Azərbaycan prokurorluğunun inkişafının müasir mərhələsi

 

"Azərbaycan prokurorluğu bundan sonra da Azərbaycan dövlətçiliyinə sadiq olaraq, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və inkişaf etməsi  prosesində fəal iştirak edəcək və Azərbaycanda qanunun aliliyinin təmin olunmasında öz xidmətlərini göstərəcəkdir".

 

 

 

Heydər ƏLİYEV,

Azərbaycan xalqının ümummilli lideri

 

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi strateji kursun müasir keyfiyyət tələblərinə uyğun olaraq yeni müstəvidə mükəmməl konseptual əsaslarla uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Respublikasında əvvəlki illərdə olduğu kimi cari ilin ötən ayları ərzində də sürətli inkişaf tendensiyasını saxlayaraq həyatın bütün sahələrində ciddi irəliləyişlərə nail olunmuş, ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında mütərəqqi dəyişikliklər baş vermiş, genişmiqyaslı və qlobal əhəmiyyətə malik qələbələr əldə edilmişdir.

Azərbaycanda prokurorluq orqanlarının tarixi 1918-ci ilin oktyabr ayının əvvəlindən hesablanır. Ölkənin milli prokurorluq orqanları Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində yaradılmaqla fəaliyyətə başlamışdır.

Milli prokurorluq orqanlarının əsasının həmin vaxt qoyularaq fəaliyyəti dövründə heç də həmişə asan olmayan, bəzi hallarda isə hədsiz çətinlik və mürəkkəbliklərlə bağlı olan, lakin son nəticədə xalqına və dövlətinə şərəflə xidmət etməklə uzunmüddətli inkişaf yolu keçməsinə baxmayaraq, bu mühüm dövlət təsisatının dünya standartlarına uyğun fəaliyyəti qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunması prinsiplərinə əsaslanan, məhkəmə hakimiyyətinə  aid olmaqla konstitusion statusa malik, ölkənin hüquq sistemində vacib rolu olan və demokratik cəmiyyətdə özünəməxsus yer tutan sivil bir orqan kimi formalaşması  yalnız müstəqillik əldə olunduqdan sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilən məhkəmə-hüquq islahatları və hərtərəfli dövlət qayğısı nəticəsində mümkün olmuşdur.

Ölkə prokurorluğu çoxillik tarixə malik olaraq  bir sıra onilliklər ərzində  fəaliyyət göstərsə də, yanlız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində onun tərəfindən imzalanmış 17 iyul 1998-ci il tarixli sərəncama əsasən hər il oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunmağa başlamışdır. Peşə bayramı gününün təsis edilməsi prokurorluğa böyük qayğının ifadəsi olmaqla yanaşı, prokurorluq əməkdaşlarının fəaliyyətinin layiqincə dəyərləndirilməsinin təzahürüdür. Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi altında 28 noyabr 1998-ci il tarixdə keçirilmiş Azərbaycan prokurorluğu orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda dərin məzmunlu nitq söyləyən ulu öndər  demişdir: "İlk dəfədir ki, Azərbaycanda prokurorluğa belə diqqət və qayğı göstərilir və prokurorluq günü, prokurorların peşə bayramı müəyyən olunubdur. Hesab edirəm ki, müstəqil Azərbaycanın prokurorluğu və prokurorluq orqanlarının əməkdaşları belə bir bayrama layiqdirlər". Ümummilli liderin həmin müşavirədə prokurorluq işçilərinə ünvanlanmış dəyərli tövsiyələri və prokurorluq peşəsinə verdiyi qiymət hər bir prokurorluq işçisində xalqına və dövlətinə sədaqət hissini gücləndirməklə böyük ruh yüksəkliyi yaratmışdır.

Cari ildə prokurorluğun 95 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsinin təmin olunması ilə əlaqədar zəruri təşkilati işlər görülməklə Baş Prokurorluq üzrə 16 avqust 2013-cü il tarixli geniş tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Sənəddə nəzərdə tutulmuş mühüm tədbirlərin icrası ilə bağlı prokurorluğun yubileyinə həsr olunmuş "Azərbaycan prokurorluğu - 95" kitabı yüksək keyfiyyətlə hazırlanaraq geniş formatda nəşr edilməklə təqdimat mərasimi keçirilmiş, kütləvi informasiya vasitələrində prokurorluq orqanları işçilərinin çıxışları təşkil edilmiş, Baş Prokurorluqda dövlət orqanlarının və qeyri- hökumət nümayəndələrinin iştirakı ilə "Azərbaycan Respublikasının hüquq sisteminin inkişafında prokurorluq orqanlarının rolu" mövzusunda geniş elmi-praktiki konfrans, Azərbaycan Respublikası Hərbi, Naxçıvan Muxtar Respublikası,  Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarında elmi-praktiki konfranslar, digər tabe prokurorluqlarda isə seminarlar keçirilmiş, "Azərbaycan prokurorluğu" jurnalının xüsusi buraxılışı nəşr edilmiş, prokurorluğun veteranları ilə görüşlər keçirilməklə və şəhid olmuş prokurorluq işçilərinin ailə üzvlərinin ehtiyacları öyrənilməklə zəruri məsələlərin həlli məqsədilə tədbirlər görülmüş, xidməti fəaliyyətində fərqlənən prokurorluq əməkdaşları həvəsləndirilmiş, digər vacib işlər həyata keçirilmişdir.

