Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və BMT-nin Sivilizasiyalar

Alyansı əməkdaşlıq haqqında müqavilə imzalamışlar

 

BMT-nin Sivilizasiyalar Alyansının Dostlar Qrupunun Nyu Yorkda keçirilən yüksək səviyyəli illik görüşündə bu qurumla Azərbaycan arasında strateji tərəfdaşlıq və əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqaviləni BMT tərəfindən Sivilizasiyalar Alyansı üzrə ali nümayəndə Nasser Abdulaziz Al-Nassir, Azərbaycan tərəfindən isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov imzalamışlar.

Komitədən AzərTAc-a bildirmişlər ki, bu sənəd beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoq üzrə ən ali platforma olan BMT Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında əməkdaşlığı yeni səviyyəyə qaldıracaqdır. Belə ki, müqaviləyə əsasən Sivilizasiyalar Alyansı ilə dövlət komitəsi tərəfindən təsis edilmiş Milli Tolerantlıq Mərkəzinin fəaliyyətinə, həmçinin Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin dünyada yayılmasına dəstək veriləcəkdir. Eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış "Azərbaycan - Tolerantlıq Məkanı" fotosərgisi Sivilizasiyalar Alyansının tədbirlərində, o cümlədən 2014-cü ildə İndoneziyada keçiriləcək forumda nümayiş olunacaqdır. Müqavilə çərçivəsində həyata keçiriləcək layihələr sırasında gələn il Azərbaycanda gənclər üçün yay məktəbinin və "Photolerance" fotomüsabiqənin təşkili də yer alıb.

Sənədin imzalanması zamanı çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasser Abdulaziz Al-Nassir müqaviləni beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tolerantlıq modelinə verilən yüksək qiymət kimi dəyərləndirmiş və bununla  iki qurum arasında əməkdaşlığın yeni səhifəsinin açıldığını qeyd etmişdir.

 

 

Azərbaycan.-2013.- 1 oktyabr.- S.7.