«Heydər Əliyev. Müstəqilliyimiz əbədidir»

 çoxcildliyinin 46-cı cildi çapdan çıxmışdır

 

Ümummilli lider Heydər Əliyevin "Müstəqilliyimiz əbədidir" çoxcildliyinin sonuncu - 46-cı cildi çapdan çıxmışdır.

AzərTAc xəbər verir ki, nəfis tərtibatda çap edilmiş sonuncu cilddə bundan əvvəl nəşr olunmuş 45 cilddə verilmiş adcoğrafi göstəricilərlə bağlı məlumatlar əlifba sırası ilə öz əksini tapmışdır.

Nəşrin buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdir.

Ümumilikdə 46 kitabdan ibarət olan "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyində ulu öndərin tərəqqisi üçün çalışdığı, mədəniyyəti, keçmişi ilə fəxr etdiyi doğma vətəni - Azərbaycanın daha da yüksəlişinə və çiçəklənməsinə dair materiallar toplanmışdır.

Kitablarda ulu öndərin Azərbaycanın ölkədaxili siyasətinə, beynəlxalq əlaqələrinə və münasibətlərinə dair çıxışları, nitqləri, Azərbaycana gələn müxtəlif dövlətlərin başçıları, digər dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri, ictimai-siyasi xadimlərlə görüşləri, dərin məzmunlu söhbətləri, apardığı danışıqlar öz əksini tapmışdır.

Kitablarda ulu öndərin dünyanın müxtəlif ölkələrinə rəsmi və işgüzar səfərləri zamanı vəzifəli şəxslərlə görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, beynəlxalq terrorizmə qarşı birgə mübarizə, Xəzərin karbohidrogen ehtiyatlarının işlənilməsi və nəqli ilə bağlı məsələlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və digər məsələlərə dair materiallar, beynəlxalq konfranslardakı nitqləri, mətbuat orqanlarına verdiyi bəyanat və müsahibələri toplanmışdır.

Bu nəşrlərdə ümummilli lider Heydər Əliyevin  ayrı-ayrı hökumət və dövlət başçılarına, eyni zamanda, ölkəmizin tanınmış ədəbiyyat, elm, təhsil, incəsənət, mətbuat işçilərinə, ictimai-siyasi təşkilatlara ünvanladığı çoxsaylı məktubları, teleqramları və s. sənədlər də yer almışdır.

"Azərnəşr" tərəfindən çap olunan çoxcildliyin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) materiallarından istifadə edilmişdir.

Nəfis tərtibatla hazırlanmış əvvəlki nəşrlər, eləcə də 46-cı kitab ulu öndər Heydər Əliyev irsinin tədqiqatçıları, alimlər, politoloqlar, siyasətçilər, ictimai xadimlər, həmçinin gənc araşdırıcılar üçün əvəzsiz mənbədir.

 

Azərbaycan.-2013.- 2 oktyabr.- S.3.