Prezidentin səsləndirdiyi fikirlər
Azərbaycan
jurnalistikasının
inkişafına öz töhfəsini verəcək
Noyabrın 24-də Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm hadisə baş verdi. Prezident İlham Əliyev ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdü. Görüşdə "Jurnalistlərin dostu" mükafatı dövlət başçısına təqdim olundu. Ölkə rəhbəri ilə jurnalistlər arasında media müstəvisində səmimi bir dialoq yarandı. Prezident jurnalistlərə önəmli mesajlar verdi.
Dövlət başçısı ilə media nümayəndələri arasındakı səmimi dialoq bu gün də müzakirə mövzusudur. Görüşlə bağlı təəssüratlarını bölüşənlər də hesab edirlər ki, Prezidentin səsləndirdiyi fikirlər, tövsiyələr Azərbaycan jurnalistikasının inkişafına öz töhfəsini verəcək.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, əməkdar jurnalist, professor Şamil Vəliyev qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan Prezidenti ilə keçirilən görüş və onun "Jurnalistlərin dostu" elan olunması bu günlərin ən aktual məsələsi kimi qiymətləndirilir. Çünki bu, sadəcə bir peşə sahəsinin insanları ilə keçirilən görüş deyil, həm də bu sahəyə aid elmi axtarışların strategiyasını müəyyənləşdirən görüş idi: "Prezidentin proqram xarakterli çıxışı bizim üçün yaxın illərin fəaliyyət proqramı da hesab oluna bilər və bu çıxış bizi işimizdə daha məsuliyyətli, daha diqqətli olmağa səfərbər edəcək".
Əməkdar jurnalist vurğuladı ki, görüşdə çox maraqlı tezislər də səsləndirilib. Eyni zamanda jurnalistika fakültəsinin uzun illərdən bəri arzuladığı yaradıcılıq müsabiqəsi ilə bağlı məsələ görüş zamanı müzakirə mövzusu olub. Onun sözlərinə görə, dövlət başçısı bu məsələnin rəsmiləşməsi ilə bağlı tapşırıqlar verib: "Bu məsələ fakültənin problemi kimi qalırdı. Ancaq dövlət başçısı bununla bağlı müsbət fikrini söylədi və inanırıq ki, yaradıcılıq müsabiqəsinin tətbiqindən sonra biz jurnalistika fakültəsində müəyyən uğurlarımız barədə fəxrlə danışa biləcəyik".
Şamil Vəliyev qeyd etdi ki, Prezident İlham Əliyev ölkədə söz və mətbuat azadlığından danışaraq mətbuata bu sahədə heç bir maneçilik yarıdılmadığını söyləyib. Dövlət başçısı birmənalı şəkildə bildirib ki, söz, fikir azadlığı qorunmalıdır. Çünki bu azadlığın qorunması cəmiyyətdaxili dialoqun qurulması ilə inkişaf dinamikasını müəyyənləşdirir. Dövlət başçısının tövsiyələri də maraqlı olub: "Görüşdə çox səmimi söhbət oldu və bu səmimiyyət bütövlükdə jurnalistikada doğru danışmaq, həqiqəti söyləmək, problemləri haqlı təhlil etmək və düzgün nəticə çıxarmaq baxımından müsbət qiymətləndirilir. Prezidentin özünün bu məsələyə xüsusi fikir verməsi və "mən dostluqda sadiqəm" deməsi jurnalistlər tərəfindən də böyük rəğbətlə qarşılandı. Çünki biz, Prezidentin təkcə tövsiyələrinə əməl etmirik, həm də ona güvənirik. Biz bilirik ki, istər praktik jurnalistikanın, istərsə də elmi nəzəri axtarışların bu yöndə yol göstəricisi dövlət başçısının özüdür. Bütün bunlara ona görə inanıram ki, bu dostluq əbədi olacaq"
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının (JHİ) sədri Müşfiq Ələsgərli isə bildirdi ki, görüşün formatı Prezidentə təqdim edilən mükafatla bağlı olsa da, ölkə başçısı vaxt ayırıb jurnalistlər və media rəhbərləri ilə geniş, səmərəli müzakirə keçirdi. Bu, Prezidentin geniş jurnalist auditoriyası ilə son üç il ərzində təşkil olunan təqribən dördüncü görüşü idi. 2010-cu ildə Mətbuat Şurasında, sonra Gülüstan sarayında geniş toplantı oldu. Daha sonra iyul ayında jurnalistlər üçün tikilən binadakı mənzillərin təqdim olunması mərasimi və nəhayət, 24 noyabr görüşü keçirildi.
