Mədəniyyət və Turizm
Nazirliyində görüş
AzərTAc xəbər verir ki, sentyabrın 30-da Mədəniyyət və Turizm Nazirliyində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının 90 illik yubileyində iştirak etmək üçün ölkəmizə gəlmiş xarici nümayəndə heyətlərinin üzvləri ilə görüş olmuşdur.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqları səmimi salamlayaraq qeyd etmişdir ki, bu gün Azərbaycan kinematoqrafçılarının böyük bayramı - "Azərbaycanfilm" kinostudiyasının 90 illik yubileyidir. Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq bu yubiley geniş qeyd edilir.
Nazir demişdir ki, bu bayrama çoxlu dostlarımızın gəlməsi bizi sevindirir. Son illərdə ölkəmizdə və onun paytaxtında böyük dəyişikliklər baş vermiş, Azərbaycanın siması yenilənmişdir. Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsi və Kinostudiya son illərdə qazandıqları uğurları nümayiş etdirəcəklər. 2006-cı ildə Prezident Azərbaycan kinosunun inkişafına dair Dövlət Proqramı haqqında sərəncam imzalamışdır. O vaxtdan bəri çox iş görülmüşdür. Ölkəmizdə çəkilən filmlər dünyanın ən nüfuzlu kinofestivallarında uğurla iştirak edir, bir sıra ölkələrdə nümayiş etdirilir.
Ə.Qarayev demişdir ki, həmin dövlət proqramından əvvəl kinematoqrafiyanın inkişafı, gənc kadrlar üçün kurslar açılması, xarici ölkələrlə təcrübə mübadiləsi, xaricdə təhsil məqsədləri üçün kiçik qrantlar verilməsini nəzərdə tutan bir layihə həyata keçirilmişdir. Nazir kinostudiyanın maddi-texnki bazasının yaxşılaşdırılması, "Nizami" kino mərkəzinin yenidən qurulması, Dövlət Film Fondunun ən müasir texniki səviyyədə təchiz edilməsi sahəsində görülmüş işlər, filmlərin qorunub saxlanması və bərpası üçün baza yaradılması barədə də məlumat vermişdir. Qeyd edilmişdir ki, kinoteatrlar şəbəkəsinin genişlənməsinə və özəl kinoteatrlar yaradılmasına böyük diqqət yetirilir.
Nazir bildirmişdir ki, indi ölkəmizdə xarici kinostudiyaların təcrübəsi nəzərə alınmaqla "Azərbaycanfilm" kinostudiyasının yenidən qurulması layihəsi hazırlanır. Kinostudiya ölkənin iri kino sənayesi mərkəzinə çevriləcəkdir. Hazırda kinostudiyada hər il təqribən 10 film çəkilir. Bunlar əsasən tarixi və sənədli lentlərdir.
Ə.Qarayev bizim ən yaralı yerimiz olan Qarabağın və ona bitişik rayonların Ermənistan tərəfindən işğal edilməsi, orada vəhşicəsinə dağıdılan mədəniyyət abidələrinin taleyi mövzusuna da toxunmuşdur. Son illərdə çəkilmiş "Girov" və "Dolu" filmləri də bu mövzuya həsr edilmişdir.
Əbülfəs
Qarayev nazirlər səviyyəsində mədəni əlaqələr
barədə də söhbət açmış, "Azərbaycanfilm"
kinostudiyasının yubiley şənliklərinə gəlmiş
qonaqlara təşəkkürünü bildirmişdir.
Azərbaycan.-2013.- 1 oktyabr.- S.7.