin kifayət qədər böyük olduğuna heç bir şübhə qalmır. Təsadüfi deyildir ki, ictimai rəyə təsir göstərmək imkanlarına görə kütləvi informasiya vasitələri "dördüncü hakimiyyət" də adlandırılır. O bir tərəfdən cəmiyyətdə demokratik prinsiplərin bərqərar olmasında öncül rol oynayır, digər tərəfdən demokratiyanı səciyyələndirən başlıca göstəricilərdən biri qismində çıxış edir. KİV hakimiyyət strukturları ilə bilavasitə bağlı olmaqla onun üzərində ictimai nəzarəti təmin etməyə çalışır.

Azərbaycan mətbuatının respublikada demokratikləşmə proseslərinin dərinləşməsində və vətəndaş cəmiyyəti institutlarının mövqelərinin möhkəmlənməsində xidmətləri danılmazdır. Azərbaycanda söz və mətbuat azadlığının bərqərar olması prosesi cəmiyyətin özünün demokratik inkişaf xüsusiyyətlərinə uyğun olaraq mürəkkəb təkamül yolu keçməkdədir. Azərbaycan dövləti özünün Konstitusiya prinsiplərinə sadiq qalaraq söz və məlumat azadlığının təmin edilməsi sahəsində müəyyən etdiyi siyasi xətti ardıcıl şəkildə davam etdirir.

Bu gün ictimaiyyət ölkənin taleyüklü məsələlərinə münasibətdə mətbuat nümayəndələrindən əsl vətəndaş mövqeyi, milli təəssübkeşlik nümunəsi tələb edir. Peşə etikası ilə yanaşı milli təəssübkeşlik, taleyüklü problemlərə vətəndaş yanaşması  Azərbaycan mediasının keyfiyyət göstəricisinə çevrilməlidir. Prezident İlham Əliyev media nümayəndələri ilə görüşü zamanı bu məqamlara da toxunub: "Azərbaycan cəmiyyəti iqtisadi cəhətdən, siyasi cəhətdən və ictimai fikir baxımından daha da sıx birləşməlidir. Hesab edirəm ki, burada medianın çox böyük rolu vardır və ola bilər. İlk növbədə hesab edirəm, əsas məsələ ondan ibarətdir ki, bizim yerli mediamız xarici təsirdən azad olsun. Əlbəttə, biz demokratik cəmiyyətdə, plüralizm şəraitində yaşayırıq, müxtəlif fikirlər, siyasi baxışlar ola bilər. Mediamızın bir hissəsi hələ ki, siyasi partiyalara bağlıdır. Bu, ayrı bir mövzudur. Mənim bu məsələ ilə bağlı öz fikirlərim vardır. İstəmirəm bu barədə geniş danışım. Amma hər halda inkişaf etmiş ölkələrin praktikası onu göstərir ki, güclü medialar siyasi təsirdən bir qədər azad olmalıdır. Ancaq hələ ki, bu, belədir. Əlbəttə ki, ölkəmizin gələcək inkişafı ilə, ölkədə aparılan siyasətlə bağlı müxtəlif fikirlər vardır və olmalıdır. Bu, təbiidir. Ancaq bir məsələdə - dövlət maraqlarımızın qorunması məsələsində, hesab edirəm ki, vahid fikir olmalıdır. Çünki Azərbaycanın gələcək inkişafı bizdən asılıdır. Azərbaycan xalqı bu gün öz taleyinin sahibidirbizim siyasətimiz əsasında Azərbaycanın inkişafı təmin edilir. Ona görə, ilk növbədə, mediamızı xarici təsirdən azad etmək üçün əgər dövlətin əlavə dəstəyi lazımdırsa, biz bunu etməyə hazırıq".

Müstəqil Azərbaycan söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur. Respublikamızda bu yönümdə həyata keçirilən mütərəqqi islahatlar, ilk növbəbə demokratik, hüquqi və dünyəvi inkişaf yolunu prioritet seçərək inamla irəliləyən Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir. Azərbaycanda insan hüquqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu öz təsdiqini həm də demokratik institut kimi formalaşmış kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətində, onların inkişafı üçün yaradılmış hüquqi təminatlarda tapır.

Prezident İlham Əliyev həmişə respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəfdarı kimi çıxış edir. Dövlət başçısı milli mətbuatın qabaqcıl dövlətlərin mütərəqqi ənənələrinə əsaslanmaqla, eyni zamanda xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayır. Azərbaycan Prezidentinin söz və mətbuat azadlığına necə həssas yanaşdığını onun bu fikirləri bir daha təsdiqləyir: "Azərbaycanda söz azadlığı, mətbuat azadlığı, siyasi fəaliyyət azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı təmin edilib. Hesab edirəm ki, bizim gündəlik həyatımız dediklərimi təsdiq edir. Azərbaycan o ölkələrdəndir ki, azad internet mövcuddurinternet istifadəçilərinin sayı 70 faizdən çoxdur. Heç bir məhdudiyyət yoxdur. Yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir. Bir sözlə, medianın inkişafı ilə bağlı dövlət tərəfindən yalnız dəstək göstərilir. Sizqeyd etdiyiniz kimi, bəzi məsələlərdə, xüsusilə media nümayəndələrinin məişət problemlərinin həlli işində Azərbaycan ön yerlərdədir. Bu barədə mən bu ilin yayında öz fikirlərimi bildirmişəm. Hesab edirəm ki, bu, düzgün yanaşmadır. Çünki jurnalistlərin o qədər də böyük maddi imkanları yoxdur. Onlar adamları, başqa kateqoriyadan olan insanlar kimi öz fəaliyyəti hesabına layiqli mənzillərə sahib ola bilmirlər. Ona görə dövlət öz dəstəyini mütləq verməlidir".

