Tuncayın ən böyük
uğurları hələ qarşıdadır
Təhsil millətin gələcəyidir, onun həyat təminatçısıdır, xalqın sabahıdır, dövlətin gücüdür, insanı insan edən mühüm faktorlardan biridir. Bu gün ölkəmizdə təhsilə göstərilən dövlət qayğısı isə göz qabağındadır.
Ümummilli lider Heydər Əliyev deyirdi: "Təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edirlər. Əgər bunlar olmasaydı, Azərbaycan iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik". Dahi liderin müəyyənləşdirdiyi təhsil strategiyası bu gün Azərbaycan hökuməti tərəfindən uğurla davam və inkişaf etdirilir. Azərbaycanda milli tərəqqi, gələcək yüksəlişin əsasının qoyulması elm və təhsilin inkişafından, gənclərin müasir biliklərə yiyələnmələrindən asılıdır. Uğur əldə etməyin əsas formulu isə biliklə əməyin vəhdətidir. Bu gün təhsilə xüsusi diqqət yetirilməsi respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Ona görə də təhsilin bütün istiqamətlər üzrə inkişafı ciddi investisiya tələb edən məsələ olduğundan dövlətin son illərdə artan maliyyə imkanları bu sahədə qlobal layihələrə başlamağa münbit şərait yaradıb.
Hər il ölkədə minlərlə gənc həm Azərbaycanın, həm də xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olunur. Bu gün dövlət xətti ilə beş mindən çox gənc xarici ölkələrin ali təhsil müəssisələrində bakalavr və magistr təhsili alır. Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin sayı hər il artır və onlara Prezident təqaüdü verilir. 2013-2014-cü tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunan 33798 nəfərdən 102-si bu gün Prezident təqaüdü alır. Oxuculara təhsildə öz uğur formulu olan növbəti Prezident təqaüdçüsünü təqdim edirik.
Həbibbəyli Tuncay Həbib oğlu. Bu gənc I ixtisas qrupu üzrə test imtahanlarından 677 bal toplayıb. Ölkənin sosial-iqtisadi inkişafında və gündəlik həyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiq dairəsinin sürətlə genişləndiyini nəzərə alaraq çox maraqlı seçim edib. O, Azərbaycan Prezidentinin 2013-cü il 1 fevral tarixli sərəncamı ilə, yəni bu il yaradılan İnformasiya Texnologiyaları Universitetinin İnformasiya təhlükəsizliyi fakültəsində təhsil almaq qərarına gəlib. Qeyd edək ki, yeni yaradılan universitetdə 2013-2014-cü tədris ilində bakalavr səviyyəsində dövlət sifarişi əsasında 4 fakültə - İnformasiya təhlükəsizliyi, Kompyuter elmləri, Kompyuter mühəndisliyi, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi üçün 60 plan yeri ayrılıb. Hər fakültədə 15 tələbə təhsil alacaq. Bu ildən fəaliyyətə başlayan universitet informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin etmək məqsədi daşıyır.
İndi isə Tuncayın uğur formulu ilə tanış olaq. O, 2002-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danyeri kəndində tam orta məktəbdə birinci sinfə gedib. Oxumaq, biliyə sahib olmaq həvəsini ona valideynləri ilə yanaşı, ibtidai sinif müəllimi aşılayıb. Tuncay deyir ki, evdə valideynləri, xüsusilə də atası Həbib müəllim onun oxuması üçün çox çalışıb: "Atam qardaşımla mənim oxuyub savadlı olmağımızı çox istədi. Hətta mənim 5 yaşım olanda çanaq antenasının xəttini kəsdi ki, xarici telekanallara baxmayaq, yəni, bütün diqqətimizi birbaşa dərsə yönəldək Yalnız xəbərlər göstəriləndə bizə özü ilə televizora baxmağa icazə verirdi. Mənim uşaq vaxtından dəqiq elmlərə həvəsim oldu və riyaziyyat fənnini çox sevdim. Savadlı, öz sənətinin vurğunu olan dəyərli müəllimlərim də mənim dərslərə həvəsimi daha da artırırdı".
