Heydər Əliyev Mərkəzində
Azərbaycanın xalq
rəssamı Tahir Salahovun fərdi sərgisi
açılmışdır
Oktyabrın
1-də Heydər Əliyev Mərkəzində xalq rəssamı
Tahir Salahovun "Əsrlərin qovşağında"
adlı fərdi sərgisi açılmışdır.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgidə
iştirak etmişdir.
AzərTAc
xəbər verir ki, sərginin açılışından əvvəl
xalq rəssamı Tahir Salahov jurnalistlərin suallarını
cavablandırmışdır.
Açılış
mərasimində Heydər Əliyev Mərkəzinin
icraçı direktoru Anar Ələkbərov sərgi
haqqında məlumat vermişdir. Bildirmişdir ki, Heydər
Əliyev Mərkəzi son vaxtlar nüfuzlu beynəlxalq tədbirlərin,
simpoziumların, konfransların keçirildiyi məkana
çevrilmişdir. Mərkəzdə bir çox sərgilər
təşkil edilmişdir. XX əsrin məşhur rəssamı
Endi Vorholun Heydər Əliyev Mərkəzində keçirilən
"Həyat, ölüm və gözəllik" sərgisini
on mindən artıq insan ziyarət etmişdir. Diqqətə
çatdırmışdır ki, xalq rəssamı Tahir
Salahovun fərdi sərgisinin açılması məhz
görkəmli fırça ustasının 85 illik yubileyinə
təsadüf edir.
Anar
Ələkbərov görkəmli rəssamı əlamətdar
yubiley münasibətilə təbrik etmişdir.
Bildirmişdir ki, biz bundan sonra da Sizin əsərlərinizin təqdim
olunmasında, geniş ictimaiyyətə
çatdırılmasında əlimizdən gələni əsirgəməyəcəyik.
Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı,
akademik Ömər Eldarov Tahir Salahovun yaradıcılıq
üslubundan, dünya şöhrətli fırça
ustasının Azərbaycan incəsənətinə verdiyi
töhfələrdən danışmışdır.
Mərasim
iştirakçılarına dərin təşəkkürünü
bildirən xalq rəssamı Tahir Salahov demişdir ki, belə
bir məkanda sərgisinin təşkilindən çox həyəcanlanmışdır.
Vurğulamışdır ki, Heydər Əliyev Mərkəzində
sərginin təşkili mənim üçün
böyük şərəfdir. Mən bu gözəl sarayda fərdi
sərgimin açılmasından öz
yaradıcılığım üçün böyük
impuls alıram. Bu sərgini xalqımızın ümummilli
lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə
həsr edirəm. Çünki 2013-cü il ulu öndər
Heydər Əliyev ilidir. Başqa cür ola da bilməz.
Sonra
mərasim iştirakçıları sərgiyə
baxmışlar.
Sərgidə
məşhur fırça ustasının müxtəlif
dövrlərdə, eləcə də son illərdə
çəkdiyi 100-dən çox əsər nümayiş
etdirilir. Onların sırasında Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin portreti, həmçinin Qara Qarayev,
Dmitri Şostakoviç və Mstislav Rostropoviçin portretləri,
"Sənə bəşəriyyət", "Aydan",
"Neftçinin portreti", "Alagöz - Şərq əfsanəsi",
"Aydan - Şərq ulduzu", "Odlar yurdu" triptixi -
"Atəşgah", "Xəzər bu gün",
"Qız qalası" və digər məşhur əsərləri
də yer almışdır. Sərgidə həmçinin
Tahir Salahovun ilk dəfə məhz Heydər Əliyev Mərkəzində
sərgilənən işləri də vardır. Ekspozisiyada rəssamın
həm tabloları, həm də rəsmlərinin xalça
versiyası təqdim olunur.
Tahir
Salahovun 85 illik yubileyi ərəfəsinə təsadüf edən
bu sərgi Heydər Əliyev Mərkəzinin Azərbaycan rəssamları
ilə bağlı həyata keçirdiyi ilk layihədir. Bu
layihə Azərbaycanın klassik rəssamlıq ənənələrinin
yaşadılmasına, tanıdılmasına xidmət edir.
Sərgi
noyabrın 6-dək davam edəcəkdir.
Azərbaycanın
görkəmli rəssamı və ictimai xadimi Tahir Teymur
oğlu Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində
anadan olmuşdur. O, ilk təhsilini 6 nömrəli orta məktəbdə
almışdır. Hələ uşaq yaşlarında rəssam
olmağa qərar verən balaca Tahir məktəbdə rəsm
dərnəyinə yazılmışdır. Onun ilk müəllimi
Kamil Xanlarov olmuşdur. Rəssamın həyatı, xüsusilə,
uşaqlıq illəri çətin keçmişdir.
Atası - Laçın Rayon Partiya Komitəsinin birinci katibi
Teymur Salahov repressiyanın qurbanı olmuşdur. O, 1937-ci ildə
həbs edilmiş, 1938-ci ildə "xalq düşməni"
adlandırılaraq güllələnmişdir. Bu hadisə rəssamın
həyatında dərin iz buraxmışdır.
Tahir
Salahov 1945-ci ildə Əzim Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq Məktəbinə qəbul
olunmuş və 1951-ci ildə müəllimi Baba Əliyevin
tövsiyəsi ilə təhsilini davam etdirmək
üçün V.İ.Surikov adına Moskva Rəssamlıq
İnstitutuna daxil olmuşdur. Tələbəlik illərində
bir sıra möhtəşəm əsərlərini
yaratmışdır.
Dünya
şöhrətli rəssamın "Neftçi",
"Estakada", "Neft daşları",
"Neftçinin portreti", diplom işi olan "Növbədən
gələnlər" əsərləri təkcə sənət
adamlarının deyil, sadə insanların da diqqətini cəlb
edir.
Tahir
Salahov tezliklə rəngkarlıqda "sərt üslub"
adlanan istiqamətin əsasını qoyanlardan biri olmuşdur.
Bu üslub bir növ Stalin dövrünün sərt
qaydalarına etiraz idi.
Tahir
Salahov Azərbaycan və
Rusiyanın xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı,
bir çox dövlət mükafatlarının laureatı,
Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidentidir.
O,
iyirmidən çox xarici akademiya və yaradıcılıq təşkilatının
- Fransa İncəsənət Akademiyası, San-Fernando İncəsənət
üzrə İspaniya Kral Akademiyası, UNESCO yanında Plastik
İncəsənət üzrə Beynəlxalq
Assosiasiyanın fəxri prezidenti, Avstriya, Almaniya rəssamlar
ittifaqlarının fəxri üzvü, Billinqz şəhərinin
və Montana ştatının fəxri vətəndaşı
və Mədəniyyət və Təhsil Fondunun üzvü,
Tirenton və Santa-Fe şəhərləri, Nyu-Cersi və Nyu-Mexiko
(ABŞ) ştatlarının fəxri vətəndaşı,
Qırğızıstan, Qazaxıstan rəssamlıq
akademiyalarının həqiqi üzvüdür. Dinlərarası
sülhün möhkəmləndirilməsində xidmətlərinə
görə Rus Pravoslav Kilsəsinin "III dərəcəli
Şöhrət və Şərəf" ordeni ilə təltif
edilmişdir. Rəssam 2008-ci ilin noyabrında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə "Heydər
Əliyev" ordeni ilə təltif edilmişdir. Tahir Salahov
2012-ci ildə Rusiya Federasiyasının dövlət
mükafatlarına layiq görülmüşdür.
Azərbaycan.-2013.- 2 oktyabr.- S.3.