2013-cü il
oktyabrın 9-na təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
qeydə alınmış namizəd Cəmil Həsənlinin
səlahiyyətli nümayəndəsi Gülağa
Aslanlının 27 sentyabr 2013-cü il tarixli 11 saylı
müraciətinə baxılması barədə Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 33/197
2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı 2013-cü il sentyabrın 27-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, Prezidentliyə namizəd Cəmil Həsənlinin digər səlahiyyətli nümayəndəsi Hidayət İsmayılovun 24 sentyabr 2013-cü il tarixdə Cəlilabad şəhərində təşviqatın aparılması məqsədilə seçicilərlə görüş üçün ayrılmış xüsusi yerdə, "Aqrotexservis" ASC-nin həyətində, 27 sentyabr 2013-cü il tarixdə saat 16.00-dan 18.00-dək namizədin seçicilərlə görüşünə şəraitin yaradılması xahişi ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısına müraciət etdiyini, Rayon icra hakimiyyəti başçısının birinci müavini Asif Əzizovun cavab məktubunda seçicilərlə görüşün keçirilməsinə etiraz etmədiklərini, lakin görüşdə Cəlilabad rayon sakini olmayan şəxslərin iştirakının yolverilməzliyini bildirməsini, bununla da seçicilərlə görüşdə iştirak etmək arzusunda olan şəxslərin sayının qanunsuz olaraq məhdudlaşdırılmasına şərait yaratmasını bildirərək prezidentliyə namizədin və seçicilərin hüquqlarının pozulması kimi qiymətləndirib Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Asif Əzizovun cəzalandırılması məqsədilə müvafiq dövlət orqanlarına müraciət edilməsini Mərkəzi Seçki Komissiyasından xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1-ci maddəsinin və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq mümkün sübutlar toplanılmaqla həmin müraciətə dair müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma nəticəsində Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Asif Əzizov verdiyi izahatında bildirmişdir ki, 2013-cü ilin oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçkiqabağı təşviqat çərçivəsində Cəlilabad şəhərində kütləvi tədbirlər üçün açıq və qapalı yerlər müəyyənləşdirilmiş, qeydə alınmış namizədlərin, onların səlahiyyətli nümayəndələrinin, vəkil edilmiş şəxslərinin seçicilərlə görüşü üçün lazımi şərait yaradılmışdır. Prezidentliyə namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsinin qabaqcadan ayrılmış yerdə seçicilərlə görüş keçirilməsi üçün müraciətinə də icazə verilmiş, baş tutması üçün bütün lazımi tədbirlər görülərək, tədbirin keçirilməsinə heç bir maneçilik törədilməmişdir. Bu zaman Milli Məclisə seçkilərlə Prezident seçkiləri arasındakı fərqlərinə lazımi diqqət yetirilmədən 27 sentyabr 2013-cü il tarixə təyin edilmiş həmin görüşün yalnız rayon sakinlərindən ibarət tərkibdə keçirilməsinə dair istiqamətin verilməsinin məqsədi seçicilərlə görüş zamanı iştirakçıların təhlükəsizliyinin, görüşün normal və konstruktiv şəraitdə keçirilməsinin təmin edilməsindən ibarət olmuşdur. A.Əzizov izahatında həmçinin onu da bildirmişdir ki, onun heç bir vəchlə seçkiqabağı təşviqat tədbirlərinin keçirilməsinə müdaxilə etmək və ya maneçilik törətmək niyyəti olmamışdır.
Eyni zamanda araşdırma zamanı bu da müəyyən olunmuşdur ki, namizədin səlahiyyətli nümayəndəsi Hidayət İsmayılov 27 sentyabr 2013-cü il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinə yazılı müraciətində 27 sentyabr 2013-cü il tarixə təyin edilmiş seçicilərlə görüşün qeyri-müəyyən vaxta təxirə salındığını bildirmişdir.
Göründüyü kimi keçirilməsinə maneə törədildiyi bildirilən tədbirə Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən heç bir etiraz bildirilməmiş, əksinə bunun üçün hər cür şəraitin yaradıldığı göstərilmişdir. Asif Əzizovun izahatından aydın görünür ki, qanunvericiliyin tələblərinə tam uyğun olmasa da, cavab məktubunda Milli Məclisə seçkilərlə Prezident seçkiləri arasındakı xüsusatlar fərqləndirilmədən tədbir iştirakçılarının tərkibinə dair məlumat görüşə icazə verilməmə üçün əsas kimi göstərilməmişdir. Eyni zamanda seçkiqabağı təşviqat üçün ayrılmış yerlərdə tədbirlərin keçirilməsi üçün yerli icra hakimiyyətindən xüsusi icazənin alınması qanunvericiliklə nəzərdə tutulmadığından verilmiş müsbət cavaba əsaslanaraq görüş təşkilatçıları tərəfindən görüşün təxirə salınması barədə qərara gəlinməsi də adekvat hesab edilə bilməz.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 86.1-ci və 86.2-ci maddələrinə uyğun olaraq dövlət orqanları, bələdiyyə qurumları qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna vətəndaşlarla görüşlər, açıq müzakirələr təşkil edilməsində və keçirilməsində kömək etməlidirlər. Qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, onların vəkil edilmiş şəxslərinin seçicilərlə görüşlərinin keçirilməsi üçün yer ayrılması barədə verdikləri ərizələrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikası qanunlarına uyğun olaraq baxılır.
Ona görə də Mərkəzi Seçki Komissiyası hesab edir ki, müraciət təmin olunaraq öz səlahiyyətləri daxilində araşdırılması üçün Cəlilabad Rayon İcra Hakimiyyəti başçısına göndərilməli, qeydə alınmış namizəd Cəmil Həsənlinin Cəlilabad şəhərində 2013-cü il sentyabrın 27-nə keçirilməsi nəzərdə tutulmuş və təxirə salınmış seçicilərlə görüşü də daxil olmaqla bütün digər seçkiqabağı tədbirlərin qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilməsinə şərait yaradılmalı və seçkiqabağı təşviqatda qanunvericiliyin tələblərinin əməl olunmasının vacibliyi Cəlilabad Rayon İcra Hakimiyyəti də daxil olmaqla bütün aidiyyətli yerli qurumların və vəzifəli şəxslərin diqqətinə çatdırılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının 27 sentyabr 2013-cü il tarixli 11 saylı müraciəti təmin edilərək, öz səlahiyyətləri daxilində araşdırılması üçün Cəlilabad Rayon İcra Hakimiyyəti başçısına göndərilsin.
2. Qeydə alınmış namizədin Cəlilabad şəhərində 2013-cü il sentyabrın 27-nə keçirilməsi nəzərdə tutulmuş və təxirə salınmış seçicilərlə görüşü də daxil olmaqla bütün digər seçkiqabağı tədbirlərin qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilməsinə şərait yaradılsın.
3. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçkiqabağı təşviqatda qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi Cəlilabad Rayon İcra Hakimiyyəti də daxil olmaqla bütün aidiyyətli yerli qurumların və vəzifəli şəxslərin diqqətinə çatdırılsın.
4. Qərarın icrası öz səlahiyyətləri daxilində aidiyyəti üzrə müvafiq yerli qurumlara həvalə edilsin.
5. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib
Arifə Muxtarova
Katib
Mikayıl Rəhimov
29.09.2013
Azərbaycan.-2013.- 1 oktyabr.- S.10.