Dövlət başçısı İlham Əliyev ilk gündən respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə lazımi şəraitin yaradılmasının tərəfdarı olduğunu bəyan etmişdir. Hələ 2005-ci il 21 iyul tarixində "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", habelə "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymət verildiyini göstərmişdir. "Əkinçi" qəzetinin 130 illik yubileyinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməsi ölkə rəhbərinin mətbuata qayğısını əyani nümayiş etdirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları isə təsdiqləmişdir ki, Azərbaycanda mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Belə bir konsepsiyanın imzalanması milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Mətbuata dövlət dəstəyi konsepsiyasının imzalanması dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi məqsədindən irəli gəlmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 3 aprel 2009-cu il tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" sərəncamı da məhz Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Xatırladaq ki, "RUH" Jurnalistləri Müdafiə Komitəsi tərəfindən keçirilən rəy sorğusuna əsasən, Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu ilin yekunlarına görə "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür.  "Jurnalistlərin dostu" mükafatı medianın inkişafında, onun demokratik təsisat kimi formalaşmasında müstəsna xidmətləri olan şəxslərə, ictimai-siyasi və dövlət xadimlərinə verilir. Sorğunun nəticələrinə əsasən, mediaya verdiyi dəyərə və bütövlükdə kütləvi informasiya vasitələrinə göstərdiyi diqqətə görə Prezident İlham Əliyev 81 faiz səslə birinci yerə layiq görülmüşdür.

2010-cu ildə Mətbuat Şurasının yeni ofisinin istifadəyə verilməsi, milli mətbuatın 135 illik yubileyinin keçirilməsi, 40-dək qəzetə və kütləvi informasiya vasitəsinə birdəfəlik maliyyə yardımlarının edilməsi, mətbuatın inkişafında rolu olan jurnalistlərin mükafatlandırılması, onların mənzil probleminin həlli üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsaitin ayrılması da bu sahəyə yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, mətbuat işçiləri üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan addımdır. 2010-cu ilin dekabrında həmin binanın tikintisi üçün Bakıda torpaq sahəsi ayrıldı və iyulun 22-də 17 mərtəbəli, iki bloklu, 156 mənzilli bina tikilərək  jurnalistlərin istifadəsinə verildi.

Ölkə başçısı mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin müsbət təcrübəsini nəzərə alaraq, bu istiqamətdə aparılan işlərin davam etdirilməsi məqsədilə növbəti sərəncam imzalayıb. Sərəncama əsasən mətbuat işçiləri üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı 2013-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat vəsait ayrıldı.

Təəssüflə qeyd etmək lazımdır ki, söz, fikir və mətbuat azadlığı üçün respublikamızda yaradılmış liberal və tolerant mühit bəzi hallarda bu sahədə müəyyən problemlərin ortaya çıxmasına, xüsusən də informasiyanın toplayıcısı və cəmiyyətə ötürücüsü funksiyasını yerinə yetirən kütləvi informasiya vasitələrində qanunların və peşə davranışı normalarının kobud şəkildə pozulması hallarına da gətirib çıxarır. Prezident İlham Əliyev bildirib: "Ümid edirəm ki, xoşagəlməz halların sayı gələcəkdə ölkəmizin sürətli və hərtərəfli inkişafı hesabına azalacaqdır. Hər halda biz buna çalışırıq, çalışmalıyıq. Bir daha demək istəyirəm ki, biz müasir dövlət qururuq. Müasir dövlət quruculuğu üçün bizim bütün imkanlarımız vardır. İlk növbədə, biz siyasi iradəmizi, müstəqil siyasətimizi davam etdirməli, eyni zamanda dünyadakı müsbət praktikanı Azərbaycanda tətbiq etməliyik. Burada mən heç bir problem görmürəm. Bizim şəraitimizə, milli adətlərimizə uyğun ən mütərəqqi təcrübə Azərbaycanda tətbiq edilməlidir. Ona görə inkişaf etmiş ölkələrin, xüsusilə demokratik inkişafla, media azadlıqları ilə bağlı təcrübəsi bizim üçün çox maraqlıdır, cəlbedicidir. Biz bu təcrübədən istifadə edirik və edəcəyik".

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2013.- 30 noyabr.- S.8.