Hər il prokurorluq işçilərinin peşə bayramı qeyd edilərkən ictimaiyyətə prokurorluğun fəaliyyəti barədə geniş məlumat verilməsi  ənənəyə çevrilmişdir ki, bu da  müasir Azərbaycan Respublikasında hər bir dövlət təsisatının öz fəaliyyəti ilə bağlı məlumat verməsinin onun fəaliyyətinin əsaslarından biri olması tələbinə uyğundur. Məlum olduğu kimi, "hesabatlılığın təmin edilməsi" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə  təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə  dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda qeyd olunmuş Azərbaycan Respublikasında dövlət orqanlarının fəaliyyətinin dörd əsas prinsipləri içərisində ikinci olaraq göstərilmişdir. Dövlət orqanlarının fəaliyyətinin başlanğıc prinsipi kimi isə "şəffaflığın artırılması" nəzərdə tutulmuşdur ki, onun da həyata keçirilməsi "hesabatlılığın təmin edilməsi" ilə sıx əlaqəlidir.

Korrupsiyaya qarşı mübarizə prokurorluğun fəaliyyətinin ən vacib və önəmli istiqamətini təşkil etmişdir. Məlum olduğu kimi, korrupsiyaya qarşı daha effektli əks təsirin həyata keçirilməsi həmin istiqamətdə görülən tədbirlərin kompleks xarakterli, ardıcıl və hərtərəfli olmasını, dövlət idarə və müəssisələrinin fəaliyyətində aşkarlığın və şəffaflığın artırılmasını, görülən işlər və əldə edilən nəticələr barədə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılmasını, əhaliyə göstərilən xidmətlərin elektron vasitələrlə həyata keçirilməsinin təşkilini, xidmətlərin göstərilməsi prosedurunun sadələşdirilməsini, vətəndaşların elektron vasitələrlə informasiya almaq imkanlarının genişləndirilməsini, neqativ hallarla mübarizədə ictimaiyyətin köməyindən daha geniş istifadə edilməsini, cəmiyyətdə korrupsiyaya qarşı dözümsüzlüyün möhkəmləndirilməsini şərtləndirir. Qeyd olunan amillər nəzərə alınmaqla respublikamızda korrupsiyaya qarşı əks təsirin gücləndirilməsi istiqamətində son dövrlər həyata keçirilən daha ardıcıl və müfəssəl tədbirlər, hərtərəfli hazırlanmış təşkilati, institusional və hüquqi islahatlar bu bəlanın aradan qaldırılması sahəsində ciddi uğurların əldə edilməsinə zəmin yaratmışdır.

"Korrupsiyaya qarşı mübarizə üzrə 2004-2006-cı illər üçün Dövlət Proqramı"nın, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Milli Fəaliyyət Planının icrası prosesində korrupsiyaya qarşı mübarizə sahəsində dünya standartlarının tələblərinə cavab verən qanunvericilik bazası formalaşdırılmış, bu sosial bəla ilə mübarizənin gücləndirilməsi məqsədilə  Cinayət Məcəlləsinə bir sıra əlavə və dəyişikliklər edilmiş, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşdırılmış qurum - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin strukturu və fəaliyyəti daha da təkmilləşdirilmişdir.

Korrupsiyanın ölkədən tamamilə təmizlənməsinə yönəlmiş siyasətin məntiqi davamı olaraq dövlət başçısının 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə  "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" təsdiq edilmişdir. Milli Fəaliyyət Planı ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha sistemli və hərtərəfli, genişmiqyaslı və səmərəli şəkildə həyata keçirilməsinin təmin edilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiə edilməsinə, əhalinin sosial rifahının yüksəldilməsinə yönəlmişdir. Milli Fəaliyyət Planının qəbul edilməsinin əsas məqsədi korrupsiyaya qarşı mübarizəni vahid strategiya çərçivəsində  daha səmərəli  surətdə davam etdirərək bu sosial bəlanın aradan qaldırılmasından  ibarətdir.

