Avstriyanın nüfuzlu
«Kurier» qəzeti AzərTAc-ın dəstəyi
ilə
Bakı haqqında geniş məqalə
dərc etmişdir
Avstriyanın gündəlik "Kurier" qəzetinin ən çox oxunan həftəsonu buraxılışının "Asudə vaxt" əlavəsində Bakıdan bəhs edən "Alovlu" başlıqlı məqalə dərc olunmuşdur.
Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış altı səhifəlik məqalədə Bakının cazibədar gözəlliklərinə geniş yer verilir. AzərTAc tərəfindən təqdim edilmiş yüksək keyfiyyətli fotolar məqalənin məzmununu vizual olaraq tamamlayır və Avropa oxucusunda Azərbaycanın paytaxtı haqqında geniş təsəvvür yaradır.
Məqalədə qeyd edilir ki, əsrarəngiz memarlıq üslubu və Şərq mətbəxi, sonu görünməyən dənizkənarı bulvar və qədim atəşpərəst məbədi Bakını üçüncü minilliyin metropoluna çevirmişdir. Bu şəhərə səfər edənlər Şərqin sirli-sehrli ab-havası ilə Qərb müasirliyinin bir araya gəldiyi iki dünya ilə qarşılaşırlar. Bir tərəfdən Qız qalası, Şirvanşahlar sarayı, Atəşgah məbədi kimi orta əsrlərə aid tarixi memarlıq abidələri insanı heyran qoyur, digər tərəfdən isə dünya şöhrətli memarların müəllifi olduğu "Heydər Əliyev Mərkəzi" kimi futuristik memarlıq inciləri şəhərə qeyri-adi gözəllik bəxş edir.
Müəllif məqaləsində orta əsrlərdən bəri Bakıya səyahət etmiş avropalı səyyahların qeydlərindən sitatlar gətirir, oxucularını özündə qədimliklə müasirliyin uğurlu sintezini təcəssüm etdirən bu şəhəri görmək fürsətini qaçırmamağa və onun gözəlliklərindən zövq almağa çağırır.
Məqalədə,
həmçinin avropalı səyahətçilərə
Bakının ən maraqlı və baxımlı turizm obyektlərinin,
mədəniyyət abidələrinin, istirahət məkanlarının
və restoranların
siyahısı təqdim olunur.
Elgün NİFTƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Vyana
Azərbaycan $g 2013.- 1 oktyabr.- S.11.