Xətai rayonunda akademik Zərifə Əliyeva adına uşaq bağçası

 üçün tikilmiş yeni binanın açılışı olmuşdur

 

Oktyabrın 1-də Bakının Xətai rayonunda akademik Zərifə Əliyeva adına uşaq bağçası üçün tikilmiş yeni binanın açılışı olmuşdur.

AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılış mərasimində iştirak etdilər.

Azərbaycanın birinci xanımına məlumat verildi ki, yüksək standartlara uyğun inşa olunmuş bağçanın həyətində uşaqların istirahəti üçün  yüksək şərait yaradılmışdır. Burada köşklər, yay amfiteatrı, yelləncəklər, batut və digər əyləncə vasitələri qurulmuşdur. Hər iki binanın ayrıca girişi vardır. Bina "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC tərəfindən inşa edilmişdir.

Sonra birinci xanım Mehriban Əliyeva və Arzu Əliyeva bağçanın rəmzi açılışını bildirən lenti kəsdilər.

Heydər Əliyev Fondunun prezidentinə məlumat verildi ki, bağça mərkəzləşdirilmiş nəzarət kameraları ilə təchiz olunmuşdur. Binanın foyesində akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini  və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi fondun həyata keçirdiyi layihələri əks etdirən  xüsusi guşə yaradılmışdır.

Azərbaycanın birinci xanımı bağçada uşaqlar üçün  yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, müxtəlif yaşlı 8 qrup üçün nəzərdə tutulan bağçada yataq, yemək, dərs, musiqi, rəsm, əl işləri, kompyuter, tibb və müəllimlər otaqları mövcuddur. Otaqlardakı ekoloji cəhətdən təmiz materiallardan  hazırlanan yataq dəstləri, oyuncaqlar və dərs ləvazimatları bütün sanitar-gigiyenik normastandartlara cavab verir.

Heydər Əliyev Fondunun prezidentinə məlumat verildi ki,  bağçada uşaqların asudə vaxtlarının təşkili, eyni zamanda, əylənmələri üçün hovuz, idman, oyun və müxtəlif tədbirlərin keçirilməsi üçün zallar vardır. Bağçanın divarlarını uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri bəzəyir.  Burada uşaqların təlim-tərbiyəsi üçün hər cür şərait vardır.

 

Azərbaycan.-2013.- 2 oktyabr.- S.2.