Azərbaycan Respublikasının Baş prokuroru yanında

 Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati

 binasının açılışı olmuşdur

 

Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir

 

 

 

Sentyabrın 30-da Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışı olmuşdur.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Bu gün ölkəmizdə gedən uğurlu inkişaf proseslərinə mane olan məsələlərin aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir. Bu sırada korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə son illərdə bir sıra tədbirlər həyata keçirilmiş, mübarizə metodlarının daha səmərəli olması üçün qanunvericilik bazası gücləndirilmişdir. Ötən dövrdə korrupsiyaya qarşı mübarizə üzrə 2004-2006-cı illəri əhatə edən Dövlət Proqramı qəbul olunmuşdur.  2007-ci ildə Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı təsdiq edilmişdir. 2004-cü ildə "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun qəbul olunmuşdur. Bu dövrdə korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumlar da fəaliyyətə başlamışdır. Bunlar Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsidir. Bundan əlavə, 2008-ci ildə qəbul olunan "Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair tədbirlər haqqında" fərman dövlətin bu sahədə strateji kursunu müəyyən etmişdir. Həmin kursa əsasən Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizə ilə bağlı bir neçə beynəlxalq sənədə, o cümlədən Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında", "Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında" və Birləşmiş Millətlər Təşkilatının "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" konvensiyalarına, həmçinin "Korrupsiyaya qarşı Birləşmiş Millətlər Təşkilatının Konvensiyası"na qoşulmuşdur. Bununla yanaşı, prokurorluq orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılmışdır. 2008-ci ildə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair" Dövlət Proqramı çərçivəsində milli memarlıq üslubunda, müasir standartlar səviyyəsində tikilən Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binası da bu sırada mühüm yer tutur.

Baş prokuror Zakir Qaralov Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışına gələn Prezident İlham Əliyevə raport verdi.

Dövlət başçısına məlumat verən baş prokuror Zakir Qaralov bildirdi ki, 5 və 7 mərtəbəli iki korpusdan, habelə üçmərtəbəli yardımçı bina və yeraltı qarajdan ibarət olan Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının inşasına 2010-cu ilin avqustunda başlanmış və tikinti işləri uğurla başa çatdırılmışdır. Bununla yanaşı, ərazidəki digər binalarda yenidənqurma işləri aparılmış, ətrafda yaşayan insanların istirahətinin təşkili məqsədi ilə yeni park salınmış, yaşıllıq zolaqları genişləndirilmiş, fəvvarələr quraşdırılmışdır.

Yeni binada yaradılan şəraitlə tanışlıq zamanı qeyd olundu ki, burada müxtəlif rəssamların əl işlərindən ibarət əsərlər nümayiş olunur. Birinci mərtəbədə müasir Azərbaycanı tərənnüm edən, paytaxtımızın rəmzinə çevrilən memarlıq nümunələrinin əks olunduğu böyük mozaik pannolar vardır. Burada xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü qoyulmuş, korrupsiyaya qarşı mübarizə sahəsində qəbul edilmiş normativ hüquqi aktlar, bu sahədə ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalar, prokurorluğun inkişafını əks etdirən sənədlərdən ibarət guşələr yaradılmışdır.

Dövlət başçısına məlumat verildi ki, ölkəmizdə gedən inkişaf prosesləri məhkəmə-hüquq islahatlarının dərinləşməsinə, hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının infrastrukturunun yaxşılaşdırılmasına, müasir binaların inşasına təkan vermişdir. Bu sırada paytaxtın Yasamal və Sabunçu rayon, İsmayıllı, Göygöl, Qusar, Biləsuvar, Gədəbəy, Zərdab və Samux rayon, həmçinin Zaqatala hərbi prokurorluqları üçün yeni inzibati binalar tikilmiş, çoxsaylı rayon prokurorluqlarının binaları əsaslı təmir olunmuşdur.

