Daşkənddəki silkway.uz internet portalında Azərbaycan ilə Özbəkistan arasında əlaqələrdən bəhs edən geniş material verilmişdir

 

Daşkənddəki silkway.uz internet portalında Azərbaycan ilə Özbəkistan arasında bütün sahələrdə əlaqələrin mövcud vəziyyəti və perspektivləri ilə bağlı rus dilində geniş material yerləşdirilmişdir.

"Əməkdaşlığın mühüm istiqamətləri və perspektivləri", "Möhkəm dostluğun simvolu", "İki ölkənin şair və yazıçıları arasında dostluq əlaqələri", "Xalq diplomatiyası" və "Mədəni əlaqələr aktiv inkişaf edir" yarımsərlövhələri ilə verilmiş məqalədə müstəqillik illərində Azərbaycan və Özbəkistanın dövlət başçılarının qarşılıqlı səfərləri yada salınır. Qeyd olunur ki, 1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Özbəkistana səfəri əlaqələrimizin yaranması və möhkəmlənməsi istiqamətində ilk mühüm addım olmuşdur. 2004 və 2010-cu illərdə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana və 1998 və 2008-ci illərdə Özbəkistanın dövlət başçısı İslam Kərimovun Azərbaycana rəsmi səfərləri iki ölkə arasında əməkdaşlığın inkişafına təkan vermişdir.

Materialda xatırladılır ki, 2008-ci ildə İslam Kərimovun Azərbaycana səfəri zamanı Bakıda böyük özbək şairi Əlişir Nəvainin abidəsi açılmış, paytaxtın küçələrindən birinə Əmir Teymurun nəvəsi, görkəmli alim Mirzə Uluqbəyin adı verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü ilin martında Özbəkistana rəsmi səfəri isə Daşkənddə böyük Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı ilə əlamətdar olmuşdur. Məqalədə, həmçinin şair və yazıçılarımızın tarixi dostluğundan, Özbəkistandakı Azərbaycan diasporunun fəaliyyətindən, Azərbaycan incəsənət ustalarının Səmərqənddə keçirilən "Şərq təranələri" Beynəlxalq musiqi festivalında iştirakından da bəhs edilmişdir.

 

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Daşkənd

Azərbaycan.-2013.- 30 noyabr.- S.9.