Nyu-Yorkda İslam
Əməkdaşlıq Təşkilatına üzv
dövlətlərin
xarici işlər nazirlərinin illik
əlaqələndirmə iclası keçirilmişdir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorka səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin xarici işlər nazirlərinin illik əlaqələndirmə iclasında iştirak etmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, E.Məmmədyarov iclasda çıxış edərək Azərbaycanın İƏT-in Nizamnaməsinə sadiq qaldığını və təşkilatın 10 illik fəaliyyət planını dəstəklədiyini söyləmişdir. E.Məmmədyarov Azərbaycanın keçən il təşkilatın büdcəsinə üç milyon dollar məbləğində könüllü yardım etdiyini və bu il xarici işlər nazirlərinin müqəddəs Qüds şəhərinə dəstək məqsədilə şəhərin inkişaf etdirilməsi üçün Strateji Sektor Planının maliyyələşdirilməsinə dair donor və Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfranslarının Bakıda keçirildiyini xatırlatmışdır. E.Məmmədyarov 2013-cü ilin oktyabrında BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə rəsmi Bakının BMT ilə İƏT arasında tərəfdaşlığın gücləndirilməsi məqsədilə yüksək səviyyəli görüş təşkil etmək niyyətində olduğunu demiş, Suriyada baş verən hadisələrə münasibətdə də Azərbaycanın narahatlığını diqqətə çatdırmışdır.
E.Məmmədyarov
Ermənistanın hərbi gücdən istifadə edərək
Azərbaycan torpaqlarının bir hissəsini işğal
altında saxladığını və bir milyondan artıq
azərbaycanlı qaçqın və məcburi
köçkünün öz yurd-yuvalarına geri dönmək
hüququndan məhrum etdiyini bildirmişdir.
Azərbaycanın
işğal olunmuş ərazilərində tarixi, mədəni
və dini abidələrin məhv edildiyini deyən nazir təəssüflə
demişdir ki, müharibə cinayətləri və
insanlıq əleyhinə cinayət törədən, Azərbaycan
xalqına qarşı soyqırımı əməllərinə
görə məsuliyyət daşıyan şəxslər
Ermənistan tərəfindən cəmiyyətdə qəhrəmanlaşdırılır.
E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də BMT Təhlükəsizlik Şurasının və İƏT-in qətnamələri əsasında həllinin vacibliyini vurğulamış, Azərbaycanın ərazi bütövlüyünə davamlı dəstək göstərdiklərinə və Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pislədiklərinə görə üzv dövlətlərə təşəkkür etmişdir.
"İslamofobiya"
meyillərinin güclənməsinə münasibətdə
Azərbaycanın narahatlığını ifadə edən
E.Məmmədyarov rəsmi Bakının dini zəmində
nifrətin aradan qaldırılması, dinlər və mədəniyyətlərarası
dialoqun gücləndirilməsi istiqamətində səylərini
bundan sonra da davam etdirəcəyini diqqətə
çatdırmışdır.
Azərbaycan.-2013.- 1 oktyabr.- S.5.