Tuncay ziyalı ailəsindəndir. Nəsil şəcərələrində akademiklikdən generallığa, dövlət məmurlarından müəllimlərə qədər böyük bir ziyalı ordusu cəmləşib. Tuncay da bu irsə layiq olmaq və bu irsi şərəflə daşımaq üçün hələ uşaqlığından böyük məsuliyyətlə çalışıb. Deyir ki, bu günədək həyatda qazandığı uğurlara görə çox insana minnətdardır: "İlk növbədə, valideynlərimə minnətdarlığımı bildirirəm. Çünki onlar övladlarının yaxşı təhsil alması üçün əllərindən gələn hər şeyi ediblər. Bizə hər bir işdə dayaq və dəstək olublar. Müəllimlərimin də əziyyətini unutmamalıyam. Mən bilirəm ki, bu insanların köməyi, dəstəyi, diqqət və qayğısı olmasaydı, qazandığım uğurların heç biri olmazdı. Ona görə də mümkün olduqca ailəmin, müəllimlərimin ümidlərini doğrultmağa çalışacağam. Amma mənim qəlbimdə ilk müəllimimin yeri daha əlamətdardır".
Həqiqətən də doğru deyiblər ki, uşaq sərhəd tanımayaraq öyrənən sistemdir. O, öyrəndikcə inkişaf edib fərqliləşərək həyata uyğunluq qazanır. Bunu isə uşağa ilk öyrədən məhz ibtidai sinif müəllimidir. Həmsöhbətimiz üçün də təhsilin, elmin qapıları ilk müəllimdən - Gülənbər Fərzəliyevadan başlayır. Tuncay bir qədər obrazlı danışır və qeyd edir ki, ilk müəllim ümid tumurcuqlarını gülə-çiçəyə çevirən bağbandır: "İstedadlar çeşidli, baxışlar da fərqli olduğuna görə məhz ilk müəllimin üzərinə ciddi məsuliyyət düşür. Bu məsuliyyətin başında müəllimin hər bir şagirdi ilə "öz dilində" xasiyyətinə uyğun xoş münasibət qurmağı bacarması dayanır. Çünki öyrənmənin əsasında da elə ilk müəllimə bəslənən sevgi, sayğı gəlir. Mən sevinirəm ki, ilk müəllimim olan Gülənbər müəllimə də bu keyfiyyətləri mükəmməl daşıyırdı. Onun şagirdləri ilə arasında yaranan sevgi və sayğının qarşılıqlığı müəllim-şagird arasında etibarlı ünsiyyət formalaşdırırdı. Öyrənmək öyrətməyə, təbliğ-təlimə nə qədər bağlıdırsa, mənim ilk dördillik ibtidai təhsilimin uğurları da məhz ilk müəllimimin - Gülənbər müəllimin insanlığına, biliyinə, vicdanına, qəlbinə bağlıdır. Çünki Gülənbər müəllimə yalnız şagirdinə bilik deyil, həm də əsl insan kimi yaşamaq sənətini də öyrədirdi. İlk müəllim təməl insanıdır. Təməl mükəmməldirsə, təbii ki, həyatda daim inkişafda olacaqsan, yeni-yeni zirvələr fəth edəcəksən. Bu baxımdan Gülənbər müəlliməyə daim borcluyam".
Həbibbəyli ailəsində böyüyən Tuncay orta məktəbdə çox zehinli, diqqətli və ağıllı davranışları ilə seçilib. VI sinifdən isə orta təhsilini Şərur Türk Liseyində davam etdirib. Burada Tuncay ciddi təhsil sistemi ilə qarşılaşıb. Təhsil, tələb və uğurlu nəticə prinsipi əsasında fəaliyyət göstərən liseyə qəbul olunduqdan sonra Tuncay valideynlərini yalnız bazar günü görə bilib. Həftənin 6 gününu liseydə keçirən Tuncayın burada elmə marağı daha da artıb. Riyaziyyat fənninə olan diqqəti onu olimpiadaların qızıl medallarına da sahib edib. Tuncay 2011-ci ildə Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən riyaziyyat yarışmasında qızıl medal, həmin il İstanbul şəhərində keçirilən beynəlxalq riyaziyyat yarışmasında isə gümüş medal qazanıb. O, 2012-ci il 25-30 mayda Nigeriyada keçirilən beynəlxalq elm olimpiadasında riyaziyyat fənni üzrə qızıl medala sahib çıxan şagirdlərdən biri olub.