Milli Fəaliyyət Planında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, bu sahədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi əsas istiqamətlər kimi müəyyən edilərək, dövlət idarəçiliyində şəffaflığın artırılması, ərizə və şikayətlərə baxılması işinin, qanunvericilik bazasının, institusional mexanizmlərin, korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumların fəaliyyətinin, əmək və sosial təminat sahəsində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinin genişləndirilməsi, beynəlxalq əməkdaşlığın, vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin inkişaf etdirilməsi, korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə bu mühüm əhəmiyyətə malik dövlət sənədinin həyata keçirilməsi ilə bağlı olan əsas hədəflər kimi nəzərdə tutulmuşdur. Sənədin dəyərini artıran, mahiyyəti üzrə əhəmiyyətini yüksəldən mühüm amillərdən biri də hər bir sahə üzrə görüləcək konkret tədbirlər, onların icrasına məsul olan orqanların və müddətlərin müəyyən edilməsi  ilə yanaşı, görülən işlərin səmərəliliyinin qiymətləndirilməsi üçün nəticə indikatorların müəyyən edilməsidir.

Dövlət başçısının 13 iyul 2012-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması korrupsiyaya şərait yaradan halların aradan qaldırılması istiqamətində mühüm addım olmuşdur. Dövlət Agentliyinin təsis edilməsinin əsas məqsədi vətəndaş-məmur təmas nöqtələrinin minimuma endirilməsi, xidmətlərin qısa zaman ərzində və şəffaflıq şəraitində daha keyfiyyətlə, rahat, yeni üslubdan və müasir texnologiyalardan istifadə olunmaqla göstərilməsi, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməklə vətəndaş məmnunluğunun  təmin olunması  əsasında korrupsiya hallarının istisna edilməsi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli fərmanı ilə "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi"nin Əsasnaməsi və Strukturu təsdiq edilərək dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən "ASAN xidmət" mərkəzlərinin fəaliyyət göstərməsi ilə əlaqədar  vətəndaşların problemlərinin həllinə göstərilən qayğı və diqqətin nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə ünvanlanan müraciətlərin sayı bu ilin birinci yarısında keçən ilin müvafiq dövrünə nisbətən azalmışdır.

Uzaqgörən dövlət siyasəti nəticəsində mütəmadi və ardıcıl olaraq aparılan institusional islahatlar, görülən ciddi  təşkilati-hüquqi tədbirlər, qəbul olunan qanun, fərman və qərarlar dövlət başçısının korrupsiyaya son qoyulmasına, bu bəlanın tam aradan qaldırılmasına yönəlmiş siyasi iradəsinin qətiyyətlə reallaşdığını göstərir. Ölkə Prezidenti tərəfindən son dövrlərdə həyata keçirilmiş, korrupsiyanın aradan qaldırılmasına yönəlmiş mühüm tədbirlər korrupsiyaya qarşı fundamental mübarizənin danılmaz təsdiqi və göstəricisidir.

Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və davamlı tədbirlərin nəticəsidir ki, "Transparency International" təşkilatının "2013-cü il Qlobal Korrupsiya Barometri" adlı hesabatında Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olduğunu bir daha təsdiq etmiş, sənədə əsasən ölkəmizdə bütün sahələrdə korrupsiyanın səviyyəsi azalmışdır. Hesabatın nəticələrinə görə rəyi soruşulmuş respondentlərin 68  faizi korrupsiyaya qarşı Azərbaycan dövlətinin həyata keçirdiyi mübarizə tədbirlərini səmərəli hesab etmişdir. Azərbaycan üzrə bu göstərici dünya ölkələri üzrə müəyyən edilmiş 22 faizlik göstəricidən 3 dəfə çoxdur. Dünya üzrə respondentlərin 50 faizindən çoxu korrupsiyanın səviyyəsinin son iki ildə artması qənaətinə gəldiyi halda, Azərbaycanda respondentlərin 73 faizi ölkədə korrupsiyanın səviyyəsinin artmadığını qeyd etmişdir.

Korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan olan Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Komissiyası ilə yanaşı, 2005-ci ildən fəaliyyətə başlamış Korrupsiyaya qarşı Mübarizə İdarəsi hər növbəti ildə əvvəlki ilə nisbətən daha səmərəli fəaliyyət göstərməklə qurumun səlahiyyətlərinə aid edilmiş vəzifə və funksiyaların yerinə yetirilməsində, korrupsiyaya qarşı mübarizənin həyata keçirilməsində, korrupsiya ilə bağlı cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsində ildən-ilə daha uğurlu nəticələr əldə etmişdir.