Müşfiq Ələsgərli
hesab edir ki, bu görüş
Prezidentin mediaya olan böyük diqqət
və qayğısının göstəricisidir: "Görüş zamanı media
işçiləri problemləri ilə bağlı Prezidentə
informasiya verdilər. Biz
Prezidentin bu məsələlərdən
xəbərdar olduğunun şahidinə çevrildik. Dövlət
başçısının qaldırılan məsələlərə
verdiyi reaksiya onu deməyə əsas verir
ki, medianın problemləri ilə intensiv maraqlanır və onların aradan qaldırılması üçün
səy göstərir. Prezident bu məsələlərin jurnalistlərin
dilindən səslənməsinə üstünlük
verdi və problemlərin sadalanması ilə
yanaşı, həm də mövcud durumun daha da
normallaşdırılması yönündə təklifləri
eşitdi. Jurnalistlərə zəruri hesab etdikləri problem barədə
ətraflı danışmaq və fikir
mübadiləsi aparmaq üçün
şərait yaradılması çox
yaxşı haldır. Ondan da yaxşı hal Prezidentin reaksiyasının çox
gecikməməsidir". Onun fikrincə,
adətən belə görüşlərdə problemlər
dinlənilir, bir müddət sonra isə müsbət və ya
mənfi olmasından asılı olmayaraq
həmin məsələyə münasibət bildirilir.
Amma burada qaldırılan problemlərə
Prezident dərhal reaksiya verdi.
Bu, çox xoş
haldır.
M.Ələsgərlinin sözlərinə görə,
Azərbaycanda medianın
inkişafı üçün
çox böyük addımlar atılır, mühüm işlər görülür. Daxil olduğumuz region dövlətləri və
tarixən münasibətdə
olduğumuz ölkələrlə
müqayisə aparsaq Azərbaycanda medianın inkişafı üçün
bir çox gərəkli layihələrin
həyata keçirildiyinin
şahidi olarıq.
Ölkəmizdə bu
inkişafa dialoq vasitəsilə nail olunub.
Ölkə rəhbərliyi ilə
jurnalistlərin, media rəhbərlərinin
bu cür səmimi diskussiyaları dəfələrlə keçirilib.
Nəticə də göz
qabağındadır. Nailiyyətlərin hər
birinin səbəbi ölkə başçısının
apardığı sağlam
dialoqun üzərində
qurulub: "Ona görə də bu cür müzakirələrin,
diskussiyaların davamlı
olmasını arzu edirəm. Hesab edirəm ki,
belə olan halda Azərbaycan mediası daha da irəli gedib
ən böyük nailiyyətləri qazana bilər".
Mətbuat Şurasının İdarə
Heyətinin üzvü,
"Paralel" qəzetinin
baş redaktoru Tapdıq Abbas isə Prezident İlham Əliyevlə ölkənin aparıcı
media kapitanlarının görüşünün
kütləvi informasiya
vasitələrində geniş
müzakirə mövzusuna
çevrildiyini bildirdi. Görüşdə iştirak edən hər kəs bu hadisəyə böyük önəm verir, onun ölkə
mediasının inkişafına,
azad sözün və mətbuatın daha da güclənməsinə
səbəb olacağından
söz açır.