Tuncay deyir ki, IX sinifdə onlar liseydə qruplara bölünüblər. Bu qruplara bölünmək TQDK-nın qruplar üzrə keçirdiyi imtahanlara hazırlaşmaq məqsədi daşıyıb. I qrup üzrə imtahanlara hazırlaşan Tuncay digər fənlər arasında da seçim etməyib və bütün dərslərini əla oxuyub. Ancaq son ildə bir qədər tərəddüd edib: "Son ildə seçim qarşısında qalmışdım. İxtisasım üzrə müxtəlif sahələr var idi. Əmim İsa müəllim (İsa Həbibbəyli. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, akademik, əməkdar elm xadimi - red.) mənə dedi ki, sənə hansı sahə daha yaxındırsa, özünü hansı istiqamətdə görürsənsə onu seç və təhsilini də məhz o ixtisasda davam etdir. Düşündüm və qərara gəldim ki, yüksək bal toplayacağım halda yeni yaranmış İnformasiya Texnologiyaları Universitetini seçəcəm. Çünki müasir dünya informasiya əsridir və gələcəkdə Azərbaycan üçün bu sahə daha önəmli olacaq. İnformasiya müharibəsinin getdiyi dönəmdə Azərbaycana savadlı gənc kadrlar lazımdır. Yüksək bal yığacağıma inanırdım. Səbəb isə o idi ki, bizə liseydə çox yaxşı dərs vermişdilər. Hətta bizi psixoloji cəhətdən də imtahana hazırlayırdılar. Yayda bizə 12 saat dərs verirdilər. Eyni zamanda, istirahətə də vaxt ayırırdılar".
Tuncay deyir ki, imtahandan iki gün öncə bütün şagirdləri birgünlük evə buraxıblar. Geri qayıtdıqdan sonra, yəni imtahandan bir gün öncə lisey rəhbərliyi onlar üçün səhər tezdən gecə saat 23.00-a qədər Naxçıvanın mərkəzində gəzinti turu təşkil edib. Tur zamanı onlara imtahan vaxtı heç bir narahatçılıq, stres keçirməmələri üçün psixoloji məsləhətlər verilib: "Müəllimlərimiz bizi tam olaraq imtahana köklədilər. Düzdür, imtahan vaxtı həyəcan olur, amma test suallarına baxdıqca və yazdıqca sərbəstləşirsən. Lakin testdə çətin suallar da var idi. Hətta ən çox bildiyim riyaziyyatdan 1 səhv cavab yazmışdım. Bu, məni çox "yandırdı". Çünki imtahandan sonra cavabını asan yolla həll etdim".
Artıq Tuncay ali məktəbdə dərslərə başlayıb. Yeni yaradılmış universitetə hələ bina tikilmədiyi üçün 60 tələbə Azərbaycan Diplomatik Akademiyasında təhsil alır. Onlara birinci il intensiv şəkildə ingilis dili tədris olunacaq, sonrakı 4 ildə isə seçilmiş ixtisaslar üzrə təhsillərini davam etdirəcəklər.
Gənc mütəxəssis hesab edir ki, həyatda uğur qazanmaq üçün mütləq hansısa çətinliyə dözmək, fədakarlıq etmək lazım gəlir və hər bir şagird üçün uğur formulu orta təhsildən başlayır. Naxçıvan Muxtar Respublikasında isə yaradılan təhsil sistemi çox yüksək səviyyədədir. Muxtar Respublikanın Ali Məclisinin Sədri Vasif Talıbov demək olar ki, şagirdlərin keyfiyyətli təhsilinin təmin edilməsi üçün hər cür şərait yaradıb. Rayonlarda, kəndlərdə bütün məktəblər əsaslı təmir olunur, yenilənir, müasir avadanlıqlarla təmin edilir. Eyni zamanda, ən böyük önəm məhz təhsildə keyfiyyət məsələlərinə verilir. Sevindirici haldır ki, onun təhsil aldığı Şərur Türk Liseyinin bütün məzunları (42 nəfər) bu il yüksək bal toplayaraq ali məktəblərə daxil olublar.
Aqillər deyib: "İnsan öz istedad və potensialını tapıb ona uyğun hərəkət etdikdə, ona bəslədiyi istək səbəbi ilə öz məqsədinə çatır". Məhz bu qələbə - elmin zirvələrinə doğru aparan cığırda qazanılan ilk uğur Tuncayın maraq dairəsini, gələcək inkişafını, fəaliyyət sahəsini, ömür yolunu müəyyən edib.
Hər bir insanın istedad əqrəbi anadan olduğu gündən hansı peşə üçün yaradılmışsa, ona tərəf hərəkət edir. Xoşbəxt o kəsdir ki, tərbiyəçiləri onun istedad əqrəbinin istiqamətini düzgün təyin edə bilsinlər. Məhz Tuncayın tərbiyəçiləri - valideynləri və müəllimləri onu doğru yola istiqamətləndirərək Azərbaycanın uğurlu gələcəyi üçün peşəkar mütəxəssis kimi yetişməsinə stimul yaratdılar. Tuncayın ən böyük qələbələri isə hələ qarşıdadır!..
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2013.- 1 oktyabr.- S.9.