Belə ki, idarə tərəfindən 2005-ci ildə 35 şəxs barəsində 12 cinayət işinin, 2006-cı ildə 79 şəxs barəsində 39 cinayət işinin, 2007-ci ildə 69 şəxs barəsində 41 cinayət işinin, 2008-ci ildə 121 şəxs barəsində 70 cinayət işinin, 2009-cu ildə 176 şəxs barəsində 103 cinayət işinin, 2010-cu ildə 188 şəxs barəsində 104 cinayət işinin, 2011-ci ildə 229 şəxs barəsində 142 cinayət işinin, 2012-ci ildə isə 298 şəxs barəsində 170  cinayət işinin (cəmi 8 ildə 1195 şəxs barəsində 681 cinayət işinin) istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir.

2013-cü ilin doqquz ayı ərzində Korrupsiyaya qarşı Mübarizə İdarəsində 322 cinayət işinin ibtidai araşdırması həyata keçirilmiş, 250 şəxs barəsində 137 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə göndərilmiş bütün işlər mahiyyəti üzrə baxılaraq ittiham hökmləri çıxarılmışdır. İstintaqı başa çatdırılmış cinayət işləri üzrə 3 milyon 358 min manat dəyərində əmlak üzərinə həbs qoyulması , istintaqı aparılmış və hazırda icraatda olan  cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 14 milyon 422 min manat ziyanın ödənilməsi təmin edilmişdir.

İdarəyə respublikanın hüquq-mühafizə orqanlarında korrupsiya faktları ilə bağlı daxil olmuş 46 materialdan 34-ü üzrə cinayət işi başlanaraq istintaq aparılır. Bu əvvəlki illərdə olduğundan xeyli çoxdur. Belə ki, hüquq-mühafizə orqanlarından 2010-cu ildə daxil olmuş 14 materialdan 13-ü üzrə, 2011-ci ildə daxil olmuş 22 materialdan 19-u üzrə, 2012-ci ildə daxil olmuş 29 materialdan 27-si üzrə cinayət işi başlanıb istintaq edilmişdir.

Məhkəməyə göndərilmiş cinayət işləri əsasən rüşvət vermə (aktiv rüşvətxorluq), rüşvət alma (passiv rüşvətxorluq), vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, mənimsəmə və israfetmə, vəzifə saxtakarlığı, səhlənkarlıq, özgə əmlakını talama, dələduzluq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və hədə-qorxu ilə tələb etmə faktları ilə əlaqədar olmuşdur.

Korrupsiyaya qarşı Mübarizə İdarəsinin tərkibində 2011-ci ildən başlayaraq əməliyyat qurumlarının fəaliyyət göstərməsi korrupsiya ilə əlaqədar olan latent cinayətkarlığın aşkar edilməsində mühüm rol oynayaraq əsasən gizli xarakter daşıyan rüşvətxorluq cinayətlərinin müəyyən edilməsi işinin xeyli dərəcədə gücləndirilməsinə şərait yaratmışdır. Hazırlanan cinayətlər barədə daxil olmuş müraciətlər üzrə yüksək peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində təkcə 2013-cü ilin doqquz ayı ərzində korrupsiya cinayətləri törətmiş 31 şəxs cinayət başında yaxalanmaqla barələrində 23 cinayət işi başlanaraq istintaq edilmişdir.

 Daxil olmuş məlumatların araşdırılması prosesində aşkar olunan qanun pozuntularına qarşı preventiv tədbirlərin görülməsinə xüsusi diqqət yetirilmişdir. Belə ki, daxil olmuş müraciətlərin, eləcə də kütləvi informasiya vasitələrində dərc edilən məlumatların ümumiləşdirilməsi son zamanlar çoxmənzilli yaşayış binalarının inşası və bu binalarda mənzillərin vətəndaşlara satılması prosesində kütləvi və ciddi qanun pozuntularına, o cümlədən dələduzluq hallarına yol verildiyi müəyyən olunduğundan preventiv xarakterli tədbirlərin həyata keçirilməsi istiqamətində aparılan işlərin davamı olaraq "Çoxmənzilli yaşayış binalarının tikilməsi üçün mənzil-tikinti kooperativlərinin yaradılması və mənzillərin satılması sahəsində problemlər və onların aradan qaldırılması yolları barədə" təkliflər hazırlanıb aidiyyəti qurumlara təqdim edilmişdir.