Bildirildi ki, eyni zamanda 100 və 250 nəfərlik konfrans zalları müxtəlif treninqlərin, seminarların və beynəlxalq tədbirlərin, mətbuat konfranslarının, vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları ilə görüşlərin, "dəyirmi masa"ların, maarifləndirici tədbirlərin, təqdimatların  keçirilməsi üçün nəzərdə tutulmuşdur. Müasir hüquq ədəbiyyatı, müxtəlif metodiki tövsiyələr, normativ-hüquqi aktlarla zənginləşdirilmiş kitabxananın digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışı təmin edilmişdir. Burada əməliyyatların idarə edilməsi mərkəzi də yaradılmışdır. Mərkəzdə Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən hazırlanaraq həyata keçirilən əməliyyat tədbirlərinin birbaşa rejimdə idarə edilməsi mümkündür.

Dövlət başçısı "Qaynar xətt" əlaqə mərkəzi və onun fəaliyyəti ilə tanış oldu. Korrupsiya hüquqpozmaları barədə müraciətlərin təxirə salınmadan çatdırılması və operativ baxılmasının təmin edilməsi məqsədi ilə yaradılan "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinin fəaliyyəti təkmilləşdirilmişdir. Artıq daxil olan zənglərin görmə funksiyasını əks etdirən monitorlar vasitəsilə qəbulu yeni proqram təminatı ilə həyata keçirilir ki, bu da korrupsiyaya daha çox məruz qalan sahələrin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün təhlillər aparmağa imkan yaradır.

Prezident İlham Əliyev daha sonra korrupsiya cinayətlərinin qarşısının alınması və aşkarlanması istiqamətində əməliyyat-axtarış fəaliyyətinin uğurla həyata keçirilməsi məqsədi ilə elmi-texniki tərəqqinin ən müasir nailiyyətlərini özündə birləşdirən zəruri avadanlıqlar, müasir texniki vasitələrlə təchiz edilmiş otaqlarla tanış oldu.

Kriminalistika otağında müxtəlif kateqoriyadan olan korrupsiya cinayətlərinin istintaq metodikasına dair məlumatları əks etdirən lövhələr, əyani vəsaitlər quraşdırılmışdır.

Dindirmə otaqlarında zərərçəkmiş, şahid və cinayət prosesinin digər iştirakçılarının iştirakı ilə istintaq hərəkətlərinin keçirilməsi üçün müasir tələblərə cavab verən şərait yaradılmış, otaqlar zəruri avadanlıqla, texniki vasitələrlə təchiz edilmişdir. Bundan əlavə, binada vətəndaşların qəbul otağı yaradılmış və müasir informasiya-kommunikasiya qurğuları quraşdırılmışdır. Burada müraciətlərə baxılması ilə əlaqədar normativ-hüquqi sənədlərdən çıxarışlar, prokurorluq orqanlarında vətəndaşların qəbuluna dair əmr, habelə prokurorluğun rəhbər heyətinin qəbul günü və saatları olan lövhələr vardır. Vətəndaşların məlumatlılığının təmin edilməsi məqsədi ilə müasir elektron məlumat daşıyıcıları, o cümlədən məlumat köşkü qoyulmuşdur. BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq binaya əlillərin daxil olmaları üçün qaldırıcı qurğu quraşdırılmışdır. Təhlükəsizliyin etibarlı təmini məqsədi ilə müasir tipli kamera, metalaşkarlayıcı, çantayoxlayan rentgen qurğuları və turniketlər istifadəyə verilmişdir.

Mühafizə otağı, arxiv, dəftərxana xidməti də müasir tələblər səviyyəsində qurulmuşdur. Əməkdaşlar üçün hər cür şəraiti olan yeməkxana istifadəyə verilmişdir.

Binada 80 yerlik avtodayanacaq inşa olunmuşdur.