Onun sözlərinə
görə, əgər
ölkə Prezidenti mətbuata qayğını
diqqətdən kənarda
saxlasaydı, çox
güman ki, hazırkı isti münasibətlərin yaranması
mümkün olmazdı:
"Ölkədə mətbuatın
inkişafına son illər
göstərilən dövlət
qayğısının təşkilatçısı,
memarı və müəllifi təbii ki, Prezident İlham
Əliyevdir. Prezidentin mətbuata bunca
yüksək diqqət
yetirməsi hər şeydən öncə ölkə başçısının
dövlətin uğurla
idarə olunmasında
mətbuatın roluna yüksək qiymət verməsi ilə bağlıdır. Hazırda postsənaye
cəmiyyətindən sürətli
informasiya cəmiyyətinə
keçid həyatımıza
daxil olan bir sıra hadisələrə
yeni baxış formalaşdırmaqdadır, xüsusən,
internet medianın bütün
digər medianı üstələməsi, informasiyanın
əldə edilməsi,
emal olunması və ötürülməsinin
tam yeni forma və məzmun kəsb etdiyindən xəbər verir. Təsadüfi deyil ki, ölkə başçısı
jurnalistlərlə görüşdə
Azərbaycanda azad medianın nümünəsi
kimi internet medianın
sürətlə inkişaf
etdirilməsində dövlətin
rolunu xüsusi vurğuladı. Eyni zamanda
ölkə əhalisinin
70 faizinin internetdən
istifadə etdiyini qeyd etdi".
T.Abbas hesab edir ki, jurnalistlərlə
Prezidentin görüşündə
uduzan tərəf olmadı. Bu görüşdən
həm ölkə jurnalistikası, həm də Azərbaycan dövləti uğur qazandı. Dövlət
başçısının çıxışında aydın
hiss olunan səmimiyyət
hər bir iştirakçı üçün
böyük enerji mənbəyi rolunu oynadı. Azərbaycan Prezidentinin fəaliyyətinin
nəticələri, onun
mətbuata münasibəti
və qayğısı
hər kəsin gözünün önündədir.
Bunları danmaq və
üzərinə ləkə
salmaq üçün
dəridən-qabıqdan çıxanların
mənəvi korluğu
hər kəs tərəfindən aydın
müşahidə olunmaqdadır.
"Editor.az" İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı isə hesab edir ki, Prezident İlham Əliyevlə media nümayəndələri arasında baş tutan görüş ölkə başçısının jurnalistlərə olan yüksək diqqət və ehtiramının ifadəsi idi. Bu görüş Azərbaycan mediasının gələcək inkişaf perspektivləri və mövcud çətinliklərinin aradan qaldırılması baxımından olduqca faydalı hadisədir: "Prezident görüşdə Azərbaycan mətbuatının dünəni, bugünü və gələcəyini təsvir edən olduqca məzmunlu çıxış etdi. İlham Əliyev öz çıxışında mətbuatımızın hazırkı durumu və gələcəyi ilə bağlı əhəmiyyətli mesajlar verdi. Düşünürəm ki, Prezidentin çıxışında əksini tapan məqamlar, mediaya münasibətini əks etdirən fikirlər Azərbaycanda müstəqil mətbuatın inkişaf prosesini daha da sürətləndirəcək".
F.Şahbazlının fikrincə, Prezident İlham Əliyevə təqdim edilən "Jurnalistlərin dostu" mükafatı Azərbaycan jurnalistlərinin mütləq əksəriyyətinin mövqeyini ifadə edir. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mətbuata dəstək siyasətini bu gün uğurla davam etdirir. KİVDF-nin yaradılması, Mətbuat Şurasına yeni və modern inzibati binanın ayrılması, jurnalistlərin mənzillərlə təmin edilməsi, mətbu orqanlara birdəfəlik yardımların olunması, müxtəlif şəxsi problemləri olan jurnalistlərə fərdi qaydada diqqətin göstərilməsi dediklərimizin təsdiqi rolunda çıxış edir: "Bu danılmaz gerçəklikdir ki, KİVDF xətti ilə ayrılan yardımlar, verilən mənzillər heç bir fərq qoyulmadan hətta ən aqressiv müxalifət mətbuatına belə şamil edilir. Bütün bunlar isə Azərbaycan iqtidarının ölkədə azad və müstəqil mətbuatın inkişafında maraqlı olduğunun göstərcisidir. Bu mənada hesab edirəm ki, Prezidentin ikinci dəfə "Jurnalistlərin dostu" mükafatı ilə təltif olunması dövlət başçısının mətbuata dəstək siyasətininin məntiqi yekunudur".
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2013.- 30 noyabr.- S.8.