Daxil olmuş müraciətlərlə əlaqədar statistik və analitik təhlillər korrupsiyaya şərait yaradan halların, sahələrin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Korrupsiya halları haqqında məlumat verən şəxslərin müdafiəsinə dair qanun layihəsinin, korrupsiya ilə bağlı müraciət, ərizə və şikayətlərə baxılması qaydalarının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması, dövlət qurumlarının rəhbərləri tərəfindən mütəmadi olaraq vətəndaşların birbaşa, o cümlədən səyyar qəbulunun təşkilinin həyata keçirilməsi, ərizə və şikayətlərin elektron qaydada qəbulu və rəsmi cavablandırılması işinin təkmilləşdirilməsi korrupsiya hüquqpozmalarının daha tez aşkar edilməsi və vətəndaşların müraciətlərinin çevik həll edilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Əhalinin sosial müdafiə sahəsində müraciətləri üzrə ümumiləşdirmə aparılaraq xarakterik pozuntular müəyyənləşdirilmiş, onların başvermə səbəbləri araşdırılmaqla ünvanlı dövlət sosial yardımının təyin olunması, ödənilməsi, əlilliyin müəyyən edilməsi  sahəsində mövcud korrupsiya hüquqpozmalarının aradan qaldırılması, bu sahədə şəffaflırın artırılması,  konkret tədbirlərin həyata keçirilməsi barədə təkliflər  hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.

Ümummilli lider Heydər Əliyevin prokurorluğun rəhbər heyəti ilə keçirdiyi 26 aprel 2000-ci il tarixli müşavirədən sonrakı müddət ərzində Azərbaycanda beynəlxalq  standartlara uyğun prokurorluq orqanlarının formalaşdırılması prosesi əsasən yekunlaşdıqdan sonra  bu dövlət təsisatının ölkənin hüquq sistemində əhəmiyyətinin, vətəndaş cəmiyyətində rolunun artırılması, hüquqi dövlət quruculuğunda iştirakının gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülməklə prokurorluq orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə və yüksək dünya standartlarına uyğun olaraq daha yüksək keyfiyyət müstəvisində qurulması üçün hərtərəfli təkmilləşdirilməsi və müasirləşdirilməsi mərhələsi həyata keçirilməyə başlanmışdır.

Prokurorluğun digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyəti nəticəsində kriminogen durumun daha da stabilləşməsinə nail olunaraq cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Hüquq-mühafizə orqanları ilə birgə görülmüş tədbirlər nəticəsində 2012-ci ildə ölkə üzrə qeydə alınmış cinayətlərin ümumi sayı əvvəlki ilə nisbətən 9,8 faiz azalaraq 21.897 olmuş, o cümlədən zorlama və zorlamaya cəhd 22,1 faiz, quldurluq 13,7 faiz, soyğunçuluq 17,6 faiz, əmlakın oğurlanması cinayətləri isə 15,5 faiz azalmışdır. Azalma dinamikası digər müəyyən növ cinayətlərə də aid olmaqla 2013-cü ildə də müşahidə olunmuşdur.

2013-cü ilin birinci yarımilində ötən ilin eyni dövrü ilə müqayisədə  respublika üzrə qeydə alınmış cinayətlərin sayı 11.953-dən 10.929-a düşməklə 8,6 faiz, o cümlədən soyğunçuluq cinayətlərinin sayı 24,8 faiz (137-dən 103-ə düşmüş), oğurluq yolu ilə talama cinayətlərinin sayı 46,7 faiz (152-dən 81-ə  düşmüş), dövlət əmlakını talama cinayətlərinin sayı isə 17,3 faiz (215-dən 179-a düşmüş) azalmış, törədilmiş  cinayətlərin 86,9 faizinin açılması təmin edilmişdir.

Ümumi götürdükdə respublikada hər yüz min nəfərə orta hesabla 250 cinayət düşür ki, bu da bir sıra digər ölkələrdə olan müvafiq göstəricidən xeyli aşağıdır. Ağır cinayətlər qeydə alınan cinayətlərin az bir hissəsini - 10 faizə qədərini təşkil edir. Respublikamızda qəsdən adam öldürmə və ona cəhd, quldurluq, hədə-qorxu ilə tələb etmə və banditizm cinayətlərinin əhalinin hər yüz min nəfərinə düşən sayı əksər Avropa, Amerika və Asiya dövlətlərində olduğundan dəfələrlə azdır.

İnformasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsi və elektron sənəd dövriyyəsi sisteminə keçid müasir dövrün ən vacib tələblərindən biri olmaqla hər bir dövlət qurumunun və təsisatının təkmilləşdirilməsini və inkişafını şərtləndirən hal olduğundan Azərbaycan Respublikası Prokurorluğunda bu məsələlərə xüsusi önəm verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 avqust 2010-cu il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı"(Elektron Azərbaycan)" təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli fərmanı ilə "Elektron Azərbaycan" Proqramında nəzərdə tutulmuş dövlət orqanları arasında elektron sənəd dövriyyəsi sisteminin yaradılması məqsədilə təsdiq edilmiş "İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə"yə müvafiq olaraq elektron sənəd dövriyyəsinə keçidlə bağlı prokurorluq orqanlarında görülən təşkilati və digər işlərin bu sənədin prinsip və tələblərinə uyğunluğu baxımından daha da təkmilləşdirilməsi və səmərəli qurulması prosesi həyata keçirilmişdir.