Diqqətə çatdırıldı ki, yardımçı binada idarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində hazırlanmış vətəndaşlar üçün maarifləndirmə bələdçiləri, nəzəri və praktiki məsələlər üzrə araşdırmalar, təhlillər, kitablar, ayrı-ayrı cinayətlərin istintaqına dair metodiki tövsiyələr, beynəlxalq təcrübə və  korrupsiyaya qarşı mübarizə sahəsində nailiyyətləri əks  etdirən bukletlər və  digər bu kimi nəşrlərin hazırlanması üçün mətbəə yerləşir.

Prezident İlham Əliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsinin istifadəsində olacaq xüsusi avtomobillərə də baxdı. Qeyd olundu ki, xüsusi avadanlıqla təchiz olunan kriminalistik avtomobillərdə istintaq və əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün zəruri şərait yaradılmışdır.

Sonra dövlət başçısı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin kollektivi ilə görüşdü.

Mərasim iştirakçılarını təbrik edən Prezident İlham ƏLİYEV dedi:

- Sabah prokurorluq işçilərinin peşə bayramıdır. Bu münasibətlə mən sizi və prokurorluğun bütün şəxsi heyətini təbrik etmək istəyirəm. Bu gün isə biz Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin açılışını qeyd edirik.

İndi bina ilə tanış oldum. Prokurorluq işçiləri üçün çox gözəl şərait yaradılıbdır. Ən müasir avadanlıq quraşdırılıbdır. Yəni, burada səmərəli işləmək üçün bütün imkanlar vardır. Şadam ki, qısa müddət ərzində belə gözəl bina yaradılıb. Həm burada işləyənlər, həm buraya müraciət edəcək şəxslər üçün ən yüksək səviyyədə bütün şərait yaradılıb. Belə də olmalıdır. Mən korrupsiyaya qarşı mübarizə ilə əlaqədar fikirlərimi dəfələrlə bildirmişdim. Bu gün də demək istəyirəm ki, Azərbaycanda bu sahədə də bütün işlər ən yüksək səviyyədə aparılmalıdır.

Azərbaycan özünü xarici risklərdən qoruya bilmişdir. Dünyada, regionda baş verən hadisələr, toqquşmalar, qarşıdurmalar Azərbaycana heç bir təsir etmir. Çünki ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq, xalqla iqtidar arasındakı birlik bizi bu risklərdən sığortalayır. Eyni zamanda, iqtisadi sahədə də dünyada gedən xoşagəlməz proseslər Azərbaycana təsir etməmişdir. Dünyada beş ildən artıqdır ki, maliyyə və iqtisadi böhran hökm sürür. Ancaq Azərbaycanda vətəndaşlar bunu hiss etmirlər. Əksinə, Azərbaycanda maaşlar, pensiyalar artırılır, yeni iş yerləri açılır, investisiyalar artır. Yəni, biz dünyada baş verən iqtisadi çətinliklərdən də özümüzü qoruya bilmişik. Belə olan halda biz əlbəttə ki, cəmiyyətimizi, dövlətimizi korrupsiyadan da qorumalıyıq və qoruyacağıq.

Bu gün korrupsiyaya qarşı mübarizə prioritet məsələdir. Bu mübarizədə yaxşı nəticələr, uğurlar vardır. Korrupsiyaya qarşı Mübarizə İdarəsinin işi yüksək qiymətləndirilməlidir. Əminəm ki, gələcək illərdə bu sahədə daha da böyük uğurlar əldə ediləcəkdir. Bu bəla Azərbaycandan tamamilə silinməlidir, olmamalıdır.