Baş Prokurorluğun 3 fevral 2012-ci il tarixli geniş kollegiya iclasının qərarına uyğun olaraq "Elektron Sənəd Dövriyyəsi" Proqramının Baş Prokurorluğun bütün struktur qurumlarında hərtərəfli mənimsənilməsi və səmərəli tətbiqi həyata keçirilməklə sistemin normal fəaliyyəti təmin edilmişdir. Elektron Sənəd Dövriyyəsi Proqramında aparılan əməliyyatlar, informasiyanın elektron formada göndərilməsi prosedurları, sənədin daxil olduğu andan onun sonlandırılmasınadək  olan prosesdə həyata keçirilməsi mümkün olan əməliyyatlar, proqramın digər funksional imkanları barədə tam və ətraflı məlumat verilməsini təmin etmək məqsədilə hazırlanmış "Elektron Sənəd Dövriyyəsi Proqramından istifadə qaydaları" nəşr edilərək istifadəyə verilmişdir. 2012-ci ilin ilk günlərindən Baş Prokurorluğa daxil olan bütün sənədlərin hərəkəti Elektron Sənəd Dövriyyəsi Proqramı vasitəsilə həyata keçirilir. Baş Prokurorluğun struktur qurumlarının daxili kompyuter proqram təminatı həyata keçirilərək  idarə və şöbələrin fəaliyyətinə dair bütün məlumat və göstəriciləri əks etdirən, elektron vasitələrdən istifadə edilməklə təhlillərin və analitik işin, ümumiləşdirmələrin aparılmasına, fəaliyyətin qiymətləndirilməsinə və təkmilləşdirilməsinə optimal şərait yaradan müasir tipli proqramların hazırlanıb istifadəyə verilməsi prosesi uğurla həyata keçirilmişdir.

Baş Prokurorluğun müvafiq kollegiya iclasının qərarına əsasən prokurorluq orqanlarında yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində görülən işlərin intensivliyi daha da artırılmaqla "Azərbaycan Respublikasında qeydə alınmış cinayət xarakterli məlumatlar üzrə cinayət təqibinin nəticələrinə dair"("Elektron Cinayət") sisteminin yaradılması prosesi uğurla başa çatdırılmışdır. "Elektron Cinayət" sistemində cinayət işi üzrə  təqibin həyata keçirilməsinin bütün mərhələləri, cinayət haqqında məlumat daxil olduğu andan iş üzrə cinayət prosesi başa çatanadək, o cümlədən bütün istintaq və prosessual hərəkətlər, işin gedişatı, işlə bağlı qəbul edilmiş məhkəmə və istintaq orqanlarının qərarları tam və ardıcıl olaraq əks olunur. Bu elektron sistem prokurorluq orqanlarının müvafiq sahədə fəaliyyətinin daha yüksək keyfiyyət müstəvisində həyata keçirilməsinə və iş vaxtının daha səmərəli istifadəsinə imkan yaratmışdır.

Prokurorluq orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, daha səmərəli proqram-texniki vasitələrdən istifadə edilməsi, elektron sənəd dövriyyəsi sisteminin texniki strukturunun təkmilləşdirilməsi, texnoloji imkanlarının genişləndirilməsi, ötürülən  məlumatların tamlığının, informasiya ehtiyatlarının və məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi, sistemə hər hansı icazəsiz və kənar daxilolmanın istisna edilməsi, yüksək sürətli internetin fasiləsiz olaraq verilməsi, yalnız sertifikatlaşdırılmış proqram təminatının həyata keçirilməsi, elektron sənəd dövriyyəsinin qanunvericiliklə müəyyən edilmiş standartlar və qaydalar əsasında aparılması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli sərəncamı ilə 2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə əlaqədar Baş Prokurorluq üzrə təsdiq edilmiş xüsusi tədbirlər planının icrası ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi təmin edilmişdir.

Respublikamızda gənclərə hərtərəfli diqqət və qayğının göstərilməsi, onların sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə daha fəal iştirakının təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi, gənclərin potensialından daha geniş istifadə edilməsi ölkədə həyata keçirilən sosialyönümlü dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən tədbirlərin yeni səviyyəyə yüksəldilməsi, gənclərin sosial-iqtisadi təminatlarının gücləndirilməsi, onların ictimai-siyasi fəallığının artırılması  üçün son illər daha əhəmiyyətli işlər görülür, vacib proqramlar qəbul edilir.  Prokurorluq orqanlarına 2002-ci ildən başlayaraq işə qəbulun müsabiqə yolu ilə şəffaf prosedurlar əsasında aparılması nəticəsində yüzlərlə gənc hüquqşünasın prokurorluq orqanlarında məsul vəzifələrə təyin olunması dövlətin həyata keçirdiyi gənclər siyasətinin real nəticəsi olmuşdur.

 Bu dövrdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında, çoxsaylı hökumət, qeyri-hökumət və beynəlxalq təşkilatları, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə 7 (2002, 2004, 2006, 2007, 2009, 2011, 2012-ci illər), Naxçıvan Muxtar Respublikasının Prokurorluğu üzrə isə 5 (2003, 2005, 2007, 2009, 2012-ci illər) müsabiqə keçirilmişdir. Həmin müsabiqələrdə prokurorluq orqanlarına işə qəbulla əlaqədar sənəd vermiş ümumilikdə 3592 nəfər namizəddən uğur qazanmış 553 namizəd prokurorluq orqanlarına qulluğa qəbul edilmişdir. Prokurorluq orqanlarında qulluq edən 30 yaşınadək işçilərin sayı islahatlara qədər olan dövrdə prokurorluq əməkdaşlarının cəmi 3 faizinə bərabər idisə, müsabiqə yolu ilə qulluğa qəbula başlandıqdan sonra gənc prokurorluq əməkdaşlarının sayı əhəmiyyətli dərəcədə artaraq 52 faiz təşkil etmişdir.

Prokurorluğun fəaliyyətinin bütün istiqamətlərində həyata keçirilmiş tədbirlər nəticəsində işin səmərəliliyi xeyli dərəcədə artmaqla ciddi uğurlar əldə edilmişdir. Müasir Azərbaycan dövlətçiliyinin banisi, ümummilli lider Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə edən, onun zəngin mənəvi irsini yaşadan, milli dövlətçilik və humanizm ideyalarını yeni nəsillərə aşılayan Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 7 may 2013-cü il tarixdə qəbul edilmiş "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında" qərarın vaxtında və dürüst icra olunmasının təmin edilməsi ilə əlaqədar Baş Prokurorluq üzrə müvafiq əmrlə prokurorluq orqanlarının konkret vəzifələri, onların icrasına məsul qurumlar müəyyən edilməklə sənədin icrası zamanı ortaya çıxan məsələlərin operativ həlli prokurorluğun fəaliyyətinin digər orqanlarla, o cümlədən amnistiyanı tətbiq edən müvafiq qurumlarla əlaqələndirilməsi, icra vəziyyətinin hər ay təhlil olunması və amnistiyanın tətbiqinin 4 aylıq müddəti başa çatdıqdan sonra ümumiləşdirilməsi, digər zəruri tədbirlərin görülməsi tapşırılmışdır.

Amnistiya aktının 2013-cü ilin may ayının 8-dən sentyabrın 9-dək olan 4 aylıq müddət ərzində icra olunması nəticəsində ümumilikdə 10.040 məhkum barəsində amnistiya tətbiq olunmuş, onlardan 2.268 nəfəri azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 566 məhkuma təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldılmış, 6.935 məhkum intizam xarakterli hərbi hissədə saxlama, ictimai işlər, islah işləri, əsas cəza kimi təyin olunmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və cərimə növündə cəzalardan azad edilmişdir. Həmcinin azadlıqdan məhrumetmə və azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzasının cəkilməsi Cinayət Məcəlləsinin 79-cu maddəsinə müvafiq olaraq təxirə salınmış 271 məhkum amnistiya aktına əsasən cəzadan azad edilmişdir. Amnistiya aktına əsasən ümumilikdə 2.447 məhkum cəmi 1.929.828 manat cəriməni ödəməkdən azad olunmuşdur. Amnistiya şamil edilmiş şəxslərdən 4311 nəfər (42,9%) böyük ictimai təhlükə törətməyən, 5346 nəfər (53,3%) az ağır, 363 nəfər (3,6%) ağır, 20 nəfər (0,2%) xüsusilə ağır cinayətlər törətməyə görə məhkum edilmiş şəxslər olmuşdur.

Dövlətin həyata keçirdiyi sosialyönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əhalinin müraciətlərinə qayğılı münasibət göstərilərək vətəndaşların qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılmışdır.