O da həqiqətdir ki, hər bir ölkədə, hər bir cəmiyyətdə korrupsiya vardır. Ancaq əsas məsələ onun dərəcəsidir və onun əhatə dairəsidir. Biz korrupsiya üçün meydanı daim daraltmalıyıq. Burada müxtəlif üsullardan istifadə edirik və edəcəyik. İlk növbədə əlbəttə ki, cəza tədbirləri daha da ciddi olmalıdır. Hər bir vətəndaş bilməlidir ki, onun korrupsiya ilə bağlı əməlləri cəzasız qalmayacaqdır. İnzibati tədbirlər də xüsusi yer tutur. Profilaktik tədbirlər, maarifləndirmə və eyni zamanda, ölkəmizdə bu sahədə aparılan sistem xarakterli islahatlar da öz rolunu oynayır. Onların içində mən "elektron hökumət" sistemini xüsusilə qeyd etmək istəyirəm. "ASAN xidmət"in fəaliyyətini qeyd etmək istəyirəm. Qısa müddət ərzində "ASAN xidmət"ə 500 mindən artıq vətəndaş müraciət etmişdir. Bu xidmət cəmi bir ildən az bir vaxtda fəaliyyət göstərir və özü də təkcə Bakını, Sumqayıtı və Abşeron yarımadasını əhatə edir. Ancaq insanlar müraciət edir. Nəyə görə? Çünki orada korrupsiya yoxdur. Orada insanlara mədəni xidmət göstərilir.

Biz bütün sistemimizi şəffaflaşdırmalıyıq. İqtisadi-maliyyə sektorunun şəffaflaşması prosesi uğurla baş verir, davam edir. Şəffaflıq indeksinə görə, Azərbaycan dünya miqyasında ön plandadır. Ona görə belə olan halda ölkəmizin uğurlu inkişafını və gözəl perspektivlərimizi nəzərə alaraq korrupsiyaya qarşı mübarizədə də biz dünya miqyasında mütləq ön planda, ön sıralarda olmalıyıq.

Mən şadam ki, son illər ərzində bu sahədə aparılan işlər öz nəticəsini verməkdədir. Beynəlxalq təşkilatlar da Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. İldən-ilə korrupsiya reytinqi, - əgər belə demək mümkündürsə, - Azərbaycanda yaxşılaşır. Bizim beynəlxalq təşkilatlarla əlaqələrimiz güclənir. İndi mənə verilən məlumata görə, Beynəlxalq Antikorrupsiya Akademiyası ilə, digər beynəlxalq təşkilatlarla sıx əlaqələr vardır. Biz bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsini tam şəkildə tətbiq etməliyik.

Əlbəttə ki, Azərbaycanın öz tarixi, öz xüsusiyyətləri vardır. Biz dünyada mövcud olan ancaq ən müsbət təcrübəni Azərbaycanda tətbiq edirik və bundan sonra da edəcəyik. Hesab edirəm ki, inkişaf etmiş ölkələrdə korrupsiyaya qarşı mübarizədə doğrudan da, böyük uğurlar əldə edilibdir. Biz bu təcrübəni Azərbaycanda tətbiq etməliyik. Bir daha demək istəyirəm ki, burada bir neçə amilin cəmləşməsi və bu amillər arasında uzlaşma həlledici rol oynayacaqdır. Güclü siyasi iradə olmalıdır və o da vardır.

Mən dəfələrlə korrupsiyaya qarşı mübarizə ilə bağlı fikirlərimi bildirmişəm və dəfələrlə vətəndaşlara da müraciət etmişəm ki, onlar aidiyyəti orqanlara öz ərizələri, öz təklifləri ilə müraciət etsinlər. Yəni, güclü siyasi iradə vardır. Artıq korrupsiyaya qarşı mübarizəni aparmaq üçün cəmiyyətdə də çox müsbət dəyişikliklər vardır. Cəmiyyətdə inam artır. İnam artır ki, biz bu bəlanı Azərbaycandan tamamilə götürəcəyik və Azərbaycan cəmiyyəti bu yaralardan sağalacaqdır. Çünki korrupsiya hər bir cəmiyyəti daxildən sarsıdan bir yaradır, bir xəstəlikdir. Biz bütün imkanlardan istifadə edib çalışmalıyıq ki, Azərbaycanda korrupsiya olmasın, Azərbaycanda tam şəkildə sosial ədalət təmin edilsin. Çünki korrupsiya sosial ədaləti pozan bir amildir.

Güclü siyasi iradə, prokurorluq işçilərinin peşəkarlığı, təmizliyi, dürüstlüyü, cəmiyyətdə korrupsiyaya qarşı olan ciddi mübarizə əhval-ruhiyyəsi, məhz bütün bu amillər əminəm ki, məqsədə çatmaq üçün bizə kömək göstərəcək və Azərbaycan korrupsiyaya qarşı mübarizədə də ön planda olmalıdır.

Mən əminəm ki, belə də olacaqdır və gələcək illərdə biz, bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkələrin təcrübəsini Azərbaycanda tətbiq etməliyik. Nəinki öyrənməliyik, - biz öyrənmişik, - hər bir sahədə tətbiq etməliyik. Şəffaflıq, təmizlik, dürüstlük həyat tərzi olmalıdır. Əminəm ki, belə də olacaqdır.

Siz - gənc prokurorluq işçiləri, əminəm ki, bax bütün bu tövsiyələrimi və bu prinsipləri öz fəaliyyətinizdə rəhbər tutub dövlətə sədaqətlə xidmət edəcəksiniz.

Bir daha prokurorluğun bütün işçilərini qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edirəm.

 

* * *

 

Baş prokuror Zakir QARALOV çıxış edərək dedi:

 

- Çox sağ olun, möhtərəm cənab Prezident!

Həqiqətən Sizin siyasi iradənizə uyğun olaraq ölkədə korrupsiyaya qarşı səmərəli, sistemli və ciddi mübarizə həyata keçirilir.

Mən Sizə məruzə etdim, Parisdə 22-25 sentyabrda Antikorrupsiya Şəbəkəsində son dəyərləndirmədə Azərbaycan bu dəyərləndirməni müvəffəqiyyətlə keçən ilk ölkə oldu. Bu Şəbəkədə təmsil olunan bir çox beynəlxalq qurumlar bir daha təsdiq etdilər ki, həqiqətən Azərbaycanda çox ciddi mübarizə gedir.

Bu mübarizənin həyata keçirilməsində mən bir daha Sizə öz təşəkkürümü bildirmək istəyirəm ki, Siz prokurorluğa etimad göstərib korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşdırılmış qurumun yaradılmasına qərar verdiniz.

Onu da bildirməliyəm ki, Avropada çox nadir ölkələr vardır ki, bu cür ixtisaslaşmış quruma malikdir. Bu quruma kifayət qədər çox ciddi səlahiyyətlər veribsiniz. Bu gün də Sizin iştirakınızla bu qurum üçün ilk dəfə, mən deyərdim ki, nəinki Avropada, dünyada ilk dəfə belə bir möhtəşəm bina tikilib və bu cür güclü maddi-texniki baza yaradılıbdır.

Vətəndaşlar Sizin bu sahədə gördüyünüz işlərə görə, - bunu gündəlik "qaynar xətt" əlaqə mərkəzimizə gələn zənglərdən də bilirik, - öz təşəkkürlərini, minnətdarlıqlarını bildirirlər. Sözsüz ki, cəza tədbirləri də çox ciddi həyata keçirilməlidir. Sizin tövsiyələriniz nəzərə alınaraq bu gündən etibarən biz bu mübarizəni daha da güclü, daha da səmərəli, daha da sərt həyata keçirəcəyik.

Bir daha, möhtərəm cənab Prezident, biz Sizə öz təşəkkürümüzü bildiririk ki, bu açılışı məhz bizim peşə bayramı ərəfəsində edirsiniz. Ulu öndərimiz Heydər Əliyev həmişə prokurorluğun fəaliyyətinə böyük qayğı ilə yanaşmışdır. Siz də bu diqqəti əsirgəmirsiniz, həmişə prokurorluq işçilərinə dövlət səviyyəsində ən yüksək qayğı göstərirsiniz.

Bir daha bizə göstərdiyiniz etimada görə Sizə öz təşəkkürümüzü bildiririk. Sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun.

 

* * *

 

Sonda xatirə şəkli çəkdirildi.

 

 

AzərTAc

Azərbaycan.-2013.- 1 oktyabr.- S.1,2.