Hazırda prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilir. Vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, buna əvvəlkindən daha az vaxt sərf olunması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi, bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsi, Baş Prokurorluğun qəbul otağına müraciət edən vətəndaşların müasir avadanlıq vasitəsi ilə öz müraciətlərinin hərəkət trayektoriyasını "touchscreen" modelli monitorda real vaxt rejimində izləməklə elektron sistemə yüklənmiş müraciətlərinə baxılmasının nəticələrini özündə əks etdirən müvafiq cavab məktublarının sürətli printerdən istifadə etməklə operativ əldə edə bilməsi, Baş Prokurorluqda və bütün tabe prokurorluqlarda qəbul olunmuş vətəndaşlara dair elektron məlumat bazaları yaradılaraq bu sahədə uçotun ənənəvi kağız formatı ilə yanaşı, elektron formatda da aparılması və digər səmərələşdirici tədbirlər həyata keçirilmişdir.

Bu sahədə görülən tədbirlər içərisində vətəndaşların yaşayış yerlərində qəbulunun müfəssəl prosedurları müəyyənləşdirilməklə onların təcrübədə səmərəli tətbiqi təmin edilmişdir. Vətəndaşların yaşayış yerlərində, hərbi qulluqçuların isə hərbi hissələrdə əvvəlcədən təsdiq olunmuş cədvəllərə əsasən müvafiq olaraq rayon (şəhər) və ərazi hərbi prokurorları tərəfindən hər ay azı bir dəfə qəbul olunması, həmin qəbullara dair məlumatların ərazi icra hakimiyyəti və özünüidarəetmə orqanlarının, habelə yerli kütləvi informasiya vasitələrinin köməyi ilə qabaqcadan əhaliyə çatdırılması, qəbulların nəticələrinin təhlil edilib ümumiləşdirilməsi və bu barədə müvafiq məlumatların müntəzəm olaraq Baş Prokurorluğa təqdim olunması təmin edilir.

Bununla yanaşı, Baş Prokuror tərəfindən ölkənin müxtəlif bölgələrində prokurorluğun rəhbər işçilərinin iştirakı ilə vətəndaşların qəbulu təcrübəsindən geniş istifadə edilməklə, qaldırılan məsələlərin yerində həll edilməsi və əsaslı müraciətlərin təmin olunması istiqamətində hərtərəfli tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər mütəmadi xarakter daşımaqla təkcə 2013-cü ilin ötən ayları ərzində Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan 199 vətəndaş Ağstafa şəhərində, Lənkəran, Lerik, Astara, Masallı və Yardımlı rayonlarından olan 100 vətəndaş Lənkəran şəhərində, Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarından olan 87 vətəndaş Quba şəhərində, Şəki, Qax, Qəbələ, Balakən, Oğuz və Zaqatala rayonlarından olan 71 vətəndaş Şəki şəhərində, Ağsu, Şamaxı, Qobustan, İsmayıllı və Kürdəmir rayonlarından olan 56 vətəndaş Ağsu şəhərində, Ağcabədi, Ağdam, Tərtər, Yevlax, İmişli, Beyləqan və Füzuli rayonlarından olan 58 vətəndaş Ağcabədi şəhərində (cəmi 571 vətəndaş) Baş prokuror tərəfindən qəbul edilməklə müraciətlərinə baxılması təmin olunmuşdur.

Azərbaycan Respublikasının həyatın bütün sahələrində uğurlar əldə edərək daha yüksək inkişaf mərhələsinə keçməsi, irimiqyaslı və qlobal əhəmiyyətə malik yeni prioritet və hədəfləri məqsəd kimi müəyyən etməklə onlara nail olunması istiqamətində irəliləməsi hər bir dövlət təsisatının, o cümlədən Azərbaycan prokurorluğu orqanlarının üzərinə yeni, daha mühüm vəzifə və öhdəliklər qoymaqla daha böyük məsuliyyət və peşəkarlıqla fəaliyyət göstərmələrini tələb edir. Bunu dərk edən prokurorluq işçiləri bundan sonra da öz vəzifə borclarını vicdanla yerinə yetirərək vətəninə və xalqına  sədaqətlə xidmət etməyə, fəaliyyətlərini beynəlxalq standartlar səviyyəsində qurmağa, respublikamızda məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində, hüquqi sistemin möhkəmləndirilməsində fəal iştirak etməklə prokurorluğun fəaliyyətinin daha da müasirləşdirilməsinə, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılmasına, insan hüquq və azadlıqlarının müdafiəsində, ictimai-siyasi sabitliyin və  dövlətçiliyimizin qorunmasında yeni uğurlar əldə edilməsinə çalışacaqlar.

 

 

Zakir QARALOV,

Azərbaycan Respublikasının Baş prokuroru,

I dərəcəli dövlət ədliyyə müşaviri

Azərbaycan.-2013.- 1 oktyabr.- S.4.